Ağ hədəf
- 22 Oktyabr 2019
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
(Hekayə)
Müəllif: Bircə
Qorbaçovu televizorda görüb hikkəsindən çatlayan Nəsib kişinin ilindən qayıdırdım. Pendir Əlinin körpüsündən keçəndə gördüm Qanqal Surxayın ekiz oğlanları bic doğmuş bacılarını torpaq yolda saçından tutub sürüyüb mal kimi budayırlar. Seyid Zalxanın çəpərindən qırdığım üstü pıtraq alça budağını arxın qıjovundakı söyüdə söykəyib gədələrə cumdum.
– Ay bala, niyə öldürürsüz, yazıqdı.
Ağzından su axan, burnunun fırtılığı üst dodağına yapışan, gözləri pıçalaqlı Kını (əsl adı Kamran idi) mənə cocudu:
– Yaxşı eləyirəm, öldürəcəm bu qəhbəni, gedib vayenninin altına yıxılmayaydı.
Gördüm gədələrə dov gələ bilmirəm, özümü yıxdım toza-torpağa bələnmiş qızın üstünə. Kını gördü payanı bir də qaldırsa mənə dəyəcək, gerilədi, pörtmüş ekiztayına tərəf qolaylandı.
– Hökü (onun əsl adını bu gün də bilmirəm), sənə dedim axı bu qancığı sal pəyəyə, orda əzişdirək.
Qonşumuz bələdiyyə sədri Qırnı Musanın iri pencəyinin ətəkləri Kınının əynində yellənirdi. Corabsız pasaqlı ayaqlarının birində bir tay qaloş, o birində rezin çəkmə kəsintisi vardı.
Tozun-torpağın içində qızla bir az eşələndim. Sonra onu dikəldib oturtdum, nimdaş xalatını açıq yanbızlarının üstünə çəkdim. Pırtlaşıq saçlarını boynunun dalında çataqladım, yerdən tapdığım nazik sarı simlə tüklərini cərcəmlədim. Qız ağladıqca tozlu əlləriylə üzünə düzan eşmişdi, elə bildim qarabəxtin üzündən zımrıq axır. Qızı suata sürüyüb üzünə su vurdum, göbəyinə yığılmış xalatını aşağı dartdım. Əynində qara qədəhdən kişi tumanı vardı. Nimdaş xalatın bircə sapını çəksəydin yazığın əndamı çöldə qalasıydı.
Zağ-zağ əsən gəlini özünə gətirməyə çalışanda qulağıma bir qığıltı gəldi. Dikəlib qardaşlar duran tərəfə baxanda yolun ortasındakı balaca, lilli çalada nəyinsə tərpəndiyini gördüm. Gədələrin bir gözü məndə lehmədəki qığıltıya sarı gedəndə gəlindən fəryad qopdu:
– Amandı qoyma, uşağı öldürəcəklər!
Qızı buraxıb yan-yörəyə baxındım – uşağı axtarırdım. Gədələr suçuxduğumu görəndə ikisi də birdən gölməçəyə tərəf götürüldülər. Kını lehməli çalada tərpənən uşağı qamarlayanda ağlım başıma gəldi. Vurğun vurmuş qamarlayıb uşağı boyu bərabəri qaldırdı. Körpə lehməli əlləriylə adamdan çox həşərata bənzəyən dayısının yapağa başına döyməyə başladı. Gəlin quyruğu qırılmış kərtənkələ kimi qardaşına tərəf hoppandı:
– Kını, öldürmə, çıxıb gedəcəm buralardan.
Quruyub qalmışdım. Yavaş-yavaş Kınıya sarı yeriməyə başladım. Uşaq havada öz dilində danışırdı, gülürdü, batdaqlı əlini gah öz üzünə çəkirdi, gah dayısının başına yaxırdı.
Gəlin qardaşına çatmamış yıxıldı, yaralı ilan kimi sürünüb özünü qardaşına yetirə bilmədi. Elə bildim Kını indicə uşağı yerə çırpacaq, ona sarı bir addım da atıb duruxdum:
– Uşağı yerə qoy, gəl sənə pul verim, get özünə siqaret al, araq al.
Sözümü eşidən kimi Kınının pıçalaqlı gözləri işıldadı:
– Doğrudan verəcəksən?
