• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Gecikmiş mələk və ya “Uşağlığın son gecəsi” haqqında

  • 18 Dekabr 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetTribunaYazarlar

Mətləb Ağa

Bir neçə dəfə baxdığım “Uşaqlığın son gecəsi” kinofil­mi barədəki bu yazımı hələ bir neçə həftə öncədən yazmaq istəyirdim, bu səbəbdən də bu yazıyla assosiativ olaraq bu iki kəlməlik cümlə heç yadımdan çıxmırdı və özlüyümdə bu iki kəlməlik cümləni həqiqətdən də həqiqət hesab edirdim:

“Uşaqlıq xoşbəxtlikdir.”

O mənada ki, bir çox səbəblərdən bəlkə də haqlı olaraq fikirləşirdim ki, uşaqlıq dövrü insan həyatının elə bir mərhələsidir ki, bu ərəfələrdə insanın heç bir dərdi-səri olmur, daha doğrusu, həmin vaxtlar insanın dərd-sər haqqında heç bir anlayışı olmur, ətrafında baş verənlərin əsl mahiyyətini başa düşmür və bu, hər halda elə bir növ xoşbəxtlik deməkdir.

(Ancaq onda da belə çıxırdı ki, insan (uşaq) əgər bir şeyi dərk etmirsə, ətrafında baş verənlərin mahiyyətini anlamırsa, bütün bunların ona nə istisi-soyuğu var?)

Ta o vaxta qədər belə fikirləşdim ki, internetdəki fotolarda Türkiyənin Bodrum sahillərində müha­ri­bə­dən qaçan suriyalı körpənin üzüqoylu düşüb qalmış meyidini gördüm.

Uşaqlıq xoşbəxtlik deyilmiş və ya hər halda, heç də hə­­mişə bir qayda olaraq xoşbəxtliyin sinonimi deyil­miş…

Maqsud İbrahimbəyovun ilk bədii kinossenarisi əsasın­da rejissor Arif Babayevin 1968-ci ildə ekranlaş­dırdığı “Uşaqlığın son gecəsi” filmi sovet uşaqları, yeniyet­mələri haqqındadır və film çəkilən zamanlarda və ondan neçə il əvvəllər də, sonralar da belə de­yilir­di ki, o uşaqlar dünyanın ən xoşbəxt uşaq­la­rıy­dı­lar. 

İçərişəhərdə doğulub böyümüş Arif Babayevin “Uşaqlığın son gecəsi”ndə İçərişəhər səhnələrinin belə bol olması təsadüfi olmasın gərək.

Filmi ortaya çıxaranların başlanğıc kadrlardakı donmuş insan siluetləriylə nə demək istədiklərisə mənə o qədər də çatmadı.

Bəlkə yaşadıqlarımızın, insan ömrünün, bu ömrün içindəki uşaqlığımızın bir anlıq olması, bir an içində ötüb keçməsi mənasına gəlir bu kadrlar. Ola bilər.

Film qayğısız yeniyetməlik dövrünü yaşayan, onuncu sinfi bitirmiş  Muradın (Ənvər Həsənovun) yaşadıqları həyətin küçə qapısını döyməsi və bu za­man milis işçilərinin yaxınlaşıb onu sorğu-suala çək­mələri, Muradınsa məsuliyyətsiz yeniyetməlik töv­rüy­lə onlara yalan danışması, bir növ məzələnməsiylə başlayan səhnələrlə diqqətimizə təqdim olunur.

Elə bu kadrlar kifayətdir ki, Muradın “uşaq ağıllı” olması qənaətinə gələk.

Gör ha, intəhasız gücə və zora malik sovet milisindən qorxmayıb, hələ özündə onlarla zarafat etmək cəsarəti də tapasan.

Milisin “Qapını niyə sındırırsan” sualına “Qonaq çağırıblar məni, bəyəm görmürsünüz?” cavabını verən Muradı elə bu uşaq sədəlövlüyü ələ verir. ”Hər axşam əziyyət çəkirik” deməsiylə. (Yəni bu bağlı qapını hər axşam nə əziyyətlə açırıq.) Hər  axşam bu qapının açılmasında əziyyət çəkirsənsə, demək, hər axşam bura gəlirsən və qonaq deyilsən. Demək, sovet milisini aldadırsan. Milisi aldadırsansa, ya cinayətkarsan, ya da uşaqsan, ağlın bir şey kəsmir, hərəkətlərinin məsuliy­yətini başa düşmürsən. Cinayətkar deyilsənsə, onda qayğısız, məsuliyyətsiz uşaqsan. Muradın bu məsuliy­yətsiz atmacaları, cıxışları və hərəkətləri demək olar ki, bir nöqtəyədək bütün film boyu davam edir. (Rüstəm də, əslində, elə Muradın bu məsuliyyətsizliyinin qur­banı olur. Belə ki, cinayətkarların əməllərindən daha əvvəldən duyuq düşən Murad bu barədə vaxtın­da Rüstəmə heç nə demir). Ta o vaxtacan ki, Elya Rüstəmdən ət kombinatının anbarının açarını oğurlayır, Murad görüb bunu Rüstəmə çatdırır və bu nöqtədən istiqamətini götürən növbəti hadisələr o gecə hər şeyi biryolluq dəyişir.

