“Qanun”un nəşr etdiyi yeni kitablar
- 07 Oktyabr 2019
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitabları oxucuların diqqətinə çatdırırıq.
Qreqori David Roberts
“Şantaram”
“Şantaram” – XXI əsrin ən möhtəşəm romanlarından biridir.
Uçurumun dibindən qayıdıb sağ qalmağı bacarmış insanın bədii mətnə çevrilmiş etirafları möhtəşəm hekayəsi ilə ən çox satılan əsərlər siyahısına düşərək, müasir dövrün Melvilldən tutmuş Heminqueyə qədər – seçilmiş yazıçıların əsərləriylə eyni sırada öz yerini tutub.
“Şantaram”ın qəhrəmanı müəllifin özü kimi uzun illər qanundan gizlənməli olmuş, boşandıqdan sonra atalıq hüququndan məhrum edilmiş, narkotik maddələr aludəçisinə çevrilmiş, bir sıra qarətlər törətmiş və Avstraliya məhkəməsinin hökmü ilə on doqquz il həbs cəzasına məhkum edilmişdi. O, həbsinin ikinci ilində ciddi rejimli cəzaçəkmə müəssisəsindən qaçaraq, bir müddət gizləndikdən sonra Bombeyə yollanır, orada fırıldaqçılarla, qaçaqmalçılarla, silah alverçiləriylə tanış olur, onlarla dostlaşır.
Qısa müddət ərzində Hindistan mafiyasının aktiv iştirakçısına çevrilən Lin həm də bu ölkənin sadə və müdrik həyatını bütün çalarlarıyla sevir, onun ürək döyüntülərini hiss edib yaşadığı cəmiyyətin gizlinlərinə nüfuz etməyə çalışır. O, bütün varlığıyla bu həyatın bir parçasına çevrilərək, bütün çirkinliklər içində mənəvi təmizliyin, düşüncənin və insan olmanın simvoluna çevrilə bilir.
“Şantaram” kəskin süjeti və eyni zamanda ikinci alt qatda gizlənən fəlsəfəsiylə, xəyanəti, qətli, dostluğu, məhəbbəti, ölümü və “həyat nədir” sualının cavabını özündə ehtiva edən şedevrdir…
Əsəri Ruhiyyə Məmmədova tərcümə edib.
Kitabın satış qiyməti: 24.90 AZN
Artur Konan Doyl
“Şerlok Holms” (Şerlok Holmsun macəraları)
Şerlok Holms – dünyanın ən populyar detektivi, hətta yazarını da kölgədə qoyan, dünyanın hər tərəfində heykəlləri qoyulan bir xarakter, unikal şəxsiyyəti və macəraları ilə oxucuları 1887-ci ildən bəri ovsunlamağa davam edən bir personajdır.
Ser Artur Konan Doyl bu əsəri yazarkən, onun 85 dilə çevriləcəyini təxmin etməmişdi. Şerlok Holms – müqəddəs kitablardan və lüğətlərdən sonra dünyada ən çox oxunan kitabdır.
“Qorxu vadisi”, “Dördlərin işarəsi”, “Baskervillərin iti”, “Al-qırmızı etüd” və neçə-neçə maraqlı hekayədə Holmsun müşahidə və məntiqin köməyi ilə bir çox cinayətə aydınlıq gətirdiyinin şahidi olacaqsan.
Şerlok Holms bəzən evdən çıxmadan müəmmalı cinayətlərin üstünü açan unikal fenomendir. Dörd roman və 50-dən çox hekayədən ibarət bu külliyyatda Holms onlarla cinayətin üstünü açır.
Ədəbiyyat dünyası bir çox detektiv ortaya çıxarıb. Amma onlardan heç biri Şerlok Holms qədər populyar ola bilməyib. Cinayətləri açmaqda rasional məntiqə üstünlük verməsi onu dünyanın ən məşhur detektivinə çevirib. Holms – haqqında ən çox film çəkilmiş bir xarakterdir. Buna görə “Ginnesin rekordlar kitabı”na salınıb.
