Gecikmiş məktub (Hekayə)
- 23 Dekabr 2019
- comments
- Səidə Hüseynova
- Posted in TribunaYazarlar
Lamiyə Məmmədova
Hər gecə eyni yuxunu görürəm. Eyni həyəcanla oyanıram yuxudan. Yerimdən dik atılıb qalxıram. Hər səhər eyni hisslərlə yuxudan oyanmaq məni yorur. Yuxu olduğunu anlayıb yenidən yatağıma uzanıram. Ürəyimin səsini elə aydın eşidirəm ki, elə bil bu dəqiqə yerindən çıxacaq.
Hadisədən 3 il ötür artıq. Amma hər şey ilk gündəki kimidir. Eyni hisslərdəyəm. Belə yaşamaq çox kədərlidir. Çarpayıda üzü tavana uzanmışam. Bu yuxunu görüb oyanandan sonra bir siqaret yandırmaq mütləqdir. Səhər-səhər ciyərlərinə çəkdiyin tüstü insanda acılıq yaradır. Bir. İki. Üç… Beləcə siqaret tüstüsünü çəkirəm ciyərlərimə. Sonra astaca yerimdən qalxıram. Otağım buz kimi soyuq və tüstülüdür. Sobanı yandırmaq barədə heç düşünmürəm də. Çarpayımın yanındakı çəkməcənin üstündə kül qabım siqaret kötükləri ilə doludur. Bir-ikisi yerə düşüb.
Qalxıb pəncərəyə yaxınlaşıram. Pəncərəni açan kimi soyuq hava doldu otağa. Üşüdüm. Amma nə pəncərəni bağladım, nə də ondan uzaqlaşdım. Gözlərimi yumub bir neçə dəqiqə beləcə qaldım. Soyuq hava üzümü buz kimi edib. Sonra pəncərəni bağlayıb masama yaxınlaşdım. Yazı masamın üstündə bir neçə kitab və köhnə dəftərlər var. Cızma-qara etdiyim bir yığın vərəq masanın üstünə səpələnib, bir neçəsi döşəməyə düşüb.
O gedəndən sonra birlikdə yaşadığımız evdən çıxmışam. Birotaqlı mənzilimdə illərdir tək yaşayıram. Mətbəxim belə yoxdur. Çay qoymaq üçün suyu hamamdakı su kranından götürürəm. Evim həmişə belə dağınıq və siqaret qoxulu olur. Başımda küt ağrı var. Otağı yığışdırmağa hövsələm çatmır. Baş ağrısı məndə halsızlıq və əsəb yaradıb.
Balaca çaydanımı götürüb hamama girdim. İçinə su almaq üçün kranı açdım. Amma su gəlmirdi. Çaydanı küncə tulladım.
Tez əyinimi geyinib çölə çıxdım. Hava soyuq olsa da günəşli idi. Heç bilmirdim hara gedirdim. Addımlarımı yöndəmsiz ata-ata evdən uzaqlaşdım. Ac olduğumu anlayıb yolumu həmişə getdiyim bir kafeyə saldım. Yaşadığım yerdən çox da uzaq deyildi. Bura balaca və isti idi. Bu kafedə rəngli peçenyelər, çay, kofe, isti şkolad və müxtəlif yağlı qoğallar olur. İsti şkolad, iki peçenye və bir yağlı qoğal 5 manat pul etdi. Səhər yeməyindən sonra əsəblərim bir qədər sakitləşdi. Baş ağrım nisbətən azalmışdı. Evdə nadir halda yemək yeyirdim. Buna görə də pulumun çoxunu yeməyə sərf etdiyimi deyə bilərəm.
Axşama qədər şəhərin küçələrində dolaşdım. Evə getmək istəmirəm. Sanki ev məni sıxır. İş orasındadır ki, şəhərdə də gəzə bilmirəm. Hər küçədə, hər tində xatirələr var. Üzləşməkdən qorxduğum xatirələr. Nə qədər qorxsam, nə qədər qaçsam da getdiyim hər yerdə qarşıma çıxır.
Axşam düşürdü. Yolumu köhnə qəbiristanlıqdan saldım. İki ildir bura gəlmirdim. Əvvəllər bura tez-tez gələrdim. Buna səbəb küçədə tanış olduğum qocanın qəfil ölməsi oldu. Biz onunla hər gün görüşüb dərdləşərdik. Sonra düz bir həftə onu görmədim. Hər dəfə görüşdüyümüz parka gəlsəm də onu tapa bilmirdim. Bir həftədən sonra yenə həmin parka gedəndə küçəni təmizləyən qadın qoca dostumun öldüyünü dedi. Çox pis oldum. Halım tamam dəyişdi. Özümü tək, kimsəsiz kimi hiss etdim. Daha dərdləşəcək kimsəm yox idi. Qoca dostuma ən çox ondan danışardım. Daha danışacaq bir kimsəm yox idi. Bundan sonra mən daha parka yox, bu qəbiristanlığa gəlirdim. İki il bura gəlməyimin səbəbi isə psixoloji vəziyyətim idi. Qoca öləndən sonra lap tək qaldığımı hiss edib bu şəhərdən uzaqlaşdım. Amma hara getsəm də qarabasmalar, hər gün təkrarlanan yuxular məni tək qoymurdu.
Göyün üzü göy rəng olmuşdu. Evlərin damına yavaş-yavaş duman çökürdü. Günün bu vaxtı çox adam üçün ürəksıxıcı sayılır. Amma mənim üçün tam əksinə. İçimdə yaranan boşluğu dumanda qarışan siqaretimin tüstüsü ilə doldurmağa çalışırdım.
