Vəliyəddin İsmayılov – 75
Kəlbəcərin çox ziyalısını tanıyıram. Əksəriyyətiylə şəxsən tanışlığım olub. Dostluq elədiyim, yaxın münasibətdə olduğum kəlbəcərlilər də çoxdur. Amma elə Kəlbəcər ziyalıları var ki, onları yaxından tanımaq, onlarla təmasda olmaq mənə uzun illər qismət olmayıb. Bizi bir-birimizdən uzaqlaşdıran, aramızdan sədd çəkən səbəblərdən biri də mənim vətəndən uzaqlarda, qürbətdə yaşamağım olub.
Kəlbəcərin doğulduğu yerə, elə-obaya başucalığı gətirən, hər bir kəlbəcərlinin qürur duyduğu şəxsə çevrilən ziyalılarımızdan biri də Vəliyəddin Misiroğludur.
Vəliyəddin Misiroğlu Kəlbəcərin sayılıb-seçilən ziyalılarından, ağsaqqallarındandır. Eşitdiyimə görə, o qədər rəngarəng həyat keçirib, o qədər insanla ünsiyyətdə olub ki, onu tanıyanların, onunla dostluq edən, təmasda olanların qəlbi böyük sevgisiylə yüklənib.
Hələ sovet dönəmində mən yay aylarında Moskvadan Kəlbəcərə gələrdim, dost-tanışlarla görüşər, dərdləşər, camaatımızın nurani üzlərini, qonaqpərvərliyini görmək, maraqlı söhbətlərini dinləmək, onlarla təmasda olmaqdan doymazdım. Öz doğma adamlarımızın arasında günlərimi keçirər, şələmi müdrik aqsaqqalarımızın, şirin bayatılı, nəğməli ağbirçək nənələrimizin müdrik kəlamlarından tutub, beləcə vaxtımı yola salaraq Moskvaya qayıdardım. Kəlbəcərə, Caykəndə gələndə bir çox kəlbəcərlilər mənim gəlişimdən xəbər tutar, bizə gələrdilər. Kəndimizdəki evimiz bir aylığa qonaq-qaralı olardı.
Kəlbəcərdə Vəliyəddin müəllim haqında mənə danışmışdılar, hətta sonralar eşitdim ki, onun sürücüsü də mənim doğmaca mamam oğlu Tapdıq olub… Amma bir dəfə də olsun onunla görüşə bilməmişdim. İndi hər ikimiz o vaxtlar görüşməməyimizi təəssüf hissiylə qeyd edirik.
Vəliyəddin müəllimlə yaxın tanışlığım Kəlbəcərin işğalından sonra oldu. Bir dəfə qüdrətli el sənətkarımız Aşıq Şəmşirin anadan olmasının 115 illiyi münasibətilə Bakıda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən tədbirdə görüşdük. Yadımdadır, Vəliyəddin müəllimin ilk sözü belə oldu: “Biz sizin şeirlərinizlə nəfəs alırıq, sizin şeirləriniz bizi o dağlarımızı unutmağa qoymur”.
Həmin tədbirdə böyük şairimiz, gənclik dostum Zəlimxan Yaqub, müəllimim və dostum Qəzənfər Paşayev də iştirak edirdilər. Tədbirin sonunda bir neçə şəkil də şəkdirdik. Sonralar Vəliyəddin Misiroğliyla Azərbaycanda bir neçə dəfə yas mərasimlərində rastlaşdıq. Hətta bir yas mərasimində üzbəüz oturası olduq. Yas yeri olsa da az-maz söhbət elədik, sonra bildim ki, onun məni yaradıcılığımla sorğu-suala tutmasının kökündə mənə həsr etdiyi “ÜÇ QƏRİB BAXIŞ: Qəriblikdə çimir çalmayan şair” məqaləsi dururmuş.