Fikrimcə, film iki əsas xətt üstündə qurulub.

Birincisi və ən əsası, Rüstəmlə Muradın mehriban münasibətləri (bir növ dostluqları).

İkincisi, Rüstəmlə (Səyavuş Şəfiyev) Elyanın (Megi Gejeradze) sevgisi.

Hər halda, Rüstəm bu sevgisində düzgün “oyunçu”dur, Elyanı həqiqətən sevir. Ərli qadın olan Elyanınsa bu məhəbbətdə deyəsən həm də öz haqq-hesabı, gəliri-çıxarı var. Ancaq anbarda Rüstəmin başından dəmir açarla vurulduğunu görüb, Rüstəmin qarşısında az da olsa öz günahını yuyur: kombinatın həyəcan siqnalını çalıb keşikçiləri ora çağırır.

Filmdə çoxsaylı köməkçi xətlər də var ki, baş ve­rən­­lərə bizi daha artıq inandırmağa hesablanıb. Rü­fətin (To­fiq Mirzəyev) əliəyriliyi, Rüstəmin ailəsi və qonşula­rıyla ələqələri və s.

Yeri gəlmişkən, filmdə Rüstəmin nənəsini can­lan­dı­ran Törəxanım Zeynalova teatrda kostyumçu işlə­yirdi, peşəkar aktrisa olmamasına baxmayaraq mehriban, zarafatcıl və sadəlövh nənə obrazını ustalıqla yarada bilmişdi: “Rüstəm, bu gündən sonra hər gün işə gedəcəksən?” Təsdiq cavabını alandan sonra: “Bilirəm necə gedəcəksən, necə “instruta” (institut) gedirdin ha, bax, o cür də işə gedəcəksən”.

Ancaq bu kadrlar həm də onun imzalı-möhürlü təsdiqidir ki, artıq institutu qurtarmış, uşaq Muraddan çox böyük olan Rüstəm də nənəsi üçün elə uşaqdır. Burda nənənin gizlətdiyi almanı çıxarıb Rüstəmə verdiyi səhnəni də xatırlayaq. Görünür, illər keçdikcə biz yalnız özümüz və ətrafımızdakı digər adamlar üçün böyüyürük. Ata-analarımız isə o “digər adamlar” kateqoriyasına heç vaxt daxil deyil və heç bir vaxt da daxil olmurlar.

Filmdə çoxlu üzgüldürən dialoqlar da eşidirik və bu bizi yorulmağa qoymur. Məsələn, Rüstəm Muradın daha yaxşı işdə işləmək arzusuna cavab olaraq deyir: “Sən harda istəyirsən işləyə bilərsən. Tabelçi, uşaq bağçasında müəllim. Amma Allah xatirinə, mən işlədiyim tikintidə işləmə”. Muradsa guya Rüstəmə qıza “yaxınlaşmaq” metodu öyrədir. ”Sən o qızı öp, sonra mənə “sağ ol” deyəcəksən”.

Baş iş icraçısının (Yusif Vəliyev) nə mənfi xüsusiy­yət­ləri olsa da, ən vacibi, o, işçisi Rüfət kimi əliəyri və alçaq deyil.

Bu da filmin sonu. Elya tərəfindən sevilməsinə ina­nıb-inanmadığını soruşan Murad cavabında Rüstəmin əs­əbi tövrüylə qarşılaşır. Yenə də uşaq yerinə qoyulmasına artıq  dözə bilməyən Murad Rüstəmə onun özü­nün Elya və qadının oğru “dostları” tərəfindən uşaq kimi aldadıldığını bildirir, Elyanın ondan istifadə etdiyinə işarə vurub az əvvəl Rüstəmin cibindən anbarın açarını götürməsini ona xəbər verir. Bu zaman Rüfət­gilin Muradın özünü yoldan çıxara bilməməsini də qürurla Rüstəmə çatdırır. Rüstəm dərhal ət kombinatına tələsir və orda həqiqətən də cinayətlə qarşılaşır, cinayətkarların qarşısını almağa çalışarkən başından dəmir açarla vurulub yerə yıxılır. Biz növbəti kadrlarda onun ayağa qalxmasını görmürük. Bəs görəsən, Rüstəm necə olur?

