• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Boyunbağı əhvalatları

  • 23 Sentyabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Və ya müdrik çinli öz yerlilərinə dörd dəfə nə demişdi?

Mətləb Ağa

Olur ki, hətta illər uzunu bu cür qavradığımız hadisənin əslində bizim bildiyimiz kimi yox, ayrı cür baş verdiyi, mahiyyətinin tamamilə fərqliliyi aşkara çıxır, yaxud elə bir əhvalat baş verir ki, bu cür tanıdığımız insanın əslində tamamilə fərqli olma­sını başa düşür və onda, nə vaxtsa yanlış qərar verməyi­miz (insan və ya hadisə barədə) bizi ən azından təssüfləndirməmiş olmur.

Gi de Mopassanın adları oxşar iki hekayəsi vardır, biri “Daş-qaş”, digərisə “Boyunbağı” adlanır.

“Daş-qaş”da vaqeələr Xarici İşlər Nazirliyinin baş mə­muru vəzifəsində ildə üç min beş yüz frank maaşa çalışan cənab Lantenin bir neçə il əvvəl ölmüş kənd maliy­yə iş­çi­si­nin utancaq mələyə bənzəyən qızıyla evlənməsiylə başlayır, bu xeyir işin şahidləri iddia edirdi ki, o qızla ailə quran kəs hökmən xoşbəxt olacaq, doğrudan da, Lanten arvadıyla qay­ğısız həyat sürürdü, xanım Lanten hədsiz meh­riban və məlahətliydi, evləndikləri vaxtdan altı il keçməsinə bax­ma­yaraq, cənab Lanten onu əvvəlkitək çox istəyirdi. Lakin arva­dında baş məmurun xoşuna gəl­mə­yən bir cəhət vardı, bu da ondan ibarətdi ki, xanım teatra və saxta daş-qaşlara sonsuz maraq göstərirdi, cənab Lanteni də yəqin ki, özlüyündə bu həvəs qısqandırırdı, yoxsa belə “mələk” xasiyyətli qadından necə narazı qalmaq olardı?

Xanım Lantensə elə teatrın güdazına gedir, qış gecələ­ri­nin birində operadan qayıdarkən soyuqlayıb səkkiz gün­dən son­ra sətəlcəmdən ölür.

Bu faciə Lanteni ürəkdən sarsıdır, ayrı cür ola da bil­məz­di, elə gözəl, namuslu qadını itirmişdi, xalq arasında deyildiyi kimi, beləsini gündüz əldə çıraqla da gəzsən tapa bilməzsən.

Deməli, arvadının nakam ölümünə dözə bilməyən Lanten dərddən az qala ağlını itirmək dərəcəsinə çatır, bunun­la yanaşı, güzəranı getdikcə pisləşir, maaşı azlıq eləmə­yə başlayır və borc tapmaqdan ötrü şəhərdə səfil sayağı dolaşır. Cibində qara qəpiyi qalmayanda Lantenin yadına qəfil arvadının “saxta” daş-qaşları düşür, fikirləşir ki, həm mərhumənin gözəl xatirəsini korlayan zir-zibildən xilas olsun, həm də cüzi də olsa pul əldə eləsin ki, ac qalmasın. Bu niyyətlə evdəki mücrüdən arvadının ən çox xoşladığı bö­yük boyunbağını götürüb birinci ondan başlamağı qəra­ra alır, çünki bu boyunbağı saxta olsa da, ustalıqla düzəldilmişdi, səkkiz, ya da ən azı altı franka dəyərdi, bu məbləğ­sə, yəqin ki, Lantenin bir neçə günlük ehtiyacını ödəyərdi.

Beləliklə, cənab Lanten utana-utana “saxta” boyunba­ğıyla zərgərə yollanır, orada səkkiz franka satmaq istədi­yi daş-qaşdan ötrü on iki-on beş min frank arası pul təklifini eşidəndə Xarici İşlər Nazirliyinin baş məmuru sanki yuxudan ayılır, lakin hələ şübhəsi qaldığından bu zərgərin yanından çıxıb ayrı bir zərgərə baş çəkir, bu dəfəki zərgərsə vaxtıyla özündən iyirmi beş min franka alınıb xanım Lan­tenə hədiyyə göndərilmiş satlıq daş-qaşa görə on səkkiz min frank ödəyə biləcəyini bildirir.

Və hər şey ay­dın­laşır, ağır zərbə almış cənab Lanten bir neçə gün havalı-havalı gəzir, nəha­yət özündə güc tapıb (həm üç gündü acdı, həm də ki, orta­da külli miqdarda pul söhbəti vardı, bundan necə qaçmaq olardı?) on səkkiz min frank təklif etmiş zərgərin üstü­nə yüyürür, orada arvadından qalmış digər daş-qaşları da sataraq yüz doxsan altı min frank qazanıb varlanır…

Düzdür, zərgərin yanında bəzi xırda xoşagəlməz əhva­latlar da baş verir (zərgərin köməkçilərindən biri Lantenə do­yun­ca gülmək üçün bayıra çıxmış, digərisə özü­nü zorla sax­la­mış­dı ki, bu dəyyusa ürəkdən qəhqəhə çək­məsin), ancaq bu boş-boş şeylər cənab Lantenin vecinə belə deyildi, əsas o idi ki, indi onun “bəsdi” deyincə pulu vardı, nə istəsə yeyib-içəcək, geyə­cək və yüngül əxlaqlı qadın­lar­la kef çəkəcəkdi…

Cənab Lantenin öz qiymətinisə, pozğun “mələyi” elə öz sağlığında vermişdi, tez-tez “saxta” boyunbağılarından han­sı­­nı­sa ərinin boynuna taxır, ona baxıb ürəkdən gülərək “nə səfeh görünürsən” deyə qışqırır, ardından ərinin qolları arasına atılıb, onu bərk-bərk qucaqlayıb öpürdü…

Digər hekayədə, “Boyunbağı”dasa Təhsil Nazirliyinin adi bir məmurunun arvadı olan Matilda Luazelin başına gə­lən­lər­dən danışılır, öz sadə, lakin tox və qayğısız həyatını bəyən­məyən, özünün dəbdəbəli həyat üçün doğulduğu fik­riylə yatıb-duran qadın təhsil nazirinin təsadüfən onları qonaq çağırması səbəbindən, ərinin bildirçin ovundan ötrü tüfəng almaq üçün topladığı dörd yüz frankı öz ziyafət pal­tarı­na xərcləyir və bu paltara yara­şan zinət də taxmaq həvə­si­nə düşüb rəfiqəsi xanım Forestyedən möhtəşəm bril­yant boyunbağını borc götürür ki, məclisdə naz­lanıb qonaq­lara göz dağı versin.

Qısası, o, arzusuna qovuşur, hət­ta nazir özü Matildanın gözəlliyindən xoşlanıb ona nəzər yetirir.

Lakin ziyafət xanım Luazeldən ötrü tam faciəylə yekun­laşır, yelbeyin qadın orada xanım Forestyenin boyun­bağısını salıb itirir, bu dəhşətli hadisə əriylə ona otuz altı min franka otu­rur, belə ki, Forestyenin boyunbağı­sına bənzəyən kolye zər­gər­də məhz bu qiymətəydi, bu məbləğin böyük bir qisminisə onlar ondan-bundan borc almaqla birtəhər düzəldə bilirlər.

Nəticədə, acı yoxsulluğa yuvarlanan ailə düz on il məhrumiy­yətlərə dözüb yarımac dolanır, öz keçmiş həyatını bəyən­mə­miş Matilda əvvəlkindən min qat pis dolanışığa qatlaşır, çünki artıq ayrı çarəsi yoxdu.

On il keçir, nəhayət Luazellər əsas borcu və soyğunçu faizləri ödəyib qurtarırlar;

(“Bu müddətdə xanım Luazel xeyli yaşlandı… o, kasıb ailə­lərdəki qadınlardan heç seçilmirdi. Saçları pırt­la­şıq, əynin­də­ki tumanı çəpəki duran bu qadın… döşəmələri özü yuduğun­dan əlləri qıpqırmızı olardı. Hərdənbir… bu qadın… özünün son dərəcə valehedici və misilsiz olduğu o ziyafəti xatırlayırdı… Həyat necə də şıltaq və dəyişkəndir… insanın xilası və ya məhvi üçün ən adi bir təsadüf də kifayətmiş…”)

Əhvalatsa belə yekunlaşır ki, (yekunlaşırmı?!) bir gün təsadüfən keçmiş rəfiqəsi Forestyeylə rastlaşan Matilda yaxın­laşıb on il əvvəl başına gələn boyunbağı əhvala­tını ona danışır, çünki Forestyeyə borcları ödənildiyindən indi bunu ürəklə etiraf edə bilərdi.

Əvvəlcə keçmiş gözəlin indiki kobud, acınacaqlı gör­kəmi xanım Forestyeni çaş­dı­rır, sonra Matilda özünü ona tanı­dır və hətta söhbət zamanı bu vəziyyətə düşmələrinə gö­rə Forestyeni itti­ham da edir. Çox üzülən xanım Forestyesə həyacanla Matildanın əllərin­dən yapışıb öz boyunbağısının süniliyini, dəyərinin olsa-olsa cəmi beş yüz frank olduğunu bildirir.

