Mətanət Natiq
Adamlar
Sözə Hikmət Sabiroğlunun “Qarabağ söhbətləri”ndəki bir cümləsiylə başlamaq istəyirəm: “Torpaq hər şeydən öncə adamlarıyla vətəndir!” Bəli, adamlarıyla! Çox doğrudur.
Son zamanlar narkomaniyanı təbliğ edən bir mahnı haqda çox danışıldı. Bəzi qızların o mahnının sədaları altında oynadığını əks etdirən videolar da nümayiş etdirildi. Düzdür, mühakimə etmək Allaha məxsusdur. Ancaq biz nəyi təbliğ edirik? Axı bu mahnını oxuyan da, onun sədaları altında oynayan da, bütün bunları yayanlar da bizim adamlardır. Sözün doğrusu, çox üzüldüm.
Yadıma yenə “Qarabağ söhbətləri”ndəki adamlar düşdü. Orada Məsarif adlı bir adamdan da söz açılır: “Məsarif Şuşanı çox istəyən adamdır. Şəhərin ən ağır günlərində bacardığını eləmişdi. Heç yadımdan çıxmaz, 1991-ci ilin avqustunda Xankəndi-Şuşa yolunda iki qardaşı girov götürmüşdülər – Məzahirlə Rəcəbi. 50 min rublu boynuna qoyandan sonra Rəcəbi buraxmışdılar ki, gedib pulu gətirməsən, qardaşını öldürəcəyik. Çox az da vaxt vermişdilər. Bunlar da kasıb adamlar. Şəhər camaatının bir neçə saatın içində düzəltdiyi pulu aparmaq kimi ağır işi (ermənilər qəti şərt qoymuşdular ki, gələn adam tək və silahsız olmalıdır) Məsarif boynuna çəkmiş, gecənin qaranlığında ermənilərin dediyi yerə – Xankəndinin qulağının dibinə maşın sürməkdən qorxmamışdı…”
Bəli, bunu edən də bizim adamdır.
Televiziya kanalında gənclərin əsgərliyə yola salınması mərasimi göstərilirdi. Bir çağırışçının atası deyirdi: “Arzu edirəm ki, oğlum Vətənə borcunu layiqincə yerinə yetirsin və əsl kişi kimi qayıdıb gəlsin”.
Biz bunları təbliğ etməliyik. O qədər təbliğ olunacaq adamlarımız var ki.
Bir misal da çəkmək istəyirəm. Onu bütün dünya tanıyır – əməkdar artist, gənc solo ifaçı Şəhriyar İmanov. O, tarda fərqli ifasıyla Azərbaycanı bütün dünyada tanıdır. Saysız-hesabsız insan onu ayaq üstə alqışlayır.
Bunları təbliğ etmək lazımdır. Çox istərdim ki, Vətənimin adamlarını belə işlərlə tanısınlar.
Məcburi boşanma, əsl sevgi hekayəti
Həftədə iki dəfə kursda oluram. Burada xanımlar çoxdur. Mən onunla orada tanış oldum. Olduqca gözəl, gülər üzü var. Bir gün mənə yaxınlaşıb: “Sizinlə danışmaq istəyirəm” dedi. Bir kənara çəkildik. Üzünü yenə mənə tutub: “Dərdimi sizinlə paylaşmaq istədim” dedi və çox ürək ağrıdan həyat hekayətini danışdı.
8 ildir ailəlidir. Həyat yoldaşıyla bir-birini sevib evləniblər. Qaynanasıyla bir yerdə yaşayıblar. Ailədə uşağın olmaması evdəki hüzuru pozub. Bu xanım nə qədər müalicə olunub, faydası olmayıb. Uşaqlar ana bətnində yeddi aylığında tələf olublar. Ailə uşaq həsrəti ilə yaşayır. Xanım deyir ki, qanımda mikrob var, ona görə müalicə fayda vermir: “Günlərin bir günü qaynanam mənə dedi ki, oğlumun uşağı olmalıdır, boşan, qoy oğlum evlənsin. Elə bildim dünya başıma fırlandı. Amma sonra ona haqq verdim, yoldaşıma boşanmağı təklif elədim. Yoldaşım dedi belə şeyi ağlına gətirmə, mən heç vaxt səni boşamayacam. Qaynanam bunu bildi, mənə ded o səni boşamayacaq, bunu sən eləməlisən. Sonra yoldaşıma başqa bir şey təklif etdim. Dedim bir qız al gətir, bir yerdə yaşayarıq, təki sənin uşağın olsun. Yoldaşım yenə etiraz etdi, razı olmadı. İndi beş aydır evimdən, sevdiyim insandan ayrı düşmüşəm. Anamgildə yaşayıram. Yoldaşım məni görməyə gəlir. Çox çıxılmaz vəziyyətdəyəm. Ondan ayrılmaq mənə çox çətindir. Amma istəyirəm onun uşağı olsun. Sabah gedib məhkəməyə ərizə verəcəm boşanmaq üçün”.
