Və ya müdrik çinli öz yerlilərinə dörd dəfə nə demişdi?
Mətləb Ağa
Olur ki, hətta illər uzunu bu cür qavradığımız hadisənin əslində bizim bildiyimiz kimi yox, ayrı cür baş verdiyi, mahiyyətinin tamamilə fərqliliyi aşkara çıxır, yaxud elə bir əhvalat baş verir ki, bu cür tanıdığımız insanın əslində tamamilə fərqli olmasını başa düşür və onda, nə vaxtsa yanlış qərar verməyimiz (insan və ya hadisə barədə) bizi ən azından təssüfləndirməmiş olmur.
Gi de Mopassanın adları oxşar iki hekayəsi vardır, biri “Daş-qaş”, digərisə “Boyunbağı” adlanır.
“Daş-qaş”da vaqeələr Xarici İşlər Nazirliyinin baş məmuru vəzifəsində ildə üç min beş yüz frank maaşa çalışan cənab Lantenin bir neçə il əvvəl ölmüş kənd maliyyə işçisinin utancaq mələyə bənzəyən qızıyla evlənməsiylə başlayır, bu xeyir işin şahidləri iddia edirdi ki, o qızla ailə quran kəs hökmən xoşbəxt olacaq, doğrudan da, Lanten arvadıyla qayğısız həyat sürürdü, xanım Lanten hədsiz mehriban və məlahətliydi, evləndikləri vaxtdan altı il keçməsinə baxmayaraq, cənab Lanten onu əvvəlkitək çox istəyirdi. Lakin arvadında baş məmurun xoşuna gəlməyən bir cəhət vardı, bu da ondan ibarətdi ki, xanım teatra və saxta daş-qaşlara sonsuz maraq göstərirdi, cənab Lanteni də yəqin ki, özlüyündə bu həvəs qısqandırırdı, yoxsa belə “mələk” xasiyyətli qadından necə narazı qalmaq olardı?
Xanım Lantensə elə teatrın güdazına gedir, qış gecələrinin birində operadan qayıdarkən soyuqlayıb səkkiz gündən sonra sətəlcəmdən ölür.
Bu faciə Lanteni ürəkdən sarsıdır, ayrı cür ola da bilməzdi, elə gözəl, namuslu qadını itirmişdi, xalq arasında deyildiyi kimi, beləsini gündüz əldə çıraqla da gəzsən tapa bilməzsən.
Deməli, arvadının nakam ölümünə dözə bilməyən Lanten dərddən az qala ağlını itirmək dərəcəsinə çatır, bununla yanaşı, güzəranı getdikcə pisləşir, maaşı azlıq eləməyə başlayır və borc tapmaqdan ötrü şəhərdə səfil sayağı dolaşır. Cibində qara qəpiyi qalmayanda Lantenin yadına qəfil arvadının “saxta” daş-qaşları düşür, fikirləşir ki, həm mərhumənin gözəl xatirəsini korlayan zir-zibildən xilas olsun, həm də cüzi də olsa pul əldə eləsin ki, ac qalmasın. Bu niyyətlə evdəki mücrüdən arvadının ən çox xoşladığı böyük boyunbağını götürüb birinci ondan başlamağı qərara alır, çünki bu boyunbağı saxta olsa da, ustalıqla düzəldilmişdi, səkkiz, ya da ən azı altı franka dəyərdi, bu məbləğsə, yəqin ki, Lantenin bir neçə günlük ehtiyacını ödəyərdi.
Beləliklə, cənab Lanten utana-utana “saxta” boyunbağıyla zərgərə yollanır, orada səkkiz franka satmaq istədiyi daş-qaşdan ötrü on iki-on beş min frank arası pul təklifini eşidəndə Xarici İşlər Nazirliyinin baş məmuru sanki yuxudan ayılır, lakin hələ şübhəsi qaldığından bu zərgərin yanından çıxıb ayrı bir zərgərə baş çəkir, bu dəfəki zərgərsə vaxtıyla özündən iyirmi beş min franka alınıb xanım Lantenə hədiyyə göndərilmiş satlıq daş-qaşa görə on səkkiz min frank ödəyə biləcəyini bildirir.