Qəbiristanlığa girəndə məni vahimə bürüdü. Heç vaxt belə olmamışdım. Qəbiristanlıq heç vaxt məni qorxutmamışdı. Amma gördüyüm mənzərə məni qorxutdu. Həm də həyəcanlandırdı. Bu mənzərəni mən 3 il hər gecə yuxumda görmüşəm. Ağ başdaşları dumanın içində yarımçıq görünürdü. Bura köhnə qəbiristanlıq sayılırdı. Amma son illər yeni qəbirlər də salınmışdı. Əyilmiş qəbirlər insana bənzəyirdi. Alaqaranlıq və dumanlı havada dostumun qəbrini axtarmağa başladım. Bu bir az vaxt aparacaqdı. Hansı səmtdə olduğunu xatırlamağa çalışırdım. Yadıma düşmürdü. Bir xeyli qəbirlərin arasında gəzişdim. Tapa bilmirdim, çünki heç diqqətlə baxmırdım. Fikrim dağınıq idi. Tələsik qəbiristanlıqdan çıxmağa can atdım. Sanki addım-addım kimsə məni izləyirdi. Addımlarımı tez-tez atırdım. Qaçırdım artıq. Hərdən çevrilib arxaya baxırdım. Təngnəfəs olmuşdum. Nəfəsimin səsi qulaqlarımda küy yaratdı. Bu səs məni daha çox vahimələndirirdi. Arxaya çevrikə-çevrikə qaçırdım ki, ayağım büdrədi və üzü üstə yıxıldım. Qəbrin üstünə yıxılmışdım. Çox təzə sayılmayan qəbrin eləcə ağ başdaşısı var idi. Üstündə də balaca şəkil və ad. Şəkil mənə tanış gəldi. Adı oxuya bilmədim. Titrədim. Durub qəbrin lap yanında dizlərim üstə oturdum. Əlimlə şəklə və ada toxundum. Bu o idi. Onun qəbri idi. Köynəyimin qolunu dartaraq ovcuma çəkdim. Əvvəl şəklin, sonra adın tozunu sildim. Bir daha diqqətlə baxdım. Hə, səhv etməmişdim. 3 il axtardığım sevgilimi tapmışdım. Heç ağlıma gəlməzdi ki, onu burda taparam.
***
Sonuncu siqareti yandırıb qoydum damağıma. Yenə səbəbsiz kədər var içimdə. Yalnızlığım oturub masamın o başında. Xatirələr sarıb ətrafımı. Evdə sobanın, çöldə yağışın səsi melodiya yaradıb. Göz yaşlarım rəqs edir üzümdə. Əlimdə saralmış məktub. Bilmirəm neçənci dəfədir oxuyuram.
“…Xəstəliyim sürətlə irəliləyir. Qarşısını heç bir dərman, müalicə ala bilmir. Gözünün qabağında şam kimi əriyirəm. Amma sən bunu görmürsən. Bu gün çıxıb getsəm heç nə anlamayacaqsan. Məni günahkar biləcəksən. Və mən gedirəm, əzizim. Xəstəxanada yatacam bir müddət. Düzdü, ordakı müalicə məni sağaltmayacaq. Amma ağrılarımın azalmasına bir az kömək edəcək. Məni görmək istəsən gələrsən. Yaşananların sənin üçün bir qiyməti varsa, gələrsən. Mən səni gözləyəcəm yenə də… İndi isə mənə yaşatdığın bütün qəlb qırıqlarıyla dolu xatirələri çantama yığıb çıxdım həyatından. Sənə qoyacaq heç nəyim yoxdur. Bir ömür yoxluğumu bağışlayıram. Və sənə üzülürəm. Mənsizlik acı və soyuq qəhvə kimidir. Qurtum alsan da uda bilməyəcəksən…”
Gör mən onu nə qədər incitmişəm. Məktubu qəbiristanıqdan qayıdarkən evimin qapısında tapdım. Köhnəlmiş, saralmış məktubu çox güman ki, poçtalyon gətirmişdi. Burada belə hallar tez-tez olur. Yaddan çıxmış məktublar ünvanına gec çatır. Əgər məktub mənə vaxtında çatsaydı bəlkə də hər şey tam fərqli ola bilərdi. Amma budur, bu kağız parçası onun ölümündən sonra mənə çatıb. Və artıq hər şey çox mənasızdır. Onu üzmüşəm. İndi o yoxdur. Geri qaytarmağın heç bir yolu da yoxdur. Məktubda çox şey yazılmışdı. Bütün həqiqətlər şillə kimi üzümə dəyirdi. İçim parçalanırdı. Mən ona bu qədər laqeyd olmuşdum. O haqlı idi. Amma indiki peşmanlığım heç nəyi dəyişmirdi. Nəticə olaraq o yox idi. Geri dönməyəcəkdi. Mənsə ona gedə bilərdim. Onu çox sevirdim. Çox axtardım gedişindən sonra, amma tapmadım. Bunu ona deməli idim. Onunla mütləq görüşməli idim. Ayağa qalxıb pəncərəyə yaxınlaşdım. Məktub hələ də əlimdə idi. Yaşlı gözlərimlə bir daha məktuba baxdım. Onu qoxlayıb öpdüm. Pəncərəni açanda narın yaz yağışı üzümə dəydi. Məktubu ovcumda sıxıb sonuncu addımımı atdım. Yağışa qoşulub torpağa qarışdım.