Vəliyəddin müəllim mənə demədən, bildirmədən mənim haqqımda yaradıcılığımı işıqlandıran bir böyük məqalə yazıb, şeirlərimi geniş təhlil edib. Etiraf edim ki, o vaxt çox təsirlənmişdim bu yazıdan, düzü, çox kövrəlmişdim məqaləni oxuyanda. Mən bir də ona görə kövrəlmişdim ki, hələ sağlığımda ikən ilk dəfə olaraq mənə bir eloğlum tərəfindən verilən qiyməti, qayğını görmüşdüm.
Uzun illər boyu Azərbaycan ədəbi mühitində kifayət qədər tanınan, öz nüfuzu, öz yeri olan tanınmış yazarlarımızdın heç biri mənim yaradıcılığımdan belə sanballı, geniş bir yazı yazmamışdı. Vəliyəddin Misiroğlu 18 yaşındaykən Kələbəcərdən aralı düşmüş, indi isə saçları bəm-bəyaz olan bir qürbət şairini kür uşağa bənzətmişdi, boynubükük, qərib baxışlı şair adlandırmışdı, mənə “Kimsəsiz kür uşağa dönmüsən” demişdi. Şeirlərimi oxuyanda dərdlərimdən xəbər tutmuşdu, qürbəttə çimir çalmadığımı hiss edərək, məni dünyanın ən qərib adamı adlandırmışdı. Əlbəttə, Vəliyəddin Misiroğlunun sözlərində həqiqət vardı. Axı vətənini, doğma yurdunu itirən adam necə yata bilər? Kəlbəcər kimi yurdunu və yaxınlarını itirən adam necə rahatlıq tapa bilər? O da ki şair ola. Qəlbində eldən-elə gəzdirdiyi Vətən sevgisi, vətənpərvərlik duyğuları olan, əbədi olaraq ruhunu, qəlbini alovlandıran, heç vaxt sönməyən şair necə təskinlik tapa bilər? Ulu babalarının qəbirləri tapdaq altında inildəyən, yağı düşmən doğma yurdumuzun barlı-bəhrəli torpaqlarına divan tutduqları bir vaxtda şair necə özünə yer tapsın?! Axı mən anadan doğulandan dağlarımıza, el-obamıza vurulmuşam, qəlbimdə bu sevgiyə köklənən məhəbbətlə yaşamışam.
Fikirləri o qədər zəngin, dili elə rəvan, müşahidəsi o qədər güclü idi ki, yazdıqları mənə bir roman təsiri bağışladı, qəlbimə sığmayan hisslərlə doldurdu. Mən onda gördüm ki, Vəliyəddin müəllim ağa qara deməyə öyrənməyib, müşahidəsindən, uzun illərin təcrübəsindən deyəcəklərini qələmə alanda haqqa, ədalətə, dürüstlüyə söykənib.
Mənim istər Rusiyada, istər Azərbaycanda yaradıcılığım barədə onlarla sanballı məqalələr yazılıb. Rusiyanın və Azərbaycanın görkəmli yazıçıları və şairləri – Sergey Mixalkov, Aleksandr Baskakov, İqor Peçenov, Nikolay Qoroxov, Viktor Velski, Valentin Suxovski, İqor Fedorin, Xalıq Koroğlu, Məmməd Araz, Çingiz Hüseynov, Qasım Qasımzadə, Nəriman Həsənzadə, Ağa Laçınlı və başqaları mənim yaradıcılığıma dəyər verib, əsərlərimi təhlil ediblər. Mənim yaradıcılığıma həsr olunan çoxsaylı məqalələrin içində ən xoşladığım, məni sözün əsl mənasında silkələyən məqalə Vəliyəddin Misiroğlunun məqaləsidir.
Bu məqalə yönümlü olmaqla yanaşı fərdi orijinal üslubu və bədii söz hörgüsü ilə seçilir. Kəlbəcərin ab-havası, qeyri-adi dağ adamları, müdrik ağsaqqalları, ağbircək nur çöhrəli nənələrimiz, şirin ləhcəli el-obamız, haylı-küylü binələrimiz, hətta quşqonmaz sıldırım qayalarımız, laylalı Tərtərimiz üçün qərib könlüm bir daha qəribsəmişdi o məqaləni oxuyanda. O yerlər üçün burnumun ucu göynəmişdi. Vəliyəddin müəllim mənim yaradıcılığımı təhlil edəndə tək-tək şeirlərindən nümunələr çəksə də, ümumən mənim poeziyamdan geniş söz açmışdı.
