Saf ruhlu Safruh
- 27 Noyabr 2019
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Safruhun 80 illiyinə qutlama
Noyabrın 23-də (2019-il) Asif Ata Ocağının “İnam Evi”ndə ünlü deyimçi, ocağın ruhsal başçısı Safruh Atalının anadan olnasının 80 illiyi qutlanırdı. Mən də qatılmşdım o toplantıya.
Anasının dediyinə görə, “payızın son ayından bir gün keçəndən sonra doğulan, müharibə başlananda yaş yarımında olan” Safruh (Əliyev Elman Ağa oğlu) kimdir? İnanıram ki, çox az insan “tanıyıram” deyəcək. Bəlkə də barmaqlarımızın sayı qədər. Ömrünün 45 ilini Ocağa həsr edən, Asif Ata (İnam Ata) öyrətisinin, dünyabaxışının, təliminin Od Qoruyucusu Safruhu əksər yurdsevərlərin, türkün ruhunu daşımalı olanların, ən önəmlisi də gənclərin tanımamasında bütün Vətən aydınları günahkardır. Mən də, sən də, ay Vətən oğulları! Elə Safruhun özü də. Çünki mühit təvazökar insanlara həmişə laqeyd olub. Onun istedadına, Vətən, millət yanğısına maddiyyat hərisi acgöz zəmanə heç gözünün ucu ilə də baxmayıb…
“1941-45-in aclıq öləti adamları, ailələri diyarbədiyar qovduğu çağlarda” Safruhun atası Ağa kişinin Ağdamın İsmayılbəyli kəndinin Otaykılar məhləsindən Jdanov (Beyləqan) rayonunun “Şestoy” otdelinə (indiki Bolsulu) köçəndən sonra ailənin ilk övadı Elman (Safruh) ancaq 10 yaşında yenidən birinci sinfə gedib. Belə nəticə çıxarmaq olar ki, SSRİ adlı “xalqlar həbsxanası”nın hər yeri bir “şöbə” imiş. Ona görə də o vaxt “Şestoy”da “türkün ana dilində məktəb yox idi, rusca vardı və orada ən çox azərbaycanlı türk balaları rusca “təhsil” alırdılar. Qonşuluqdakı Təzəkənd kəndində isə türkcə dörd sinifli ibtidai məktəb vardı”. Safruh orada təhsilini “davam” etdirir – yenidən birinci sinfə gedir – “özü də yeni yaşayış yerinə köçdükdən bir il sonra”… Əslində bu “aclıq öləti”ndən daha acınacaqlı idi. Bu mənəvi “aclıq öləti” idi…
Bunları yazmaqda məqsədim Elman Ağaoğlunun Safruh olmasına doğru yolun kiçik, amma yaddaqalan anlarına işıq salmaq idi. Buradan anlamaq mümkündür ki, 80 illik ömrün belə qaragünlü anları daha çox olub…
Mənim Safruhla “tanışlığım” 1991-ci ildən başlayıb. Mən niyə tanışlıq sözünü dırnaq arasında yazıram? Biz qiyabi tanış idik. Daha doğrusu, mən Safruhu o vaxtdan – onun “Yeni Oğuz sözü” kitabını alıb acgözlüklə oxuyandan sonra tanıdım. O isə məni çox sonralar. Onunla ilk görüşdən sonra. Bir il əvvəl tanıyıb.
“Mən həmişə “Yeni Oğuz sözü”nü XX yüzilliyin sonlarında Azərbaycan mənəviyyatına toplu halında yeni bir baxış kimi anlamışam. Bundan əvvəl Asif Atanın “Müdriklik səlahiyyəti” kitabını az qala əzbərləmişdim. Təvazökarlıqdan uzaq olsa da, mən bu kitabların müdriklik bulağının suyundan içmişəm, aydın fikir havasıyla nəfəs almışam. Amma ustadlar səviyyəsinə həsədlə baxmışam. Bu kitablardan mənəvi dünya – İnam, İdrak, Mənəviyyat, İradə kimi dəyərlər əldə etməyə səy göstərmişəm. Ən əsası təvazökarlıq öyrənməyə çalışmışam. Safruhun bir deyiminə fikr verin: “Safruhun kitabı – Ata xəzinəsinə tuşlanan barmaqdır yalnız!”
