Hikmət Nazim
Yəqin siz də nə vaxtsa elə düşünmüsünüz ki, artıq televiziyalar internet resursları ilə müqayisədə rəqabətə dözümsüzdür, onlar tarixə qovuşmalıdır. Şəxsən məni çox maraqlandırır ki, xəbər blokunu gündəlik informasiya portallarında yayımlanan xəbərlərin suyunun suyu şəklində təqdim edən televiziyalar niyə hələ də var? Bu azmış kimi, rəhbərliyində dəyişiklik olanda az qala hadisəyə çevrilir; o səviyyədə ki, guya bu ölkədə televiziya rəhbərlərini “yuxarılar”ın təyin etdiyini bilən yoxdur.
Hadisə dedim, yadıma düşdü. Əsl hadisə İctimai Televiziya və Radio Yayımları Şirkətinin bu ilin yanvar ayının 1-də loqosunu dəyişdirməsi olmalı idi. Gəl ki, nə müzakirə edən oldu, nə də bu mövzuda səsini çıxarıb sual verən. Bir soruşan olmadı ki, axı bu xalqın kanalıdır, ictimai rəyi öyrənmədən niyə belə bir addım atdınız? Nə ehtiyac vardı? Hamıya məlumdur, göstəriş yenə “yuxarı”dan gəlib. Belədə qondarma ictiami rəy hazırlamaq “iki vur iki”dir. Bəlkə də elə buna görə kimsə başını ağrıtmaq istəmədi.
Halbuki “İctimai televiziya və radio yayımı haqqında” qanunun birinci maddəsinin elə birinci bəndində ictimai televiziya və radio yayımının məqsədinin Azərbaycan Respublikası əhalisinin – bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaq olduğu deyilir. Həmin qanunun dördüncü maddəsinin birinci bəndində isə eynilə bu cür qeyd olunub ki, ictimai yayımçı kənar müdaxilə olmadan müstəqil fəaliyyət göstərən hüquqi şəxsdir.
Hamısının kağız üzərində olduğu göz qabağındadır, üzərində çox durmaq lazım deyil. Yazının mövzusu İctimai televiziya da deyil, müəllifi “Azərbaycan televiziyaları nə üçün hələ də tarixə qovuşmayıb” sualının cavabı maraqlandırır.
Yuxarıda deyildiyi kimi, ola bilsin, operativlik məsələlərində saytlar televiziyaları üstələyir; amma əlahəzrət həqiqət budur ki, böyük əksəriyyət kompüteri açıb-bağlamağı belə bilmir, qaldı internet resurslarından doğru istifadə edə, informasiya ehtiyacını ödəyə. Belə olan halda, sistem əlinə düşən fürsəti fövtə verərmi? Təbii ki, yox.
Məşğuliyyətsizlikdən bütün gün danışmağa söz axtaran evdar qadınların, qarnını qaşıya-qaşıya gündə azı iki termos çayı boşaldan işsiz kişilərin başını kim qatmalıdır? Televiziyalar. Ağlamalı hind filmlərindən girib, “qabağı ağlamalı, dalı gülməli” Azərbaycan seriallarından çıxan bu adamlar günün sonunda nəyə baxır? Ucuz şoulara. Şou proqramlara gedən yol hardan keçir? Xəbərlər informasiya proqramından. Düyün burada açılır.
Fikir vermişəm, hansı günün sonunda efirdə şou proqram olur – həmin gün siyasi mövzuların dozasını daha da artırırlar; “analiz” adı altında hakimiyyətin gecikmiş addımlarını “islahat” deyə təqdim edir, köhnə dəftərləri açıb müxalifəti “tarixi bəlaların baiskarı” kimi göstərirlər.
Səhərisi gün insanların leksikonu bir yana, intonasiyası dəyişir; axşam xəbərlər proqramında izlədikləri aparıcını təqlid edir, o nə deyib eynisini təkrarlayırlar. Əksini iddia eləsən, qayıdırlar ki, sən nə danışırsan, filan telekanalın aparıcısı filan mövzuda bu cür danışdı. Sanki onun danışdıqları Quran ayəsiymiş kimi, mübahisəyə yer qoymurlar.
Bu da televiziyada yayımlanan xəbərlər proqramının bir növ sovet hakimiyyəti dövründə yaşayıb-yaratmış şair və yazıçılar kimi əlçatmaz olmasından irəli gəlir; hər dəqiqə açıb baxa bilmirsən, saatı gözləyirsən ki, nə vaxt göstərəcəklər. Bəzən eşitmək istədiyin xəbəri proqramın son dəqiqələrində yayımlayırlar, ürəyin çəkilir. İnformasiya portalları isə dəqiqəbaşı status yazan “Feysbuk” qəhrəmanları kimidir, ürəyin istəməyən xəbəri bağlayıb rahatlıqla digərinə keçə bilirsən.
Müəllifin başqa yazıları:
Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?
“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?
Bakılının erməni musiqisinə qulaq asmağı
Medianın azad fikrə reaksiyası
Səhv kimdədir: müxbirdə, redaktorda, yoxsa?
Qanalı Əhməd və azərbaycanlı Rasim
Senzura haqqında bir neçə kəlmə
Hakimiyyətdən ev alan jurnalistlərə deyilənlər
İntim görüntüləri yayılan kimdir?
Şura “11” deyir, İşçi Qrupu “9”…
Hamamda “iki nəfər ölüb”, yoxsa “kişi və qadın”?
Müxbiri müsahibin ayağına verənlər…
Bölgələrdən niyə xəbər yoxdur?