Müasir Azərbaycanda türkçülüyün problemlərinə dair bəzi düşüncələr (2)
- 12 Dekabr 2019
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
“Düşüncə dəftəri” kitabından
Fərid Bağırlı
İslamla Turanın bir-birinə yad olduğunu, bir-birinə dəxli olmadığını düşünənlər unutmamalıdırlar ki, türk də, ərəb də Nuhun oğulları və varisləridir. Həzrət Nuh kimi Ulu Atada birləşən sadəcə bu iki millət deyil, eyni zamanda onların mədəni irsləridir. Bu irslərin ən azı arxaik hissələri məntiqlə ya vahid, ya da oxşar olmalıdır. Bu oxşarlığa nümunələrdən ikisi öküz və qurd ünsürləridir.
Öküz/Buğa
Bir çox qədim mədəniyyətdə iribuynuzlu heyvanlar (öküz, inək, buzov) bərəkət rəmzi hesab olunurdu, hətta bütləşdirilirdi. İslam mənbələrində bunun ən məşhur nümunələrindən biri Qurani-Kərimin ikinci surəsinə ad olan “bəqərə”, yəni inək məsələsidir. Qısaca, Misirdən yenicə xilas olub Həzrət Musanın vəd etdiyi ərzə (Ərzi-Məv`ud)[1] gedən yəhudiləri Allah-taala imtahana çəkir. Bir adam öldürülür və cinayətkarı tapmaq üçün Allah öz peyğəmbərinə əmr edir ki, bir inəyi kəsib onun ətini öldürülən adamın cəsədinə vurmaqla ölünü danışdırsın. Bu məsələnin bir imtahan olduğunu anlayan yəhudilər peyğəmbərə müxtəlif suallar verib yəqin edirlər ki, kəsilməsi istənilən heyvan hər hansı bir inək deyil, məhz bütpərəst misirlilərin bütləşdirdiyi inək növüdür. Misirlilərin mühitində yetişib, adətlərinə yiyələnən yəhudilər o inəyi kəsməklə Allahın əmrini bütpərəst adətlərdən üstün tutduqlarını sübut etməli oldular…
Yenə eyni millətə eyni dövrdə göndərilən ikinci imtahan “samiri fitnəsi”dir. Belə ki, Həzrət Musa Tur dağına çıxıb orada 40 gün ibadət etdiyi müddətdə bir çox yəhudi samirinin[2] sözünə tabe olaraq saf qızıldan buzov düzəldib həmin heykələ sitayiş etməyə başladı…
Lakin islam tarixində bir hadisə var ki, o, Quranda deyil, hədisdə əksini tapıb və iribuynuzlu heyvanı mənfi yox, müsbət rəmz kimi tanıdır. Bu hadisə Uhud döyüşü ərəfəsində peyğəmbərimizin gördüyü röya ilə əlaqədardır. Uhud döyüşünün taktikası ilə əlaqəli düşüncələrə dalıb yuxuya gedən Məhəmməd peyğəmbər öz röyasında iribuynuzlu heyvanların – inək və öküzlərin – doğrandığını, aləmi qan apardığını görür. Peyğəmbər röyası ilahi ilhamın növlərindən biri olduğu üçün hərbi şurada bu röya ciddi müzakirə mövzusuna çevrilir.[3] Peyğəmbər öz sərkərdələrinə düşmən ordusu ilə açıq meydanda deyil, geri çəkilərək Mədinənin dar küçələrində döyüşməyi israrla tövsiyə edir və öz haqlılığının sübutu kimi röyasını göstərir – peyğəmbər yozumuna görə, röyada kəsilən iri heyvanlar peyğəmbərin öz tayfası olan Haşimoğullarının böyüklərini təmsil edir, yəni açıq sahədə döyüş aparılsa Məhəmməd peyğəmbərin yaxın qohumlarından bəzisi döyüşdən salamat qayıtmayacaq. Peyğəmbər sözünü dinləməyən bəzi şəxslər onun bu fikri ilə razı olmur və açıq meydanda döyüşməyə israr edirlər. Peyğəmbər istəməyərək bu israrı qəbul edir və qorxduğu hadisə həqiqətən də baş verir: Haşimoğullarının böyüklərindən olan Həzrət Həmzəni – peyğəmbərin əmisi və süd qardaşı – muzdlu qatil nizə ilə vurur, sonra da Əbu Süfyanın arvadı Hind onu doğrayır…
Bu hadisədə bir çox ibrət var, mövzumuzla əlaqədar diqqətimizi çəkən məqam isə Haşimoğullarının böyük rəhbərlərinin röyada iribuynuzlu heyvanla təmsil edilməsidir. Və maraqlıdır ki, islamın ilk əsrlərində ərəb ədəbiyyatında Əhli-Beytin böyükləri “baqar” və ya “baqir” adı ilə anılırdı. Gündəlik ərəbcədə “bəqərə” sözü məhz “inək” mənasında işlənsə də, biz bu sözün ümumiyyətlə süd əmmiş bütün iri heyvanlar üçün istifadə edildiyini söyləyə bilərik, çünki zamanımızda da bu cür heyvanların tamamı ərəblər tərəfindən “bəqəriyyat” adı ilə anılmaqdadır. Buna misal eyni kökdən törəyən “baqir” sözüdür, ki, “elmi bərəkətli olan adam”, “böyük alim” mənasında istifadə edilməkdədir (məsələn, “Məhəmməd Baqir” adı)…[4]
