Niyazi Mehdinin yeni romanından bir parça
Bugünlərdə “Qanun” nəşriyyatında professor Niyazi Mehdinin “Altay və Umay” adlı romanı çapdan çıxıb.
68 yaşlı professor bu romanı “Heç də bayağı olmayan melodram” kimi təqdim edib. O, bu melodramı qəsdən çağdaş “şirin nağıl” janrında yazıb.
Müəllif yeni əsəri ilə indiki gəncliyə hansı ideallarla, hansı dəyərlərlə yaşamaq, necə və nədən söhbət etmək üzrə örnəklər göstərməyə çalışır. Romanda ədəbsizliklə oynayan gənclərin, ateist və dini düşüncəli, millətçi və kosmopolit oğlan və qızların aralarındakı gərginlik göstərilib.
Novator.az romandan bir parçanı oxucuların diqqətinə çatdırır.
Satış qiyməti 6.99 AZN olan kitabı oxucular “Qanun” nəşriyyatının mağazasından əldə edə bilərlər. “Qanun”un mağazası həftə boyu işləyir (Ünvan: Bakı, Tbilisi prospekti, 76. Azərbaycan Universitetinin yanı). Mağaza həftənin altı günü (bazar ertəsi-şənbə) səhər saat 9-dan 18-dək, bazar günü səhər saat 10-dan 17-dək açıq olur. Kitabları nəşriyyatın (012) 431 16 52 nömrəli telefonu və ya Qanun.az saytı vasitəsilə də sifariş etmək olar. Çatdırılma paytaxtın “20 Yanvar” metro stansiyasının çıxışına pulsuzdur.
İkiüzlü azəri Yanusu
“Altay və Umay. Heç də bayağı olmayan melodram”dan bir parça
Bu bayağı olmayan sevgi olayı XXI yüzilin ilk onilliyində Azərbaycanda baş vermişdi.
Azərbaycan yaxşısı, zir-zibili ilə həmişə biz düşündüyümüzdən böyükdür. Sanki onun oğlan və qızlarını, kişi və qadınlarını bir mentalitet fırladır. Azərbaycan başdan-ayağa klonlar, bir-birinin kopyası olan adamlar dünyası kimi görünür. Hətta qonaqcıl adam olmaları ilə öyünəndə belə kloun kimi yox, klon kimi görünürlər. Hamısı oxşar düşünür, oxşar arzularla çalışır, oxşar qızır, oxşar sevinir, oxşar gülür. Bura oğlanlarının eləsi də var ki, gülməkləri bərk tutanda səsləri qız səsi kimi cingildəyir və bu zaman gülüşlərini saxlaya bilmədiklərindən yerə girə-girə gülürlər.
Beləcə aldanış yaranır ki, sən Azərbaycanı və azərilərin necəliyini yaxşı bilirsən. Onlar asan proqnoza yatır. Bu aldanışda bulunub Azərbaycana ovcunda tutduğun bapbalaca dünya kimi tamaşa edəndə birdən elə «ola bilməzlər» («olammazlar») zühur edir ki, çaşırsan. Çaşırsan ki, o, sənin başındakı Azərbaycandan çox-çox böyük imiş.
Altay belə olammazlardan idi. Birincisi, dəhşətli macərapərəst idi. Axırda bu, onu sevgisizlikdən sevgiyə gətirdi. İkincisi, sir-sifəti ilə də «olammazlardan» idi. Düzdür, görünüşündə «olammazlıq» az idi, çünki onun kimi hündür oğlanlar az deyildi, arıq, bir az enli çiyinli oğlanlar da az deyildi. Ağbənizlər də az deyildi. Öndən baxanda ərdəmli, soylu, bəyzadə üzdə görünən oğlanlar da az deyildi. Onun kimi saqqallılarsa indiki yüzilin başlanğıcından Bakıda çoxalmağa başlamışdı.
Ancaq onun görünüşünün bir «olammazı» vardı. Öndən üzü bəy alicənablığında görünürdü, profildən isə qartal baxışlı ağır xasiyyətli adam sifətini alırdı. Özü öncələr bunu bilməzdi. «Yuğ» teatrının rejissoru Vaqif İbrahimoğlu onu bu «ola bilməz» üzünə görə bir tamaşasında oynamağa götürəndə bilmişdi. O çağ Altay universitetin coğrafiya fakültəsində oxuyurdu, aktyor dostu ilə «Yuğ»a getmişdi. İbrahimoğlu foyedən tualetə gedəndə ayaq saxlayıb ona yaxınlaşmışdı ki, «indi Kamal Abdullanın bir pyesini tamaşaya qoyuram, sənin üzün onun baş qəhrəmanına uyğundur, onu oynarsan?» Altay «mən səhnədə özümü apara bilmərəm» deyəndə «bilərsən» söyləyib onu razı salandan sonra tualetə getmişdi. Həyatının tualetə ayrılmış hissəsi çox parlaq adamlar kimi İbrahimoğlunun da bioqrafiyasında tamaşaları dərindən düşünmək yeri olduğundan bu epizod ortaya çıxdı.
