Yüksək oxu sayına güvənmək olarmı?
Hikmət Nazim
Danimarkalı professor Kim Kristian Şöder 2018-ci ildə Röyter Jurnalistika Tədqiqatları İnstitutunda İngiltərənin Oksford bölgəsində yaşayan və heç bir media qurumuna bağlılığı olmayan fərqli yaş qruplarından 24 nəfərin mövzu seçimini analiz edib. Aydın olub ki, əksəriyyət özü və ya aldığı informasiyanı paylaşacağı yaxınları ilə bağlı xəbərlərə üstünlük verir.
Professor bu fikirdədir ki, insanlar əyləncəli şeylərdən və ya “şokedici” həyat hekayətlərindən bəhs edən linkləri tez-tez açırlar. Bəli, bunu edərkən ideal vətəndaş kimi davranmırlar. Buna baxmayaraq nəyin sadəcə əyləncə, nəyin həqiqətən vacib olduğunu çox yaxşı bilirlər. Belədə media nümayəndələri xəbərləri vacibliyinə görə dəyərləndirərkən “ən çox oxunanlar” siyahısının təqdim etdiyi etibarsız seysmoqrafa deyil, öz instinktlərinə güvənməlidirlər.
Məsələn, BBC istehsal etdiyi xəbərləri istifadəçi üçün fərdiləşdirmək istiqamətində bir sıra cəhdlər etmiş, istifadəçilərin xəbər lentlərinin onların coğrafi məkanlarına uyğunlaşdırılmasından məmnun qaldıqlarını görmüşdü. Eyni zamanda “Nyu-York Tayms” regional planlama aparmış və oxucunun son ziyarətində saytda keçirdiyi vaxta əsasən ön səhifəsini xüsusiləşdirməyə çalışmışdı.
Bu yazını oxuyursunuzsa, Azərbaycanda geniş istifadə olunan sosial şəbəkələrdən hər hansı birinin istifadəçisi olduğunuzu nəzərə alıb sizə belə bir sualla müraciət etmək istəyirəm: gündəlik daxil olduğunuz sosial şəbəkə hesabınızın ön səhifəsində gözünüzə dəyən ən azı beş linkdən neçəsini açmısınız? Əminəm ki, hamısını. Əsas da üzünüzdə gülüş doğuran və “belə başlıq yazmazlar” dediyiniz linkləri: “Roza çılpaq şəkil paylaşdı – FOTO”. Açıb baxırsınız ki, nə mətn var, nə başlıqda elan olunmuş foto. Sadəcə quru oxu sayından ibarətdir.
Sizin kimi, lap elə mənim kimi nə qədər insan bu tələyə düşüb. Maraqlıdır, bəs oxucusunu ələ salan sayta nə vaxtsa yenidən qayıdarsınızmı? Sualı belə də qoymaq olar: qayıtmısınızmı? Mən qayıtmamışam. Vaxtını doğru dəyərləndirən heç kəs qayıtmamalıdır. Ölkədə əksəriyyətin vaxtdan şikayət etdiyini düşünsək, sizin də qayıtmadığınızı güman etmək olardı, amma gün ərzində o qədər linklə qarşılaşırıq ki, mən belə bəzən yanlışlıqla o cür “xəbər” paylaşan saytlara yenidən daxil ola bilirəm. Təbii ki, həmin dəqiqə də çıxıram.
“Bəs o cür xəbərlərin neçəsini oxuyursunuz?” deyə soruşmağa ehtiyac görmürəm; çünki oxucu xəbər linkinə sadəcə başlığı gülməli olduğu üçün daxil olursa, əmin olun, oxumadan çıxacaq. Unutmamış bunu da soruşmaq istəyirəm: gündəlik qarşılaşdığınız beş xəbərdən neçəsini oxuyursunuz? Mən cavab verim: birini, uzağı ikisini.