Hekayə elə bununla da bitir və fikirləşirəm ki, Mopassan daha heç nə yazmamaqla düz də eləyib, çünki bu xəbərin ardından xanım Luazelin hal-vəziyyətinin təsviri heç bir yazıçının imkanı daxilində olmasın gərək…

…Daoizm fəlsəfəsinin yaradıcısı sayılan Lao-Çzının adıy­la bağlı qədim Çin əfsanələrindən birində nəql olunur ki, qoca bir kəndlinin ağ rəngli gözəl bir atı vardı. Ölkə imperatorunun bu ata gözü düşür, nə qədər təkidlə istəsə də, qoca kəndli “ürək dostumdur” deyib atı imperatora ver­mir.

Bir səhər yuxudan oyanan qoca atının tövlədə olma­dığını görür, bu əhvalat həmkəndlilərinin onu möhkəm danlamasına səbəb olur, belə ki, bu adamlar dil-dil ötür ki, əgər qoca inadkarlıq göstərməyib atı vaxtında hökmdara satsaydı, hazırda yax­şı­ca pul-para sahibiydi, indisə at da, ata görə qazana biləcəyi var-dövlət də həmişəlik əlindən çıxdı.

Cavabında qoca nadan yerlilərinə tələsməməyi məs­ləhət görür.

Doğrudan da bir az sonra kəndlinin atı on iki vəhşi at­la birlikdə geri dönür, sən demə, at özü dağlara qaçıbmış. Kənd­li­lər təzədən ağıllı görkəm alıb qocanın haqlı çıxdığını bildirirlər, indi o, bütöv ilxı sahibidir, varlıdır. Qocasa yenə onları tələs­mə­məyə çağırır, bu hadisədə xeyi­rin, yaxud şərin gizləndiyinin zamanla bilinəcəyinə diqqət çəkir. Kəndlilər üzdə heç nə de­mə­yib, ürəklərindəsə müdriki “qoca sarsaq” adlandırıb dağılışırlar.

 Beləliklə, vaxt ötür, qocanın vəhşi atları əhliləşdirmə­yə çalışan yeganə oğlu atdan yıxılıb qıçını sındırır. Kəndlilər təzə­dən qocanın haqlı çıxdığını deyir, müdrik çinlisə yenə öz əvvəl­ki fikrini təkrarlayır.

Aradan çox keçmir, düşmən ordu ölkəyə soxulur, müha­ribə başlayır, qocanın oğlundan savayı bütün əli silah tutanları orduya çağırırlar. Həmkəndliləri utanmadan qocanı bəxtəvər adlan­dırır, lakin qoca israrla dediyi sözdə dayanır, axı gələcəkdə nəyin necə olacağı, nəyin nələrə yol açacağı haqqında heç kim heç nə deyə bilməz, bəli, bu gün qocanın oğlu onun yanındadır, digər­­lərinin uşaqlarısa müha­ri­bə­də döyüşür, lakin bu iki ayrı-ayrı vəziyyətdən hansının uğura, hansının uğursuzluğa istiqamətlənəcəyini biz əvvəlcədən görə bilərikmi?!

Və çinli ustad dördüncü dəfə təkrarlamalı olur ki, heç vaxt tələsik qərar vermək lazım deyil, zamanın ayrıca götü­rül­müş bir hissəsində, həyatın ayrıca bir dövründə baş verənlərə əsa­slanıb bütövlükdə yaşadıqlarımızı qiymətləndir­mək yalnız axmaqların işidir…

…Yəqin ki, işin sonrasını biz özümüz fikirləşməli olduğumuzdan, kəndlilərin qoca müdrikə indi nə cavab vermələrisə əhvalatda yazılmayıb…

…Yeri gəlmişkən, cənab Lanten, yaxud Matilda Luazel Lao-Çzının çoxbilmiş çinlisi barədə görəsən haçansa nəsə eşitmişdilərmi?

Başqa yazılar:

Korolenkonun Nəcib Məhfuza cavabı

Sevgi haqqında demaqogiya

Mətləb Ağanın yeni kitabı işıq üzü görüb

Uşaq pulunu necə verməli?

  • 23 Sentyabr 2019
  • comments

“Boşalan yerimdə nə kabinet, nə də vəzifə imtiyazl...

  • 23 Sentyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Elm
  • Ədəbiyyat
  • Gender
  • Nəsr
  • Təhsil
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda