Avtobioqrafik roman
Üçüncü bölüm
Müəllif: BİRCƏ
Ağabəy həkimin dilincə desəm, sosiallaşmaq artıq bezdirmişdi məni. Cəmiyyət arasında olmaqdan iyrənirdim yavaş-yavaş. Çalışdığım dərnəkdən çıxıb qardaşımın evinə çatanacan bəlkə yüz yol çalsaqqal dayıların, qızıldiş əmilərin göz təcavüzünə uğrayırdım. Kimisi maşınıyla yanımdan keçəndə siqnallayırdı, kimisi fışqırıq çalırdı – hərə özünü bir cür isnad verməyə çalışırdı. Bunları gördükcə cumculuq tərə batırdım, qadın donumu əynimdən sıyırıb çıxarıb ayağımın altındakı gimrik daşları onların təpəsinə sovurmaq istəyirdim.
Ona görə də Səməndərin qarşısına yumalamağa tutarlı bəhanə axtarırdım – əziyyətlə məni yerləşdirdiyi qurumdan ayrılıb evdə oturmaq fikrindəydim. Çox çəkmədi bəhanə özü zığ-zımrıq kimi ayağıma bulaşdı.
Bacı-qardaş bazarlıq eləyirdik. Səməndər məni kəndə yola salıb dərsə gedəcəkdi. Mən qardaşımın göstərişiylə bazardakı çardağın kölgəsində durmuşdum, Səməndər anamın tapşırdıqlarını alıb bir ucdan çardağın altına daşıyırdı. Yanımdan ötən tanış-biliş ayaq saxlayıb mənlə görüşəndən sonra özünü bazara vururdu.
Birdən qarşımda eni-uzunu bərabər, başı çiyinlərinə yamanmış, burnunun altında üçbucaq bığı olan cuqqugöz kişi dayandı. Onu tanıyırdım, bacısı bizim kəndə ərə gəlmişdi.
– Əmiqızı, niyə burda durmusan?
– Səməndəri gözləyirəm.
Kişi böyür-başına devikib xırda bir bükülünü ovcuma dürtdü:
– Bunu sənə göndəriblər, heç kimə göstərmə.
Bükülünü onun qucağına tolazladım:
– Kim göndərib?
Kişi mənim bərkdən danışdığımı görüb az qala pıçıltıyla dedi:
– Əl telefonudu, səs salma, saxla özündə, göndərən adam sənə zəng vuracaq.
Bükülünü kişinin üstünə bir də atıb qışqırdım:
– Pox yeyir onu göndərən də, gətirən də!
Başladıq süpürləşməyə – mən bükülünü ona qaytarırdım, o yenidən mənə verməyə, çantama dürtməyə çalışırdı.
Bu dəkədə Səməndər özünü yetirdi. Əlindəki torbaları yerə qoydu, sağ əlinin başala barmağıyla alnının tərini sıyırıb yerə tökdü, gah kişiyə, gah mənə baxıb duruxdu:
– Səməd? Nə təhərsən?
Bir ayağını gedərgi qoyan kişi:
– Yaxşıyam, müəllim, – deyib ütələk özünü verdi bazarın gurrahına.
Səmədin dalınca xeyli baxandan sonra yerə düşmüş bükülünü götürüb kürəkləri lıxcım tərə batmış qardaşıma uzatdım:
– Bax bunu Səməd verdi, dedi heç kimə göstərmə, sənə zəng vuran olacaq.
Səməndər bükülünü açdı – içində xırda bir əl telefonu vardı. Telefonu görcək qardaşım Səmədin yengəlik elədiyini başa düşdü.
– Burdan tərpənmə gəlirəm, – deyib qaçdı Səməd gedən səmtə.
Qardaşım aralanan kimi it peşmanı oldum, düşündüm gərək ona heç nə deməyəydim. Çox keçmədi Səməndər cırnamış geri qayıdıb məni çapıtma taksiyə mindirdi, elədiyi bazarlığı yanıma yığıb dedi:
– Get evə, heç nəyi vecinə alma, heç kimə də bir söz demə…
Məni qapıda atamla bibim qarşıladı. Bazarlığımı yan-yön elədim. Anam bacısıgildən gəlməmiş olanları Telli mamaya danışdım. Bibim məndən betər günə qaldı:
– Bircə, qoy sənə bir söz deyim, xətrinə dəyməsin. Ərim öldü, dörd uşaqla bir dam altında qaldım. Nə qədər axmaq adam, nə qədər binamus-biqeyrət mənə söz göndərdi, barı dörd balamı da mülahizə eləmədilər. Mən onların birini qardaşlarıma isnad vermədim. Bilirdim qardaşlarıma desəm ortalığa qan düşəcək, gedib iylənmişin birinin cəmdəyinə əl bulayacaqlar. Mənim də dönəlgəm hərtərəfli dönəcək. Gücüm çatanı özüm daşladım, gücüm çatmayanı qardaşlarımın kölgəsiylə qorxutdum. Balalarım əsgər gedənəcən onlarla ayaq-baş yatdım, yayın istisində də pörşələnə-pörşələnə oğlanlarımın qoynuna girdim – qorxurdum otaqda tək yataram, gözü qızmışın biri gecə girər evə, ara-namusa boğulub səsimi çıxara bilmərəm, el içində tüncar olaram.
Bibim danışdıqca həyəcandan dişlərim kilidlənirdi.
– Bax, məndən olsa oturarsan evimizdə. Səməndər də yazıqdı, itin-qurdun dalınca qaçmaqdan zəhri yarılacaq. Qardaşın yarımcandı, qıyma ona.
Telli mama haqlıydı, bu işi bitirməliydim. Kül mənim sosiallaşmış başıma! Nənəmin bir sözü o günlər heç qulağımdan getmirdi: “Dul arvadın öz kölgəsini özünə oynaş çağırıb kəbininə kərt eləyərlər”. İndi bu avam, allahsız mühitdə mənim kölgəm də başıma bəla olmuşdu. Üstəlik, bibimin dediyi məsələni mən özüm də xeyli vaxtdı götür-qoy eləyirdim.
– Düz deyirsən, qoy Səməndər gəlsin görək bu nə məsələdi, deyəcəm gedib sənədlərimi ordan götürsün.
– Sənə qurban olum, sonra peşman olacaqsansa eləmə. Siftədən qarşına belə məqsəd qoydun, işıq gələn yerlərin hamısına barmaq tıxadın. İndi də balan böyüyüncə çəkil bu sakitliyə. İnşallah oğlun ali məktəbə girər, yığışarsan evinə, bax onda bir babat işə düzələrsən. Ona kimi də bir az yaşa dolarsan, yaddan çıxarsan, heç bir alçağın gözünə girməzsən.
***
Mənim dərnəyə getmədiyimi görən Səməndər aradan bir neçə gün keçmiş kəndə gəldi:
– Niyə işə çıxmırsan, ay bacı, – dedi, – qız-gəlinlər gəlib səni tapmayanda boynuburuq qayıdırlar.
– Daha ora getməyəcəm, yorulmuşam, – dedim.
– Boy, uşaqsan-nəsən, ay qız, getməyəcəm nədi?
– Ay Səməndər, vallah ta həvəsim yoxdu. Evin işi də ağırdı, hər gedəndə Rüfətin balaları dalımca mələşirlər, anam da göy atını minib şahə qalxır.
– Bu işdən ötrü neçə adama ağız açmışam, üzün-gözün də öyrəşib. Oğlunun məktəbi qurtarmağına hələ il yarım qalır, evdə oturub neyləyəcəksən?
Qalxıb qardaşımın boynunu qucaqladım:
– Sənə qurban olum, Səməndər, onda xəstəydim, elə bilirdim işləsəm səhhətimdə nəsə qeyri-adi bir dəyişiklik baş verəcək. Oturub həftəyə bir kitab oxusam qazancım ondan çox olar. Ağabəy həkim verdiyi siyahını yarılamamışam hələ. Üz vurma, daha ora getməyəcəm.
Qardaşım qəfil etirazımın səbəbini yaxşı bilirdi:
– Qorxaqlıq eləmə, – dedi, – arxanda dağ kimi dayanmışam.
– Vallah qorxaqlıq deyil, yorulmuşam, – deyib yaxamı qırağa çəkdim…
Xeyli sonra Səməndər məni sevimli işimdən iyrəndirən, telefon göndərən o mərdimazarın adını nişan verdi. Nənəmə uzaqdan simsarlığı çatan bu pəzəvəng qonşu rayonun başçısıydı, arvadbazlığı, qumarbazlığı, min cür pozğunluğuyla ad çıxarmışdı. Nənəm bir yana qalsın, rəhmətlik qaynatamın da qohumuydu; qohumluqdan əlavə Mahmud əmi onun kirvəsi olmuşdu, necə deyərlər, bunun natəmiz qanı o kişinin qucağına tökülmüşdü. Sağlığında Emini də yaxşı tanıyırdı. Məntiqlə bu nanəcib mənim namusumun keşiyində durmalıydı, ancaq durmamağı başına dəysin, özü məni yoldan azdırmağa çalışırdı.
O başıbatmışın əxlaqsızlığı sonralar öz başında çatladı – gözəlliyilə ad çıxarmış bir məşhur müğənnini bezdirdiyinə görə paytaxtın ən səfalı yerində, camaatın gözü qarşısındaca onu möhkəm əzişdirdilər. Respublikanın bütün tirajlı qəzetləri bu haqda gen-bol yazdı.
Hələliksə mənə qarmaq uzatmaq istəyəndə qardaşımın söz zopasına ürcah olub peysərini qızartmışdı. Səməndər kabinetinə gedib göndərdiyi “sovqatı” onun təpəsinə tolazlamışdı:
– Tüpürüm sənin biqeyrət üzünə, – deyib çıxmışdı…
Qəfil hər şeyi atıb evdə oturmağım anamı da təəccübləndirmişdi, gedib-gəlib məni təhnizləyirdi:
– Balam, iş-iş deyib başımızı yarırdın, noldu fısın yatdı?
Olanları öyrənənə qədər atam da kiriyib-kəsmədi – uzaq qohumun yaxından ötən müxənnət oxu Səməndəri necə yandırmışdısa məsələni ondan daldalamadı. Atam işdən xəbər tutanda çox pərt oldu:
– İydə varsa, cəhrədə də var, yunu əyirən qəhbədə də var, – dedi. – Onu qınamıram, dava-şava, kasıblıq-qıtlıq çox adamın sifətini açıb qoydu ortaya, çoxlarını beləsinə möhtac elədi. Bu sınaqdan hər adam salamat çıxa bilməz. Südündə olanın sümüyündə də olar. Qanı qancıq qanı olana pulun çoxluğu bəhanədi…
Sonralar – hirsi buz bağlayandan sonra kişi hərdən mənə tolamaz da atırdı:
– Səndə ağıl var? O boyda pullu hampanın salamını almadın, indi get Yetərə qoşul təzək yap.
– Yox, belə getsə hər gün Yetərə pulsuz verdiyim peyini satam gərək.
Söz ağzımdan çıxmamış Yetər pəltək diliylə məni dalayırdı:
– Qapınızın poxunu daşıyıram, sən buna görə mənə pul verməlisən, – deyib atama dürtmə vururdu. – Rəhim dayı, sən insaflı adamsan, Allah məni bu ana-balaya möhtac qoymasın.
***
Ürək yamaq götürməz, dəli dilinin pəhrizi olmaz. Beləcə, mənim də ürəyim dilinə, gözünə, niyyətinə yiyəlik eləyə bilməyən bir sürü nadürüstün üzündən necə çilikləndisə yamanası, gözənəsi yeri qalmadı. Sosiallığın daşını atıb oturdum evimizdə.
Həkimim deyirdi insan ömrünün bir ulduz saatı var, o saatı məqamında tutmaq hər adama nəsib olmur. İndi mən də oturub ulduzumun parlamağını gözləyirdim. Hərdən düşünürdüm bəlkə o gün, o saat çoxdan gəlib ötüb keçib, mənim ondan xəbərim olmayıb? Xəyalən ömrümü-günümü, yazımı-yığvalımı varaqlayırdım, görürdüm yox, elə bir gün-saat hələ doğulmayıb, o nədisə məni qarşıda gözləyir.
