Oqtay Qorçu
Laçından deyim…
Bir yerin ki, adı Laçın ola, bir torpaqda ki, əzəldən dədə-babamız gəzə, bir elin ki, hər dərəsində, hər kəndində min illərlə yurd salan türk tayfasının ocaq daşı tüstülənə və bir torpaq ki, gəlişinin vur-tut 200 yaşı olan düşmən bu torpağa, bu elin sığınacağına dönük çıxa, dünəndən ayaqlanıb yalana bükdüyü taleyini bu yurdun ulu keçmişinə sırıya-sırıya min ilin tarixi kimi özününkü eləyə…
Dünyanın bu çağında, dünyanın zorlu olanın süfrəsinə oturduğu bir zamanda, XXI əsrin 13-cü ilində görən indiyəcən necə dözürük buna, axı səbri aşıb-daşan babalarımız heç “dayandoldurum” zamanında da, arxasız, əliyalın çağlarında da dözməmişdilər bunca zillətə. Amma biz dözürük. Bizim səngərimizdə oturub bizə güllə atanlara dözürük. “Allaha pənah!” deyib qısılmışıq fağır ümidimizə. Beləcə dözürük…
Dərd gətirən hər il dərdimizi təzələyib dərd üstünə dərd qalaya-qalaya belə bükür belimizi. Qarabağın söz-söhbəti uzandıqca işğalın tarixçəsi bir az da köhnəlir. Məqsəd də aydındı: qismətin zəhər payından diksindirmək bu elin, bu torpağın yiyələrini. Bu yaranı Azərbaycan adlı bədənimizdə qaysaqlada-qaysaqlada bir gün “yaran sağalıb daha” demək niyyəti bəllidi iblisin. 21 ilin nimdaş dərdi, qanı qurumuş yara – Laçın.
Ora Tanrının yaratdığı elə bir məbəddi ki, bütün yolların yoxuşu Laçına dirənir. Dünya Laçında qurtarır. Oradan bütün yer üzü görünür. Dünya özünü eni-uzunu boyu görmək üçün özünə Laçından baxmalıdı…
Bu yerlər bir zaman Abdallar kimi tanınıb. El-obadan kimsə arana enəndə yoluna çıxıb “gəlişin hardandı” soruşanlara dağları tuşudub Yuxarı Laçından gəldiyini deyərmiş. Laçınlı həm də Yuxarı Laçın adlanan kənddən aşıb gəldiyinə işarə vurarmış.
Adını bir zaman rus-erməni soyuna calayıb dəyişmək istəyiblər. Yenə önə ziyalımız çıxıb, yenə yazarımız görüküb irəlidə. Özünü oda-közə vurub, Azərbaycanın bir şəhər də artması sevinciylə Bakıdan o dağlara təşrif aparıb. Söz-söhbətə pəl vuranlar Laçın adına qulp qoyunca bakılı sinəsini verib irəli “laçınlı” olub, od püskürüb, “Laçın” deyib durub. Onun dediyini deyiblər sonda. Yeni şəhərə bolşevik adı vermək istəyən bolşeviklərin mənəm-mənəm dediyi zamanda.
İşğalçı rusların qırmızı bayrağı altına yığılan daşnakların məngənəsində çırpındığı bir zamanda dara düşən dağların hayına Simurq quşutək çatıb Tağı Şahbazi Simurq. Görkəmli yazıçı, sovet Azərbaycanında gedən milli-mədəni proseslərin öncüllərindən biri, respublikada təhsil və səhiyyə sisteminin formalaşmasında, yeni jurnalist nəslinin yetişməsində böyük xidmətləri olan təcrübəli pedaqoq, bilikli loğman, canıyanan məmur. 1937-ci ildə həbs edilib “xalq düşməni” damğasıyla güllələnmiş şəhid. Adqoyduya tələsən Simurq quşu dağlar qoynunda salınmış şəhəri öz adıyla çağırıb – Laçın. Ruhu şad olsun!
Qoyun-quzu mələşən düzlərə, tütəyini fışqırdan çobanlara, bayatı çağıran qız-gəlinlərə, hörükdə oynaqlayan kəhərlərə, biçənək yatıran kərəntilərə, meşədə armud görüncə ağzı sulanan, əhli-kef ovçunun cinləndirdiyi qara ayıya, çiyninə söykənən sərt qayalara, zirvələrə keşikçi duran buludlara, hər kənddə hər cığıra izi düşən doğma adamlara həsrət laçınlılar və Laçın. Oralardan həsrət salamı göndərən, hələ də özünü-sözünü unutmayan, gözləri bağlı saxlanan əsir vətən. Qandallı qanadlarını yastığa çevirib, özgənin çal-çağırında gözləri qan ağlayan Laçın. Bir laçın quşun ağısı boyda yandırıb-yaxan Laçın. Əsən küləyi dələ-dələ, göy qurşağının üstündən atıla-atıla, üzübəri – aşağılara, başı qarlı dağlardan üzü o yana – yuxarılara, qartal səkən, göz qaraldan qübbəli səmayadək doğmalarının sığınacağını axtaran başsız Laçın.