Bir başqa misal ərəblərin Cəbəl əl-Səvr, yəni Buğa Dağı dedikləri dağdır. Məkkənin qırağında yerləşən bu dağın islam tarixində xüsusi yeri var. Çünki Məkkəni tərk edib Mədinəyə hicrət edərkən Həzrət Məhəmməd öz dostu Həzrət Əbu Bəkrlə məhz bu dağın mağarasında gizləniblər və onları tutub öldürmək üçün dallarınca gələn kafirlərin əlindən qurtulublar. Beləcə islam tarix və mədəniyyətində təhlükəsizliyi təmsil edən bir Səvr mağarası/Buğa mağarası mövzusu əmələ gəlib…
İribuynuzlu heyvan qədim türklərdə də xüsusi rəmz kimi qəbul olunub. Bunun ən bariz misalı Oğuz xaqandır. Bəzi alimlər “Oğuz” adında bir adamın türk tarixində mövcud olmadığını, Oğuz xanın əfsanəvi qəhrəman olduğunu düşünsələr də, biz “oğuz” sözünün “öküz” mənasına gələ biləcəyini düşünürük. Öküz bir bərəkət timsalı olduğu üçün tariximizə aid olan bir şəxsiyyət böyük nəsil və övlad sahibi olduğuna görə öz yaxınları tərəfindən Öküz/Oğuz xan adlandırıla bilərdi. Gün xan, Dəniz xan, Gültəkin (Göl Təkin) kimi iri təbii obyektlərlə əlaqəli isimlər seçən türklər “öküz” sözünü də ad kimi istifadə edə bilərdi… (Bu arada Bakı qalasının divarındakı buğa kəlləsi təsvirini də unutmamaq lazımdır!)
Maraqlıdır ki, böyük zadəgan nəsli olan Haşimilər və Aşinalar eyni rəmzdən istifadə ediblər…
Qurd
Türk tarix və əfsanələrində qurdun əhəmiyyəti haqqında danışmağa ehtiyac duymadan, sadəcə Həzrət Məhəmmədin şahidi olduğu bir hadisəni xatırlatmaqda fayda var. Qəndəhləvi[5] tərəfindən qələmə alınan “Həyat əl-Sahabə” kitabında üç ayrı hadisə rəvayət edilməkdədir: bir gün Həzrət Məhəmməd öz yoldaşlarını toplayıb dedi ki, mənə Mədinənin ətrafında yaşayan qurdlardan biri gəlib anlaşma təklif elədi. Dedi ki, siz bizə ildə bir dəfə bir heyvan verin, biz də il boyu sizin heyvanlarınıza toxunmayaq… Əshab bu təklifi qəbul eləmədi. Dedilər ki, biz öz heyvanlarımızı onsuz da qoruyuruq. Qurda niyə pay verək?!. Bu üç rəvayətdən birinə görə, Məhəmməd peyğəmbər bir qurdla deyil, yüzə yaxın qurdla birdən görüşüb.
Bir başqa iki qurd əhvalatı var ki, bunlar qurdların Məhəmmədin peyğəmbərliyini təsdiq etdiklərindən bəhs edir. Bir rəvayətə görə, bir qurd bir sürüdən keçi qaparkən çoban onu dayandırır və qurd sitəm edir ki, niyə ruzimi məndən alırsan. Çoban bir qurdun insan kimi danışdığına heyrətini ifadə edir. Qurd isə cavabında deyir ki, əsl heyrət olunası sənin halındır ki, Allah sizə peyğəmbər göndərib, sənin isə bundan xəbərin yoxdur…[6]
İkinci əhvalatda ceyran ovuna çıxan qurd Əbu Süfyanın gözü qabağında Kəbəyə yaxınlaşır, sonra da Əbu Süfyan və Safvana peyğəmbərdən xəbər verir.[7]
Bəzi oxucularımız bu cür qeyri-adi əhvalatı ironiya ilə qarşılaya bilər, ancaq unutmamaq lazımdır ki, Allah hər şeyə qadirdir, qurdu danışdırmağa da qadirdir, dağı yeritməyə də. Xüsusən hər hansı bir peyğəmbərin gəlişi ərəfəsində və fəaliyyəti dövründə bu cür hadisələr çox olurdu. Bu barədə o qədər çox və müxtəlif rəvayət var ki, bunları inkar etməyin bir mənası yoxdur. Çox güman ki, insanların imana gəlməsini asanlaşdırmaq, onlara şans vermək üçün Allah-taala bu cür istisnalı hadisələrə yol verib, qeyri-adi şeylər göstərib ki, Onun qüdrətini, peyğəmbərin sidqini anlasınlar… Amma bizi bu yazıda maraqlandıran və diqqətimizi cəlb edən məsələ qədim Turanın mübarək saydığı qurdun[8] Kəbənin yanında dayanıb insanlara peyğəmbərin gəlişini xəbər verməsidir. İki ayrı sistem arasındakı bu bənzərlik təsadüfi ola bilməz!
Turanın intihar mexanizmi
Hər şeyin ziddi o şeyin içində gizlədildiyi kimi Turanın da ən böyük düşməni Turanın içində gizlidir. Bu düşmənin adı tayfaçılıqdır. Bir zamanlar Azərbaycan türk dövlətçiliyini məhv edən əsl məsələ də bu idi. Nə erməni və nə də çar tamahı, məhz Sarıcalı-Cavanşır – Ziyadoğlu-Qacar rəqabəti və qarşıdurması idi. Bir-birinin yaxın qohumu olan bu iki böyük qüvvə barışmaq istəmədikləri üçün əvvəl Ziyadoğlu qalası olan Gəncə, sonra Sarıcalı qalası olan Şuşa, sonra da yenə Ziyadoğlu qalası olan Rəvanabad/İrəvan rus-erməni ittifaqı tərəfindən yerlə-yeksan edildi, Sarıcalı-Qacar rəqabəti üzündən üçü Qacar paytaxtı olan İrəvan, Gəncə və Tehran arasında sıxışıb vahiməyə düşən Pənahabad/Şuşa özünü erməninin, çarın ağuşuna atdı və həmin müttəfiqlər tərəfindən dağıdıldı… Sovet dövründə köçəri və yarı köçəri həyat tərzi kolxozlaşdırma surəti ilə ləğv edildiyi üçün insanlarımızın şüurundakı tayfaçılıq məskənçilik/yerlibazlıqla əvəz edildi…
…Tayfaçılıq-yerlibazlıq Azərbaycanın gələcəyini təhdid edən “minalar” və “bombalardır”. Tayfaçı tarixçilik, tayfaçı kadr siyasəti problemi həll edilmədikcə nəinki Böyük Azərbaycan, hətta indiki Azərbaycan belə sadəcə kağızda var, gerçəklikdə isə bir yamaqlı boğçadır ki, harasından tutsan, parçası əlində qalar! Hər bir türk tayfası anlamalıdır ki, türk sadəcə ondan ibarət deyil. Gəlmədir deyə başqa türk tayfasına “tat”[9] deməkdən xeyir umulmaz. Öz doğma qardaşın olmasa da, qardaş oğludur, əmi oğludur, dayı oğludur, amma yenə də türkdür, qardaşdır, qandaşdır. Bu fikir bizdə hələ də oturuşmayıb! Bunun əsas səbəblərindən biri də türk mədəniyyətinin çoxçeşidliliyi, hər tayfanın özünə məxsus cəhətlərinin varlığıdır. Buna görə də bəzən bu tayfalar qohum olmasına baxmayaraq bir-birini tanımır və ya tanımaq istəmir. Müasir Azərbaycanda türk mədəniyyəti müəyyən tayfaların və tayfa-dövlətlərin üzərində qurulduğu üçün (məsələn, Qacar, Avşar, Qazax) Azərbaycandakı türk mədəniyyəti bunlara köklənib, bu tayfaların öz dil xüsusiyyətləri, folkloru və siyasi tarixi üzərində qurulub. Buna görə də ölkəmizdəki başqa türk tayfaları bu cür türklüyü özü üçün yad sayır, “türklük budursa, biz türk deyilik” deyir. Bu problemin həlli üçün Azərbaycan türk mədəniyyətinin ümumi təsnifi, təscili və tədvininə[10] zəruri ehtiyac duyulmaqdadır.