– Seyid Bəşirin günbəzi haqqı verəcəm.
Kını uşağı endirmək istəyəndə Hökü ley kimi şığıyıb körpəni qardaşının əlindən qapdı, kirli cında sayağı bulalayıb qıjıltıyla axan arxa tulladı. Gəlin yerdən bir qənbər götürüb öz başına çaxdı.
Öz-özümə “Getdiyim yerdə bu nə gurşadıydı düşdüm” deyib arx aşağı götürüldüm. Qıyxırtıma hər doqqazdan bir baş uzandı. Su uşağı gah batırır, gah üzə çıxarırdı.
– Ay haray, qoymayın uşağı su apardı!
Bomba Məmmədin oğlu at belində arxın o biri yaxasına doğru gəlirdi. Deyəsən o da mandıxıb qalmışdı, gədələrin ağaran dişlərinə baxıb neyləyəcəyini kəsdirə bilmirdi. Dörd para kəndin Sidikli Cırdaxan (Orduxana belə deyirdilər, yerinə işədiyinə görə əsgər aparmamışdılar) kimi tanıdığı oğlanı görəndə bir az toxtadım, özümü necə itirdimsə gədənin əsl adını tapa bilmədim:
– Ə, Sidikli, qadan alım, özünü at arxa uşağı çıxart, boğuldu yazıq.
Cırdaxan Höküylə Kınının irişməyinə baxıb duruxdu. Handan-hana mənim yalvarışımdan utanıb elə atın üstündəncə arxa atıldı. At ürküb götürüldü. Kını lap bərkdən hırıldadı. Cırdaxan ona güc gələn suya sinə gərib uşağı tutdu – əynindəki nimdaş qara qofta sıyrılıb körpənin boğazına yığılmışdı. Cırdaxan uşağı mənim qucağıma atıb Kınıya dişlərini qıcadı:
– At erməni tərəfə keçsə ananı s…cəm.
– Elə bil ki, keçib, – ekiztayların Höküsü dil altında qalmadı.
Kötəlli oğlan uşağının ayaqlarından tutub başaşağı yırğaladım. Ağzından-burnundan bir az su töküləndən sonra uşaq əndikib ayıldı. Gəlin hələ də torpaq yola səvərili əllərini göyə qaldırıb çığırırdı:
– Səni qanına bələn, Kını, qanın daşlara dağılsın, Hökü!
Uşaq kəsik-kəsik ağladı. Yerə vursan yer yarılar oğlanıdı. İrəli durub gəlini təhnizlədim:
– Ağız, qalx, qalx görüm, ayıbdı, el baxır, teylənmiş yanbızların çöldə qalıb.
Gəlin dikəlib uşağı qapdı. Bir az irəli başına vurduğu daşın çapdığı yerdən qan damırdı. Toza-torpağa bulaşmış qanı gəlinin sol gözünü örtmüşdü.
– Dur en suata, üzünə su çırp, ay günün qara gəlsin, bunlar öldürəcəklər səni.
Arxa çatanda uşağı ondan aldım:
– Qorxma, bərk tutmuşam, əyil düz-əməlli yuyun.
Bizlə dabanqırma arxın üstünə enən Kını üzümə baxıb irişirdi. Qucağımdakı gül parçası kimi uşağa baxanda beynimdən hərcayı bir fikir keçdi: “Süləngi qancığın girli küçükləri olar”.
Kını qarşımda durub yenə ləçərgülüşü güldü:
– Di ver pulu, gedim özümə siqaret, bakkuş alım.
Uşağı bu biri qoluma keçirib Kınıya bir yumruq atdım:
– Vızqırt, əəə, başımdan.
– Onsuz da sən gedən kimi uşağı yenə suya atacam.
Kını bir az da irəli durub məni körpə qarışıq arxa itələdi. Ayaqlarım arxın dibindəki lehməyə sancılanda töyəcisəm də uşağı əlimdən salmadım. Gəlinin naləsi yenə göyə dirəndi:
– Kını, anan qanını yalasın!