Satış qiyməti: 40.49 AZN
Karen Armstronq
“Tanrının tarixi”
Karen Armstronqun çox böyük zəhmət bahasına başa gəlmiş bu kitabı Tanrının və dinlərin 4000 ildə, insanlar üzərindəki dəyişikliyinin hekayəsini çatdırır.
Kitab ilkin dövr tanrılarından başlayaraq, hər cür inancla bağlı Allah məfhumunu əhatə edir. Bunu edərkən isə bütün müqəddəs mətnlərdəki, mifoloji kitablardakı ifadələrdən, fərqli dini məlumatların, elm adamlarının, filosofların hətta və hətta saxta peyğəmbər və təriqət başçılarının yazılarından, müvafiq bölmələr təqdim edərək insan ruhundakı Tanrı həqiqətinin 4000 il ərzində neçə mərhələdən keçdiyini bizə olduqca obyektiv bir şəkildə göstərir. Şübhəsiz, eyni zamanda din mövzusunun hansı mərhələlərdən keçərək indiki şəklə gəldiyini də ətraflı izah edir.
Yuxarıda qeyd olunduğu kimi, zəngin mənbələrdən istifadə olunması, istinad və izahlar kitabın oxunmasını çətinləşdirə bilər. “Tanrının tarixi” hər hansı bir roman kimi sürətli şəkildə oxunacaq axıcı bir kitab deyil. Səbirlə və düşünərək, insanın məlumatları həzm edə-edə sahiblənəcəyi bir əsərə xas xüsusiyyətlərə sahibdir.
Kitabın çatdırmaq istədiyi məlumatlara yetişməyimiz üçün yüzlərlə mənbədən xəbərdar olmağımız tələb edilə bilərdi. Buyurun, klassik fəlsəfə və orta əsr mistisizmindən İslahat, Aydınlanma, müasir skeptisizm dövrünə qədər olan mərhələni təsvir edən Armstronq təkallahlı dinin tarixini ardıcıllıqla nəzərdən keçirir, yəhudilik, xristianlıq və islam ənənəsini mərhələ-mərhələ araşdırır, hər üç müqəddəs kitabdan sitatlar gətirərək topladığı bütün məlumat və araşdırmaları əlinizdə tutduğun kitabda cəmləşdirib təqdim edir.
Əsərin tərcüməçisi Namiq Bağırlıdır.
Kitabın satış qiyməti: 16.99 AZN
Salman Rüşdi
“Gecəyarısı uşaqları”
1981-ci ildə qələmə alınmış “Gecəyarısı uşaqları” romanı Salman Rüşdiyə Buker mükafatı ilə yanaşı, dünya şöhrəti də gətirdi (1993-cü ildə bu romanı son 25 il ərzində Buker mükafatına layiq görülən əsərlərin ən yaxşısı tituluna layiq görüldü) və heç təsadüfi deyil ki, yazıçının qalmaqallı “Şeytan ayələri”ni deyil, məhz “Gecəyarısı uşaqları” romanını “Qardian” qəzeti XX əsrin ən yaxşı kitabları siyahısına saldı.
Çoxşaxəli, fantastik və magik yazıçı təhkiyəsi Hindistan (qismən də Pakistan) tarixinin 1910-1976-cı illərini əhatə edir. Roman bəlli siyasi hadisələrin parlaq, lakin subyektiv inikası üzərində qurulub, böyük hadisələr fonunda axıb gedən insan talelərindən söz açır. Hindistan müstəqilliyinin elan olunduğu gecəyarısı dünyaya gəlmiş Salem Sinayın tragikomik macəralarla dolu taleyi yer üzünün ən qədim və sirli sivilizasiyalarından birinin canlı alleqoriyasına çevrilir.
Əsəri tərcüməçisi İlqar Əlfioğludur.
