“Qanun” Nəşrlər Evində “Zolaqlı pijamalı oğlan”, “Odlu diyar” və “Şəkər pambığı” kitabları çapdan çıxıb.
Con Boyn,“Zolaqlı pijamalı oğlan”
Hitlerin yəhudilərə qarşı amansız rəftarı sərhəd tanımır. Auşvits yəhudilərlə dolub. İki dostun ürək parçalayan hekayətidir bu roman. Dostların biri Auşvits rejiminə nəzarət edən komandanın oğlu, digəri həbsxanada qəddar işgəncələrə məruz qalan yəhudi ailəsinin üzvü…
Onların öz dünyası var, öz oyunları, öz məşğuliyyətləri, heç zaman ağıllarına gəlməyən dəhşətli bir sonluğun astanasında əyləncə axtarışındadırlar.
Uşaq məsumluğu onları qaz kamerasının ağzına qədər dartıb gətirir…
Kitabın satış qiyməti 6.99 manatdır.
Anatoli Zöhrabbəyov, “Odlu diyar”
“Odlu diyar” romanı Anatoli Zöhrabbəyovun natamam və yeganə əsəridir. Vaxtsız ölüm bu istedadlı insanın yaradıcılığını yarı yolda qoydu. XII əsr Bakısının olduqca maraqlı səhifələrindən birinin canlandırıldığı bu əsərdə son dərəcə bədii bir ahəngdarlıqla Azərbaycanla Gürcüstan arasında siyasi və mədəni münasibətlərdən, Şirvanşahlar sülaləsi nümayəndələrinin xarakterlərindən, o dövrün adət-ənənələrindən, bəsit bir təsadüf nəticəsində saray fitnə-fəsadının mərkəzinə düşmüş Səlim adlı gənc bir şairdən bəhs olunur.
Əsəri Mikayıl Rzaquluzadə tərcümə edib.
Kitabın satış qiyməti 9.99 manatdır.
Jaklin Vilson, “Şəkər pambığı”
Floranın valideynləri ayrılıb və o, həftənin beş gününü anası, ögey atası və ögey qardaşı ilə, iki gününü isə atası ilə keçirir. Ancaq anası Sidneyə getməyə qərar verəndə onun həyatının bu düzəni pozulur və o, seçim etmək məcburiyyətində qalır. O ya anası, ögey atası və ögey qardaşı ilə Avstraliyada zəngin həyatı seçməli, ya da həyatda heç vaxt bəxti gətirməyən, lakin qızını hədsiz sevən atasının yanında qalıb onunla birgə çətinliklərin öhdəsindən gəlməlidir.
Bəs bu seçimi məktəb həyatına, ən yaxşı hesab etdiyi rəfiqəsi ilə münasibətinə necə təsir edəcək? Bir vaxtlar xeyli firavan həyat sürən qızcığaz nələrlə barışmalı olacaq?
Bu kitab mövzu əhatəliliyi baxımından nəinki məktəblilərin, həmçinin valideynlərin ciddi və taleyüklü qərarlar almazdan öncə oxumalı olduğu kitabdır. Kiçik qızcığazın timsalında oxucu boşanmış valideynlərin övladı olmağın, bu yükü daşımağın emosional baxımdan nə qədər ağır olduğunu dərk edir.
Əsəri Vüsalə Muxtarova tərcümə edib.
Kitabın satış qiyməti 9.99 manatdır.