Lap axırıncı səhnələrdə Polad Bülbüloğlunun oxu­duğu əfsanəvi “Gəl, ey səhər” mahnısının müşayiətilə dəniz kənarıyla addımlayan Murad və sevgilisinə bu cavanlardan daha yetkin, Rüstəmə bənzəyən üçüncü adam da qoşulur. Onun həqiqətən də Rüstəm olub-olmamasınısa biz dəqiq bilmirik və yəqin ki, heç vaxt da bilməyəcəyik. Çünki uzaqdan o adamın ancaq siluetini görmək mümkündür.

Mən belə başa düşürəm ki, başından dəmir açarla vurulan Rüstəm elə oradaca da ölür, müəlliflərin filmin vida səhnələrində Rüstəmi dəniz kənarında bir xəyal ki­mi dirildib gənc sevgililərlə çiyin-çiyinə addımla­ma­ğa məcbur etmələrisə yalnız tamaşaçılara təsəlli ver­mək (ən çox da saf, ürəyitəmiz sovet tamaşaçısına) və özlərindən incik salmamaq, ürəklərini almaq məqsədi daşı­yır.

Yekun görüntülər həm də filmin adının kod açılışı­dır. Məsuliyyətsiz, hərəkətlərini ölçüb-biçməyən, nə danışdığının fərqinə belə varmayıb ağzına nə gəldi üyüdüb-tökən, Rüfətgilin cinayətlərini əvvəldən bilsə də bunu Rüstəmə vaxtında xəbər verməyən və bununla bilməyərəkdən də olsa Rüstəmin nakam ölümünə yol açan Muradın uşaqlığı Rüstəmin öldürüldüyü o gecəylə həmişəlik bitir – həmin gecədən sə­hərəsə Murad, yəqin ki, yetkinləşmiş, bütöv bir insan kimi çıxır.

Çünki həyatının, uşaqlığının sıx-sıx bağlı olduğu, heç vaxt ayrılmadığı insanı (Rüstəmi) biryolluq itir­mək Muradın daxilində fövqəladə çevrilişə səbəb ol­ma­lı, onu məsuliyyətsiz yeniyetməliyindən (uşaq­lı­ğın­dan) dartıb qoparmalı və onda əsl insan xarakteri for­malaş­dırmalıydı.

Rüstəmi əbədilik itirmək, hələ həyatda itkinin, dər­din, bədbəxtliyin, ağrı-acının  nə demək olduğunu qan­ma­yan Muradı tamam fərqli bir varlığa çevirməliydi.

Bu baxımdan inanıram ki, Xəzər sahilində bizə uzaq­dan Rüstəmi xatırladan  və bizim ancaq siluetini seçdiyimiz üçüncü varlıq, Muradın uşaqlığının son gecəsi gəlib, onun qayğısız (məsuliyyətsiz) uşaqlığını hə­mişəlik əlindən almaq hesabına və Rüstəmin həyatı ba­hasına da olsa Muradın bütün ömrü boyu onun ya­nından ayrılmayacaq xilaskar bir mələkdi.

Buna şübhəm yoxdur.

…Ancaq bəlkə həm də o mələkdi ki, Egey də­nizi sahillərinə, o körpə uşağın əllərindən tutmağa nə­dənsə çox-çox gecikmişdi…


Müəllifin başqa yazıları:

Korolenkonun Nəcib Məhfuza cavabı

Sevgi haqqında demaqogiya

Mətləb Ağanın yeni kitabı işıq üzü görüb

Boyunbağı əhvalatları

Harinin ikinci intiharı

Varavva və çar İrodu nə birləşdirirdi?

“Yol mahnısı” və “Velosipedçinin ölümü” haqqında

Yakovun skripkasının havasında yazılmış aprel tezisləri
Apokalipsis haqqında

2020-ci ilin iş və istirahət təqvimi

  • 18 Dekabr 2019
  • comments

Real gəlirlərin artım tempi aşağı düşüb

  • 18 Dekabr 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ədəbiyyat
  • Gənclər
  • Mədəniyyət
  • Nəsr
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda