Şakir YAQUBOV
Yaxşı qəzet buraxmaq üçün texniki məsələlərin həlli də az əhəmiyyətli deyil. “Həyat”da işin bu tərəfi sanki unudulmuşdu. Təsəvvür edin ki, hər növbəti nömrəsi gecə saat 2-3-də çapa imzalanan qəzetin işçilərini evlərinə aparmaq üçün avtomaşın ayırmaq heç yada da düşmürdü. İçində qız-qadın da olan növbətçi heyət gecənin həmin aləmində evə min bir zülmlə qayıtmalı olurdu. Təbii ki, bu zaman heç kimə güzəşt edilmirdi – baş redaktorun birinci müavini olduğum halda mən özüm də bu zülmü yaşayanların biriydim.
***
1991-ci il təxminən fevralın axırlarıydı. Gecə saat iki radələrində qəzeti “bağlayıb” nəşriyyatı tərk elədik. Hərə bir tərəfə yollandı, mən də ənənəvi ünvana – 9-cu mikrorayona tərəf üz tutdum. Piyada, qoltuğumda da bir papka oxunmalı material.
O vaxt “Qələbə” kinoteatrının yerləşdiyi meydanı da ötdüm, indiki Dövlət Sosial Müdafiə Fondunun binasına yaxınlaşanda birdən “Eksperimentalnı institut” tərəfdən yola bir sürü it çıxdı. Gecə ola, ac-susuz itlər və canlı “yem” ola. Bundan yaxşısını təsəvvür eləmək çətindir.
Özümü müdafiə eləmək üçün heç nəyim yoxuydu. Üstümə cuman itlərdən qurtulmaq üçün gücüm dilimə çatırdı. Ancaq bu, quduz itləri durdurmaq üçün kifayət etmirdi. “Ya allah” – deyib gücü verdim ayaqlarıma. Təxminən 700-800 metr, nəfəsim tıncıxana qədər qaçdım. Düşünürdüm ki, qaçmağımı görüb itlər məndən əl çəkəcəklər. Lakin belə olmadı. İndiki Ailə Sağlamlıq Mərkəzinin tininəcən – bundan sonra 20 Yanvar meydanı başlanırdı – bir-birinə ilişə-ilişə dalımca qaçdılar…
Səkidə neçə dəqiqə oturduğumu xatırlamıram. Hər halda özümə gəlməyim xeyli çəkdi…
***
…Mən “Azərbaycan” nəşriyyatını tərk edəndə hətta keşikçi polis nəfərləri də dərin yuxuya getmişdilər. Nəşriyyatın giriş qapısı önündə, küçədə “Zaporojets”in mühərriki qızdırılmaqdaydı. Necə deyərlər, gözümə işıq gəldi. Maşına tərəf bir-iki addım atıb dayandım: əsl mən deyəndi – sükanın arxasında Qarabağa Xalq Yardımı Komitəsinin orqanı “Azərbaycan” qəzetinin baş redaktoru Sabir Rüstəmxanlı oturmuşdu.
Onunla təxminən iki il olardı ki, tanışdıq. 1988-ci il üçün məzuniyyətim uzanıb 1989-cu ilin yanvarına keçəndə mənim istirahətimə icazə verildi. Redaksiya rəhbərliyi ilə xudahafizləşib məzuniyyətə gedəndə baş redaktor Cəmil müəllimə “Böyüyün böyük yeri…” adlı publisistik qeydlərimi təqdim elədim.
“Kommunist”in 11 fevral 1989-cu il nömrəsində dərc olunmuş yazının bu cür əks-səda doğuracağını, əsl mənada söz-söhbətə səbəb olacağını güman etməzdim. Əslinə baxanda həmin “Əxlaq haqqında düşüncələr”dən məqsədim kiməsə əxlaq dərsi keçmək deyildi, əksinə, həmin dövrdə “Meydan epopeyası” barədə partiya Mərkəzi Komitəsinin işarəsi ilə bir-birinin ardınca qəzetimizdə dərc olunan yazıların bəzi müəlliflərinə və dəymədüşər oxuculara xatırlatmaq idi ki, böyük oturmayan yerdə Allah da oturmaz; ülvi niyyətlərlə başlanmış xalq hərəkatının aqibəti ona görə uğursuz oldu ki, Meydanda əsl ağsaqqal yox idi: kütlə ağsaqqal səviyyəsinə, dərəcəsinə ucaltdığı, ağıllı hesab etdiyi adamların sözüylə axıradək durub-oturmadı…
Əslində mən konkret kimisə müdafiə etmək, kiməsə haqq qazandırmaq və ya kimisə pisləmək məqsədi güdmürdüm, bu, sadəcə Meydan hərəkatını pisləyən yazıların dərc olunmasına qarşı mənim yüngül etirazımın bir forması idi.
Məzuniyyətdən qayıdıb Cəmil müəllimlə görüşəndə o, məqaləm dərc olunandan sonra Sabir Rüstəmxanlının redaksiyaya gəldiyini və yazıya görə təşəkkür etdiyini bildirdi: “Yazıçılar Birliyinin mənimlə birgə beş yüz üzvü var, ancaq onlardan heç birinin cürəti – Cəmil müəllim ayrı ifadə işlətdi – çatmadı ki, məni müdafiə etsin, bu işi tanımadığım bu cavan oğlan elədi”.
Aramızda cəmi beş yaş fərqi vardı, amma Sabir məni – bilmirəm kiminlə müqayisədə – cavan oğlan sanmışdı…
Sabirlə bundan sonra, Cəmil müəllimin yanına müntəzəm gəlişlərinin biri zamanı tanış olduq və o tanışlıq uzun müddət davam elədi. Mən bu dəfə də həmin tanışlığa arxayın olub “Zaporojye”yə yaxınlaşdım, yolumuz eyni istiqamətə olduğu üçün məni də götürməyi xahiş elədim. Sabir də, insafən, xahişimi heç hara yozmadı və biz yola düzəldik.
Yolboyu ordan-burdan, əsasən də qəzetçiliklə bağlı qayğılarımızdan danışdıq: daha çox Sabir odlu-odlu nə barədəsə bəhs elədi və mən də xəsisliklə cavabını verdim.
O vaxt hələ bütövlüklə Mətbuat prospekti adlanan yolun başına çatanda Sabir maşını saxladı, “Mən belə gedirəm” deyə 3-cü mikrorayon dairəsinə tərəf işarə elədi, yəni ki, düşə bilərsən. Qırıla-qırıla qaldım və evəcən təqribən iki kilometrlik yolu pay-piyada getməyə məcbur oldum. Başa düşdüm ki, bu gözlənilməz hərəkət “Böyüyün böyük yeri…” adlı məqaləmə Sabirin şair “təşəkkürü”dür.
***
Təxminən 25 illik fəal qəzetçilik həyatımda və sonrakı illərdə bu cür faktlarla çox rastlaşdım, lakin heç birini nə unutdum, nə də özümə dərd elədim.
“Yaddaşımın küncündə bu anlar da yaşayır…” silsiləsi:
Yaddaşımın küncündə bu anlar da yaşayır… (1)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (2)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (3)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (4)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (5)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (6)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (7)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (8)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (9)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (10)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (3a)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (7a)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (9a)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (9ab)
Müəllifin başqa yazıları:
Allah sənə rəhmət eləsin, Dədə Məmməd!..
Mən təqaüd almıram, pensiya alıram!