Altay doğrudan da məşqlərdə yavaş-yavaş artistlik etməyə öyrəşdi. Tamaşa isə miniatür rəsmlər biçimində qurulmuşdu: bəzi monoloqlarda işıq onun başını çevrəyə alırdı və o, səhnədən zala baxıb danışırdı. Qəzəbli, duyğusal monoloqlarda isə zala profilini çevirirdi və işıq onun bu profilini dairəyə alırdı. Tamaşaçılar sanki stop-kadr prinsipində bir adamı iki başqa-başqa sifətdə görürdülər. Onların başında Altayın öndən görünən üzü yandan görünən üzü ilə bəzi Pikasso şəkillərindəki kimi bir-birinə iç-içə girirdi. İbrahimoğlu məşq zamanı onu axtaranda soruşardı: «Hanı bizim ikiüzlü Yanus?»
Altayın aktyor karyerası bu tamaşa ilə də bitmişdi. Başqa tamaşalara razı olmamışdı, hərçənd əvəzində İbrahimoğlunun gənc dostu statusunu qazandığından onun dostları ilə söhbətlərində iştirak etmək ixtiyarını almışdı. Bu dostlar isə o zamankı Bakının nomenklatur ziyalılarından uzaqda duran düşüncə adamları idi – onlar nə anti-marksist, anti-leninçi ideya vardısa, ona tamarzı idilər. Onlar bu və ya başqa dərəcədə anti-sovet idilər – bəzilərinin evində partbilet olsa da. Onlar Zen-buddizmdən tutmuş Freydəcən, Doğudan tutmuş Batıyacan intellektual səyahət etməyi sevirdilər. Və onların yarı-plagiat, yarı-orijinal söhbət mühitində Altayda Şərqin, Qərbin sirli dünyasına səfər etmək istəyi formalaşmışdı.
Bu oğlanın ən əsas «olammazlığı» sonralar ekstremal səyyahlıq, macəraçılıq yolunu tutması oldu. Sözsüz, o, Amerikadakı, Avropadakı qüllələrə bağlanmış kanatlarda yeriyən, motosikletlə 10-15 maşının üstündən uçan ekstremallar səviyyəsində deyildi. Buna ürəyi olsa da, bacarığı yox idi. Ancaq dağdan qıj-qıj axan çay sularında qayıqda üzmüşdü, adam vurmaq qorxusu olmayan yerlərdə dəli kimi maşın sürmüşdü, meşədə bir ay tüfəngsiz-filansız təkcənə qalıb salamat çıxmağın təcrübəsini yaşamışdı. Özü də bir dəfə yox, neçə dəfəsə. Himalayda da olmuşdu, ancaq alpinistlər dəstəsi onu Everestə götürməmişdi ki, hazırlığın yetərli deyil.
Himalaya getməyə və «tüfeyli» yaşamağa pul isə ailəsindən gəlirdi. O, iki qardaşın, iki bacının kiçiyi idi. Bu qardaş-bacıların hamısı görünüşcə, xasiyyətcə adi adamlardan idilər, ancaq hərəsi bir cür varlı idi. Qardaşın böyüyü Çingiz müəllim Vergilər Nazirliyində nazir müavini idi, hamı bilirdi ki, «kasıb» deyil, o birisi – Orxan bəy biznes aparırdı, ancaq vergilərdəki qardaşı arxasında dursa da biznesini təmiz aparırdı. Bacılar isə bu imkanlı qardaşlarına görə yaxşı və bacarıqlı oğlanlara ərə gedib evlərində ərləri üstündə ağalıq edirdilər. Bax, bu dörd bacı-qardaşın sevimlisi, ərköyünü Altay idi. Ərköyün olduğu üçün tez-tez bacıları ilə üzündə zəhrimar (Çelentanonun mimikasında) danışardı, ona görə də onlar həmişə sözlərini çəkinə-çəkinə dəyərdilər. Bunu görüb qızların ərləri də Altayın ərköyünlüyü ilə barışmışdılar. Qardaşlar da Altaydan min söz eşidə bilərdilər. Ən çox da böyük qardaş eşitməyə öyrəşmişdi ki, «korrupsiya bataqlığındasan» («bəs onda niyə mənim bataqlıqdan yığdığım pulu xərcləyirsən?!»). Bir sözlə, Altay bacı-qardaşı ilə özünü əti acı aparırdı və hamısı da bunu yeyirdi.
