“Yol mahnısı” və “Velosipedçinin ölümü” haqqında
- 14 Oktyabr 2019
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Mətləb Ağa
Həftə boyu 1955-ci ildə müxtəlif ölkələrdə, necə deyərlər, biri planetin bu başında yerləşən İspaniya və İtaliyada, digəri dünya xəritəsinin o biri tərəfində qərarlaşan Hindistanda iki fərqli mövzuda çəkilmiş iki filmə baxdım.
Filmlər ötən əsrin ortaları üçün xarakterik olan ağ-qara kadrlardadır.
Onlardan birincisi benqal əsilli Hindistan kinorejissoru Satyajit Rayın dram janrında səhnələşdirdiyi “Yol mahnısı” (orijinalda “Pather Panchali”), ikincisi ispan kinorejissoru Xuan Antonio Bardemin psixoloji dram janrında ekranlaşdırdığı “Bir velosipedçinin ölümü” (orijinalda “Muerte de un Ciclista”) idi.
Hər iki filmin çəkilməsinin üstündən altmış il ötməsinə baxmayaraq, əhatə mövzuları və canlandırdıqları insan obrazlarının aralarındakı münasibətlər bu gün də aktualdır, hələ bəlkə desək, dəyişən bir şey də yoxdur.
Vəfatınadək Kommunist Partiyasının üzvü olaraq qalmış Bardemin (1922-2002) bir velosipedçinin qəzaya düşməsi səhnəsiylə açılan ekran əsərində mövcud ictimai reallıqlar romantik ştrixlər əlavə edilməklə, varlı və kasıb ailələr, bütövlükdə cəmiyyət və insanlar arasındaki əlaqələr, ədalətli və dürüst olmağın vacibliyi, sevgi, xəyanət, intriqa, var-dövlət hərisliyinin acı nəticələri ağ-qara fonda şahidliyimizə verilir.
“Muerte de un Ciclista” və ümumiyyətlə, Bardemin bu yazıda haqqında danışmadığımız çoxsaylı digər yaradıcılıq nümunələri iyirminci əsr ispan kinematoqrafiyasının dünya səviyyəsində layiqli yer tutmasında mühüm çəki sahibidir.
Sözgəlişi, Xuan Bardem həm də məşhur ispan aktyoru Xavyer Bardemin əmisidir. (Bu faktı bilənədək kiçik Bardemi “Qocalara yer yoxdur” və ispan romantik rəssamı Fransisko Qoyyadan söz açan “Qoyyanın kabusları” filmlərindən də tanıyırdım.)
1955-ci ildə əmi Bardem, Kann Film Festivalında layiq görüldüyü “FIPRESCI” mükafatını (Fransızca-Fédération Internationale de la Presse Cinématographique, dilimizə “Beynəlxalq film tənqidçiləri federasiyası” kimi tərcümə olunur) almaqdan ötrü Fransaya gedə bilməmişdi, bu səbəbdən ki, dövrün İspaniya diktatoru Fransisko Franko kinorejissoru həmin tarixlərdə siyasi motivlərlə həbsxanaya saldırmışdı.
Bardemin “Muerte de un Ciclista”sının mövzusu belədir: Bir qış axşamı, demək olar ki, gediş-gəlişsiz asfalt yolda qadın sürücü tərəfindən idarə edilən, sərnişini də yalnız bir kişidən ibarət bahalı avtomobil velosipedçiylə toqquşur. Sürücü (Mariya) və sərnişin (Xuan) maşından düşüb velosipedçinin yanına gəlir, kişi yaralını yoxlayıb onun hələ yaşadığını deyərək yardım göstərmək istəyir, ancaq qadın oradan getmələrini təkid edir. Kişi könülsüz də olsa, hər ikisi təzədən avtomobilə minib uzaqlaşır və bir azdan onlar şəhərdə ayrılarkən məlum olur ki, qadın tanınmış iş adamı Miquel de Castronun arvadıdır, akademiyada riyaziyyat müəllimi işləyən kişisə sevgilisidir, yaralı velosipedçini köməksiz qoyub qaçmalarının da səbəbi aralarındakı gizli sevgilərinin ortaya çıxacağından qorxmalarıdır. Miquel və Xuan qohumdur, sonuncu akedemiyadakı müəllim vəzifəsinə də de Kastronun sayəsində yiyələnib. Mariya və Xuan uşaqlıqdan birlikdə böyüyüblər, hətta onları bacı-qardaş gözündə görürlər, bu baxımdan Miquel də bu vaxtadək Xuanla arvadından şübhələnməyib.
