Yaddaşımın küncündə bu anlar da yaşayır… (9ab)
Şakir Yaqubov
1987-ci ilin yayında “Kommunist” qəzeti redaksiyasına işləməyə göndərildim. O dövrdə qəzetin baş redaktoru rəhmətlik Ramiz Əhmədov idi. Onun və müavinləri Rəfail Nağıyevlə Şamil Şahməmmədovun “ötürməsiylə” iki il ərzində “Kommunist”ə xeyli cavan işçi gəldi: hesabı isə elə özüm açmışdım.
Təzə gələnlərin arasında ştatda olmayanlar da vardı, biri də elə məktublar şöbəsi müdirinin dəvətiylə gələn Hidayət idi. Bu adam təxminən bir il işlədi, dövrə uyğun olaraq məktub xülasələrini çapa hazırladı və bunlar elə həmin müdirin imzasıyla qəzet səhifələrinə çıxarıldı. Bir dəfə həmin müdirdən bunun səbəbini soruşdum, ürküb-eləmədən üzümə dedi: “Redaktorluq belə istəyir. Mövzu ciddi mövzudur, istəmir ki, kənar adamın imzası olsun”…
Bu, ağ yalan idi. Redaktorluğa mən də daxil idim və orada əsla belə bir tələb qoyulmurdu.
88-ci ilin payızında Ramiz müəllim Qutqaşenə – indiki Qəbələyə rayon partiya komitəsinin birinci katibi vəzifəsinə göndərildi, redaktorluğa Cəmil Əlibəyov gəldi və ştat cədvəli bir daha ələndi. Onda Hidayətə yiyə çıxan olmadı.
Dekabrın hansısa günündə Hidayətə görə Cəmil müəllimə ağız açdım, dedi yaz əmrini, gətir qollayım…
İndiki kimi yadımdadır: axşamçağı işdən üçümüz çıxdıq – mən, Rusvat və Hidayət. Gəzə-gəzə gəlib çıxdıq Səməd Vurğun küçəsiylə Xaqani küçəsinin kəsişməsində yerləşən “Naxçıvan” qastronomuna (iri ərzaq mağazasına). Rəhmətlik Fuad Musayevin Bakıya rəhbərlik elədiyi dövr idi, mağazalarda, kafe və yeməkxanalarda tünd içkilərin satışına qadağa qoyulmuşdu. Küçədən təxminən bir metr aşağı – “podval”a düşüb satıcıdan iki şüşə araq xahiş elədik…
Hidayətin “Kommunist” ailəsinə rəsmən daxil olmasını bu yolla qeyd etdik…
Növbəti il “Kommunist”in “Səhər” əlavəsi çap olunmağa başladı və bir qrup cavan işçi onun buraxılışına cəlb olundu. Əslində tam sərbəst olan Hidayət də məmnuniyyətlə “Səhər”ə keçdi…
Münasibətlərimizdə heç bir isti-soyuqluq hiss olunmurdu. 91-ci ilin əvvəlindən hər ikimiz artıq ayrı-ayrı redaksiyalarda işləyirdik – mən “Həyat”da, Hidayət isə müstəqil “Səhər” qəzetində. Əvvəl hətta “Azərbaycan” nəşriyyatının eyni mərtəbəsində yerləşirdik. 92-ci ilin oktyabrında mən də “Səhər”ə gəldim.
Hidayət orada baş redaktorun müavini idi, güman eləmədiyim halda mən də müavin təyin olundum – hətta birinci müavin. Bunun da əsas səbəbi oydu ki, Azərbaycandan təqribən 20 nəfərlik jurnalist dəstəsi Türkiyəyə gəzintiyə gedirdi və Bakıda qalıb qəzeti buraxmaq üçün məsul bir şəxs lazımıydı…
93-cü ilin fevralında baş redaktor yenə xarici səfərə yollanmışdı və qəzet qalmışdı mənim ümidimə. Bir gün səhər qəzetin təzə nömrəsinə baxanda gözüm kəlləmə çıxdı: ikinci səhifədə Hidayətin imzası ilə o dövrdə məşhur olan bir jurnalistlə düz bir səhifəlik müsahibə dərc olunmuşdu. Sovet dövründə yetərincə tanınan bu adam üçün ən müxtəlif səbəblərə görə istənilən qapı sanki öz-özünə açılırdı. Mən “Kommunist”də işləyəndə bir dəfə bu da AzTV-də növbəti “dəyirmi masa”da iştirak eləmiş və söhbət konkret bir şəxsdən getdiyi halda bütün acığını bütöv bir xalqın üstünə tökmüşdü. Redaksiyada mənim otağımda bu barədə onunla möhkəm atışdıq və o, mövqeyindən zərrə qədər də geri çəkilmədi. Ayrıldıq və mən onun barəsində yaxşı olmayan fikrimdə qaldım.