Su qurşağımdan yuxarı qalxdı. Hirs başıma necə vurdusa az qaldım körpəni daş yerinə Kınıya selbəliyəm. Səyəlləklənə-səyəlləklənə suatdakı qarağacdan birəlli yapışıb qırağa çıxdım. Dəli Hürüşdanın “uçastkovı” oğlu gədələrin yanında durub üzümə irişirdi:
– Dişi pişik kimi irişmə, bəlkə ömründə bircə dəfə bir yaralı barmağa dərman eləyəsən?
– Göstər o yaralı barmağı.
– Yaralı barmaq – elə yanındakılar.
– Bu ailə, namus məsələsidi, məni bu işlərə qatma, – deyib cibindən bir qutu siqaret çıxarıb ekizlərə verdi, sonra da arx yuxarı yoluna düzəldi.
Uşağı üzünün qanını yuyub toxtamış anasının qucağına qoydum:
– Bala, indi neyləyək, mən elə kəsdirim sənin yanını durum?
– Anam Şərəbanıya özünü bankalatmağa, qan aldırmağa gedib, qoy o gəlsin, sonra get.
Şərəbanının adını eşidəndə dodağım qaçdı. O günləri Cırtı Səmədin oğlunun toyunda məktəbimizin direktorunun oğlu hava sifariş verəndə vurub gözünü torbalamışdılar. Gədə çalğıçıların qabağında dayanıb qayıdasan ki:
– Aşıq Məhinin arvadının adına olan havanı çalın.
Musiqiçilər duruxanda Sərçə Həsən gendən bağırıb:
– Şərəbanı deyir, Şərəbanı çalın…
Dişlə dodağın arı yoxdu, cumculuq su içində gör ağlıma nə gəldi.
Gəlinlə bir az suatda büzüşdük, handan-hana Xəlbirbaş Saray ciyildəyə-ciyildəyə yolu adlayıb yanımıza gəldi. Gədələrin hayıfını Saraydan aldım:
– Qız doğan qarnın yansın, Şərəbanı vaxtıdı, sümsüklərin gəlini, uşağı öldürürdülər.
Saray yerdən bir cüt daş götürüb birini Hökü tərəfə, birini də Kını tərəfə atdı:
– Qan qussun bunları, bunların oddağına düşmədimi balam!
Qızını, nəvəsini Saraya tapşırıb evə sarı dəhmərlədim. Qəbiristanlığın körpüsünə çathaçatda məni bir hənirti vurdu. Geri qanrılanda Kınıyla göz-gözə gəldim.
– Pul ver də, axı dedin verəcəm.
Mən də Sarayfason eləmək istədim – əyilib yerdən bir daş götürdüm, belimi ləng düzəltdim, istədim Kını qorxub bir az aralaşsın, daş onu tutmasın. Başımı qaldıranda onun yenə irişdiyini gördüm, qanım coşdu. Daşı Kınıya tərəf qolaylayıb yoluma davam elədim.
O gecə Dəli Hürüşdanın oğlu başının dəstəsiylə qapımı kəsdirdi, bir cüt inəyimin ən ruzulusunu, ən barlısını götürüb getdi. Qan qusmuşun başına on tikiş vurmuşdular…
***
Kəndimizi xaraba qalsın, necə ki qaldı. Sovet hökuməti dağılan kimi camaatın da dönəlgəsi döndü. Əli iş tutan qoca-qarı çöldə-bayırda çalışır, cavanlar da onların qarışqa kimi daşıdıqlarını yeyib yatırdılar, hələ üstəlik qollarını burmatlayıb qocaların təqaüdünü də əllərindən alırdılar, aparıb gimgələrdə qumara qoyurdular. Evlərin damında, pəncərə ağzındakı dibçəklərdə əkdikləri çətənə kollarının yarpaqlarından eşmələyib sinələrinə çəkirdilər. Qapıdakı iki cüt-bir tək toyuğun yumurtasını güdürdülər – toyuq zillətlə atdığı faldan sonra qaqqıldayıb tayadan düşən kimi yüyürüb yumurtanı qapıb yağa vurub içəri ötürüb gəyirə-gəyirə yenidən gimgəyə cumurdular.
