Dünyaya kitab gəlir!.. – “Qanun” nəşriyyatından reportaj
Kitab çapı, mahiyyətinə görə, elmin, maarifin, təhsilin, texnoloji mədəniyyətin, iqtisadiyyatın, ədəbiyyatın – həyatımızın bütün sahələrinin inkişafında müstəsna rol oynayıb. Ən əsası isə insanların qazandıqları zəngin mənəvi xəzinə olan bilik və bacarıqların qorunub saxlanılmasında, ötürülməsində, nəsildən-nəslə çatdırılmasında əvəzsiz missiyası ilə cəmiyyətin sürətli inkişafını təmin edib. Bu baxımdan cəmiyyətdə kitaba olan tələbat yeni istehsal üsullarının reallaşdırılmasını zərurətə çevirib.
Çap işinin texnoloji ardıcıllığı xüsusi diqqət, istehsalat üçün zəruri bilik və bacarığın olmasını tələb edir, həmçinin digər keyfiyyət göstəricilərinin təmin olunması da vacib şərtdir. Müasir dövrdə kitab çapı ilə əlaqədar nəşriyyatda ən yeni texnologiyanın uğurla tətbiqinə nail olmaq mühüm vəzifələrdən biri hesab edilir.
İndiki yüksək texnologiya çağında kitabın hazırlanma prosesini daha yaxından izləmək və oxucularımıza çatdırmaq üçün bu sahədə 27 ildən artıq müddətdə fəaliyyət göstərən “Qanun” Nəşrlər Evində olub, nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu ilə görüşdük.
Şahbaz Xuduoğlu bizə “Qanun”un yaranması və fəaliyyəti haqqında danışdı: “Bu nəşriyyat 1992-ci il yanvarın 18-dən fəaliyyətə başlayan “Qanun” jurnalının redaksiyasının tərkibində bir şöbə kimi yaradılmışdı. 1996-cı ildən isə müstəqil nəşriyyat elan olundu. Nəşriyyat ilk illərdə əsasən hüquq və tərcümə ədəbiyyatı nəşr edirdi. Artıq on il olar ki, nəşriyyatda bədii ədəbiyyat və tərcümə ədəbiyyatının nəşrinə üstünlük verilir. “Qanun” bütün sahələr – fəlsəfə, tarix, uşaq ədəbiyyatı, dini ədəbiyyat, mətbəx və sağlamlıqla bağlı kitablar nəşr etməklə fəaliyyətini ilbəil genişləndirir”.
Gənclərlə bağlı başladıqları “Birinci kitab” və “Ən yeni ədəbiyyat” seriyasının cəmiyyətdə çox populyar olduğunu söyləyən naşir, “Ən yeni tərcümə” seriyasında Nobel mükafatı laureatları Qabriel Qarsia Markes, Orxan Pamuk, Herta Muller və digərlərilə yanaşı, Bernhard Şlink, Paulo Koelyo, Den Braun kimi dünyaca məşhur yazarların əsərlərini türk, rus, ingilis, alman, fransız dillərindən Azərbaycan dilinə tərcümələrini nəşr etdiklərini vurğuladı.
“Klassiklər” seriyasında Azərbaycan və dünya klassikasının nümunələrini, “Dünya uşaq ədəbiyyatı” seriyasında isə yeniyetmələrin bədii təfəkkürünün inkişafına hesablanan əsərlərin nəşr olunduğunu və bu gün Azərbaycanın kitab bazarında bu kitabların xüsusi yer tutduğunu ifadə etdi.
Sonra Şahbaz Xuduoğlu nəşriyyatın əməkdaşı Jalə xanıma bizi “Qanun”un ayrı-ayrı şöbələri və mətbəə ilə tanış etməyi tapşırdı.
Jalə xanım əvvəlcə bizə nəşriyyatın redaktor və dizaynerlər olan şöbəsini göstərdi, kitabın ilkin hazırlıq işlərinin burada görüldüyünü bildirdi: “Redaktorlar burada kitaba düzəlişlər edir, dizajnerlər onun tərtibatı ilə məşğul olurlar. Sonra çapa hazır vəziyyətə gətirilib, mətbəəyə göndərilir”.
