Nazirlər Kabineti mediasiya prosesinin həyata keçirilməsi qaydasını təsdiqləyib.
“Mediasiya haqqında” qanuna əsasən, mediasiya bunlar üzrə tətbiq edilir: mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla); ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr; inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr.
2020-ci il iyulun 1-dən iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunacaq.
Nazirlər Kabinetinin 15 iyul qərarı ilə ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq bu məbləğlərdə müəyyən edilir: ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə – 50 manat; əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə – 50 manat; iqtisadi mübahisələr üzrə – iddia qiyməti 500 manatadək olduqda 20 manat; iddia qiyməti 501 manatdan 1000 manatadək olduqda – 40 manat; iddia qiyməti 1001 manatdan 5000 manatadək olduqda – 60 manat; iddia qiyməti 5001 manatdan 10000 manatadək olduqda – 100 manat; iddia qiyməti 10001 manatdan 50000 manatadək olduqda – 200 manat; iddia qiyməti 50000 manatdan çox olduqda – 400 manat.
Novator.az bildirir ki, Nazirlər Kabinetinin 5 sentyabr qərarı mediasiya prosesinin həyata keçirilməsi qaydasını rəsmiləşdirir.
Mediasiya prosesinin tərəfləri qaydada belə sıralanır: hüquqi və fiziki şəxslər (o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər), habelə mediasiya prosesinin tətbiqinə razılıq vermiş inzibati orqanlar.
Tərəflərin bu hüquqları var: mediasiya təşkilatını və ya mediatoru seçmək və onlardan imtina etmək; mediasiyanın aparılmasında şəxsən və ya etibarnamə əsasında təmsilçi vasitəsilə iştirak etmək; mediasiya prosesi və onun mümkün nəticələri barədə məlumat almaq; qarşılıqlı razılaşma əsasında mediasiya prosesinin tətbiqinin, onun həyata keçirilməsinin və başa çatdırılmasının bütün şərtlərini sərbəst şəkildə müəyyən etmək; öz mülahizələrinə əsasən maddi və prosessual hüquqlarından istifadə etmək; tələblərinin həcmini artırmaq və ya azaltmaq; mübahisənin həll edilməsi ilə bağlı təkliflər vermək; qarşılıqlı razılaşma əsasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə”yə əlavə və dəyişikliklər etmək; mediatorla ayrı-ayrılıqda görüşlər keçirmək. Onlar barışıq sazişinin icrasını təmin etməli; mediasiya prosesinin konfidensiallığını qorumalı; qanuna və qaydaya, habelə mediasiya prosesinin tətbiqi barədə müqavilənin şərtlərinə riayət etməlidirlər.
Mediasiya prosesi tərəflər arasında bağlanan müqavilə əsasında və ya ilkin mediasiya sessiyasında iştirak etməklə həyata keçirilir. Məqsəd tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etməkdir.
Mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmamalıdır. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq proses daha 30 gün müddətinədək uzadıla bilər.
Mediasiya danışıqlar şəraitində həyata keçirilir və bu mərhələlərdən ibarətdir: mediasiya prosesinə hazırlıq; mediasiya prosesinin başlanması; tərəflərin mübahisənin mahiyyətini açıqlaması; tərəflərin hər biri ilə ayrı-ayrılıqda danışıq; mübahisənin həlli üçün təkliflərin hazırlanması; mediasiya prosesinin yekunlaşdırılması; mediasiya prosesinə xitam verilməsi; barışıq sazişinin icrası.