Hidayət onunla müsahibə eləmişdi və elementar qaydalara görə mənim imzamla çapa gedən qəzetdə belə bir müsahibənin verilməsi ən azı hansısa ölçüləri nəzərə almalıydı, müsahibədə isə hər hansı bir ölçüdən söhbət belə gedə bilməzdi.
Bu narazılığımı çox sakit tərzdə Hidayətə bildirəndə heç nə olmayıbmış kimi dedi:
– Məncə, burada heç nə yoxdur. Hər halda sənə baxanda o adam jurnalistdir və onunla müsahibə eləməkdə qeyri-adi heç nə yoxdur…
“Sənə baxanda…”. Deməli, bu mənada o adam məndən üstündür və Hidayət də bunu nəzərdə tutaraq birbaşa “mustafa”sını dilə gətirmişdi…
Hər nə isə, zənnimcə, bu, yaxşı hal deyildi və indiyədək yadımdan çıxmır.
2015-ci ilin yayında Beynəlxalq Mətbuat Mərkəzindəki hansısa bir tədbirdən çıxanda köhnə iş yoldaşımız Svetlananın maşınında Hüseyn Cavidin heykəlinin yanındakı yay çayxanasına gəldik. Çoxdan görüşmədiyimizə görə xeyli məsələ barədə dərdləşdik və mən söhbət əsnasında Hidayətin mənə olan münasibətinə də toxundum, arada bu münasibətə kölgə salan əhvalatı da dilə gətirdim.
Hər ikisi çox təəccüblə söhbətimi dinlədi və Hidayət bir az da əsəbi halda nəyə lazımsa and içməyə hazır olduğunu bildirib “Sənə baxanda…” təşbehindən qətiyyətlə boyun qaçırdı. Hətta bu sözləri elə dedi ki, mənim özümə şübhə eləməməyə haqqım qalmadı.
2018-ci il oktyabrın 22-də Modern.az saytında Hidayət “Yusif Kərimov – gənclik simvolu” başlıqlı iri bir yazıyla çıxış elədi. Keçmiş redaktorumuzun vəfatıyla əlaqədar yazılmış bu yazıda – bütün tanıdıqlarımdan fərqli olaraq – Hidayət tam səmimiyyət və səxavətlə müəllimlərinin hamısı, o cümlədən gözləmədiyim halda mənim barəmdə ürəkdən gələn səmimi sözlərini ifadə etmişdi. Yazıdan bir parçanı sitat gətirirəm: “… O zaman Şahmar Əkbərzadə və Şakir Yaqubov daha məsul bir qəzetə – “Kommunist” qəzetinə (indiki “Xalq qəzeti”) qəbul olunmuşdular. Getdim onların yanına. Kənar müəllif kimi yazılar yazdım. Bütün bunlar Şakir Yaqubovun qayğısı ilə olurdu…
[…] Bəxtim onda gətirib ki, mənim redaktorlarım Yusif Kərimov, Ramiz Əhmədov, Məzahir Süleymanzadə, Cəmil Əlibəyov və əlbəttə, mənəvi redaktor Şakir Yaqubov olub. Mən onları heç vaxt unutmadım və hər birinə sonsuz hörmətim var…”.
…Bütün bunlardan sonra, məncə, tam yəqinliklə güman eləmək olar ki, günü bu gün də xoş münasibətdə olduğum adam nə qədər əsəbi olsa da, yəqin ki, elə deməzdi və deməmişdi…
“Yaddaşımın küncündə bu anlar da yaşayır…” silsiləsi:
Yaddaşımın küncündə bu anlar da yaşayır… (1)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (2)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (3)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (4)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (5)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (6)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (7)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (8)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (9)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (10)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (3a)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (7a)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (9a)
Müəllifin başqa yazıları:
Allah sənə rəhmət eləsin, Dədə Məmməd!..
Mən təqaüd almıram, pensiya alıram!