Oradan nəşriyyatın sonrakı mühüm işlər görülən hissəsinə – çap sexinə yollandıq. Yolboyu söhbətimiz davam etdi. Bələdçimiz bildirdi ki, əslində, insanların kitab mağazalarından rahatlıqla pul verib aldığı nəfis tərtibatlı nəşrlərin hazırlanması heç də asan başa gəlmir. Kitab ortaya çıxanacan çox sayda mərhələdən keçir və bu prosesdə onlarla insanın əziyyəti var…
Mərtəbələri endikcə nəşriyyatın divarlarında maraqlı şüarlar gözümüzə dəyirdi: “Xoşbəxtlik çatdığın yer deyil, getdiyin yoldur”, “Bütün böyüklər uşaq olublar, di gəl ki bunu hamısı xatırlamır”, “Əgər sən saat 4-də gəlsən, mən saat 3-dən özümü xoşbəxt hiss etməyə başlayacağam”, “Uğur məğlubiyyətdən-məğlubiyyətə gedərək entuziazmı itirməmək bacarığıdır”…
Nəşriyyatın giriş hissəsində kitab mağazasında söhbətləşdiyimiz Aynur xanım bizə kitabı alıcılara necə tövsiyə etməsindən, kitaba oxucularda necə maraq yaratmasından danışdı. Dedi ki, kitabı oxucuya sevdirmək üçün yeni çapdan çıxan kitabların əksəriyyətini oxumalıdır. “Oxumadığın kitab itirdiyin kitabdır” deyir. Demək ki, satışı az olacaq.
“Hazırda daha çox hansı kitablar satılır” sualımıza cavab olaraq Ramiz Rövşənin şeirlərindən ibarət qalın kitabı, Nəsiminin ingilis, rus və Azərbaycan dilində çap etdikləri qəzəllərini, “Mini klassika” seriyasından Cəlil Məmmədquluzadənin hekayələrini və başqa kitabları göstərdi. Sonra bizi “Qanun” jurnalı ilə tanış etdi. Jurnalın ayda bir dəfə çapdan çıxdığını, burada elmi məqalələrin dərc olunduğunu dedi.
Mətbəədəyik… Ağ kağızlar üzərinə qiymətli məlumatlar yazan cihazların arasında… Mətbəədə çapa məsul şəxs – Ənvər bəy qarşıladı bizi. O, mətbəədəki fəaliyyəti barədə danışdı. 20 ildən artıqdır ki, bu işlə məşğuldur, işindən razıdır, peşəsini çox sevir. Qeyd etdi ki, mətbəənin gücü onun avadanlıqları ilə ölçülür. Nə qədər çeşidli və böyük avadanlığı varsa, nə qədər çox tirajlı kitabları “həzm edə” bilirsə, o qədər güclü mətbəə sayılır. Bu mətbəədə də hər bölmənin öz mütəxəssisi olduğunu dedi.
Müxtəlif funksiyaları yerinə yetirən cihazlar kitabların keyfiyyətli çap olunmasında böyük əhəmiyyət daşıyır. Əsər mətbəəyə daxil olandan sonra burada kitabın montajı, tikişi, çap, qatlama, səhifələmə, yığım, cildlənmə işləri həyata keçirilir. Bütün bunlar çap aparatlarıyla yanaşı, çox sayda insanın zəhməti hesabına başa gəlir.
Mətbəədə çalışan digər əməkdaşlarla söhbət etdik. Dedilər ki, işdə yol verilən kiçik bir səhv xeyli oxucu qınağı, yüz səhifələrlə korlanmış kağız deməkdir. Bu baxımdan hər kəs öz işində çox diqqətli olmalıdır.
Kitabların vərəqləri hazır olandan sonra qatlama bölməsinə göndərilir. Səliqə ilə qatlanan vərəqlər tikməyə ötürülür. Yığılmış qalın kitablar tikilir, cildlənmə prosesi başlayır, sonra nəşr hazır olur.
Kitabların cildlənməsi prosesinə nəzarət edən işçi bildirdi ki, bu iş kənardan asan görünə bilər, amma xüsusi incəlik, diqqət tələb edir. Söhbətimiz zaman yeni nəşr olunacaq kitabların qatlanma və tikişdən sonra cildlənməyə verildiyinə şahid olduq. Həmsöhbətimiz dedi: “Bu cihazlarla işləmək üçün illərin təcrübəsi, öz işinə güclü sevgi lazımdır. Eyni zamanda, bu aparatlarla çox ehtiyatlı işləməlisən, əks halda ciddi zədə ala bilərsən”.
Biz nəşriyyatda olduğumuz müddətdə Krişnamurtinin “Mənəvi inqilab”ı və Mikayıl Müşfiqin seçilmiş şeirlərdən ibarət “Əbədiyyət nəğməsi” nəşr prosesində idi. Uğultu ilə çalışan iri cihazların, bacarıqlı əllərin kitabı – hər birimiz üçün bilik və mənəvi yüksəliş mənbəyi olan nüsxələri necə ərsəyə gətirdiklərinə əyani şahid olduq və bir daha anladıq ki, kitabı həm də ona sərf olunan zəhmətə görə sevmək, qorumaq gərəkdir.
Şəhla Aslan
“525-ci qəzet”, 12 iyun 2019