Və hər şey aydınlaşır, ağır zərbə almış cənab Lanten bir neçə gün havalı-havalı gəzir, nəhayət özündə güc tapıb (həm üç gündü acdı, həm də ki, ortada külli miqdarda pul söhbəti vardı, bundan necə qaçmaq olardı?) on səkkiz min frank təklif etmiş zərgərin üstünə yüyürür, orada arvadından qalmış digər daş-qaşları da sataraq yüz doxsan altı min frank qazanıb varlanır…
Düzdür, zərgərin yanında bəzi xırda xoşagəlməz əhvalatlar da baş verir (zərgərin köməkçilərindən biri Lantenə doyunca gülmək üçün bayıra çıxmış, digərisə özünü zorla saxlamışdı ki, bu dəyyusa ürəkdən qəhqəhə çəkməsin), ancaq bu boş-boş şeylər cənab Lantenin vecinə belə deyildi, əsas o idi ki, indi onun “bəsdi” deyincə pulu vardı, nə istəsə yeyib-içəcək, geyəcək və yüngül əxlaqlı qadınlarla kef çəkəcəkdi…
Cənab Lantenin öz qiymətinisə, pozğun “mələyi” elə öz sağlığında vermişdi, tez-tez “saxta” boyunbağılarından hansınısa ərinin boynuna taxır, ona baxıb ürəkdən gülərək “nə səfeh görünürsən” deyə qışqırır, ardından ərinin qolları arasına atılıb, onu bərk-bərk qucaqlayıb öpürdü…
Digər hekayədə, “Boyunbağı”dasa Təhsil Nazirliyinin adi bir məmurunun arvadı olan Matilda Luazelin başına gələnlərdən danışılır, öz sadə, lakin tox və qayğısız həyatını bəyənməyən, özünün dəbdəbəli həyat üçün doğulduğu fikriylə yatıb-duran qadın təhsil nazirinin təsadüfən onları qonaq çağırması səbəbindən, ərinin bildirçin ovundan ötrü tüfəng almaq üçün topladığı dörd yüz frankı öz ziyafət paltarına xərcləyir və bu paltara yaraşan zinət də taxmaq həvəsinə düşüb rəfiqəsi xanım Forestyedən möhtəşəm brilyant boyunbağını borc götürür ki, məclisdə nazlanıb qonaqlara göz dağı versin.
Qısası, o, arzusuna qovuşur, hətta nazir özü Matildanın gözəlliyindən xoşlanıb ona nəzər yetirir.
Lakin ziyafət xanım Luazeldən ötrü tam faciəylə yekunlaşır, yelbeyin qadın orada xanım Forestyenin boyunbağısını salıb itirir, bu dəhşətli hadisə əriylə ona otuz altı min franka oturur, belə ki, Forestyenin boyunbağısına bənzəyən kolye zərgərdə məhz bu qiymətəydi, bu məbləğin böyük bir qisminisə onlar ondan-bundan borc almaqla birtəhər düzəldə bilirlər.
Nəticədə, acı yoxsulluğa yuvarlanan ailə düz on il məhrumiyyətlərə dözüb yarımac dolanır, öz keçmiş həyatını bəyənməmiş Matilda əvvəlkindən min qat pis dolanışığa qatlaşır, çünki artıq ayrı çarəsi yoxdu.
On il keçir, nəhayət Luazellər əsas borcu və soyğunçu faizləri ödəyib qurtarırlar;
(“Bu müddətdə xanım Luazel xeyli yaşlandı… o, kasıb ailələrdəki qadınlardan heç seçilmirdi. Saçları pırtlaşıq, əynindəki tumanı çəpəki duran bu qadın… döşəmələri özü yuduğundan əlləri qıpqırmızı olardı. Hərdənbir… bu qadın… özünün son dərəcə valehedici və misilsiz olduğu o ziyafəti xatırlayırdı… Həyat necə də şıltaq və dəyişkəndir… insanın xilası və ya məhvi üçün ən adi bir təsadüf də kifayətmiş…”)
Əhvalatsa belə yekunlaşır ki, (yekunlaşırmı?!) bir gün təsadüfən keçmiş rəfiqəsi Forestyeylə rastlaşan Matilda yaxınlaşıb on il əvvəl başına gələn boyunbağı əhvalatını ona danışır, çünki Forestyeyə borcları ödənildiyindən indi bunu ürəklə etiraf edə bilərdi.