Hadisənin səhəri Xuan və Mariya qəzetlərdən öyrənir ki, velosipedçi ölüb. Xuanın vicdanı ona əzab verir, bu fikirlər onu müəllimlikdən də soyudur, işləri axsamağa başlayır.
Xuan dözməyib velosipedçinin məhəlləsinə də baş çəkir, mərhumun ailəsinin yoxsulluq içində yaşadığını görüb onlara kömək etmək istəyir.
Bu aralar Rafa adlı bir sənətşünas öz atmacalarıyla sevgililərə sataşmağa başlayır. Ancaq Mariya Rafanın atmacalarından bir yəqinlik hasil edə bilmir ki, Rafa onun öz ərinə xəyanətinə eyham vurur, ya avtomobillə velosipedçini öldürməsi barədə nəsə bilir.
Hər halda, sənətşünasın ər-arvadla söhbəti zamanı belə başa düşmək olur ki, Miquel aldadılmağına inanmır. Lakin Mariya ilə söhbətində həm də: “Sən məni deyil, sənə verdiklərimi sevirsən” deyə onu sancır və uzun bir xarici səfərə çıxmağı təklif edir.
Digər tərəfdən, Xuan da inad edir ki, polisə gedib təslim olsunlar, gələcəkdə bir yerdə olmaları üçün bu şərtdir. Mariyasa ərinin sayəsində yiyələndiyi rahat həyatından əl çəkmək barədə düşünmür.
İki yol ayrıcında vurnuxan Mariya Xuanla velosipedçini öldürdüyü yerə gedir, orada Xuan həyatın gözəlliyi haqqında bir xeyli danışır, bir növ öz-özünə: “Yaşamağı çox istəyirəm, heç istəmədiyim qədər” deyib, qabaqcadan sanki nələrisə hiss etdiyinə işarə vurur.
Mariya xeyli tərəddüddən sonra avtomobilini Xuanın üzərinə sürüb onu öldürür. Eyni vaxtda, əri də səfərə gecikdiyini görüb Mariyanın şəkli olan çərçivəni sındırır. Aydın olur ki, Bardem törətdiyi cinayətlərə görə Mariyanı cəzalandırmazdan əvvəl onu tamamilə güncə sıxışdırır. Qatil qadın Xuanı öldürüb, Miquelin görüşünə çatmaq üçün avtomobili qaranlıq yolda sürətlə sürür, bu zaman qarşısına çıxan bir velosipedçiylə toqquşmadan yayınmaq istərkən idarəetməni itirir və körpüdən aşağı yuvarlanıb ölür. Həyatını qoruduğu bu velosipedçi onun meyitiylə eynən Mariya və Xuan kimi davranır – ardına belə baxmadan oradan qaçır. Film bu kadrlarla da yekunlaşır.
***
Üniversitetdə oxuyarkən Rabindranat Taqorla tanış olub bu böyük mütəfəkkirdən dərs almış, XX əsrin ən böyük kinorejissorlarından sayılan Satyajit Rayın (1921-1992) heç bir rejissorluq təcrübəsi olmadan həvəskar aktyorların və texniki heyətin köməkliyilə, öz şəxsi əşyalarını satıb əldə etdiyi və Benqal hökumətinin də cüzi maliyyə yardımıyla ərsəyə gələn üç min dollarla, beş il müddətə mərhələ-mərhələ çəkdiyi “Yol mahnısı”nın gözlənilməz uğuru digər iki davam seriyasının da çəkilməsinə gətirib çıxardı ki, hər üçünün cəmi “Satyajit Rayın Apu trilogiyası” adlandırılır.
Rayı həm də “Yol mahnısı”nı “oxumağa” həvəsləndirən London səyahəti zamanı baxdığı, italyan kinorejissor Vittorio de Sikanın 1948-ci il tarixli məşhur “Velosiped oğruları” (“Ladri di biciclette”) dramatik filmi olub.
Hindistan hökumətinin köməyilə trilogiyanın 1956-cı ildə çəkilən “Yenilməz” (“Aparajito”) və 1959-cu ildə ekranlaşdırılan “Apunun dünyası” (“Apur Sansar”) hissələri “Pather Panchali”nin şöhrətini təkrarlamaq iddiasında olsalar da, elə də maraq doğurmadılar.
