“O, Allahın şərdən xeyir yaratmaq iksirinin düsturunu verməyə çalışıb”
“Kaspi” qəzetinin ədəbiyyat əlavəsinin “Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsərlərdən söhbət açılır. Ötən şənbə layihənin qonağı yazıçı Fəxri Uğurlu olub. Onun sevdiyi əsər Lev Tolstoyun “Hərb və sülh” romanıdır.
– Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Lev Tolstoyun “Hərb və sülh” romanı sizin sevdiyiniz əsərdir?
– Allahın dünyada gördüyü işin, yəni tarixin mənasını anlatmaq, həyatın modelini yaratmaq baxımından roman sənətinin “Hərb və sülh”dən böyük möcüzəsini tanımıram. Üstəlik məzmunla formanın ideal vəhdəti. Əlbəttə, mən Tolstoyun baxışlarını sözsüz-sovsuz qəbul eləyənlərdən, ehkam sayanlardan deyiləm. Onun dünyagörüşündə təzad çoxdur. Ancaq öz baxışlarını mükəmməl bədii vasitələrlə çatdırmaq sarıdan dünyada tək-tək yazıçı Lev Nikolayeviçə tay tutula bilər.
– Tolstoy 1805–1807-ci illər müharibəsini Rusiyanın Avropanın işlərinə qarışması kimi dəyərləndirir və çar diplomatiyasının səhvi adlandırırdı. Sizcə, o həmin dövrdə öz ölkəsinin halını və imperiya maraqlarını düşünməməkdə nə dərəcədə haqlı idi və əsərdə o bu haqqı hansı cür ifadə edib?
– Məncə, “Hərb və sülh”ün mənasını, ideyasını, mesajlarını konkret bir zaman, ya məkan çərçivəsində dəyərləndirmək olmaz. Doğrudur, əsərdə hadisələr bəlli vaxt aralığında (epiloqu saymasaq, 1805-1813-cü illər arasında), bəlli bir ölkədə, qitədə baş verir, ancaq bütün bunlar qəhrəmanların fonu sayılmalıdır. Əgər Tolstoy öz personajlarını başqa bir dövrə, başqa bir tarixi şəraitə, Napoleon yox, deyək ki, Çingiz xan imperiyasının işğalı zamanına atsaydı, romanın məzmunu, ideyası yenə dəyişməzdi.
O ki qaldı qoyulan suala, birincisi, Lev Tolstoy kimi böyük sənətkarın imperiya maraqlarını güdməməkdə yanıldığını düşünmürəm; ikincisi, dediyiniz illərdə Rusiya hələ yox olmaq qorxusuyla üz-üzə qalmamışdı, hələ özünü Avropanın xilaskarı kimi aparırdı, odur ki, rus ölkəsinin, rus ordusunun “lotu”, “blatnoy” rəftarı romandakı bir çox insanın, həm də təkcə zabitlərin yox, qadınların da əxlaqında, davranışında öz əksini tapıb.
1812-ci il savaşı isə Rusiya üçün ölüm-dirim məsələsiydi. Bu zaman rus xalqı böyük şər selinin qarşısında çarından kəndlisinə qədər bir vücud kimi birləşdi, hətta pozğun zabitlər də xalq qəhrəmanına, fədakar əsgərə, əzabkeşə çevrildilər. Bütün böyük idealistlər kimi Tolstoy da bu romanda Allahın şərdən xeyir yaratmaq iksirinin düsturunu verməyə çalışıb.
– 1812-ci il rus-fransız müharibəsini Tolstoy ədalətli hesab edirdi, sizcə, bunun səbəbi nə idi?
– Silah öldürməyə də yarayır, qorumağa da. O zaman fransız silahı Rusiyanı çökdürməyə, rus silahı ölkəsini, xalqını böyük fəlakətdən qurtarmağa tuşlanmışdı.
– Əsərdə xalqla dövlətin müharibə maraqlarının fərqi görünür: dövlət fransızları zəiflətmək, ordusunu məhv etmək, xalq isə sadəcə öz vətənini qorumaq istəyir. Sizcə, Tolstoy bu aşırı fərqi nədən ötrü bu qədər qabardırdı? Kutuzovu xalq ruhunun təmsilçisi kimi daha yaddaqalan edib, çar I Aleksandrı əzazil göstərmək üçünmü?
– Vətən təhlükə qarşısında olanda xalqla dövlət, xalqla ordu arasından sərhəd götürülür (ya da götürülməlidir deyək). Məncə, Tolstoy 1812-ci il müharibəsinin təsvirində məhz bunu, yəni dediyiniz fərqin aradan götürüldüyünü qabartmağa çalışıb. Bu halda fransız ordusunu zəiflətməklə vətəni qorumaq eyni anlamı verir.
I Aleksandra gəlincə, mən bilən, o heç də ən əzazil rus çarlarından sayılmır, konkret desək, sələfləri də, öz xələfi – qardaşı I Nikolay da ondan çox zalım olub. Çar Aleksandr liberal islahatlara meyilli idi, 48 illik ömrünün sonlarına yaxın taxt-tacdan üz döndərib tərki-dünya yaşamaq haqda düşünürdü. 1825-ci ilin dekabrında Taqanroqda qəfil ölməsi xalq arasında belə bir şayiənin yayılmasına səbəb olmuşdu ki, guya ölən çar deyil, onun oxşarıdır; bu fürsətdən yararlanan çar isə həmin vaxtdan Uraldakı bir mağarada başqa ad altında guşənişin həyat sürməyə başlayıb, özü də ta 1864-cü ilə qədər yaşayıb.