Təvazökarlığın, Mənəviyyatın, İdrakın, öyrənənin ustada dəyərinin zirvəsi!
Safruh böyük türkün İnam Evinin ruhani başçısı, odqoruyanıdır. Türk müqəddəs məbədinin – tapınaq yerinin – GÖYEVİN bünövrəçisidir.
Safruh İnam Ata dünyabaxışının – türkün milli öyrətisinin qoruycusudur. İnam Atanın “İnsanlaşın – İnsanlaşdırın! Bəşərin nicatı İnsanlaşmaqdadır! Türk ruhu bərqərar olmalıdır” fikirləri ilə beyinləri nurlandıran “Ocaq” evladıdır, bu gün mürşiddir.
Safruh “Ocaq” ədəbiyyatının yaradıcısıdır. Mən “Ocaq ədəbiyyatı” deyəndə dodaq büzənlərin nəzərinə çatdırıram ki, Safruh 20 mindən çox deyimin müəllifidir. Deyimlər, içsəslər, haraylar, cikkələr, uyarılar, gileylər, yanğılar, gözləntilər “Ocaq” ədəbiyyatının janrlarıdır ki, onların yaradıcısı Safruhdur.
Safruhun bu ədəbi-fəlsəfi “bəyaz”ları (“Keçmişdə, yazı-pozu hələ geniş yayılmadığı çağlarda duyğulu-qayğılı insanlar sevdikləri şeirləri, şeir parçalarını, xoşladıqları öyüd-nəsihətləri, deyimləri bir dəftərə yazıb saxlardılar. Bu dəftərlərə və ya dəftəri əvəz eləyən o vasitə nəymişsə, ona “bəyaz” deyərmişlər” – Safruh) Ata işığında yola çıxan, Ata bulağından su içən, Ata pirində təmizlənən, Ata mənzilinə gedən yolda “övlad” yoxuşunu qalxmağa səy göstərən, Ata “Ocağı”nda cilalanan, bişən, yetişən şagirdin-müridin və bu günkü ustadın-mürşidin səmimi, ən başlıcası, cəsarətli yaradıcılıq nümunələridir. İnam Ata fəlsəfi təlimindən mayalanan, mənəvi qidalanan söz inciləridir. Qısa, yığcam, məna tutumlu, hədəfə sərrast tuşlanan, atılan saf ruhlu düşüncələrdir – “Görümlər, duyumlar, deyimlər”dir, “Yeni Oğuz sözü”dür, “Oğuz yönü”dür, “Başlanğıc”dır, “Ata səcdəsində”, “İnama doğru. Haraylar”dır, “İnamın gəlişi”dir, “Ruhsal insan uğrunda” yana-yana yazılan yanğılardır, “Qu nəğmələri”dir, amma son yox, əbədi.
“Ocağ”ın aylıq ədəbi-fəlsəfi, ruhsal qəzeti bu gün türkün ilk əlifbasını – Orxon-Yenisey abesini yaşadan mətbu orqandır. Burada həm Orxon-Yenisey, latın qrafikalı türk dilində yazılar verilir. Hər sayda Orxon-Yenisey (Ocaq-Türk) abesinin hərfləri oxuculara təqdim edilir.
Safruh mənəviyyat carçısıdır, həm də etalonu. O, deyir ki, mənəviyyat əlifbasının birinci hərfi İnsana hörmətdir.
Safruh insanları cəsarətli olmağa çağıranda da özünəməxsusdur, onlara qorxmayın demir. Deyir ki, qorxu içimizdəki düşmənin müttəfiqidir. Asif Ata deyirdi: “Qorxu ölümdən qabaqkı ölümdür”. Sözün qüdrətinə heyrət etməmək olmur!
Asif Atanın gözəllik meyarına fikir verin: “Paltar bədənə yarpaq ağaca yaraşan kimi biçilməlidir”. Safruh isə gözəlliyi belə dəyərləndirir: “Qadının gözəlliyini onun şəxsiyyətindən ayırıb sevmək sevənin eybəcərliyinin sübutudur”.
Özgün Atalı deyir ki, Safruh İnam Atanın kəşf etdiyi ilk İnsandır.
Safruh özünün ömürlüyünü (tərcümeyi-halını) cəmi bir cümlə ilə, bir sərrast deyimlə yazır: “Mən də Türk (Azərbaycan) xalqının Eqo (izm) dənizində öz Atamın ölməməsi üçün otuz-qırx ildir əl-qol atıram”. Şərəfli, qürurlu ömürdür!
