Aynuru 1998-dən, “Yeni Müsavat” qəzetindəki yazılarından tanıyıram.
Tanıyırdım deməyə, bu acı ayrılığı yaxın buraxmağa dilim gəlmir.
…1998-ci ildə “Yeni Müsavat”da Aynur Eyvazlı imzası ilə reportyorluq edirdi. Sonralar bir yerdə işləyəndə həmin il “Azadlıq” qəzetinin redaksiyasına gəlib məndən açıqlama aldığını xatırlatdı.
Yadıma düşdü dilli-dilavər gənc müxbirin qarşımda oturub məni sorğu-suala tutması…
“Azadlıq” qəzetində çalışan Yalçın İmanov redaktor Gündüz Tahirli ilə yola getməyib işdən çıxmış, sonra məhkəmədə ona dava açmışdı. Bu qalmaqala görə Yalçının dostları Babək Bəkirlə Azər Qaraçənli də “Azadlıq”ı tərk etmişdilər. Gərgin durum yaranmışdı. Ən çox itirən birdən-birə üç yaxşı işçidən məhrum olmuş mən idim – “Azadlıq”ın redaktor müavini.
Yalçın ağdərəlidir. Tərs qarabağlı. Onu məhkəmə iddiasından əl çəkməsi, Babəklə Azəri isə işə qayıtmaları üçün nə qədər dilə tutsam da, bir şey çıxmamışdı.
Aynur Eyvazlı belə günlərin birində açıqlama almağa gəlmişdi. Həmin qalmaqaldan yazmaq istəyirdi. Ona sensasiya olacaq heç nə demədim, mehriban söhbətləşib yola saldım…
Bir müddət sonra Yalçınla Azər “Yeni Müsavat”da Aynura iş yoldaşı oldular.
…2006-cı ildə Aynur Azərin baş redaktorluq elədiyi “Media forum”a gələndə mən o redaksiyaya müntəzəm gedir, yazılar verirdim.
2007-ci ildə mən də Aynurun iş yoldaşı, “Media forum”un baş redaktor müavini oldum.
Yerə-göyə sığmayan, ən ölü mövzudan da yaxşı yazı dartıb çıxaran bu qızın qoçaqlığı xoşuma gəlir.
Ən qaradinməz müsahibi necə ustalıqla danışdırır.
Gözümün qarşısında gün-gün, ay-ay, il-il güc artırır.
2014-cü ildə “Media forum”un adamları”nı yazanda Aynur barədə iki cümlə qeyd eləmişəm: “Hər jurnalist yazısı birinci cümlədən başlamaz. Aynurun yazısı birinci sözdən başlayır, bir də görürsən axırıncı nöqtədəsən”.
Bilənlər bilir, bəzən bir adi xəbərdən ötrü jurnalistə əzab verirəm. Redaktor xəstəliyidir.
Aynur da əlimdən az çəkmir. Elə olur bir xəbəri üç dəfə üstünə qaytarıram. Acıqlanıram.
Bir yol da acılayıram onu.
İnciyir. Küsür. Hətta redaktorlar oturan otaqdan köçmək istəyir.
Mən bir uğurlu cümlədən ötrü işçinin alnından öpərəm, Aynuru da tərifləməyim az olmamışdı.
Amma indi çox inciyib. Könlünü almaq olmur.
2009-cu il, martın əvvəlidir. 8 mart ərəfəsi.
Bundan bir neçə gün sonra elə küsülü-küsülü xəstələnib işə çıxmır. Düz bir ay.
Güclü bir işçinin yoxluğunun yaratdığı problemi kənara qoyuram. İş cəhənnəm olsun.
Aynur çox əzizdir redaksiya üçün.
Bir işıq, bir istilik kimi çəkilib gedib indi.
Çox peşmanam onu küsdürməyə.
Aynur bir iş yoldaşı deyil yalnız.
Nisgili vardı Aynurun – biz də ağrıyırdıq.
Xəstəlikdən qayıdıb gələndə (aprelin 6-da) Aynura ilk sözüm bu oldu: “İş cəhənnəm olsun, sənə güldən ağır bir söz demərəm daha”.
Demədim də.
Hətta həmin ilin payızına doğru yenə mənim günahım üzündən bitmək bilməyən gərginlik yarananda da güldən ağır bir söz demədim.
Ümumi dostlara gileyləndim, hərdən səsimi ucaltdım, amma bir acı söz demədim.
İndi, bu inanılmaz ayrılıqdan sonra başıma döyürəm, deyirəm kaş heç bir yol da xətrinə dəyməmiş olardım.
Ağrısında mənim də payım var düşünürəm, yanıram.
Amma mən ona bir acı söz də deməmişdim o davalarda…
2011-ci ildə ad çəkmədən yazmışam. Neçə illik birgə işimiz zamanı Azərlə aramızda cəmi bir narazılıq olub. Mənə görə Aynuru danlamışdı. Azərlə bərk dilləşdim bunun üstündə.
2013-cü ildə “Media forum”dan gedəndən biz köhnə dostlar kimi hərdən hal-əhval tuturduq. Ara-sıra…
2016-da Türkiyəyə oxumağa gedən vaxt halallaşdı.
Əvvəl-əvvəl səsi gəlirdi, sonra əlaqə kəsildi, yalnız ümumi dostlardan soruşub bilirdik necədir.
İş tapmağa çətinlik çəkirdi. Çox da Türkiyədir. Qərib yerdir. Halını özündən soruşmağa imkan yox… Nigaran idik.
Bir yol yuxuda gördüm yolpulu yoxdur, güc-bəla ilə ovcuna bir manat basdım, götürmək istəmirdi…
…2019-un mayında qardaşının hüzrünə getmişdik. Dərd içində möhkəm soyuqlamışdı da, ayaq üstə güclə dururdu.
Qapının ağzından bizi yola saldı, bir neçə addımdan sonra dönüb əl elədim, keç evə, narahat olma dedim.
Nə bilərdik bu son görüşdür, səkkiz ay sonra həmin qapı üzümüzə Aynursuz açılacaq.
Ümumi dostlarımız – qızlar onun xəstəliyini bizdən gizlədiblər. Ötən ilin noyabrından bəri.
Deməyiblər.
Qıymayıblar.
…19 yanvar 2020. Gündüz.
Azər zəng vurur. Səsi qırıq-qırıq gəlir:
– Aynur…
Sonra başa düşürəm ki, qəfil demək istəməyib:
– Aynur… Bilirsən, Türkiyədədir… Xəstə yatırmış… Rəhmətə gedib…
Aynur!!!
Qəfil güllədən səndirləyə-səndirləyə Alyanı yığıram…
Bu xəbər yalanmış kimi yığıram.
Telefonun o başından hıçqırıq gəlir…
Ölüm hökmü kimi hıçqırıq…
20 yanvar. Qırğın günü.
Aynuru son dəfə gördüyümüz qapının ağzına gəlirəm.
…Sonra Bakı ilə Şamaxının tən ortası. Uca bir təpə başındakı qədim qəbiristanlıq.
Çox acizəm.
Yaman acizəm, Aynur…
Hikmət Sabiroğlu