– Kutuzov qəhrəmandır, amma Tolstoy onu qəzavü-qədərə inanan, bəzi məqamlarda passiv seyirçiliyə meylli biri kimi əks etdirir. Bunun səbəbi nədədir?
– Tolstoyun Kutuzovu gerçək Kutuzovdan çox fərqlənir. Yazıçı Kutuzovu öz həyatıyla rus xalqının ruhunu ifadə eləyən əsl el adamı kimi, kainatın “ali baş komandanı” Allahın buyruğuna, iradəsinə sözsüz təslim olan sadiq əsgər kimi, taleyin əmrini, tarixi zərurət qanunlarını fəhmiylə duyan mömin pravoslav kimi təsvir eləyib. Tolstoyun yozumuna görə, Kutuzovun gerçək qəhrəmanlığı döyüş taktikasını yaxşı bilməsində yox, məhz bu mənəvi keyfiyyətlərə yüksək səviyyədə yiyələnməsindədir.
– Çar Aleksandr Fransanın müharibəyə başladığını maskaradda eşidir. Sizcə, yazıçı bununla nə demək istəyir?
– Məncə, Tolstoy bununla fani həyatın bizə sevinclə dərdi, nəşəylə ələmi bir qabda verdiyini göstərmək istəyib.
– Dostoyevski Napoleonu ideal hesab edirdi, onu gücün rəmzi kimi ideallaşdırırdı. “Cinayət və cəza”da Raskolnikov Napoleon olmaq istəyir. Amma Tolstoy onu sadəcə şöhrətpərəst, müharibə edib müharibənin mahiyyətini anlamayan biri kimi təsvir edir. İstərdim iki nəhəng yazıçının “zövq fərqi” məsələsini şərh edəsiniz…
– Məncə, Napoleonu Dostoyevski yox, Raskolnikov ideallaşdırırdı, həm də fövqəlinsan olmaq eşqinə düşdüyü vaxtlarda, sonra isə Rodion Romanıç öz idealından üz döndərib İsanın göstərdiyi yolu tutdu. Yəni “çelovekoboq” olmağın başını buraxıb “boqoçelovek” olmaq yoluna düşdü. Napoleona gəlincə, Avropanın proqressiv qüvvələri, parlaq zəkaları gəncliyində onu alqışlayırdılar, Napoleonu respublikanın qoruqçusu sayırdılar. Ancaq o özünü imperator elan eləyəndən sonra çoxları ondan üz döndərdi, hərçənd Hegel kimi dahi bundan sonra da onu Allah adlandırmaqdan çəkinməmişdi.
Tolstoyun Napoleonu da romanın əvvəllərində hələ insanlıq simasını itirməyib, istedadının, şəxsiyyətinin parlaqlığı hələ göz qamaşdırır, fransızlara qarşı döyüşən zabitlər də ona pərəstişlə baxırlar. Romanın sonlarında isə Bonapart yaralı vəhşiyə bənzəyir, o boyda sərkərdənin təşəxxüsündən, qürurundan, ləyaqətindən əsər-əlamət qalmır.
– Bu əsəri uzunçuluqda qınayanların arqumenti budur ki, yersiz təfsilat çoxdur, onları romandan çıxarsalar, əsər heç nə itirməz. Ancaq əsərin həcminin onun mahiyyətinə xələl gətirmədiyini qeyd edənlərin arqumenti budur ki, bu romanda obrazlar hadisələrin arxasınca sürünmürlər, hadisələri yaradırlar, ona görə də bu əsəri uzunçuluqda qınamaq olmaz. Siz bu iki fərqli qütbün hansının yanındasınız?
– “Hərb və sülh”ün forması bu əsərin məzmununun boyuna biçilib. Roman öz dövrü üçün yeni formada, yeni üslubda yazılıb – havayı yerə onu janrına görə roman-epopeya adlandırmırlar. Tolstoy bu kitabda rus xalqının bir neçə illik həyatının timsalında bəşər tarixinin mühüm məsələlərinə aydınlıq gətirməyə çalışıb. Belə olmasaydı, roman Rusiyadan kənarda da böyük maraqla qarşılanmazdı. Əminəm: əsərin uzunçuluğundan gileylənənlər onun ideyasını, məzmununu lazımınca qavramayıblar.
Məsələn, epiloqun ikinci – nəzəri-fəlsəfi hissəsini çıxarıb atsan, zahirən heç nə dəyişməz, ancaq bu bölmə əsərin dadına bir ayrı dad qatır, ideyanı, məzmunu daşa-qayaya həkk eləyir, yazıçının ədəbi-fəlsəfi niyyətini bir növ legitimləşdirir, çoxyozumluluğa yer qoymur – bəzi yazıçıların, xüsusən də modernistlərin bədii məziyyət hesab elədiyi bu cəhəti Tolstoy ədəbi əsər üçün məqbul saymırdı.
– Pyer obrazını Tolstoyun öz obrazı kimi tipikləşdirdiyi deyilir. Yəni Tolstoy ailə həyatını dinclik kimi düşünür, ancaq ailə həyatı onun ömrünə fırtınalar gətirir. Elenlə evlənən Pyer də xoşbəxt günlər yaşamır, bəxti dolaşığa düşür. Yazıçı romana bu ailə xəttini daxil etməklə, sizcə, əsərə nə qazandırıb?
