Dağlıq Qarabağ məsələsini beynəlxalq tədbirlərdə necə səsləndirməli?
Seymur Kazımov
Emosiyalar faktı öldürür. Emosiyalar insanları manipulyasiya edir. Amma bütün insanları yox. Emosiyalardan istifadə daha çox daxili auditoriya üçün hesablanıb. Eyni metodu beynəlxalq aləmdə tətbiq edəndə ən yaxşı halda heç bir reaksiya verilmir. Müasir dövrdə informasiya axını o qədər çox və ziddiyyətlidir ki, bir nəfərin bu prosesi idarə etməsi mümkün deyil. Buna görə də ən zəruri məlumatın toplanması və çatdırılması kollektiv əməyin nəticəsində baş verir. İnformasiya müharibəsi aparmaq indi nəzəri cəhətdən daha asandır; kompüter, internet, açıq məlumat bazalarının mövcudluğu bir tərəfdən rahatlıq vəd etsə də, digər tərəfdən məsuliyyət hissini artırır. Hazırkı informasiya mühitində müxtəlif ideologiyaların rəqabəti gedir. Necə deyərlər, indiki halda hamımız əsgər olmasaq da, böyük bir hərbi əməliyyatın tərkib hissəsiyik. İndi vəzifə insan qüvvəsini məhv etmək deyil, digərlərinin məqsədlərini, baxışlarını, dünyagörüşlərini sarsıtmaqdır.
Dağlıq Qarabağ münaqişəsi beynəlxalq tədbirlərdə daim müzakirə mövzusu olur. Azərbaycan və Ermənistandan olan iştirakçılar bu məsələni gündəmə gətirməyə çalışırlar. Təbii ki, həmin tədbirlərdə başqa dövlətlər və beynəlxalq təşkilatlar bu mövzu ətrafında gedən müzakirələri izləyirlər və nəticələr çıxarırlar. Onların çıxardığı nəticələr həmin tədbirdə hər iki tərəfin səsləndirdiyi fikirlərdən qaynaqlanır. Dağlıq Qarabağ məsələsi xarici auditoriya – siyasətçilər, rəsmilər, jurnalistlər qarşısında necə qaldırılmalıdır, nələrə diqqət yetirmək lazımdır?
Çox zaman rastlaşdığımız hadisə bunu deməyə əsas verir ki, Qarabağ mövzusu milli məsələ olduğundan burada emosiyalar, nifrət nitqi, qəhrəman-düşmən obrazı daha çox üzə çıxır. Emosionallıqla, kobud desək, “qaraqışqırıqla” yerli auditoriyanın bir qisminə toxuna bilərik, amma xarici auditoriyaya təsir imkanları ümumiyyətlə sıfıra bərabərdir. Onlara faktlar, rəqəmlər, sənədlər lazımdır, onlar arqument eşitmək istəyirlər. Bir qayda olaraq insanlar başqa ölkələrin münaqişələrini özlərinə yaxın buraxmırlar. Kimsə kiminsə dərdinə şərik çıxmağa borclu da deyil. Amma eşitmək istəyən tapılacaq, bu mütləqdir.
Qarabağ mövzusunda hər kəs danışa bilər, ancaq hamı hadisələrin əslini dünya birliyinin diqqətinə çatdırmaq qabiliyyətində deyil.
Dağlıq Qarabağ münaqişəsi hiss və həyəcana görə deyil, tarixi hadisə kimi öyrənilməlidir. Onun dünya birliyinə, Cənubi Qafqaz regionuna, ümumiyyətlə bəşəriyyətə vurduğu ziyan göz yaşı ilə deyil, tutarlı dəlillərlə çatdırılmalıdır.
Bu müharibədən danışarkən tarixi sənədlər, hadisələrin başlanması, mərhələləri, torpaqların işğalı, dövlət və hökumət başçılarının görüşləri, bu görüşlərdə verilmiş kritik mesajlar, beynəlxalq təşkilatların mövqeyi, xarici dövlətlərin mövqeyi, beynəlxalq sənədlər, işğal faktını təsdiqləyən sənədlər, dünya ictimaiyyətinin birmənalı olaraq qəbul etdiyi fundamental insan hüquqları prioritet olmalıdır. Bunlara dünyada münaqişələrin həll olunması təcrübələri, beynəlxalq hüquqda təsbit olunmuş sülhyaratma və müharibə elan etmə barədə sənədlər də əlavə olunsa, geniş baza yarana bilər.
Qarabağın orada yaşayan ermənilərlə birgə Azərbaycan ərazisi olduğunu, onların da Azərbaycan vətəndaşı olduğunu daha israrla demək lazımdır. Onların da münaqişə qurbanı olduğunu, təhsil, səhiyyə, beynəlxalq aləmdə təmsilçilik, sərbəst hərəkət və s. fundamental hüquqlarının qarantının Azərbaycan olduğunu vurğulamaq lazımdır.
