Rövşən Ağayev
Effektiv idarəetmədə belə bir yanaşma var: problemin həlli üçün simptomları yox, səbəbləri aradan qaldırmaq vacibdir. Məsələn, qızdırma simptomdur, səbəbini doğru tapıb müalicə eləmək lazımdır. İqtisadiyyat, idarəetmə üçün də hər problem özlüyündə bir xəstəlikdir, diaqnostikası dəqiq olmalıdır.
Yerli icra qurumları ətrafında baş verənlər göstərir ki, idarəetmənin əsas problemləri doğru-düzgün diaqnostika edilmir. Yerdəyişmələr, hətta gəncləşdirmə simptomla mübarizədir. Hətta həbslər, başqa cəzalar da səbəblə mübarizə deyil. Səbəblə mübarizə yoxdursa, problemin fundamental həlli də olmayacaq.
İndiki icra başçılarının sələfləri olan sovet birinci katibləri daha sərt nəzarət və basqı altında fəaliyyət göstərirdilər. Yerlərdən Kremlə bircə şikayətin getməsi onların taleyini həll edirdi. Amma dövlətdən oğurlamayan, qeyri-rəsmi kapitalistə çevrilməyən bircə katib də yox idi. Nə qədər oğurlayıblarsa, indi nəticələri də yeyir…
Problemin səbəbi yerli idarəetmənin müasir tələblərə, adını bazar münasibətləri qoyduğumuz iqtisadi sistemə yad bir element kimi qalmasıdır. Kapitalizmə sosializmin sütunu olan idarəetmə sistemi ilə keçə bilməzsən, bu sistem sahibkarın, vətəndaşın, dövlətin əl-ayağına vurulmuş qandaldır.
Vətəndaşın mandat verdiyi seçkili yerli idarəetmə sisteminə keçilməlidir. Peşəkar ekspertlərin dönə-dönə yazdığı yenə də aktualdır və indi baş verənlərin müqabilində daha çox aktuallaşıb: ləngimədən əks-mərkəzləşmə strategiyası qəbul edilməli, yerli özünüidarə və inzibati-ərazi islahatları başlamalıdır. Gerçək və real islahatlar üçün əsas sütunlardan biri budur.
Başqa bir məsələ. İcra başçıları korrupsiya, rüşvət ittihamı ilə həbs edilirsə, kütləvi şəkildə bütün vəzifəli şəxslərin xidməti otaqlarına kameralar yerləşdirməkdən daha mükəmməl mexanizm var. Həm də bu mexanizm selektiv yanaşmır, istənilən məmurun fəaliyyətini, həyat tərzini izləməyə imkan verir, korrupsioner olub-olmadığını, xırda rüşvətxor, yoxsa iri korrupsioner olduğunu dərhal aşkarlamağa imkan verir.
Vəzifəli şəxslərin xərclərinin və aktivlərinin gəlirlərinə uyğunluğunun izlənməsi üçün işlək mexanizmlər qəbul edilməli, uyğunsuzluq aşkarlandıqda əmlakın dərhal müsadirəsi nəzərdə tutmalıdır.
Bütün məmurların və onların ailə üzvlərinin gəlir və əmlak bəyannaməsi vətəndaş üçün açıq olmalıdır. Xərclər və sərvət ailənin rəsmi gəlirlərini üstələdiyi an prokurorluq orqanları təqdimat gözləmədən araşdırma, zərurət yarandıqda istintaq başlamaq səlahiyyətləri qazanmalıdır.
Müəllifin başqa yazıları:
İdxal azaldı: manat dinclik tapa bilərmi?
Büdcə: dəyişən nədir, dəyişməli olan nə?
Ucuz manat niyə ixraca yol açmır?
Zənginlərin pulunu necə saymalı?
Qalan 4 ayda manatı nə gözləyir?
Nazirin dedikləri və gerçəklik
Uşaq pulu təklifləri: çıxış yolu nədir?
Statistika islah edilməlidir. Kökündən
Böyük pullar kimlərin işinə yarayıb?
İslahat mübahisələri: gerçək islahatlar necə olur?
Artan maaşlar, dəyişən büdcə, cavabsız qalan suallar