– Məncə, Tolstoyun obrazı daha çox bu əsərdəki üç personaj – Andrey Bolkonski, Pyer Bezuxov, qismən də Nikolay Rostov arasında paylaşılıb. Rostovların evinə gedən Andreyin özündən xeyli kiçik Nataşanı görüb ona aşiq olması kimi səhnələr avtobioqrafik sayıla bilər. Pyeri naqis əxlaqlı Elenlə evləndirən Tolstoy Andreyin ölümündən sonra Nataşanı ona verməklə saf ürəkli qəhrəmanının başına gətirdiyi mənəvi fəlakətin əvəzini ödəyir. Pyerlə Nataşanın evliliyi timsalında yazıçı əsl xristian ailəsinin modelini yaratmağa çalışıb. Onun Elenlə qurduğu ailə isə, necə deyərlər, ruhani birliyə söykənməyən antixristian ailəsi idi. Bu təzad, kontrast müəllifin hədəfini dəqiq göstərmək üçün əsərə salınıb – bir var ehtiras, riya üzərində qurulan haram ailə, bir də var sevgi, səmimiyyət üstündə qurulan halal ailə.
– Pyer obrazı “Anna Karenina”dakı Levin obrazını xatırladır. Təhkimçiliyə qarşı olan Pyer “əsl xoşbəxtlik başqaları üçün yaşamaqdır” qənaətində möhkəmlənir. Pyer sanki dövlətin insanlar üçün edə bilmədiyini üstlənmək istəyir. Əsərdə Tolstoyun dövlətçiliyə bu qədər qəddar münasibətinin kökündə, sizcə, nə dayanır?
– Pyer də, Levin də (adından göründüyü kimi) avtobioqrafik obrazlardır. Tolstoy kimi mütəfəkkirlər üçün yaxşı-pis dövlət yoxdur, hər cür dövlət zorakılıq aparatı, fitnə-fəsad mənbəyi, şeytan çarxıdır. Bu sayaq peyğəmbər xislətli sənətkarların bir idealı olur – azad, ruhani cəmiyyət. Belə cəmiyyət isə yalnız başqaları üçün yaşamaq xoşbəxtliyini dadan, bu xoşbəxtlikdən vaz keçmək istəməyən kamil insanların bir yerə toplaşması sayəsində yarana bilər. Demək, əvvəlcə azad, ruhani fərdlər yetişməlidir ki, sonra onların birliyi yaransın. Belə birlik yaranarsa, heç bir dövlətə, hökumətə ehtiyac qalmaz.
Ona görə də dövlət, rəsmi ideologiya, rəsmi din-şəriət həmişə bu prosesə qarşı çıxıb. Bəşəriyyətə Allah ideyasını bəxş eləmiş Sokratın antik Yunanıstanda dinsizlikdə (dinsizlikdə ha!) suçlanıb edama məhkum olunması, yəhudi ruhanilərinin təhrikiylə İsanın çarmıxa çəkilməsi, müsəlman Şərqində neçə-neçə sufi şeyxinə kafir kimi şəriət hökmünün oxunması, katolik kilsəsinin Dekartın əsərlərinin çapına qadağa qoyması, Spinozanın sinaqoqdan, elə haqqında danışdığımız Tolstoyun da pravoslav kilsəsindən qovulması dediyimizə aid örnəklərdən yalnız bir neçəsidir.
– Əsərdə çox geniş yer verilən, həyatı başdan sona izlənən obrazlardan biri də Nikolay Rostovdur. O həm müharibədə iştirak edir, həm qazandıqlarını göyə sovurur, əvvəl sevdiyinə sonra qarşı çıxır. Bu obrazı bu qədər ziddiyyətinə görə “müharibənin fənalığının obrazı” adlandırırlar, sizcə, nə dərəcədə doğru müşahidədir?
– Ənənəvi müsbət-mənfi prizmasından yanaşsaq, Nikolay Rostov, əlbəttə, mənfi obraz deyil. Üstəlik, bunu da unutmayaq ki, onun prototipi yazıçının atasıdır. Xırda qüsurlarına baxmayaraq Rostovun savaşın şıdırğı yerində “Eşq olsun bütün dünyaya!” kimi təmtəraqlı şüar səsləndirməyə yetəcək qədər təmiz ürəyi var. Bunları nəzərə alsaq, onun siz dediyiniz mənada “fənalığın obrazı” olduğuna inanmağım gəlmir.
Nikolay Rostov həyatsevər oğlandır. Sonda özünün antipodu olan mömin, dindar knyajna Marya Bolkonskaya (onun da prototipi Lev Nikolayeviçin anasıdır) ilə evlənməsi sonradan bütün dünyanın Lev Tolstoy adıyla tanıyacağı bir dahinin palçığının yoğrulmasında ana təbiətin istifadə elədiyi iki fərqli suya, iki fərqli tərkibə işarədir: Nikolay nə qədər şən, rindanə fiqurdursa, knyajna Marya da bir o qədər zahidanə, rahibanə obrazdır. Andrey Bolkonskinin bacısı monastıra getməliykən Nikolay Rostova ərə gedir. Əgər Andrey sağ qalıb Nataşa Rostova ilə evlənsəydi, yəqin bu izdivac baş tutmayacaqdı.
Tolstoy bu əlaqələri çox ustalıqla tənzimləyib, sanki romanda özünün dünyaya gəlişi üçün zəmin hazırlayıb. Əsərin axırlarına yaxınlaşdıqca hiss eləyirsən ki, roman bitəndən sonra möcüzə baş verəcək – dünyaya Lev Tolstoy kimi bir dahi gələcək.
– Əsər haqqındakı mülahizələrdə qadın obrazlarının həlledici olmadıqları vurğulanır. Bu fikirlə razısınızmı?
– Əsərin altı aparıcı obrazından üçü qadındır. Bu fikirlə necə razılaşım?
– Andrey Bolkonski də sevmədiyi qadınla – Liza ilə evlənib. Müharibənin fonunda bu qədər sevgisiz ailələrin, izdivacların əks olunmasını necə izah edərsiniz?