O məqamın gəlişi xətrinə gənc ömrümün budaqlarından sallaşıb qaramat dünyanın göylərində bıllanırdım. Bəlkə də mənim ömrümə o saat heç gəlməyəcəkdi? Gəlməyəcəkdisə də gözləyirdim – havayı deməyiblər ki, qadın daşdan bərk, güldən incədi…
***
O yaz, şair demişkən, bir başqa yaz oldu. Yağdı ha yağdı!
Atəşkəs qüvvədə olsa da ordumuz ölüm-itimsiz ötüşmürdü. Əsgər tabutlarını əvvəlkitək Məhər düzəldirdi – əmim oğlu müəllim olsa da ikinci sənət kimi qaynatasından dülgərlik də öyrənmişdi. Atamın həyətimizdə əkdiyi gül kollarının budaqları o yaz yerə dəyirdi, tabut hazır olana yaxın güllərdən bir qucaq yığıb qaçırdım Məhərgilə. Gülləri sahibini gözləyən boş tabutun içinə düzəndə anam qıyya çəkirdi:
– Əndamın açılmasın, o tikanlar yazıq şəhidin kürəklərinə batacaq, yığışdır onları!
Onda gülləri bir-bir boğazlayıb tikanlı budaqlardan arıtlayırdım. Qırmızı, sarı, çəhrayı qızılgülləri lopa-lopa düzürdüm tabuta. Mənə baxıb Yetər də həyətindəki güllərdən dərib gətirirdi. Hazır tabutun böyür-başına düzülürdük, kəfənlənib gətiriləsi şəhid meyidini – nənəm demiş, toy xınasını yel aparmış, çiyni gərdəyə dəyməmiş, aşığı tərsinə çalınmış tabut yiyəsini gözləyirdik.
Tabutun qapağı mismarlananda Səkinə bibi yaşmağını endirmədən asta səslə ağı deyirdi – elə bil yarasından qan daman şəhidi səksəndirməkdən qorxurdu:
Əziziyəm danüzü,
Quşlar ötər danüzü.
Qulaqların batsın, ana,
Mənim ölüm xəbərim
Çatsın sənə danüzü.
Şəhidin adını-kimliyini, güllü tabutun hansı atanın qapısına getdiyini, hansı anaya qara xəbər daşıdığını axşam xəbərlərində televizordan eşidirdik…
***
Professorun verdiyi siyahı üzrə kitabları yığmışdım otağıma. Cavidin uzaqda olduğuna indi hətta sevinirdim. Ayda bir dəfə Kamilə qoşulub Mingəçevirə gedirdim, balama dəyib qayıdırdım. Uşağımı kefi kök, damağı çağ, ağlı başında görəndən sonra evə rahat qayıdıb içimə çəkilirdim.
Cavidin üzünə ülgüc də ilk dəfə o yaz dəydi. Onun bığ yerində, bakenbardlarında seyrək cod tüklər bitdiyinə diqqət yetirən atam məni yanlayıb:
– Dostum, oğlun otuxub ha, – dedi, – üzü qırxılmalıdı.
– Neyləyim, mənmi qırxım onun üzünü?
– Sən niyə qırxırsan, qoy Rüfət işdən gəlsin, deyərik bu kələnin saqqalına su səpər.
Rüfət evə qayıdanda atam nə dedisə qardaşım Cavidi basmarlayıb hamama saldı. Bundan sonra atam əmim oğlu Ziyanı çağırıb dayı-bala hamamdan çıxana qədər pəyədəki saz erkəklərdən birini boğazlatdı:
– Ay Cavid, bax bu da sənin üzünü qırxmağının qurbanı.
Rüfət əlində bir balaca kağız bükülü atama sarı cumdu:
– Nədi, bu şaqqıldaqlı quzuyla bizim başımızı aldadırsan? Al nəvənin ilk saqqal tükünü, mənim xələtimi ver.
Atam göyərdi:
– Deməzsən ki, aldatdım? Qırx tükü deyil ey mənə satasan, saqqal tüküdü.
– Saqqal tükü qırx tükündən bahalıdı, xələtimi verməsən ziyanlığın olacaq.
Kişiylə xeyli hövülləşəndən sonra Rüfət atamdan istədiyini qopardı.