Safruh özünü belə təqdim edir: “Özüm ağız əzmirəm, qanad qırmıram, qanadımı qıranları öyə bilmirəm, çünki ictimai xadim damarım yoxdur”. Mənəviyyat meyarı!
Safruh, qarşısındakı insanın kiçik bir uğuruna sevinən, onu fərəhləndirən qədirbilən müdrik ağsaqqaldır, bu günümüzün Dədə Qorqududur. “Oxunan dualar”ı sətir-sətir mütaliə edən Safruh bir içsəsində (esse) yazır: “Uzaq Balakən rayonunun Qamıştala kəndində bir xeyirxahım, məndən 17 yaş kiçik əkiztayım varmış, BİR DOĞMAM VARMIŞ!”.
Bu təmənnasız doğmalıqdan qürur duydum. Belə mənəviyyatlı böyük qardaş hər kəs üçün böyük mənəvi xəzinədir. Ruh yaxınlığı İnsanları doğmalaşdırır. Tam əmin oldum.Safruh vurğulayır ki, mən sənin “Dualar”ında kitab obrazından çox, İnsan ruhu gördüm. Bu fikir məni təsirləndirdi. Kitabında İnsan ruhu görünən birisi kimi. Fərəhlənməli dəyərdir!
O, daha sonra yazır: “Oxunan dualar”dakı Safruh “obraz”ı Vaqif bəyin öz yaratdığıdır, həm də onun portretidir – “avtoportret”i. Mənə də doğmadır və olduqca xoşdur. Vaqif bəyin “Duaları”ndan duaçının bilik aclığı, çırpıntısı, bilik eşqi, bilik yanğısı mənə tanış və doğmadır”.
Kitaba bacım Tamella Həmidqızının önsözünü Safruh əsər səviyyəsində görür: “Gömgözəl, canlı, nəfəs alan bir yaşam parçasıdır; ailəyə, Böyük Qardaşa bacı duasıdır bu əsər – bu önsöz!”
Safruh “İnamın gəlişi” qəzetindəki Ocaqyörəsi Qonuşmalar Odasında Nurayaz İnamsoyun mənimlə müsahibəsinin sonuna bir cızqı (qeyd) yazır: “Ancaq qonuşmaçıları alqışlayıram! Onlar “proqram, “dönüş” (toplumsal rəysizlikdə dönüş) adlana biləsi, istəməyənləri (əslində bədxahları) sarsıdası bir əsər ortaya gətiriblər”.
Safruh türkün milli-mənəvi dəyərlərinin qoruyucusudur, “Ruhsal gəlişmənin yönü”nü – “yol xəritəsi”ni cızan “ruhani ekoloğiya” tikintisinin mühəndisidir. “Eşq Yunusa neyləmişdisə, İnam Ocağı da Safruha onu eləmişdi”. Safruh “ruhsal gözəllik qısırları”na “göndərmələr” (mesajlar) yollayan barlı-bəhərli olmağa səsləyən təbibdir. Həm də Safruha görə, “Olana “var” demək – onu artırmaqdır, onu öz varına (deyənin varına) qatmaqdır. Ölü ilə danışmaq – onu diriltməkdir, ölümə qarşı dayanmaqdır… Yaranmışa “Yaranmısan” demək – həyatın varını artırmaqdır, yaranışın üzünü güldürməkdir, onunla birlikdə yaranmaqdır; onun da, deyənin də nəfəsini genişləndirməkdir… Yuxarıda deyilənlər də özünümüalicədir”.
Gəlin özümüzü müalicə edək. Kamilliyə yol özünümüalicədən, özüylədöyüşdən, imtinalardan, haqqa yol açmaqdan, “yad bütləri qırmaqdan, doğma bütlər qurmaqdan” keçir!
Həyat mübarizləri, qalibləri, əyilməzləri sevir – deyir həmişə Safruh. İnam Ata yolu bəşəriyyətin nicat yoludur. Bu yolun karvanbaşısı siz, yolçuları bizik, ustad. İnam, İdrak, Mənəviyyat, İradə ilə gedilən İnam Ata yolu türk ruhunun zəfər yoludur.
80 yaşın qutlu olsun, Safruh.
Vaqif Osmanov