– Liza, çox güman, Andreyin sevdiyi qadın deyil, ancaq onu Andreyin sevmədiyi qadın saymağa da haqqımız, dəlilimiz çatmır. Doğuş zamanı can verən cavan arvadının üzünə baxanda sərt, cod Bolkonskinin ürəyindən keçən şəfqət, mərhəmət duyğusunu Tolstoy misilsiz ustalıqla qələmə alıb (buna bənzər bir səhnə Heminqueyin “Hindu qəsəbəsi” hekayəsində də var). Andrey olsun ki, Lizanı nə vaxtsa sevib, ancaq onların həyatının bu mərhələsi əsərdə təsvir olunmayıb. Knyaz Bolkonski romanın birinci yarısında ümumiyyətlə nikahın, evliliyin əleyhinə çıxır, özündən gənc dostu Pyerə də evlənməməyi məsləhət görür. Nataşanı sevəndən sonra isə onun həyata baxışı dəyişir.
Sualınızın ikinci hissəsinə gəlincə, mən əksini deyərdim: Rusiya üçün ölüm-dirim mübarizəsinin girdabından, misli görünməmiş bir savaş maşınının çarxları arasından Tolstoy öz qəhrəmanlarını da, bütövlükdə rus xalqını da sevginin, mərhəmətin, fədakarlığın, ruhani birliyin hesabına salamat çıxarır. Böyük fəlakətin qarşısı böyük sevgiylə alınar. Kim başqaları üçün yaşayırsa, öz ruhunu şeytandan, ölümdən satın almış olur. Dördüncü cilddə Pyerin əsirlikdə gördüyü yuxunun təsviri var; bax o yuxu, məncə, bütün “Hərb və sülh” epopeyasının açarı sayılmalıdır.
– Əsərdə yazıçını ən çox məşğul edən obrazlardan biri də Nataşadır. Müəllif onun 12-13 yaşlarından 29 yaşına qədərki həyatını izləyir. Ancaq o, namuslu Andreyi rədd edib pozğun Anatolu seçir və bu seçim onun məhvinə gətirib çıxarır. Sizcə, Tolstoy bu qədər geniş yer verdiyi qadın obrazı ilə hansı ideyasını əks etdirmək istəyirdi?
– Nataşanın Andreyə ilk vurğunluğu hələ ruhani xarakter daşımır; bu, yetkinlik yaşına çatmış gözəl, duyğulu bir qızın ciddi, ağıllı, ortaboy olsa da yaraşıqlı, xarizmatik bir zabitə heyranlığından başqa bir şey deyil. Ondan da yaraşıqlı pozğun Anatol ortaya çıxandan sonra canında qadınlıq ehtirası tüğyan eləyən Nataşa hayıl-mayıl olub başını itirir. Pyerin sayəsində alınmayan uğursuz qaçış cəhdi Nataşa Rostovanın məhvinə səbəb olmur, tərsinə, onu məhv olmaqdan qurtarır. Keçmiş nişanlısı, müharibənin ölümcül yara vurduğu knyaz Andreylə od-alov içində baş tutan görüşü Nataşanı biryolluq dəyişir, onun mənəvi dirçəlişinə, İsa peyğəmbərin buyurduğu yolla gedən cəfakeş bir rahibəyə çevrilməsinə təkan verir.
Əlbəttə, rahibə sözünü mən burda rəmzi mənada işlətdim. Yarımcan Andreylə ona qulluq göstərən Nataşanın sevgisi artıq Austerlits döyüşünün qəhrəmanı, Kutuzovun yavəri olmuş təkəbbürlü zabitlə yelbeyin kübar qızın ötəri heyranlığı deyil, misli görünməmiş bir savaşın cəhənnəmindən keçmiş iki yetkin şəxsiyyətin, iki kamil ruhun bir-birinə toxunuşudur. Bu mistik təmas yer üzündəki təyinatını Nataşa Rostovaya biryolluq anladır. Knyaz Andrey aldığı yaradan sağalmasa da, Nataşa bütün sonrakı həyatını onun ruhunun kölgəsində keçirir. Savaş bitəndən sonra Andreyin dostu, ruh ekizi Pyerlə Nataşa gerçək bir xristian ailəsi qurub mömin həyat yaşayırlar.
– Bu günə qədər ədiblər arasında əsərin adı ilə bağlı fikir ayrılığı mövcuddur. Bir çoxları bu əsərin adının “Hərb və sülh” deyil, “Hərb və dünya” olduğunu irəli sürürlər. Çünki rus dilindəki “mir” sözü həm “dünya”, həm də “sülh” anlamında işlənir. Siz bu barədə nə deyə bilərsiniz?
– Əsər xeyirlə şərin qarşıdurması üzərində qurulub, ona görə də mən “Hərb və sülh” variantının doğru olduğuna inanıram. Üstəlik, başqa dillərə də bu adla çevrilib. İndi belə çıxır o tərcüməçilər hamısı səhvə yol verib?
– Əsərin əvvəlki adı “Sonu yaxşı bitən hər şey yaxşıdır” olub. Yəni bu qədər ölüm-itim, insan faciəsi, təbəqələşmənin fəsadları, xəyanət, bəşəri cinayətlərin fonunda yazıçının belə nikbin olması qəribə deyilmi?
– Tolstoy təkcə xeyirin yox, şərin də Allahdan gəldiyinə inanan optimist dialektik idi – təxminən Hegel kimi. Bu cür mütəfəkkirlər üçün kainatda bir yarpağın, bir tozun da hərəkəti təsadüf deyil – hamısı hesablanıb, hamısı ilahi qanunlarla tənzimlənir. Məsələn, Tolstoydan altı yüz il qabaq yaşamış Mövlana Cəlaləddin Rumi deyir: “Allah insanı hər nəfəsdə yenidən yaradır”. Bu, Yaradanın dünyanın işlərinə fasiləsiz müdaxiləsi deməkdir. Bu işdə Şeytan da ona xidmət göstərir – müxalif cildinə bürünmüş olsa da.
Belə düşünən insan necə nikbin olmasın? Əgər hər şeyin Allahın əlində, Tanrının nəzarətində olduğuna inana bilsən, tarixi proseslərə münasibətdə də hökmən optimist olacaqsan. Belə: Allah hər şeyi bilir, nə eləyirsə düz eləyir. Yaxud da belə: Tanrı şərin olmağını ondan ötrü istəyib ki, xeyir şərə qalib gəlsin.
– Əsərin yorucu olduğu fikrində olanlar da çoxdur. Sıravi oxucularla yanaşı, bəzi ədəbi tənqidçilər də müəllifi uzunçuluqda qınayırlar. Hətta Tolstoyun özü də romanı haqqında yazdığı məktubda belə demişdi: “Mən necə də xoşbəxtəm ki, bir də heç vaxt “Hərb və sülh” kimi uzun-uzadı cəfəngiyat yazmayacam…” İllər sonra isə gündəliyində belə yazıb: “Hərb və sülh” boş şeylərlə doludur. İnsanlar da onu vacib bir əsər kimi qəbul edirlər”. Ziddiyyətli fikirlərdir…
– Tolstoyun həyatında da, fikirlərində də belə təzadlar çoxdur. Bu, geniş mövzudur. Kəsə deyəcəm: mənə əlli yaşlarına qədərki Tolstoy, “Hərb və sülh”ü, “Anna Karenina”nı yazan Tolstoy daha doğmadır. Onun sonrakı axtarışları geriyə atılan addım idi, sonrakı onilliklərdə o, bir neçə şedevrlə yanaşı bir xeyli zəif əsər də yazmışdı. Təsəvvür eləyin, “Hərb və sülh”, “Anna Karenina” kimi əsərlərin müəllifi təzədən Allah axtarışına çıxır. Halbuki bu əsərləri yazanda Tolstoy öz allahını tapmışdı da, onu danışdırmışdı da, onun camalının nurunu bütün dünyaya yaymışdı da.
– Doğrudurmu, Tolstoy “Hərb və sülh”ü Vüktor Hüqonun “Səfillər”indən təsirlənərək yazıb? Belə bir fikir var ki, Tolstoy romana forma tapmaqda çətinlik çəkirmiş, Hüqonun “Səfillər” romanından sonra, nəhayət, onu necə yazacağını dəqiqləşdirib…
– Tolstoy “Hərb və sülh”ü yazmağa illərlə hazırlaşmışdı. Fikrin, ideyanın miqyası ondan geniş, çoxplanlı forma tələb eləyirdi. Tolstoy belə bir forma üzərində baş sındırdığı vaxt – 1862-ci ildə Hüqonun “Səfillər” romanı işıq üzü gördü. Bu böyük ədəbiyyat hadisəsi onun axtarışlarına güclü təkan verdi. Bundan az sonra – 1863-cü ildə Tolstoy öz əsəri üzərində işə başladı, vur-tut altı ilə sənət tarixində misli görünməmiş roman-epopeya ərsəyə gəldi.
– Əsərdə ən sevdiyiniz detal, dialoq və ya hadisə hansıdır?
– Belə səhnələr çoxdur, ancaq ən təsirlisi bəlkə də knyaz Andreyin ölüm ərəfəsində yaşantılarını, onun daxili monoloqlarını, daha sonra onun ölümünü təsvir eləyən fəsillərdir. Mənim tanıdığım yazıçılar arasında heç kim ölüm mövzusuna Tolstoy qədər dərindən baş vurmayıb, həm də təkcə bu əsərində yox. Bununla belə, Tolstoyun göstərdiyi ölüm insanı qorxutmur, tərsinə, ona təsəlli verir. Ondan ötrü ölüm insanın öz mənbəyinə qayıtmasıdır. Belə qüdrətli sənətkara az-az rast gəlinir.
Məsələn, yazdığı hər dastan qəhrəmanlarının ölümüylə başa çatsa da, Nizamini oxuyan adam ölüm xofundan arınır, çünki o da ölümə fani həyatdan diri həyata atılan bir körpü kimi baxır. Bu məqamda Ramiz Rövşənin bir kəlamını xatırlatsam, məncə, yerinə düşər. Böyük şair illər öncə “Romeo-Cülyetta”nı “Leyli-Məcnun”la tutuşduranda demişdi ki, birinci əsərdə ölüm sevənləri ayırır, ikincidə birləşdirir.
– Romanın epiloqu iki hissəyə bölünür. İkinci hissə azadlıq, dünya, Allah haqqında traktatı xatırladır. Sizcə, bunun əsərin ümumi məzmunu ilə əlaqəsi nədədir?
– Bəli, epiloqun birinci hissəsində yazıçı hadisələrə, qəhrəmanların taleyinə, ikinci hissəsində isə əsər boyu hadisələri müşayiət eləyən fəlsəfi ricətlərə, tarixi, dini mülahizələrə yekun vurur. Yəni epiloqun ikinci bölməsi tarix, din, Allah, zərurət, azadlıq məsələlərinin həllinə həsr olunmuş traktatdır. Burda deyilənlər romanın məzmunu, ideyası ilə sıx bağlıdır. Bu haqda geniş danışası olsaq, gərək bir traktat da biz yazaq.
– Əsərdə Napoleonla Kutuzovun qarşı-qarşıya qoyulmasının anlamı nədir?