– İbiş ölən yerin (kəndçimiz İbrahimin erməni gülləsinə tuş gəldiyi ərazinin adı belə qalmışdı) taxılı sənindi, biçilsin, sat başının lotularıyla get kazinoya.
Atam “kazino” kənd çayxanasına deyirdi. Cavidin qırx tükünü də bir vaxt rəhmətlik Zöhrə xala qardaşlarıma satmışdı; qardaşlarım bunun müqabilində qaynanama parça, xına, dəsmal bağışlamışdılar.
Oğlumun üz qurbanlığını yeddi qapıya pay qoyduq. Mən də şadyanalıq süfrəsi açdım. Cavid kələm kimi ağarmış üzünü bir müddət dayılarından gizlədi, onların qənşərinə çıxmağa utandı.
***
Gündüzlər ev işləriylə başımı qatır, Rüfətin balalarına nağıl oxuyur, axşamüstü atamı həyətimizin adına “qapalaq” dediyimiz balaca dal qapısının ağzında oturdub evimizin arxasındakı boş çəmənlikdə qaçırdım. Dəli qanqalın tikanları baldırıma batırdı, yovşanın, piranın iyi paltarıma hopurdu. Mən havalı kimi o baş-bu başa qaçdıqca atam qışqırırdı:
– Bircə, dikdirə çıxma, erməni təpəni odlayacaq.
Bizim kəndin qəribə iqlimi var, Dostum: ortalıq isti, xəfənək olanda evimizin arxasında sərin külək əsir. Kəndin bir başının ağacları çiçək açanda o biri başdakı ağaclar tumurcuq olur. Mən də canımı məhləmizin quzeyinə qovurdum, sərin yelli düzəngahda özümü yorub-yortub evə qayıdırdım. Hamı yatandan sonra kitablara dalırdım, yorulanda yazırdım – xırda hekayələr, birpərdəli pyeslər… İki-üç gündən sonra yazdıqlarımı cırıb yandırırdım.
Qadın olduğumu da ilk dəfə o yaşımda hiss eləməyə başladım. İçimdən qəribə duyğular fışqırırdı, bədənim dil açıb danışdıqca bədənimin dilini öyrənirdim. Qəribədi, doğub-törəmək istəyirdim, amma bir erkəyə meyillənmirdim, sadəcə, qadınlığımla gizlənpaç oynayırdım. Bir kişi çiyninə möhtac olduğumu görürdüm, amma o kişini görmürdüm.
Düşündüklərimi açıq-aşkar yazırdım, di gəl, yazdıqlarımı oxuyanda xəcalət çəkirdim, hisslərimin çılpaqlığından utanırdım, yazılarımı özümdən də gizləyirdim, xüsusən də, Lalə kəndə gələnə yaxın cırıb atırdım.
Bağçamızdan gül dərib iri vedrəyə yığırdım. Evə qaçıb özümə bu məzmunda balaca bir məktub yazırdım: “Xanım, bu gün çox gözəlsiz, ona görə də bu gülləri sizə göndərdim”. Məktubu xalatımın cibində gizlədib ev-eşiyin işlərini görürdüm. Evə qayıdan anam qapıdakı bir qucaq gülü görəndə soruşurdu:
– Cavid gəlir?
– Yox.
– Bəs bu gülləri niyə yolub vedrəyə basmısan?
– Özümə hədiyyə eləmişəm.
Anam üzümə mat-mat baxıb:
– Barı bir qucaq da Telliyə göndərəydin, – deyirdi. – Az, sən dəlisən-nəsən, həyət-bacanın gülünü niyə bu kökə salırsan?
Atam yetişib məni onun dimdiyindən alırdı:
– Neyləyəcəkdin o gülləri, özünə don tikəcəkdin? Qoy uşağın ürəyi necə istəyir elə də eləsin, sən gəl istəkli ərinə bir çay süz.
Anam adəti üzrə ikimizə qoşaəlli bir aley göndərəndən sonra:
– Mənim özümə çay süzən lazımdı, – deyib özünü verirdi evin dərinliyinə. – Gedin gülünüzü döyün dolma bükün.
(Ardı var)
Mənbə: Kulis.az