Əvvəlcə keçmiş gözəlin indiki kobud, acınacaqlı görkəmi xanım Forestyeni çaşdırır, sonra Matilda özünü ona tanıdır və hətta söhbət zamanı bu vəziyyətə düşmələrinə görə Forestyeni ittiham da edir. Çox üzülən xanım Forestyesə həyacanla Matildanın əllərindən yapışıb öz boyunbağısının süniliyini, dəyərinin olsa-olsa cəmi beş yüz frank olduğunu bildirir.
Hekayə elə bununla da bitir və fikirləşirəm ki, Mopassan daha heç nə yazmamaqla düz də eləyib, çünki bu xəbərin ardından xanım Luazelin hal-vəziyyətinin təsviri heç bir yazıçının imkanı daxilində olmasın gərək…
…Daoizm fəlsəfəsinin yaradıcısı sayılan Lao-Çzının adıyla bağlı qədim Çin əfsanələrindən birində nəql olunur ki, qoca bir kəndlinin ağ rəngli gözəl bir atı vardı. Ölkə imperatorunun bu ata gözü düşür, nə qədər təkidlə istəsə də, qoca kəndli “ürək dostumdur” deyib atı imperatora vermir.
Bir səhər yuxudan oyanan qoca atının tövlədə olmadığını görür, bu əhvalat həmkəndlilərinin onu möhkəm danlamasına səbəb olur, belə ki, bu adamlar dil-dil ötür ki, əgər qoca inadkarlıq göstərməyib atı vaxtında hökmdara satsaydı, hazırda yaxşıca pul-para sahibiydi, indisə at da, ata görə qazana biləcəyi var-dövlət də həmişəlik əlindən çıxdı.
Cavabında qoca nadan yerlilərinə tələsməməyi məsləhət görür.
Doğrudan da bir az sonra kəndlinin atı on iki vəhşi atla birlikdə geri dönür, sən demə, at özü dağlara qaçıbmış. Kəndlilər təzədən ağıllı görkəm alıb qocanın haqlı çıxdığını bildirirlər, indi o, bütöv ilxı sahibidir, varlıdır. Qocasa yenə onları tələsməməyə çağırır, bu hadisədə xeyirin, yaxud şərin gizləndiyinin zamanla bilinəcəyinə diqqət çəkir. Kəndlilər üzdə heç nə deməyib, ürəklərindəsə müdriki “qoca sarsaq” adlandırıb dağılışırlar.
Beləliklə, vaxt ötür, qocanın vəhşi atları əhliləşdirməyə çalışan yeganə oğlu atdan yıxılıb qıçını sındırır. Kəndlilər təzədən qocanın haqlı çıxdığını deyir, müdrik çinlisə yenə öz əvvəlki fikrini təkrarlayır.
Aradan çox keçmir, düşmən ordu ölkəyə soxulur, müharibə başlayır, qocanın oğlundan savayı bütün əli silah tutanları orduya çağırırlar. Həmkəndliləri utanmadan qocanı bəxtəvər adlandırır, lakin qoca israrla dediyi sözdə dayanır, axı gələcəkdə nəyin necə olacağı, nəyin nələrə yol açacağı haqqında heç kim heç nə deyə bilməz, bəli, bu gün qocanın oğlu onun yanındadır, digərlərinin uşaqlarısa müharibədə döyüşür, lakin bu iki ayrı-ayrı vəziyyətdən hansının uğura, hansının uğursuzluğa istiqamətlənəcəyini biz əvvəlcədən görə bilərikmi?!
Və çinli ustad dördüncü dəfə təkrarlamalı olur ki, heç vaxt tələsik qərar vermək lazım deyil, zamanın ayrıca götürülmüş bir hissəsində, həyatın ayrıca bir dövründə baş verənlərə əsaslanıb bütövlükdə yaşadıqlarımızı qiymətləndirmək yalnız axmaqların işidir…
…Yəqin ki, işin sonrasını biz özümüz fikirləşməli olduğumuzdan, kəndlilərin qoca müdrikə indi nə cavab vermələrisə əhvalatda yazılmayıb…
…Yeri gəlmişkən, cənab Lanten, yaxud Matilda Luazel Lao-Çzının çoxbilmiş çinlisi barədə görəsən haçansa nəsə eşitmişdilərmi?