– Əvvəla, Napoleonla Kutuzovu Tolstoy yox, tarix qarşı-qarşıya qoyub. İkincisi, bu suala yuxarıda qismən cavab verdim. Tolstoyun Kutuzovu Allahın iradəsinə, yəni zərurət qanunlarına tabe olan, öz ruhunu xalq ruhunun içində əridən mömin qocadır. Əsərdəki Napoleon isə bütün dünyanı özünə təslim eləməyə çalışan, azad iradəsini Tanrının da, təbiətin də, xalqın da hökmündən, iradəsindən üstün tutan təkəbbürlü bir tirandır. Buna görə də Kutuzovdan çox-çox gənc, enerjili, hətta bir sərkərdə kimi istedadlı olmasına baxmayaraq dünyanı titrədən fateh ona uduzur. Əlbəttə, ona yox, Napoleon onun mütiliklə iradəsinə boyun əydiyi Tanrının, bir də hər fransız əsgərinə buzdan heykəl yapan təbiətin hökmünə təslim olur.
– Romanın epiloqunu oxuyanda Tolstoyun qadın idealı göz önünə gəlir. Sizcə, onun nəzərində ideal qadın necə idi?
– Tolstoyun nəzərində ideal qadın ərini ilahi eşqlə, xristian məhəbbətiylə sevən, ona qeyd-şərtsiz təslim olan, öz varlığını sevdiyinin varlığında əridib itirən, ailəsi, övladları üçün yaşayan qadındır – Nataşa kimi, knyajna Marya kimi, “Anna Karenina”dakı Kiti kimi.
Çexovun “Qadası” adlı hekayəsi var. Hekayənin qadın qəhrəmanı başqa-başqa peşələrin yiyəsi olan üç-dörd ərə gedir, hər dəfə də ərinin problemləriylə yaşayır, onların diliylə danışır, bir sözlə, oxucu hekayə boyu qadının özünü yox, onun kişilərdə (daha doğrusu, kişilərin onda) əks olunan surətini görür. Qəti şübhəm yoxdur ki, Çexov bu hekayəni Tolstoyla polemika zəminində, onun ideal qadınlarının halına gülmək (əslində acımaq) məqsədilə, o qadınların gerçək obrazını ironik-faciəvi planda sərgiləmək üçün yazıb. Çexovdan ötrü həyatda belə bir ideal yox idi, onun dünyagörüşü Tolstoydan çox fərqlənirdi. Tolstoy isə Çexovun istehza hədəfinə çevirdiyi qadını gerçək qadınlıq örnəyi sayırdı, onun fədakarlığına heyran qaldığını gizlətmirdi.
– Qustav Flober isə 1868-ci ildə dostuna yazdığı məktubda Tolstoyun iddiasında tamamilə haqlı olduğunu təsdiqləyir: “Müəllifin düşüncələrindən imtina etməməsi, hekayəsi məni heyran edib, lakin fikirlərini çox təkrarlayır, fəlsəfəsini sıx-sıx ön plana çıxarır. Buna baxmayaraq, bütün iddialarında qətiyyətini qorumaqda haqlı görünür”. Əsərdəki ricətlər, sizcə, romana nə qazandırır, onlarsız roman nə itirərdi?
– Bu suala bir az əvvəl qismən cavab verdim. Flober kimi stilistin gözüylə baxanda gərək romandan ən azı bütün tarixi, fəlsəfi, dini ricətləri, o cümlədən epiloqun ikinci hissəsini, bundan başqa bir çox ikinci dərəcəli obrazı, epizodu, süjet xəttini çıxarıb atasan. Yaxşı, bundan sonra “Hərb və sülh”dən nə qalacaq – qol-budağı budanmış çılpaq gövdə. Flober “Anna Karenina”dakı Levin-Kiti xəttini də silib atardı (Yeri gəlmişkən, Tolstoyun ilkin planında bu xətt olmayıb, yazıçı onu sonradan artırıb). Ancaq bu xətti ixtisara salsan, Tolstoy dönüb olacaq Flober.
Heç kim demir ki, gərək Flober “Madam Bovari”də xristian məhəbbətini, yaxud platonik məhəbbəti təcəssüm elətdirən daha bir cütlüyün tarixçəsini yazaydı. Floberin dünyagörüşündə platonik məhəbbət deyə bir hiss yoxdur, ondan (elə Çexovdan da) ötrü şər, yalan, riya, faciəvilik həyatın təbii halı, yaranışın mayasıdır, sevgi, mübtəlalıq, divanəlik kimi saf duyğular sonda dünyanın dəyərdən salıb paslı dəmirə çevirəcəyi qara puldan başqa bir şey deyil. Flober alternativ göstərmir, çünki onun alternativi yoxdur, o deyir ki, dünya belədir – belə olub, belə də olacaq; uzaq başı yaxanı bu dünyanın əlindən qoparıb hansısa küncdə stoiklər, kiniklər, epikürçülər kimi dinc, iddiasız ömür yaşaya bilərsən (elə Floberin özü kimi).
Ancaq Tolstoyun alternativi var. Alternativi olduğuna görə də o, məsələn, Şekspir kimi dünyanı faciəvi tamaşaların oynandığı səhnə saymırdı, ondan ötrü bu dünyada ümumiyyətlə heç bir hadisə faciə deyildi. Bir məsələni bir də vurğulayaq ki, unutmayaq: “Hərb və sülh” öz dövrünə görə yenilikçi roman idi, bu əsərin üslubi xüsusiyyətlərini XX, ya XXI əsrin ədəbiyyatı kontekstində, ondan yüz-yüz əlli il sonra yazılmış böyük romanlarla müqayisədə dəyərləndirmək olmaz.