Danışdıqca gözləri dolurdu, ağlamaqdan özünü zorla saxlayırdı. Çox ürək ağrıdan sevgi hekayətidir. O məndən fikrimi soruşdu. Donub qalmışdım, cavab verə bilmədim.
Fədakar azərbaycanlı qadın simasıdır bu. Sevdiyi insana görə xoşbəxtliyindən keçən xanım. O da xoşbəxt yaşamağa layiq deyilmi? Nəyə görə sevdiyi insandan vaz keçməlidir? Axı deyirlər iki nəfər bir-birini tamamlayır. Uşaq nəsli artırmaq üçündür. Mən buna məcburi boşanma deyirəm. Çox çətin, həm də düşündürücü situasiyadır.
Yadıma başqa bir sevgi hekayəti də düşdü. Çoxdan tanıdığım bir xanım var. Onun haqqında danışanda həmişə “mərd qadındır” deyirlər. Sözün düzü, anlamırdım nəyə görə belə deyirlər, amma onun həyat hekayətini eşidəndə bu fikirlə razılaşdım. Bu xanımın neçə il övladı olmayıb. Yoldaşını çox sevib və ayrılmaq istəməyib. Bir gün özü qonşu kənddə bir qıza elçi gedib və yoldaşına həmin qızı alıb gətirib evə. Bir yerdə yaşayıblar. Həmin qız dörd uşaq dünyaya gətirib. Uşaqlar öz doğma analarından çox günlərini böyük ana dedikləri xanımın yanında keçirirmişlər. Sonra bir gün kişi xəstələnib ölüb. Bir il sonra uşaqların anası da ölüb. Uşaqlar qalıb böyük ananın ümidinə. O, uşaqları böyüdüb ərə verib. Uşaqların dördü də qızdır. Taleyin işinə bax! Allah bu uşaqları ona bəxş edib. İndi o xanım öz uşaqlarıyla çox xoşbəxtdir. Bu da bir fədakarlıqdır.
Qəbir daşı
Bayram günlərində kəndə yaxınlarımızın qəbirlərini ziyarətə getdik. Narın yağış yağırdı. Qəbirləri ziyarət edib, dualar oxuduq. Babamın qəbrinin yanındakı qəbir diqqətimi cəlb elədi. Qəbir dağıdılmışdı. Elə bil kimsə o qəbri baltayla çapmışdı.
Qəbir dağıtmaq pis işdir, barbarlıqdır. Amma insan da gərək elə yaşasın ki, qəbrinə balta çalınmasın…
Dostluq
Həyətimizdə bir qara it var, hamı onu sevir. Elə ki adamı gördü, quyruğunu bulayır və getdiyin yerə qədər səni yola salır.
Səhər işə gedəndə qonşu xanımın onu yedirtdiyini görürəm.
Bu qara itin bir pişik dostu var. Bir yergə yeyir, bir yerdə yatırlar. Soyuq qış günlərində onların bir-birinə qısılıb yatdıqlarını görmüşəm.
Deyirlər itlə pişik heç vaxt yola getməz. Amma həyətimizdəki itlə pişik çox gözəl, hətta insanlardan da yaxşı anlaşırlar. Düşündürücü mənzərədir.
Müəllifin başqa yazıları:
Balaca vətənpərvər, cənnət bağçası və ağlayan ağaclar
Xilaskar, müsəlman dünyası, tənha ağac, təhqir edilmiş şair…
Əsgər şalvarı, yeraltı dünyanın qəhrəmanları, sehirli aləm və yenilik