Mən uzun illər ərzində həm dünyanın müxtəlif ölkələrində, həm 40 ilə yaxın yaşadığım Moskva şəhərində, Azərbaycanda çox istedadlı insanlar, çox şəxsiyyətlər görmüşəm. Sənətinə, şəxsiyyətinə, xeyirxahlığına, həm də şəxsən mənim həyatımda bəzi problemlərimin həllində göstərdikləri təmənnasız xidmətlərinə görə yaddaşımda həmişə yaşayan insanlar var. Bu gün Vəliyəddin müəllim də onların sırasındadır.
Mənə elə gəlirdi ki, mənim yaradıcılığımdan, ədəbiyyata sevgimdən, poeziya dünyamdan, keşməkeşli həyatımdan, onun özünün də yuxusunu ərşə çəkən, onun özünü də narahat edən mövzulardan söz açıb Vəliyəddin Misiroğlu. Mən həyatda daha çox öz hisslərimi yazmışam. Və mənə elə gəlirdi ki, mənim qələmə aldığım hissləri duya biləcək insan olmayacaq. Amma Vəliyəddin müəllim bunun öhdəsindən bacarıqla gəlib, maraq doğuracaq geniş bir yazı ərsəyə gətirmişdi.
Vəliyəddin müəllimin mənim yaradıcılığıma həsr etdiyi bu səmimi məqaləni, mənə belə diqqət yetirməsini dəyərləndirərək, ona bir məktub da ünvanlamışdım. Həmin məktub 2017-ci ilin fevralında “525-ci qəzet”də dərc edilmişdi.
Onun Kəlbəcər şairləri haqda yazdığı xeyli yazısı var. Onun yazı manerasını, yazı üslubunu, xalq dilinə dərindən bələd olduğunu çox bəyənmişəm. Amerikalılar, avropalılar özlərinin yaradıcı adamlarını, elm və mədəniyyət adamlarını qoruyurlar. Həm xalq, həm də dövlət olaraq öz ziyalılarının və istedadlılarının qeydinə qalır, onları dünyaya tanıdırlar. Vəliyəddin Misiroğlu da avropalılar sayaq Kəlbəcər ədəbi mühitinin sovet dönəmində daşqalaq edilən, əsərlərinin çapına qadağa qoyulan şairlərimizin həyat və yaradıcılığına yazılar həsr edib. Onun bu yazıları istedadlı el sənətkarlarımızın yaradıcılığına məhəbbətdən yoğrulub. Mən onun yazılarını Kəlbəcər söz xəzinəsinin yaradıcılarına və poeziya xəzinəmizə misilsiz töhfələr kimi dəyərləndirirəm. Vəliyəddin Misiroğlu onları sevərəkdən, şəxsiyyətlərinə hörmət və məhəbbət bəsləyərək qələmə alıb. Burada Lev Tolstoyun bir fikri yadıma düşdü. Nobel mükafatından imtina edən Lev Tolstoy yazırdı: “Hər zaman yaxşı olduğumuz üçün sevildiyimizi düşünürük, lakin heç düşünmürük ki, bəlkə də sevən adam yaxşı olduğu üçün bizi sevir”.
Vəliyəddin müəllimin Kəlbəcərin nakam, mərhum şairi Yaqub Cabbarov haqqında yazdığı məqalənin bir yerində həyəcan məni bürüdü. Onun qələmə aldığı bir qərib gecə həyatını yaşadım. (Mən də buna bənzər şəkildə yaşamışdım). Mənim də həyatımda belə ağrılı-acılı gecələr olmuşdu. İndi də o anları xatırlayanda həyəcanlanıram, kövrəlirəm, məni qəhər boğur. Şələ-külələrini ata yükləyib, yollarına davam edəndə bir ananın əzizləyərək verdiyi bir parça quru, yavan çörək onun əlindən düşüb yurd yerində qalmışdı. O səhnəni gözümün önündə canlandırdım, mənim də həyatımda bir tikə çörəklə bağlı olan bir səhnəni xatırladım. Mən sonralar həmin günlərimi xatırlayaraq, “Ulduz nur saçırdı qayanın üstə” adlı bir şeirimdə yazmışdım:
…İşə yollanardı dan söküləndə,
Ehmalca öpərdim yanaqlarından.