Müharibə davam edir və müxtəlif vaxtlarda yeni məlumatlar, sənədlər üzə çıxır, kiminsə mövqeyi dəyişir. Aydın məsələdir ki, bunların hamısını əzbər bilmək mümkün deyil, ancaq dünya ictimaiyyətinə, şablon da səslənsə, “Azərbaycan həqiqətlərini” çatdırmaq üçün yetərlidir. Nəzər alsaq ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir və bunu təsdiqləyən minlərlə mövqe var, o zaman “gözün yumulub, ağzın açılmasına” gərək yoxdur, zehin açıqlığı kifayətdir.
Beynəlxalq aləm “dəmir pərdə” arxasında yaşamasa da, bunun nə olduğunu post-sovet məkanındakı vətəndaşlardan gözəl bilirlər. Qərb insanı üçün bütün formalarda, əsasən də ən həssas mövzularda “insan faktoru” böyük əhəmiyyət kəsb edir. “1 milyondan çox qaçqın və məcburi köçkün” – ən çox səsləndirilən ifadədir. Statistika həvəskarları üçün, təbii ki, böyük əhəmiyyət kəsb edir, amma münaqişənin qurbanı olan neçə insanı dünya ictimaiyyətinə tanıda bilmişik? Neçə münaqişə qurbanını Qərbdə təbliğ etmişik ki, onun taleyinə siyasətçidən tutmuş, ən sadə avropalısına qədər ürəyi yanan olsun? Münaqişənin tanıdılması həm də insan taleləri üzərindən aparılan bir işdir. Kommunikasiyada mesajın verilməsi zamanı məkanın və hədəfin düzgün seçilməsi prinsipi var. İndiki halda yalnız doğru olan məkandır, həmin məkana toplaşan insanlara verilən mesajlar doğru deyil.
Türkiyədə illər öncə qətlə yetirilmiş Hrant Dinkin dəfn günü yəqin çoxlarının xatirindədir. İstanbul həmin gün rəsmən silkələnmişdi… Axırda da “Sarı gəlin” musiqisinin sədaları altında dəfn elədilər, çünki Dinkin ən çox sevdiyi mahnı idi. Onların mesajı da, məkanı da yerində idi. Bu gün də hamı o aksiyadan danışır. Hətta Bakıda da təəccüblə qarşılayanlar vardı. Dünyanın bütün aparıcı media qurumları eninə-boyuna işıqlandırmışdı. Çünki mediaya hadisə lazımdır, o da var idi.
Müəllifin başqa yazıları:
Jurnalistika fakültəsi və “qabiliyyətli” tələbələr
Ədəbi dil normalarına əməl etməklə yalan danışmaq olarmı?
Jurnalist seçim qarşısında: vicdan, yoxsa pul?
Medianın yaratdığı “qəhrəman” və “düşmən” obrazlarının cəmiyyətə təsiri
Sosial medianın ənənəvi media üzərində qələbəsinin əsas səbəbləri
Azərbaycanda media niyə biznesə çevrilə bilmir?
“Ölü jurnalist material hazırlaya bilməz”
İtkin düşən alpinistlər, mübahisə edən nazirliklər, susqun media və bloqçular
Peşəkar jurnalist olmağın yükü… Azərbaycanda
Azərbaycan televiziyalarının seçki reallıqları
Medianın “həqiqəti üzə çıxarmaq” problemi
Gənc jurnalistləri kimlərdən qorumalı?
Mətbuat Şurasının qurultayı nə ilə yadda qaldı?
Keyfiyyətli jurnalistika tədrisinə necə nail olmalı?
Tənqidə dözümsüzlük problemi və onun fəsadları
Sosial medianın qanuni yollarla inhisara alınması
Təhlükəli tendensiya: jurnalistin siyasətə qarışması
Jurnalistin vətəndaş mövqeyi olmalıdırmı?
Vətəndaşın “informasiya aclığı” problemi
KİV-lə işin düzgün qurulması təlimatı
Azərbaycan əhalisinin “media savadlılığı” göstəriciləri
Natamam jurnalistika, məlumatlı əhali
İnformasiya təminatı effektiv kommunikasiyanın əsas şərtidir
Mətbuat konfransını işıqlandırmaq qaydaları: nələrə diqqət etmək lazımdır?
Jurnalistə hücum: demokratiyaya, vətəndaşa, dövlətə vurulan zərbə
ABŞ söz, mətbuat azadlığı sahəsində hegemonluğunu itirirmi?
Jurnalistlərin Posttravmatik Stress Pozuntusu problemi
KİVDF-nin “Qəzetlər nə zaman öləcək” sualına cavabı
Keyfiyyətli jurnalistika təhsilinin bazası: azadlıq, müstəqillik
Qeyri-peşəkar mətbuat katibləri və “psix” jurnalistlər
Mətbuat günümüz və bu günün reallığı