Onlar yığışıb Altaya təzə tikilmiş elit binada ev almışdılar, banklarda adına hesab açmışdılar. Onun xasiyyətinə dözmələrininsə bir neçə nədəni vardı? Ona görə ki, başdan rəhmətlik ata-anaları qaydanı belə qoymuşdular. Ailələrində onların zəhmi və hörməti böyük olduğundan dünyadan köçəndən sonra da (bir də Çingiz müəllimin nüfuzu ilə) qoyduqları qayda qalmışdı. İkinci nədən o idi ki, uşaqlar arasında yalnız Altay yaraşıqlı və ağıllı idi. O biriləri də ağıllı idilər, olmasaydılar, bu qədər pulmu qazanardılar?! Qızlar ağıllı olmasaydılar, ərləri üzərində ağalıqmı edə bilərdilər?! Ancaq Altayın ağıllılığında məişət bacarığı, zirəkliyi yox, çağdaş dünyanın bilgiləri, ideyaları naxışlar cızırdı. Ağzını açan kimi görürdün ki, bu oğlan orta azərilərin alışdıqlarının qənimidir, darıxdırıcı olum-yaşama (ekzistans) qəliblərinə girəmmir. Altayda alışılmışları dəbərdib rahat yerindən eləmək şakəri vardı.
Bir də qardaş-bacının uşaqları Altayı dəhşətli dərəcədə çox istəyirdilər. Onlara baxıb gəlinlər də, yeznələr də onun kaprizi ilə oynayırdılar. Beləcə, hamı özündən yuxarıdakına baxıb onu çox istəyirdi və bu zəncirdə Altayın sevilməkdə öz xidməti it-bata düşmüşdü. Soruşulsaydı, nəyə görə çox istəyirsiniz, ancaq deyərdilər, ürəyi gözəldir.
Bankda müftə pulları onu korlamamışdı, tələfxərc deyildi, geyimə, yeməyə qənaətcil idi. Bir BMV-si vardı, maşını ora-bura vurduğundan qapıları neçə dəfəsə əzilmişdi. Əzik yerlərin üstündə suvaqlar ağarırdı. Maşının buferi iki il idi düşmüşdü, yerindən iki qara «bəbək» bərəlirdi. Yaşadığı binanın yüz metrliyində təmir sexi olduğundan xarab olan kimi düzəltmək üçün uzağa getməli olmurdu. Bu səbəbdən tez-tez xarab olması da Altayı maşını dəyişdirməyə itələmirdi. Daha doğrusu, məsələ bu gün-sabaha qalırdı. Bir də o, şəhərdə daha çox velosipedlə, bəzən motosikletlə gəzirdi. Maşınından fərqli olaraq onların ikisi də bahalı və gözəl idi.
Bu boyda Bakıda onun BMV-si qədər cındır maşın yox idi. Dost-tanışı da, yol polisi də uzaqdan tanıyırdı ki, Altay gəlir. Çingiz müəllim bir dəfə deyinmişdi ki, bizi biabır edirsən, sadə olmaq istəyirsən, get “Jiquli” al. Altaysa cavabında mızıldamışdı, bilmək olmamışdı nə deyir, yenə «korrupsiya bataqlığı», yoxsa «malpərəstlərə dərs vermək istəyirəm» deyir.
Ancaq hamı bilirdi ki, Altay sadəliyi imic üçün etmir, maşına az önəm verdiyi üçün dəyişmir. Dəli kimi sürmək istəyəndə isə qardaşlarının bahalı maşınını götürürdü.
Altay Qarabağda vuruşmuşdu. Qardaşları onu əsgərlikdən saxlaya bilərdilər, ancaq onları buna qoymamışdı. Səbəbi vətənpərvərlik-filan deyildi. Ona türkçü atası «Altay» adını versə də, millətsevərlik bu oğlana yad idi. Onun üçün yalnız ayrıca adamın nə, necə olması önəmli idi. Davaya isə getmişdi ekstremallıq «qırımına» görə. Onu 46 saylı məktəbdə rus bölməsinə qoymuşdular. Ata-anası uşaqlardan yalnız onu rusca oxutmuşdu, ancaq evdə millətçi bir mühit yaratmışdılar ki, rus təhsilindən korlanmasın. Qonşuluqda Kubinka məhəlləsinin 44 saylı məktəbi vardı, oranın azəricən oxuyan uşaqlarının qırımı vurub-döymək idi. Onlar öz aralarında da vuruşurdular, ancaq ən çox məzələnirdilər 46-nın rusca oxuyan «mama uşaqları» ilə. 5-ci sinifdə bir dəfə onlar Altayı hədəfə götürəndə bərk qorxmuşdu və elə həməncə də bu zəifliyindən özünə qızıb qorxusunun acığına təkbaşına üç uşaqla süpürləşmişdi. Həmin olaydan sonra Altay öz qorxusunu əzib ram etmək üçün fürsət düşən kimi təhlükələri üstünə çağırırdı ki, qorxusunu oyadıb əzsin. Beləcə, o özünü ekstremallığa şitəndirmişdi. Davaya getməsi də bundan idi.