Eygili zaman Kınını, Hökünü yanlarına buraxmayan cavanlar indi onları hörmətli yerdə oturdurdular. Atasına kəfən biçən mollanın telefonunu oğurlayan Dadaş yaddan çıxmışdı (“Telefonum tapılmasa meyidinizə yaxın durmayacam” deyən molladan çəkinib dayıları Dadaşı mal pəyəsində mal kimi budamışdılar, telefon Dadaşın paçasının arasından çıxandan sonra camaat pıqqıldaşa-pıqqıldaşa namaza durmuşdu). Höküylə Kını bacılarını bədnam eləyən hərbçini qorxudub aldıqlarını kəndin avaralarıyla şərikli yeyirdilər.
Çox keçmədi kəndə xəbər yayıldı ki, “vayenni” gecəylə yoxa çıxıb. Hərənin ağzından bir avaz gəldi, kimi dedi oğlanın atası işdən xəbər tutub gəlib oğlunu aparıb, kimi dedi oğlan bezib erməni tərəfə keçib. O gündən Xəlbirbaş Sarayla bic doğmuş qızının günü göy əsgiyə düyüldü. Arağa, siqaretə tamarzı qalan gədələrin qeyrət damarı tərpənəndə acıqlarını bacılarından, onun heç ağlamayan, uşaqdan çox böyüyə oxşayan körpəsindən çıxdılar. Arada bir kənddə xəbər gəzdi ki, guya Dadaşın anası Dıydıx Güləbənzər gedib qıza belə deyib:
– Uşağını ver anana, gəl mənim yanımda qal, əynin paltar, qarnın yemək görsün.
Əri öləndən sonra Dıydıx ağ günə çıxmışdı, pardaqlanıb bərq vururdu. Neçə kəndin adamına sələmə pul verirdi, yaxşı qonaq-qarası olurdu. Dəli Hürüşdanın “uçastkovı” gədəsi hər axşam başının dəstəsiylə Güləbənzərin evində çığırtma-bozartma yeyirdi.
Məhsul yetişib biçin zamanı gələndə hamının qarnına sancı dolurdu. Vağanımış taxılı biçməyə erməni imkan vermirdi. Camaat duruxub gözünü döyəndə Qancıq Əlinin lal-kar oğlu hoppanıb minirdi traktorun boynuna, atılan gülləyə məhəl qoymadan taxılını biçirdi. Lal Cəlili cəsarətli eləyən də elə lal-karlığı idi, hamı güllə səsindən qaçıb gizlənəndə Cəlil dimdik yeriyirdi.
Kınıyla Hökü dolanışığın yolunu tapmışdılar: bacılarını ağ mələfəyə büküb, gimrik oğlunu da qucağına verib oturdurdular dikdirin başında. Ermənilər ağa bürünmüş adamın sülh yaratmağa xidmət eləyən hansısa beynəlxalq təşkilatın nümayəndəsi olduğunu zənn eləyib biz tərəfə güllə atmırdılar. Kəndin özləri ağılda olan gədələri bu biveclərə araqdan, siqaretdən verib məhsullarını arxayın biçirdilər.
Abrım-həyam yoxuydu, yenə dözməyib işə qarışdım, çökəkdə Dəli Hürüşdanın oğluyla kart oynayan Kınını xırxaladım:
– Ay qurumsaq, ay soxulcan, heç olmasa uşağa yazığın gəlsin, körpəni gəlinin qucağına vermə.
Kını kirli üzündə bataqlığa oxşayan pıçalaqlı gözlərini bərəldib dedi:
– Burnunu soxma bizim işimizə. Neyləyək, acından qırılaq?
Dəli Hürüşdanın gədəsinə cumdum:
– Ay qansız, heç olmasa sən qoyma.
– Mənim ixtiyarım yoxdu.
– Niyə?
– Ölüm olmasa biz işə qarışa bilmərik.
Əlimi atıb yerdəki girli daşlardan birini qapdım. “Uçastkovı” tez dilləndi:
– Ay arvad, keçən dəfəkini unutma, qapında bircə baş dingələn qoymaram ha yenə!
Öynədə bir çanaq süd verən iri yelinli Muncuğu yadıma salıb daşı yerə atdım.
***
Üç gün sonra ağlıma gələn baş verdi: ermənilər gəlinin qucağından çıxıb bir az irəlidə oynayan körpə tifili başından vurmuşdular. Yəqin ki, ağa bürünmüş fiqurun qorxulası bir kəs olmadığını nə yollasa öyrənmişdilər.