Turan birliyi
Türkçülərin əsas məqsədlərindən biri Turanın birləşməsi, vahid dövlət halını almasıdır. Çox gözəl bir düşüncə olsa da, müəllif bunun gerçəkləşə biləcəyinə inana bilmir. Belə bir şey ancaq möcüzəvi yolla alına bilər. Çünki əvvəla, Turan çox böyükdür, Avrasiyanın dörddə üçünü tutmaqdadır. İkincisi, Turanın övladları müxtəlif və bir-birini anlamayan millətlərə bölünmüş vəziyyətdədir. Bunları ancaq Çingizxan kimi, böyük qüdrət və ilahi səlahiyyət sahibi olan bir rəhbər qılınc zoru ilə birləşdirə bilər. Üçüncüsü, burada din-iman məsələsi var, türklərin hamısı bir dindən, bir imandan deyil…
…Unutmamaq lazımdır ki, bizim ən amansız düşmənlərimiz yenə də bizim öz qanımızdan olan, öz qohumlarımız olan millətlər və tayfalardır. Bu gün erməninin də, rusun da, köhnə rəqibimiz olan gürcünün də damarlarında o qədər türk qanı var ki, türk düşməni olmasaydılar, biz onlara da türk deyərdik! Bu savaşı başladan biz deyildik, amma savaşmalı olduq və olacağıq da! Buna görə sadəcə qan üzərində qurulan ittifaqlara çox etibar etməmək lazımdır, imana, vicdana da baxmaq lazımdır!.. Bizcə daha gerçək/real olan Turanın mədəni münasibətlərinin tənzimi və inkişafıdır. Vahid yazı, işarə, təqvim sistemlərinin qəbul edilməsi. İqtisadi və siyasi ittifaqların qurulması. Turan akademiyalarının və arxivlər birliyinin qurulması və bunların vahid struktur kimi işləməsidir. Bu kimi birləşdirici əsaslar qəbul edilmədikcə Turanın vəhdətini təmin etmək bizcə imkansızdır!
(Ardı var)
[1] İndiki Qüds (Yerusəlim) və onun ətrafı.
[2] Samiri – müəyyən bir adamın adı, ya da tayfa adıdır. Kim olduğu haqqında müxtəlif rəvayətlər mövcuddur. (Bax: “İslam Ansiklopedisi”, C. 36, s. 78-79, 2009).
[3] Prof. Dr. Hakkı Dursun Yıldız (heyət), “Doğuştan Günümüze Büyük İslam Tarihi”, C. 1, s. 459, “Çağ yayınları”, 1992.; Prof. Dr. İbrahim Canan, “Hadis Ansiklopedisi Kütüb-i Sitte” (göstərilən mənbə: ibn Hişam, “Sirə”, 3/66-67) C. 11,s. 445, “Akçağ” nəşr.
[4] “Mücəm əl-Vəsit” lüğəti, s. 65. (Böyük alimlərin inəyə bənzədilməsi həqarət deyil, əksinə, inəyin iriliyi və südlü, yəni bərəkətli varlıq olması ilə əlaqədardır.)
[5] M.Yusuf Kandehlevi, “Hayatü`s-Sahabe”, C. 4. s. 297-298, nşr.: “Divan Yayınları”, İst.,1991. (terc.: S.Gülle, Diyanet İşleri Başkanlığı Haseki Eğitim Merkezi Öğr. Gör.) Həmin rəvayətlər üçün Kandehlevinin mənbə göstərdiyi müəlliflər: Beyhəqi, Vəqidi, Əbu Nuaym və Bəzzar.
[6] Prof. Dr. İbrahim Canan, “Hadis Ansiklopedisi Kütüb-i Sitte”, hədis № 4393, C. 12, s. 277-279.
[7] Qazı İyaz “Şəfa”, s. 310 (türkcə terc.: N. Ərdoğan, H. Ərdoğan), nşr.: ”Bedir Yayınevi”, 1975; M.Yusuf Kandehlevi, “Hayatü`s-Sahabe”, C. 4. s. 299-300, nşr.: “Divan Yayınları”, İst., 1991. (terc.: S.Gülle, Diyanet İşleri Başkanlığı Haseki Eğitim Merkezi Öğr. Gör.) Həmin rəvayətlər üçün Kandehlevinin mənbə göstərdiyi müəllif: Beyhəqi, 6/146.
[8] Kitabi-Dədə Qorquddaki “Qurd üzü mübarəkdir” sözünü xatırlamaq yetərlidir.
[9] “Tat” sözü millət adı deyil, əsasən “yad adam”, ya da “yad tayfa” mənasında istifadə olunan bir sözdür. Rusların türkə “tatar” (tat-ar) deməsi, kilisə-slavyan dilində “тать” sözünün “düşmən” mənasında işlənməsi, orta əsrlərdə osmanlı müəlliflərinin qızılbaşlara “tatar”, qacarlara “qaratatar” deməsi bunu sübut etməkdədir.
[10] Təsnif – klassifikasiya. Təscil – sənədləşdirilmə, sertifikatlaşdırılma. Tədvin – kodifikasiya/məcəllələşdirilmə.