– Nataşa və Pyerin gözlənməz şəkildə qovuşması romanın “sülh” tərəfidir. Siyasi mühiti, tarixi hadisələri, Napoleonun rus və fransız xalqlarının tarixindəki rolundan bəhs etdiyi yerlər isə ehtimal ki, müəllifin gözündə romanın hərb meydanıdır. Əslində, “Hərb və sülh” iki ailənin – Rostovlar və Bolkonskilər – və hər zaman hadisələrin ortasından keçib, ekssentrik bir formada hər şeyin əksinə çıxan, müəllifin əsas fəlsəfi və ictimai düşüncələrinin tərcümanı olan qraf Pyer Bezuxovun hekayəsidir. Oxucuya ilk baxışda elə gəlir ki, Peterburqun zadəgan malikanələrində yaşananlar Napoleon istilasının qan-qadasından, pis niyyətindən uzaqdır. Amma knyaz Andrey Bolkonskinin Napoleonla müharibəyə yollanması ilə bir anda romanın bu sülh içində yaşanan məişət hadisələri savaşın ana xəttinə birləşir. Romanın sonunda knyaz Bezuxovun edamdan xilas olması və Nataşa ilə evlənməsi oxucuda ənənəvi “xoşbəxt sonluqlu” roman təsiri oyadır. Əsərin bu cür bölünməsi, sizcə, doğrudurmu?
– Yox, mən bu bölgüylə, belə təsnifatla razı deyiləm. Yəqin ki, əvvəlki sualların cavablarında bu məsələlərə qismən aydınlıq gətirilib. O ki qaldı Pyer Bezuxovla Nataşanın evliliyinə, deyim: ölmüş dostunun nişanlısıyla evlənən Pyer öz canında iki ruh gəzdirir, o bəlkə də öz ömründən çox könül dostunun qırılmış ömrünün davamını yaşayır. Knyaz Andreyin ruhu daim onların arasında dolaşır. İllər öncə “Ehsan” adlı hekayəmdə yazmışdım – bir bədənə iki ruh olduqca faydalıdır.
– Tolstoy “Hərb və sülh”lə bağlı qeydlərini hazırlayarkən ilk əvvəl müharibə haqqında deyil, çar I Nikolayı devirməyə uğursuz cəhd etmiş və otuz illik Sibir sürgünündən sonra bəraət almış dekabristlərdən olan bir rus zabiti barəsində roman yazmağı planlaşdırıb. Amma sonra üsyandan bəhs edən əsərin senzuradan keçməyəcəyini düşünərək mövzunu dəyişib. Əsərdə bu məqam hiss olunurmu?
– Yazılmış romanda yazılmamış romanın izlərini axtarmaq, doğrusu, ağlıma gəlməyib. Tək bir məqamdan başqa: knyaz Andrey Bolkonskinin anadan da, atadan da yetim qalmış (müəllifin özü kimi) oğlu Nikoluşkanın gələcəkdə parlaq bir şəxsiyyət olacağı açıq-aydın görünür. Məncə, Nikoluşka böyüyəndə ya dekabrist ola bilərdi, ya da Lev Tolstoy…
Suala bir əlavəm də var: yanılmıramsa, Tolstoy dekabristlərdən də qabaq I Pyotr haqda roman yazmaq istəyirdi, ancaq nədənsə sonradan bu fikrindən yan keçmişdi.
– Əsər barədə belə bir fikir var: Rostovlar və Bolkonskilər Tolstoyun öz zadəgan şəcərəsinin obrazlarıdır. Qeyd edək ki, Nikolay Rostov Tolstoyun atası Nikolaydan xeyli miqdarda borc alıb. Tolstoyun atası zabit kimi 1812-ci il müharibəsinin qəhrəmanı olub. O, romanda öz adıyla xatırlanır. Marya Bolkonskayanın prototipi isə Tolstoyun anası Mariya Tolstayadır. Bu obrazların “Lısıye Qorı”da yerləşən evi də Tolstoyun ailə malikanəsi olan “Yasnaya Polyana”nı xatırladır. İstərdim bu məsələyə münasibət bildirəsiniz…
– Bu haqda da yuxarıda qismən danışdıq, bir az da təfərrüata varaq. Əsərdə təsvir olunmuş dövrün fonunda üç ailənin – Rostovlar, Bolkonskilər, bir də Kuraginlər ailəsinin tarixçəsi daha çox qabardılır. Roman boyu bu ailələrin yolları dönə-dönə kəsişir. Bununla belə, “Hərb və sülh”ü nə ailə romanı, nə də sözün ənənəvi mənasında tarixi roman saymaq olmaz. Adını çəkdiyim ailələrin tarixçələri real həyatdan götürülüb: Rostovlar ailəsinin prototipi Tolstoyun ata soyu, Bolkonskilər ailəsinin prototipi isə yazıçının ana tərəfdən nəslidir. Məsələn, Nikolay Rostov Tolstoyun atasının, knyaz Andrey Bolkonskinin bacısı, sonradan Nikolay Rostova ərə gedən knyajna Marya isə yazıçının anasının obrazıdır. Tolstoyun anasının qızlıq soyadı Volkonski idi, bu da, göründüyü kimi, Bolkonski familiyasından bircə hərflə fərqlənir.
– Tanınmış fransız slavyanşünası Georgi Nivat qeyd edir ki, “Hərb və sülh” romanında fransızca dialoqlar XIX yüzilin əvvəllərində Fransa aristokratiyasının danışıq dili olub. Romanın dili də XIX əsrin əvvəllərində Rusiyada işlənən dilə uyğunlaşdırılıb. Əsərdə bu məqam nə dərəcədə hiss olunandır? Əsərin dili barədəki fikirlərə münasibətiniz necədir?
