Yazıçı-dramaturq Elşad Məmmədov ömrünün 65-ci ilində uzun sürən xəstəlikdən sonra vəfat edib.
Elşad Məmmədov 1954-cü il martın 1-də Gəncədə anadan olub. O, Azərbaycanın görkəmli ziyalısı, Gəncə ədəbi mühitinin qüvvətlənməsində, inkişafında əvəzedilməz xidmətləri olan, 30 ildən çox Azərbaycan Yazıçılar İttifaqının Gəncə şöbəsinin sədri, Gəncə zona şöbəsinin məsul katibi vəzifələrində çalışmış yazıçı-dramaturq, ssenarist, tərcüməçi, ədəbiyyatşünas alim, əməkdar mədəniyyət işçisi Altay Məmmədovun oğludur.
Altay Məmmədov 2003-cü ildə dünyasını dəyişib.
Altay Məmmədov 1989-cu ildən fəaliyyət göstərən Nizami Poeziya Teatrının yaradıcılarından olub. Oğlu Elşad Məmmədov isə bu teatrın formalaşmasında, inkişafında böyük xidmətlər göstərib.
Elşad Məmmədov əmək fəaliyyətinə 1977-ci ildə Gəncə Dövlət Dram Teatrından başlayıb. Sonralar 15 il ərzində həmin teatrın ədəbi-hissə müdiri işləyib.
Onun “Qapı” komediyası uzun illər Gəncə Dövlət Dram Teatrının repertuarında tamaşaçılarla görüşə gəlib.
Elşad Məmmədov 1997-ci ildən Gəncə Şəhər İcra Hakimiyətində bir sıra vəzifələrdə çalışıb. 2001-ci ildən isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri və Cənub Qaz Dəhlizi layihələrinin icrası və istismarı sahəsində torpaqayırma, içtimaiyyətlə əlaqalər və sosial investisiya məsələləri üzrə müxtəlif vəzifələr tutub.
Elşad Məmmədovun son əsəri Nizami Gəncəvinin hekayətləri əsasında yazdığı “Məhəbbətimin göy qurşağı” librettosu olub.
Dekabrın 6-da vəfat edən Elşad Məmmədov Gəncədə torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
Novator.az xəbər verir ki, hazırda İsraildə yaşayan azərbaycanlı yazıçı Çingiz Hüseynov Elşad Məmmədovun vəfatı ilə bağlı sosial şəbəkədə belə yazıb: “Bu xəbər məni öz qeyri-təbiiliyi ilə sarsıtdı: gəncəli Elşad Məmmədov vəfat edib! Azərbaycanın məşhur oğullarından biri, 65 yaşında… O hələ yaşamalıydı, indiki zamanda 65 yaş nədir ki? Amma təəssüf, xərçəng məkrli xəstəlikdir…
O mənim köhnə dostum, mərhum dramaturq Altay Məmmədovun oğludur. Biz son iki ildə Elşadla skaypda tez-tez danışırdıq (doğma dildə danışmaq – bu ayrı zövqdür!), elektron poçtla yazışırdıq. Sıx ünsiyyətimizə Nizaminin “Yeddi gözəl” poemasının əsas epizodlarından biri əsasında ərsəyə gələ biləcək bir balet (“Aşiq Bişr” baleti) üçün onun hazırladığı libretto səbəb olmuşdu.
“Yeddi gözəl” poemasının Qüdslə bağlı həmin süjeti keçmiş sovet dövrünün, Azərbaycanın, bütövlükdə nizamişünasılığın diqqətindən kənarda qalıb (bunun etno-sosial motivləri var və bu artıq başqa mövzudur) və mənim mübarək torpaqla bağlı İsraildəki düşüncələrim Elşadın ideyasına, onun seçdiyi epizodun ruhuna uyğun gəlirdi: Nizami Qüdsü dünyanın mərkəzi kimi verib. Elə bir mərkəz ki, buradakı məbədə fərqli dinlərin təmsilçiləri, hətta dinsizlər də çox-çox uzaqlardan gəlib tövbə edir, bağışlanma diləyirlər – Bişr də belələrindəndir.
“Yeddi gözəl”dəki hadisələr Məhəmmədin mövludundan bir neçə əsr qabaq cərəyan edir və buna görə bəzi təhlilçilərin dahi şairi islama bağlamaq cəhdləri yanlışdır…
Elşad – ona mərhum deməyə dilim gəlmir – nizamişünasılığın inkişafına, onun yeni formada oxunmasına böyük töhfə verəcək düşüncələrini əbəs yerə həyata keçirməyə çalışırdı, mən sadəlövh də ona bacardığım qədər kömək eləyirdim…
Ruhun şad olsun, Elşad!”