Kitabın satış qiyməti: 15.90 AZN
Con Le Karre
“Gecə inzibatçısı”
Conatan Payn – həyatın od-alovunun yandırdığı, görünməz cəbhənin əsgəri rahatlıq və sakitlik axtarışı ilə istefaya çıxır. O, Sürixin ən dəbdəbəli mehmanxanası olan “Mayster-Palas”da gecə inzibatçısı işinə düzəlir.
Burada mehmanxananın arzuolunan sakini və zəngin əhli-kef Onslou Rouper adlı biri ilə rastlaşır. Bir müddət sonra Conatana məlum olur ki, o, iri beynəlxalq silah alverçisi və… Conatanın sevdiyi qadının – Sofinin qatilidir.
Rouperdən qisas almaq istəyi Paynı yenidən Britaniya kəşfiyyatına xidmətə qaytarır. O, silah alverçiləri sindikatının məhv edilməsi üzrə qrupa daxil olmağa razılıq verir.
Əsərin tərcüməçisi Arzu Qazıyevadır.
Kitabın satış qiyməti: 14.99 AZN
Artur Hailey
“Otel”
Birnəfəsə oxuyacağınız bu bestseller özündə böyük otelin divarları arasında baş verən arasıkəsilməz macəraların pərdə arxasını canlandırır.
Konfliktlər və coşğun hisslər, sirlər və heyrətləndirən talelər – bunlar hamısı dəbdəbəli cazibəsi ilə dünyada məşhur olan Nyu-Orleanın “Sent-Qreqori” otelinin gündəlik həyatının bir hissəsidir.
Luiziana yayının beş isti günündə bir-birinə yad insanların həyat xətləri “Sent-Qreqori”də kəsişir, bu otel şəxsi və ictimai dramlar üçün səhnə rolunu oynayır, günün hər saatı həyəcanlandıran hadisələrlə yadda qalır.
Əsərin tərcüməçisi Əliağa Şərəfxanlıdır.
Kitabın satış qiyməti: 14.40 AZN
Harper Lee
“Bülbülü öldürmək”
Çox təsirli, dramatik romandır. “Bülbülü öldürmək” oxucuları mərhəmət və qəddarlıq, sevgi və nifrətlə qarşı-qarşıya qoyur.
Alabamadan olan balaca bir qızın söylədiyi həyat hekayəsi bu vaxtacan 18 milyon nüsxədən çox nəşr olunub, dünyanın 40 dilinə tərcümə edilib.
Harper Lee həmişə öz kitabını sadə sevgi hekayəsi adlandırıb. Kitab Amerika ədəbiyyatının şah əsəri hesab olunur.
“Bülbülü öldürmək” romanında müəllif uşaqlıq illəri ilə bağlı unudulmaz xatirələrini qələmə alıb. Roman ilk dəfə 1960-cı ildə nəşr olunub, elə həmin ildə də bestsellerə çevrilib, tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. 1961-ci ildə Pulitzer mükafatına layiq görülüb, daha sonra kitab əsasında film çəkilib.
Əsərin tərcüməçisi Sevil Gültəndir.
Kitabın satış qiyməti: 10.90 AZN
Mark Levi
“Stenfildlərin sonuncusu”
Elinor Riqbi Londonda yaşayır və “National Geographic” jurnalında müxbir işləyir. Bir dəfə növbəti səyahətindən qayıtdıqdan sonra anonim bir məktub alır. Məktubu göndərən şəxs Elinor Riqbinin anasının keçmişdə cinayət işlətdiyini iddia edir.
Corc Harison Kanadanın Kvebek şəhərində yaşayır. Ona da eyni anonim məktubdan göndərilir.
Elinor Riqbi və Corc Harison bir-birini tanımır, ancaq məktubun müəllifi ikisinə də Baltimorda, liman sahilində bir kafedə görüş təyin edir. Bəs onları nə birləşdirir? İkisinin də anası hansı cinayəti törədib? Anonim müəllifin məqsədi nədir?