İşdən qayıdanda qaş qaralardı,
Qorxardım gecənin qaranlığından.
Alatoranlığın itib içində,
Anama qısılıb, onu öpərdim,
Donardım qaranlıq, sükut içində,
Sanki qaranlıqda itərdi dərdim.
Körpə ürəyimi yandıran-yaxan,
Qaranlıq düşərdi, şər qarışardı.
Anamın alnından, üzündən axan,
Uşaq əllərimə tər qarışardı…
Zəhməti qarışdı alın tərinə,
Bir ağrı, bir acı qəlbimə çökdü.
Evdə bircə tikə çörək olmadı,
Anam göz yaşını süfrəyə tökdü.
“Sizin başınıza dolanım, oğul”,
“Sizin başınıza dönüm” deyərdi.
Heç kimə, heç kəsə baş əyməz anam,
Övlad qarşısında başın əyərdi.
Yapışıb arzunun ətəklərindən,
Gözü yolda idi, qulağı səsdə.
Ana ümidləri sönməsin deyə,
Ulduz nur saçırdı qayanın üstə…
Hamımız bilirik ki, insan oğlunun adını ləyaqətləndirən, onu sevdirən, insanlar arasında ucaldan, göylərə qaldıran onun əməlləri, gördüyü xeyirxah işlərdir. Yaxşı ad elə-belə qazanılmaz, yaxşı ad həyatda zərrə-zərrə, qətrə-qətrə, misqal-misqal qazanılır. Mənəvi zənginlik deyilən ucalığa can atmaq hər kəsin arzusu, istəyi olsa da, niyyətində olsa da, bu ucalığa yetmək hər kəsə nəsib olmur. İnsanın xarakterinin formalaşması bilavasitə yaşadığı mühitə bağlıdır. Alimlər isbat etdilər ki, havanın da, suyun da, təbiətin də, böyüdüyü torpağın da insanın xarakterinə böyük təsiri var. Dağlarımızın əzəməti yan keçməyib, onun xarakterinə köçüb. Vəliyəddin müəllim bu ucalıq zirvəsindədir. Onun adı çəkildikdə ilk növbədə Kəlbəcərin köhnə kişilərinə xas olan, heç kəsə baş əyməyən, ciddi bir kişi obrazı canlanır gözümüzün önündə.
Vəliyəddin Misiroğlu 1943-cü ilin dekabr ayının 6-da möcüzələr diyarı Kəlbəcərdə buludlardan nəm çəkən uca dağların qoynundakı ucqar kəndlərimizdən birində – Moz-Qaraçanlı kəndində dünyaya göz açıb. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatıdır. Yetərincə tanınmış, cəmiyyətdə özünü təsdiq etmiş bir insan kimi qəlblərdə ehtiramlı yer tutub. Bu qəbildən olan insanlarımızın işığı sərhədləri aşıb-keçir, alqış ünvanina, özləri də, adları da, and yerinə çevrilir. Əzəmətini saxlayan, başıçalmalı dağlarımız, yurd yerlərimiz məhz belə kişilərlə ucalır.
Uşaqlıq illəri, yeniyetmə çağları da “qüdrətdən səngərli-qalalı dağlar”da, barlı-bərəkətli Kəlbəcər torpağında keçib. Bəlkə də bu dağların sərtliyi, dəyanəti, həm də bir qədər zəhmliliyi hopub Vəliyəddin müəllimin təbiətinə. Gur şəlalələr, çaylar, yaşıl ormanlar önündə heyrətə gəlib saatlarla tək-tənha xəyallara, dərin düşüncələrə dalıb. Kəlbəcərdə təbiətin qaya-qaya, daş-daş, tala-tala, cığır-cığır olan gözəlliklərini gözəl xalq dilində məqalələrində göstərib. Dağların müqəddəs hikmətini dərk edib, ilhamı dağ şəlaləsi tək çağlayıb və beləcə əlinə qələm alıb.
