Hikmət Nazim
Müdafiə Nazirliyinin atəşkəsin pozulması ilə bağlı yaydığı gündəlik xəbərləri tirajlayanda “mövqelərimiz” və “ordumuzun mövqeləri” kimi ifadələri redaktə edib “Azərbaycan mövqeləri”, “Azərbaycan ordusunun mövqeləri” ilə əvəzləmək bəlkə də asanlıqla aşılası məsələ deyil, ona görə çox da üstünə getmirəm. Amma Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən daxil olan xəbərdə yol verilən orfoqrafik xətalara göz yummaq nə deməkdir – bunu anlaya bilmirəm.
Bəcəhənnəm, bir arqument gətirib orfoqrafik xətaları da ört-basdır eləmək olar ki, saytlarda korrektor yoxdur, bu, operativ xəbərçilikdə tez-tez rast gəlinən hallardandır. Hərçənd agentliklərdə korrektor vəzifəsi də var, vakansiyları öz gözlərimlə görmüşəm. Bununla yanaşı, onu da qeyd edim ki, məsələ heç xəbər saytlarında korrektor vəzifəsinin olub-olmaması da deyil.
Mənə maraqlı olan odur ki, Xarici İşlər Nazirliyinin “Ermənistan siyasi rəhbərliyinin hərbi işğal altında saxladığı Şuşa şəhərinə səfəri və bu xüsusda səsləndirdiyi bəyanatlara” verdiyi cavabda qrammatik xətaya göz yummağın adı nədir? Axı bunun heç bir izahı yoxdur: “Son görüşlərdə qəbul edilmiş birgə bəyanatlarda əks olunmuş əhalilərin sülhə hazırlanması çağırışı ilə kəskin ziddiyyət təşkil edir…”
Əhalilər?
Qrammatika: Toplu isimlər cəm şəkilçisi qəbul edə bilir. İstisna olaraq camaat, şüəra, əhali sözləri cəm şəkilçisi qəbul etmir. Düzdür, belə iddia edə bilərlər ki, cəm şəkilçisini siləndə “əhali” sözü çatdırmaq istədiyimiz fikri tam ifadə etmir. O zaman “xalq” sözündən istifadə edib vəziyyətdən çıxmaq olardı: “bəyanatlarda əks olunmuş xalqların…” Görünür, istəməyiblər.
Hələ keçən dəfə baxıram ki, agentliklərdən biri Baş Prokurorluğun baş redaktorlardan birinə etdiyi rəsmi xəbərdarlığı olduğu kimi dərc edib. Nəticədə ortaya belə bir əcaib mətn çıxıb: “Qanunun 10-cu maddəsinə əsasən, yalan və qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzliyi…”
Bir cümlədə yox, sözdə iki xəta var:
– “yolverilməzlik” sözü bitişik yazılır, ayrı yazıblar;
– tərkibində bir inkar hissəciyi olduğu üçün onsuz inkar bildirən sözə “mə” şəkilçisi artırmağa ehtiyac yoxdur, artırıblar.
Dərinə gedəsi olsaq, cümlənin özündə də xəta var: “istifadə olunmasına yol verilməməzliyi…” Əslində “istifadə olunmasının yolveriməzliyi” olmalı idi. Bu da o deməkdir ki, bir cümlədə üç xəta var.
Ən xırda xəbər saytından tutmuş ən böyüyünə qədər hər kəs eyni səhvləri tirajlayıb. Buradan belə bir nəticə hasil olur ki, heç biri ya paylaşdığı mətni oxumur, ya da oxuduğu mətndə problem nədir – onu tuta bilmir. Redaktorların da əksəriyyəti filoloq. Hansını dindirsən magistratura diplomunu gözünə soxacaq: “Mən filan ildə filan univetsitetin müəllimi filankəs oğlu/qızı filankəsdən dərs almışam”.
Yenə deyirəm, ola bilsin, agentliklərdə rəsmi qurumların yaydığı məlumatlara hər hansı bir dəyişikliyin edilməməsi ilə bağlı ciddi tapşırıq var. Nəsə deyib imanımı yandırmaq istəmirəm. Vəziyyət son cümlədə dediyim kimi olsa belə problemdir. Yenə Azərbaycan reallıqlarını nəzərə alıb dinmirəm.
Üstəlik, bu kimi səhvlərə görə onları savadsızlıqda, məlumatsızlıqda ittiham etmək fikrindən tamamilə uzağam. Ən azı zənnimdə yanılmaq istəmirəm. Yanılsam məşhur yazıçının romanındakı kimi dünya qopası deyil, amma olsun. Yanılmayım.
Yanılmamışkən, deyim ki, məni ən çox düşündürən – məlumatı agentliklərə istinadən paylaşan saytlardır. Axı qarşılarında hər hansı bir öhdəlik yoxdur. Daha doğrusu, gündəlik media orqanı olaraq qarşılarında sözlərdən doğru istifadə etmək kimi bir öhdəlik var; çünki ancaq İP-yə işlədikləri üçün kütlə agentliklərdən də çox onları oxuyur, onlardan öyrənir.
Ümumilikdə İP-yə işlədi-işləmədi, hər bir media orqanı xitab elədiyi kütləni nəzərə almalıdır. Bu kimi səhvlərə hansısa tibbi ədəbiyyatda rast gəlsəm, söz etmərəm. O tip ədəbiyyatlar kütləvi deyil. Uzağı həkimlər oxuya, ya oxumaya. Gündəlik xəbər tirajlayan saytlarda çalışan jurnalistlər isə olduqca məsuliyyətli olmalıdırlar; çünki jurnalistlər özləri belə xarici dil öyrənmək istəyəndə birinci o dildə yazan xəbər saytlarına üz tuturlar.
Müəllifin başqa yazıları:
Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?
“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?
Bakılının erməni musiqisinə qulaq asmağı
Medianın azad fikrə reaksiyası
Səhv kimdədir: müxbirdə, redaktorda, yoxsa?
Qanalı Əhməd və azərbaycanlı Rasim
Senzura haqqında bir neçə kəlmə
Hakimiyyətdən ev alan jurnalistlərə deyilənlər
İntim görüntüləri yayılan kimdir?
Şura “11” deyir, İşçi Qrupu “9”…
Hamamda “iki nəfər ölüb”, yoxsa “kişi və qadın”?
Müxbiri müsahibin ayağına verənlər…
Bölgələrdən niyə xəbər yoxdur?
Moskva razılaşması haqqında bir neçə söz