Deyək ki, oxuduğunuz iki xəbərdən biri aid olduğunuz ərazidə qazın kəsiləcəyi ilə bağlıdır, ya da evlərin qiymətinin ucuzlaşmasıyla. O xəbəri oxuyub bitirəndən yarım saat sonra küçəyə çıxıb dost-tanışa, qohum-əqrəbaya danışacaqsınız. O qohum-əqrəba, dost-tanış da öz qohum-əqrəbasına və dost-tanışına danışacaq. Sonda heç olmasa iki nəfər bu informasiyanın hardan alındığı ilə maraqlanıb səhərisi gün sayta özü daxil olacaq. Bəlkə də gülməlidir, amma kənd çayxanalarında danışılan söhbətlərin necə işıq sürətiylə yayıldığının siz də şahidi olmusunuz: “Taxılçı Sabir qiymətləri endirib”, “Qəssab Əli ətin kilosunu 6 manatdan verir”…
Bu mövzuda bir-iki dəfə danışmışıq. Azərbaycanda insanlar hələ də televizora ona görə baxırlar ki, aldıqları informasiya yalan belə olsa, xəbərlər proqramını izlədikləri zaman çaşbaş düşmürlər. Onları maraqlandıran informasiyanı gözdən qaçırtmaq qorxuları yoxdur. Hərçənd televiziya xəbərləri bəlli saatların tamamında təkrarlanır, bir düyməyə basıb axtarışa vermək imkanları yoxdur, amma ona güvənirlər. Əmindirlər ki, pensiya artımı haqqında xəbərlərə özləri baxmasalar da kimsə baxıb onlara deyəcək.
Düşünürəm ki, professor Şöder “jurnalistlər öz instinktlərinə güvənməlidirlər” deyəndə tam olmasa da buna yaxın olan şeyi nəzərdə tutub. İnsanlara əyləncəli və “şokedici” həyat hekayətlərini təqdim edənlər hər zaman olub, olacaq. Əl-əlbət, bunlara da ehtiyac var. Heç kim insanlar əylənməsin, “şokedici” xəbərlər yazılmasın demir. Lakin haqqında söz açdığım araşdırmanın nəticələrindən də anlaşıldığı kimi, çoxluq nəyin vacib olduğunu bilir. Təəssüflər olsun ki, Azərbaycan mediası İP və ya başqa amillər üzündən öz oxucusunu “vacib olan şeylər”dən məhrum edir.
Yox, onu da demirəm ki, hamı taxılın, ətin, evlərin qalxıb-düşən qiymətlərindən, pensiya artımından yazsın. Dediyim odur, media qurumları spesifik olmalıdır. Hər kəs hər mövzuda yaza bilməz, yazmamalıdır. Hər kəsin öz istiqaməti olmalıdır. Bu gün ölkədə fəaliyyət göstərən hüquq saytı var ki, “Hava şəraiti açıqlanıb”, “Leyla Əliyeva magistr təhsili alan gənclərlə görüşüb”, “Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda ilk dəfə Üzüm və Şərab Festivalı keçiriləcək”; şou-biznes saytı var ki, “biz siyasətə qarışmırıq” deyə-deyə “Əbülfəs Qarayev Rusiya nümayəndə heyətini qəbul edib”, “Leyla Əliyeva anasını belə təbrik etdi” kimi xəbərlər yazır.
Bu mənada Azərbaycan mətbuatının ögey övladı olsa da, bölgələrdə fəaliyyət göstərən media qurumlarının xəbər siyasəti olduqca maraqlıdır. Burada mövzular da bəllidir, oxucular da. Nə onlar oxucunu aldada bilərlər, nə oxu sayı onları… Nə yazıq ki, ötən yazılarımızdan birində dediyim kimi, bölgə mediasının da əsas problemi – müasirləşə bilməməsi, keçən əsrin 70-80-ci illərinə xas xəbər stilinə sadiq qalmasıdır.
Müəllifin başqa yazıları:
Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?
“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?
Bakılının erməni musiqisinə qulaq asmağı
Medianın azad fikrə reaksiyası
Səhv kimdədir: müxbirdə, redaktorda, yoxsa?
Qanalı Əhməd və azərbaycanlı Rasim
Senzura haqqında bir neçə kəlmə
Hakimiyyətdən ev alan jurnalistlərə deyilənlər
İntim görüntüləri yayılan kimdir?
Şura “11” deyir, İşçi Qrupu “9”…
Hamamda “iki nəfər ölüb”, yoxsa “kişi və qadın”?
Müxbiri müsahibin ayağına verənlər…
Bölgələrdən niyə xəbər yoxdur?
Moskva razılaşması haqqında bir neçə söz