Vəliyəddin müəllimi Dəlidağın təmiz havası, dupduru suyu, Kəlbəcərin çörəyi və tərbiyəsi ilə böyümüş bir övlad, kəndinə-kəsəyinə, el-obasına bütün varlığı ilə bağlı ziyalı, vətəndaş-jurnalist kimi yaxşı tanıyırlar.
Hansı sahədə çalışmasından asılı olmayaraq işə vicdanlı münasibəti, prinsipiallığı, təşkilatçılıq qabiliyyəti, adamlarla işləmək bacarığı diqqətdən kənarda qalmadı, Kəlbəcər rayon ictimaiyyəti arasında onun nüfuzunu, hörmətini artırırdı.
Qədirbilən kəlbəcərlilər, yaxından tanıyanlar bu gün də onu böyük minnətdarlıqla qarşılayır, ona rəğbət və hörmətlə yanaşırlar. Vəliyəddin İsmayılov sözün əsl mənasında el adamı, hər cür hörmətə layiq bir insandır.
Bəli, Vəliyəddin müəllim Kəlbəcərə müqəddəs bir yer kimi baxan, dağlarımız haqqında əqidə və məsləyini dəyişməməyə səsləyən ziyalıdır. Doğma Azərbaycan, eləcə də onun bir parçası olan Kəlbəcər onun üçün hər şeydən qiymətlidir, əzizdir, ömrünün məramı və qayəsidir.
Nə yaxşı ki, öz zəhməti, çalışqanlığı, bacarığı, intellekti və istedadına görə gözlərimdə gündən-günə ucalan, əsl ziyalı mücəssəməsinə, ziyalı etalonuna çevrilən Kəlbəcərin Vəliyəddin Misiroğlu kimi oğlu var. Onun kimi müdrik el ağsaqqalının, gözəl qələm sahibinin dağlarımıza məhəbbətlə köklənmiş həyat yolu, ana dilimizə sədaqətlə xidməti hər bir kəlbəcərli gəncə örnək ola bilər.
O, el-obada, qohumlar, dostlar arasında böyük hörmət, nüfuz sahibidir. Hələ gənclik illərində sadə bir işçi kimi doğmaları, yaxınları arasında ağlı, zəkası, müdrikliyi ilə seçilib və sevilib. Kəlbəcərdə çoxları onun məsləhətinə ehtiyac duyub, o da heç vaxt heç kəsdən nə mənəvi, nə də maddi köməyini əsirgəməyib, necə deyərlər, el ağsaqqalı missiyasını ləyaqətlə yerinə yetirib. Və indi də yetirməkdədir.
Kəlbəcərdə rəhbər vəzifələrdə olmaqla yanaşı, həmişə el-obası ilə sıx bağlı insan olub. Erməni təcavüzünün ilk günlərindən o, Kəlbəcərin əhalisi ilə sıx əlaqədə olub, daha doğrusu, xalqın içində olub. Camaatımıza imkan daxilində maddi və mənəvi yardım göstərib.
Vəliyəddin müəllimin Vətən, xalq təəssübü çəkmək duyğuları, doğma yurdlarımıza sevgi hissləri o qədər güclüdür ki, hər cümləsində istər-istəməz dağlarımızı necə sevdiyinin şahidi olursan. Onun yazılarını oxuyanda həyəcanlanır, belə anlarda özümü ən gözəl bir yazıçının oxucusu hesab edirəm.
Vəliyəddin müəllimin çox doğma danışıq dili var. Dilimiz də, vətənimiz də bizə anamız qədər doğma, anamız qədər əzizdir.
