“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitablar haqda qısa məlumatları oxuculara təqdim edirik.
Avi Yoriş, “Sən innovativ olmalısan”
“Sən innovativ olmalısan” kitabı kollektiv şəkildə dünyada milyonlarla insanın həyatını dəyişən heyrətamiz innovasiyaları təqdim edir və bütün inanclardan olan İsrail innovatorlarının niyə dünyanı yaxşılaşdırmaq istədiklərini araşdırır.
Bu hekayətlər israillilərin acları doyurmağa, xəstələri sağaltmağa, aciz vəziyyətdə olanları müdafiə etməyə və səhranı gülüstana çevirməyə necə kömək etdikləri haqqındadır. İsrail dünyanın ən vacib problemlərinin həllində qeyri-mütənasib şəkildə böyük rol oynayır. Bunu “tikkun olam” ruhu ilə ‒ dünyanı yaxşılaşdırmağın yəhudi konsepsiyasına uyğun şəkildə həyata keçirir.
İsraildə startapların inanılmaz dərəcədə məhsuldar fəaliyyətini təsvir edən “Startap milləti” kitabından sonra nəşr edilən “Sən innovativ olmalısan” kitabı dünyanı daha yaxşı yerə çevirmək haqqında hekayətdir. İnsan həyatını xilas etmək və yüksək məqsədlərə xidmət etmək ideyasının birləşdirdiyi İsrail innovatorları qeyri-adi qabiliyyət və məhsuldarlıqla fəaliyyət göstərir, kitabda təqdim edilən hekayətlər də dünyanın bu hissəsində qaranlığı yaran işıq kimi saçır.
Kitabın satış qiyməti 13.40 manatdır.
Conatan Klements, “İpək Yolunun tarixi”
İpək Yolu – Avropa dünyası sərhədindən Çinin mərkəzi düzənliyinə qədər uzanan yoldur. Min illər boyunca onun tarixi səyyahların, səhra şəhərlərindəki qısa görüşlərin, qarlı aşırımların və adsız istehkamların tarixi olub. Bu, Çinə buddizmi, xristianlığı və islamı gətirən ilk yol, həmçinin Viktorian imperiyasının apardığı “Böyük oyun”un keçirildiyi məkandır.
“İpək Yolu” müasir termindir, onun tarixi 1877-ci ilə təsadüf edir. Yalnız barmaqla sayılan kişi və qadın bütün İpək Yolunu axıracan qət edib. Bir çoxları üçün bu yol yalnız onları növbəti şəhərə və ya vahəyə aparan yol olub. Mədəniyyət nümunəsi olan əl işləri və əşyalar Çindən Aralıq dənizinə qədər keçən yollarda dolaşıb, dəyişkən şərait və bazar tələblərinin təsirinə məruz qalıb.
Conatan Klements oxucunu Təklə-məkanın sonsuz çöllərinə götürür, səhranın qara burulğanları və ölü gölləri, sayrışan ilğımları, unudulmuş şəhərlərı və sirli mumiyalarıyla, habelə kult heykəllər və yaddaqalan müasir pop mahnılarıyla tanış edir. O, “qan” tərləyən atlar, xarab olmuş (dağılmış) heykəllər, itmiş freskalar barədə qəribə hekayətlərə və Marko Polonun torpaqdan sızan qara qızıl haqqında yazdıqlarına açıqlıq gətirir.
Kitabın satış qiyməti 9.99 manatdır.
Amil Amal, “Evə gələndə sevgi al”
Kitabda müəllifin on il ərzində yazılmış sevgi, tənhalıq, müharibə, azadlıq, həyat və fəlsəfə haqqında minimalist və sərbəst şeirləri toplanıb.
Kitabın satış qiyməti 7.00 manatdır.
Ahmet Hamdi Tanpınar, “Aydakı qadın”
Ahmet Hamdi Tanpınar (1901-1962) şeir, roman, hekayə, esse və tədqiqat sahələrində yazdığı əsərlərlə hərtərəfli bir sənət adamı olaraq Cümhuriyyətdən sonrakı türk ədəbiyyatında özünəməxsus yer qazanıb.
Yazıçının ölümü səbəbi ilə yarımçıq qalan bu romanın eskizləri 1974-cü ildə Tanpınarın İstanbul Türkiyat İnstitutuna verilən digər sənədləri arasında qarışıq bir şəkildə nömrələnmiş halda olub. “Aydakı qadın”ı kitab halına gətirmək üçün onu əvvəlcə təxminən dörd min səhifəyə yaxın materialın içindən ayırmaq lazım gəlib. Daha sonra bir neçə eskizi olan və səhifələrinin çoxu nömrələnmiş roman müəllifin plan və qeydlərinə əsasən uyğun vəziyyətə gətirilib.
Kitabın satış qiyməti 10.90 manatdır.