Üçlüyünssenarisini yazarkən Ray benqal Bibhutibhuşan Bandyopadhyayın əsərlərinə müraciət edib və çəkilişlər zamanı artıq Bandyopadhyay öldüyündən yazıcının arvadından icazə almalı olmuşdu.
Filmin qəhrəmanı Apunu canlandıran uşaq – Subir Bannerji, rejissorun qonşularından birinin oğluydu və bu rola onu Rayın arvadı məsləhət görmüşdü.
Şedevrin operatoru Subrata Mitra adi bir fotoqrafdı və o günəcən əlinə heç kinokamera almamışdı.
Trilogiyanın sonralar dünyaca tanınmış bəstəkarı Ravi Şankarsa “Yol mahnısı”na musiqi bəstələyəndə adi bir sitar (sitar – əsasən hind və hind klassik musiqisinin ifa olunduğu simli alət) çalğıçısıydı.
15 avqust 1947-ci ildə dövlət müstəqilliyini elan etmiş Hindistanın ilk dünya səviyyəli filmi sayılan “Yol mahnısı” ötən əsrin iyirminci illərində bu ölkənin qərbi Benqal əyalətinin Nişçindipur kəndində yaşayan yoxsul bir brəhmən ailəsi və onların Apu adlı uşağları barəsindədi.
Başlanğıcda şahidlik edirik ki, yazacağı şeirlər və pyeslərlə gələcəkdə məşhur olacağı xəyallarıyla gün keçirən, kasıbçılıq ucundan öz ailəsini dolandıra bilməyən və sadəlövhlüyündən başqalarının həmişə aldatdığı, ancaq təhsilli olmasıyla öyünən keçmiş budda rahibi və şair Hariharın arvadı Sarbojayadan, uşaqları Durğa və Apudan ibarət bir ailəsi vardır.
Evin sahibəsi xaraktercə Hariharın əksidir.Sarbojaya bacarıqlı və reallığı dərk edən qadındır, əri kimi xəyallar aləmində ilişib qalmayıb. Onlarla bir evdə Sarbojayayla arası heç də yaxşı olmayan İndira adlı yaşlı qohumları da yaşayır. Yoxsul olsalar da, Sarbojaya çox qürurludur, Rajuya yalvarıb özünə hədiyyəlik şal alan İndiraya açığı tutur və gənc qadınla bu növbəti mübahisəsi qarının evdən müvəqqəti digər qohumlarıgilə köçməsiylə nəticələnir.
Bir gün Durğa və Apu İndira xalanın oturduğu yerdə öldüyünü görür və bu faciə onların uşaqlıq dünyasına ilk sarsıdıcı zərbə olur.
Nə qədər doğma evindən ayrılmaq istəməsə də, artıq acından öləcəklərini anlayan Harihar pul qazanmaqdan ötrü kənddən çıxıb gedir.
Yağışlar fəsli Durğanı xəstələndirir, həkim çağırmağa imkanları olmadığından qızcığaz yüksək qızdırmadan can verir. Harihar bir gün əliboş evə qayıdır, Durğanın ölümüylə ürəyi parçalanır və birdəfəlik dərk edir ki, bu illər ərzində çox şey itirib, artıq boş-boş xəyallarla üzülüşməyin və mübarizə aparmağın vaxtıdır.
“Yazıçı olmaq istədim, indi yazdıqlarımı qurdlar yeyir, oğluma təhsil vermək istədim, bacarmadım, qızım da öldü”, “Bu evə heç sevgim qalmadı” deyən Harihar çıxış yolunu ailəsiylə şəhərə köçməkdə görür. Yəqin ki, bu qərarı vaxtında versəydi, Durğa da ölməzdi. Bu köçlə həm də ailə bir növ özünün qara günlərindən qaçır.
Vəssalam. Bəlkə də bu yazıda “Bir velosipedçinin ölümü” haqqında tənqidi nəsə demək olardı.
Bəlkə də demək olardı ki, Bardemin filmində həyat həqiqətləri romantik çalarlarda təqdim olunub, ictimai hadisələr duyğusal və ola bilsin ki, bir çox halda gerçək olmayan fonda itib batıb.
Rayın “Yol mahnısı”yla isə məsələ başqa cürdür. Bu ağ-qara kadrlar əsl həyat haqqındadır.
İnsanın ürəyini yaralayan, sifətinə şillə kimi çırpılan və “niyə belədir?!” deyə dərindən düşünməyə məcbur edən əsl həyat haqqında.
2015