– Məncə, bu suala elə slavyanşünaslar, rus dili tarixinin biliciləri cavab versələr yaxşı olar. Bizə düşməz.
– Tolstoy hesab edirdi ki, əsərə tarixi esselər daxil etdiyi üçün onu sırf roman kimi səciyyələndirmək o qədər də düzgün deyil. Müəllif özü bu əsəri tarixi xronika ilə roman arasında olan bir janr kimi təqdim edirdi. Siz bu əsərin janrı barədə nə deyə bilərsiniz?
– Əsərin janrı, məncə, düzgün təyin olunub: roman-epopeya! Bu janr romanın təkcə həcmini yox, həm də məzmununu ifadə eləyir.
– Tolstoy bu romanı yazarkən hadisələrin cərəyan etdiyi dövrü həm rus, həm də Avropa mənbələrindən öyrənib, Borodino döyüşünün baş verdiyi yerə gedib; məsələn, romanın ikinci hissəsində fransızlar Nikolay Rostovun qulluqçusu Lavruşkanı Napoleonun qarşısında dindirirlər. Bu səhnədə Tolstoy fransız tarixçisi Tyerin yazdığı bir əhvalatı öz ironik çalarlarını əlavə etməklə nəql edir…
– Yəqin tarixi roman yazan müəllifin tarixi mənbələrdən asılılığına işarə vurursuz. Məncə, konkret bir zaman aralığında konkret məkanda baş verən hadisələrdən bəhs eləsə də, “Hərb və sülh”, yuxarıda dediyim kimi, heç tarixi roman da deyil. Bu əsərdə tarixi şərait yalnız fon rolunu oynayır, üstəlik gerçək tarixlə yazıçı təxəyyülünün yaratdığı tarix iç-içədir. Tolstoy rus xalqının Napoleon ordusuna qarşı mübarizəsinin timsalında Tanrının işləkləri mövzusunda, Allahın tarix boyunca gəzişmələri haqqında dini-fəlsəfi dastan yazıb. Yoxsa onun əsəri bu gün yalnız tarixçilər üçün maraqlı olardı.
Məsələn, Austerlits çölündə uzanmış yaralı Andreyə baxa-baxa imperator Napoleonun dedikləri tarixi fakt deyil, ancaq inanırsan ki, elə belə də olub, başqa cür ola bilməzdi. Tarixi faktlar yazıçıya lazım olub, ancaq o, faktların arxasınca sürünməyib, hadisələrin mahiyyətinə varıb, tarixə öz yozumunu verib. Bu baxımdan “Hərb və sülh”dəki tarix Lev Tolstoyun yaratdığı tarixdir, əsərdə təpədən-dırnağa bütöv obrazı yaradılmış xalq Lev Tolstoyun yaratdığı rus xalqıdır, belə bir rus xalqı bəlkə də heç olmayıb…
Bu deyilənlərin bizdə də analoqu var: götürək İsa Hüseynovun “Məhşər” romanını. Yazıçı bu əsərdə orta əsr salnaməçilərinin yazdıqlarına dönə-dönə üz tutur, tarixi gerçəklərə mümkün qədər sadiq qalmağa çalışır, ancaq salnamələrin asılılığına düşmür. İsa Hüseynov üçün ən dəqiq, ən doğru-dürüst qaynaq sufi-hürufi ədəbiyyatı, Nəiminin, Nəsiminin yazdıqlarıydı. Məhz bu yanaşmanın sayəsində o, neçə yüz il qabaq baş vermiş qanlı hadisələrin mahiyyətinə varıb “Məhşər” kimi mükəmməl tarixi-fəlsəfi roman ortaya qoya bilmişdi.
– Bir dəfə Tolstoy Parisdə gilyotinlə icra edilən edamın şahidi olur. Bu hadisə onu sarsıdır və ölüm hökmü əleyhinə baxışlarını qətiləşdirir. Yerli hökumətə söz demək səlahiyyətinə malik olduğundan bir qraf kimi ondan xahiş edilir ki, ölüm cəzası əleyhinə məhkəmədə təbliğat işi aparsın. Amma Tolstoy çox çalışsa da, istəyinə nail ola bilmir. Odur ki, yazıçı sonralar ölüm hökmüylə bağlı baxışlarını romandakı Pyer Bezuxovun dili ilə əks etdirir. Sualım ondan ibarətdir ki, bu əsərdəki həyatilik gücü nədədir?
– Bir daha deyirəm, yazıçı üçün həyat materialı sadəcə materialdır. O materialdan nə düzələcəyi yazıçının qüdrətindən asılıdır. Sovet ədəbiyyatşünaslığının ən “realist” yazıçı kimi təqdim elədiyi Balzak bir novellasında obrazın diliylə deyir ki, sənətkar, sən həyatın üzünü köçürən miskin bir “kopyaçı” deyilsən, sən bu həyatın mənasını ifadə eləməlisən.
Biz hamının olan obyektiv dünyada yaşasaq da, bu dünyada hərənin öz dünyası var. Hər sənətkar, hər mütəfəkkir öz subyektiv dünyasının sərhədini obyektiv dünyanın sərhədinəcən genəltməyə, varlığın tək düsturunu kəşf eləməyə, yəni Tanrı olmağa çalışır. Həyat materialları, həyat hadisələri həyatın mənasına, həyatı yaradan duyğu partlayışına çəkilmiş illüstrasiyalar, bağlı qutuda saxlanan şifrələrdir. Bu şifrələri düzgün oxuyan sənətkar insan övladının məqsədinə yetişəcək.
Söhbətləşdi: Fərid Hüseyn
Mənbə: Artkaspi.az