Mən hadisə yerinə çatanda uşağın meyidi dikdirin başında, günün altında sərələ qalmışdı. Xəlbirbaş Saray qızını yerə yıxıb üstündə oturmuşdu. Dəli Hürüşdanın oğlu körpənin meyidinə baxıb bir az da aşağı sinmişdi. Özümü basmadım onun üstünə cumdum:
– Ay köpəyin oğlu, di ölən öldü, başla görək neyləyəcəksən.
– Hələ heç nə, rayondan böyüklər gəlməyincə mən heç zad eləyəmmərəm.
Yerdən yekə bir kərsək götürüb mandıxmış Kınının düz təpəsinə tolazladım. Kını yıxılan kimi bələdiyyə sədri Qırnı Musa rəngi bilinməyən sadırlı pencəyi onun əynindən sıyırb çıxardı. Bilirdi bir azdan dərə dolacaq adamla, qorxurdu pencəyini Kınının əynində görüb onu zavala gətirərlər.
Balası ölmüş gəlinin səsi dörd para kəndi bürümüşdü. Hərə qaçıb bir tərəfdə boynunu bükmüşdü, meyidə yaxın gedən yoxuydu. İri sümüklü olduğuna görə hamının Kələ İbrahim dediyi Dördgöz Həsənin oğlu maşından düşən kimi Kınını hər biri bir vəl tayı olan əlləriylə qamarlayıb dikdirin ayağında qanı şora verən körpə cəsədin yanına atdı. Kını gözlərini dəli dana gözləri kimi çalasında çıppıldadıb qorxa-qorxa Kələ İbrahimə baxdı, sonra yumalanıb özünü xəndəyə saldı.
Rayondan gələsilər gələnəcən uşağın meyidi elə dikdirdəcə qaldı. Axırda yenə Sidik Cırdaxan ürəkli çıxdı, dikdirin ətəyindəki yarğanı keçib qanına bələnmiş, əlləriylə özünə harayçılıq eləyəndə körpə barmaqları öz qanına batmış uşağın cəsədini gətirib rayondan gəlmiş dəstənin qabağında yerə qoydu. Anasının əlindən dartınıb çıxan gəlin qaçıb balasının qanlı meyidini qucaqladı. Qızı qollarından qopan Saray havalı kimi cumub Kınını qamarlayıb altına basdı…
Rayon mərkəzindən gələn yetkililər maşınlarına minib geri qayıtdılar. Camaat qıraqdan durub tozlu yerə uzadılmış körpə meyidə, özünü daşlara vuran cavan anaya, Kınının üz-gözünü sıyırıb pardaxlayan Saraya tamaşa eləyirdi.
Həlləhuş Sonanın tibb bacısı işləyən gəlini qoltuğunda bir dibçək hadisə yerinə yenicə gəlib çıxmışdı, nə baş verdiyini anışdırmaq üçün adamlara maddım-maddım baxırdı. Dəli Hürüşdanın oğlu gəlinin qoltuğundakını gülə-gülə süzüb Cırtı Səmədi yanladı, qulağına nə dedisə Səməd gəlinə cumdu:
– Bunu hara aparırsan?
Burnunda danışan gəlin mıyıldaya-mıyıldaya dedi:
– Xəstəxananın pəncərəsinə gül istəyib həkimimiz.
Səməd dibçəyi gəlinin qoltuğundan qapıb doqqazın dalında itdi. Hürüşdanın gədəsi ağzını marçıldada-marçıldada Səmədin dalınca getdi…
***
İndi kəndimizdə heç kəs gecə itini qarqaraya vurmur, amma hamı qapısını arxadan möhkəm-möhkəm bağlayır. Gülləyə tuş gəlmiş uşağın havalı anası gecələr kəndi dolaşır, açıq qapılardan içəri girib uşaqlı evlərdəki körpələri qucağına alır, bağrına basır, öpür, əzizləyir, gülür, qışqırır, ağlayır. Analar səksəkəli olublar, balalarını Sarayın havalı qızının gözündən qorğanmağa çalışırlar.
11 avqust 2019-cu il