Əsəri fransızcadan Minə Candan tərcümə edib.
Kitabın satış qiyməti: 12.99 AZN
С.K.Roulinq
“Harri Potter və yarımqan prins”
Artıq altıncı ildir ki, Harri və dostları Hoqvartsdadırlar. Bu dəfə onları daha da müəmmalı hadisələr gözləyir.
Voldemortun qayıtması artıq bütün sehr dünyasına bəyan olub. Gəzən şayiələrə görə, artıq Hoqvarts təhkükəsiz deyil.
Dambldorun planı nədir? Hoqvartsı qoruya biləcəkmi? Voldemort haqqında Xatirə Burulğanının köməyi ilə öyəndiklərindən sonra Harri nə edəcək?
Əsərin tərcüməçisi Nərmin İsgəndərdir.
Kitabın satış qiyməti: 14.99 AZN
İsi Məlikzadə
“Qatarda”
İsi Məlikzadə “60-cılar” adlanan ədəbi nəslin görkəmli nümayəndəsidir. Onu “müasir Azərbaycan povestinin yaradıcılarından biri, gözəl hekayələr müəllifi” adlandırırlar. İsi Məlikzadənin latın qrafikası ilə ilk kitabı 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən çap edilib.
Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə çap olunan bu kitabda İsi Məlikzadənin ilk qələm təcrübələrindən həyatının son dönəminə qədər yazdığı, demək olar ki, bütün hekayələri toplanıb. Bu hekayələrə əsasən ədibin yaradıcılıq prosesini, hekayələrindəki inkişafı izləmək mümkündür.
Hekayələrin çoxu müstəqillik illərindən sonra latın qrafikası ilə çap olunmayıb. Əsərlərin ayrıca kitab şəklində dərci İsi Məlikzadənin yaradıcılığına yeni nəsillərin diqqətini çəkmək, onu unudulmağa qoymamaq, bədii irsini diqqətdə saxlamaq məqsədi daşıyır.
İnanırıq ki, bu kitab İsi Məlikzadə hekayələrini ilk dəfə oxuyanlarda yeni tapıntı, öncədən oxumuşlarda isə dəyərli bir nostalji təsiri yaradacaq.
Kitabın satış qiyməti: 8.00 AZN
Aristotel
“Poetika”
Qədim yunan filosofu və alimi Aristotel (e.ə. 384-e.ə. 322) geniş və çoxcəhətli yaradıcılığa malik olub. O, məntiq, psixologiya, təbiətşünaslıq, etika, siyasət, tarix, ritorika və poeziyaya aid əsərlər yazıb.
Antik dövrün bu universal zəka sahibinin əsrlərdən bəri məzmun dərinliyi və təravətini itirməyən qiymətli əsərlərindən biri də “Poetika”dır.
Kiçik həcmli olmağına baxmayaraq, bəhs etdiyi bədii sənət məsələlərində, estetik fikir tarixində heç bir nəzəri məktəb və ya cərəyanın yan keçmədiyi əsərdə “Poetika” anlayışı müasir mənasından fərqlənir və özündə “yaradıcılıq”, “bədii yaradıcılıq sənəti” məzmununu ehtiva eləyir.
Bütün “Poetika” boyu Aristotelin diqqət mərkəzində dayanan başlıca məsələlərdən biri də faciə problemidir. Əsərdə faciə ilə bağlı görüşlərin spektri faciənin mənşəyi və inkişafı, tərkib hissələri, eposla ümumi və fərqli cəhətləri, fəci təmizlənmə (katarsis) və s. haqda fikirləri əhatə edəcək qədər genişdir.
Bu kitab “Aristotel. Poetika”
(Bakı, Azərnəşr, 1974) nəşri əsasında
təkrar nəşrə hazırlanıb.
Əsərin tərcüməçisi Aslan Aslanovdur.
Kitabın satış qiyməti: 5.40 AZN