Vəliyəddin müəllimin mənə həsr etdiyi məqalədə bir cümlədəki gözəlliyə baxın: “Nənənin cəhrə əyirə-əyirə dediyi bayatı səsini, inək sağa-sağa oxuduğu eydirməni, dodaqaltı tırınqını, “qım-qıma”nı, (“Nənəm, ay nənəm, bijim, ay bijim… südünü ver, qurtar, töküldü, qaldı işim” və s.) eşidib özünü ovundurmaq, o çağlara qayıtmaq istəyirsən. Hovurunu almadan, nəfəsini dərmədən, qəddini düzəltmədən… danı diri tutursan (yəni Dan ulduzunu batmağa qoymursan). Dan sökülsə də, sən çimir çalmırsan, gözün Kəlbəcəri axtarır. Kəpənək kimi əlimizdən uçub gedən dəcəl uşaqlığımıza, gəncliyimizə qayıdırsan”.
Məqalələrində məni heyrətləndircək qədər “çətən”,”arxac”, “kəfrəm”, “fövtə”, ”kündə”, “küt”… az qala dilimizdən, uzaqlaşan, leksikonumuzdan kənar düşən arxaik sözlər məni düşündürür. Vəliyəddin müəllimin dilimizi necə zəngin bilməsindən xəbər verir. Dilin keşiyində dayanan, sözün qədrini bilən, zəngiləşdirən yazıçı, şair, qələm sahibi əslində belə olmalıdır.
Mənə ünvanladığı həyatının bir parçasının təsvirinə fikir verin: “Bəzən dağ alaçığında çətənin arasından düşən şimşək işığında, ay işığında heç çimir çalmazdım. Diqqətim alaçığın çölündə yatıb gövşəyən ala inəyimizin ağzının marçıltısında, bəzən də qoyunların ağılında duz yalaması yalayan qoşabuynuz Qafqaz təkənin tərpənən saqqalında olurdu. Bunların hamısını çöldəki süd kimi aydınlıqda görürdüm. Ay çəkiləndə isə dağların kölgəsi alaçığın üstünə düşürdü. Arxaca qaranlıq çökürdü. Bəzən də qorxurdum, – qoyunlarımızı canavar qırar, – deyə düşünürdüm. Eh… bu dağları kim belə düzəldib, dik qoyub buralara, kölgəsi üstümüzə düşür, – deyərək fikirləşirdim. Bəzən də sübh tezdən gün yağlananda – heyvanlar şəvinə gələn vaxt bulaqda əl-üzümü yuyanda, yuxusuzluqdan şişib, altı torbalanan gözümə su vurmaq üçün ovcumu bulağın qabağına tutub doldurmaq istəyəndə dəcəlliyim tutardı. Xuruşlanardım. Barmaqlarım keyləşəndə əlimi çəkərdim. Bu səfər də başlayırdım əlimi hovxurmağa ki, donu açılsın. Yenə öz-özümə deyinirdim: “Eh! Bu suyu kim belə soyudub, gətirib bu dağın başından çıxardır, ey!.. Gör kəndimiz harda qalıb, qabağından da çay axır. Bəs bu suyu altdan yuxarı, yerin altından kim gətirib? Mən onu niyə görmürəm?..”
Eşitdim ki, Vəliyəddin müəllimin həyat və yaradıcılığından bəhs edən bir kitab çapa hazırlanır. Düşünürəm ki, son dərəcə maraqlı və zəngin faktlarla dolu bu kitabı oxuduqca mənalı, şərəfli ömür yolu keçmiş müdrik bir el ağsaqqalının, ziyalının taleyi ilə yaxından tanış olacağıq. Yaxın dostlarının, doğmalarının, qələmdaşlarının Vəliyəddin müəllim haqqında xatirələri, ürək sözləri, məktublar, sənədlər, ədəbi nümunələr, tarixi şəkillər yeni nəşrə bir gözəllik gətirəcək.
Sənə uğurlar diləyirəm, əziz dost!
Nəsib Nəbioğlu
Rəsul Rza və Yuri Dolqoruki adına beynəlxalq ədəbi mükafatlar laureatı
May, 2019, Moskva