Düşmənə göz dağı olan, təklənib qolu boşalan, sinəsi dağlı Qarabağlı Laçın. Yüz illərlə çalışdılar, sonunda da belə. Od qoydular Qarabağın hər dağına, hər daşına. Axırda da, arxada və o yerdə onlar qaldı. 1992-ci ilin 17 mayında Laçına soxuldu qarı düşmənin nəvələri. Bizlər dədə-baba yurdunu itirdik, onlar nəvələrinə torpaq qazandırdılar.
İstəməzdim bu Laçın hekayətindən Simurq agah olsun…
Hələ də ağrısı-yanğısı köhnəlməyən, güllə deşən sinəsində dərdi körük təki od püskürənin üstünə Laçın boyda bir ələmin yükü düşə, Laçına görə canını fəda edib, ortalıqda qalanların nələr çəkdiyini o da anlaya və işğalda qalan, adı çəkiləndə yarası qan verən Laçınla birlikdə adının qoşa çəkildiyini eşidə, nələr çəkər o adam, Allah bilir…
Bunları düşünəndə lap yazığı gəlir adamın Tağı Şahbaziyə. Başa gələnlərdən, ayaqlanan Laçından torpağı xəbər aparıbmı görən Tağı Şahbaziyə, yoxsa bu boyda xəbərin gözünə dolan torpaq hələ insafı itirməyib deyə dağ kədəri gizlinə alıb ki…
Axı haqq dünyasında rahatlıq tapmaz, ruhu inciyər Simurqun…
Barı xəbəri çatmasın, vallah o da kövrəkdi, fağırdı, onun da ruhu göynəyir. Əsir-yesir olan Laçın təki Simurq da yazıqdı.
Laçının düşmən tankında şumlanmış tarixçəsindən çox öncə, Laçının laçın çağında Bakıda ölən ustada yazıq. Heyf… Hamıya, hər şeyə, hər bulağa, hər cığıra, hər qayaya, hər daşa, hər çiçəyə, hər meşəyə, hər ormana və heyf hər tikan qaşıyan ayaqlara, əllərə…
…Heyf ki, yoxdur…
Həmişə, hər yay tətilində dədə-baba ocağına, ata kəndimiz Oğuldərəyə gedəndə, yolun damarını kəsib elə ki, çatırdıq Laçının girəcəyinə, vəcdə gələn Ağa Laçınlı üzü dağlara durub 1920-ci illərdə bu dağlara adqoyduya gələn Tağı Şahbazini də yad edərdi. Ağlım kəsəndən atamdan bu sözləri eşitmişəm: “Allah sənə rəhmət eləsin, Simurq! Bu millət, bu el üçün nə zülmlər çəkib. Əgər əlini zirvəyə uzadıb “Laçın – bu yerin adı elə üstündədi” deməsəydi, onun inadı olmasaydı, yəqin bir bolşevikin adını bu yerə calayıb kirləndirəcəkdilər. Belə kişiydi ki, 37-ci ildə gözü götürməyənlər güllələdilər yazığı”.
Mən əvvəllər bu diyarın Abdallar adlandığını, bu yerdə Yuxarı Laçın kəndinin olduğunu, 1923-cü ildən buranın şəhər, daha sonra, yəni 1930-cu ildə rayon statusu aldığını da bilirəm. Mən bilirəm ki, tarixi XIII əsrin əvvəllərinə təsadüf edən və elmə bəlli olan qədim Laçın qalası, Laçın adlı şəhər olub. Mənim bildiyimə görə, belə yazırlar ki, hələ Həsən Cəlalın hakimiyyəti dövründən bu xanəgah məlum olub və bu Laçın adlı şəhərdə Çobanı xanlarının dövründə pul kəsilirmiş. Mən bilirəm ki, bu barədə Kirakos Gəncəli də məlumat verib. Və bizim Laçının, laçınlıların tarixən 1906-1918-ci illərdə rusların silahlandırdığı erməni dığalarına nə dağlar çəkdiyini də bilirəm. Azərbaycanın müstəqilliyi uğrunda, xalq hərəkatı savaşında xeyli qurban verən Laçının düşmən tələsində can tapşıran və qəhrəman Soltan bəydən, Xosrov bəydən üzü bəri neçə oğlunun başına gələnləri də bilirəm. Mən bilirəm ki, Laçında beli sındırılan, məğlub edilib geri oturdulan qulağıkəsik Andranikin qisasını almaq üçün dəfələrlə Zəngəzuru, Laçını qanda boğmağa cəhd edən düşmənlərin hətta bir zaman qondarma “Qırmızı Kürdüstan” adıyla Laçını almaq iddiası da olub. Mən gözəl yazıçımızın, Tağı Şahbazi Simurqun hekayələrini, povestini də oxumuşam. “Qayçı”, “Şəkərli çoban”, “Azadlıq üçün cinayət”, “Aldanmış ümid” və “Quşlar kimi azadə” hekayəsindən də xəbərdaram. Mən onu da bilirəm ki, bir çox vəzifədə çalışan və Azərbaycan Dövlət Universitetinin rektoru kimi tarixi, şərəfli bir posta yiyələnən, 45 yaşında güllələnən yazıçı, deyilənlərə görə, hətta “Quşlar kimi azadə” hekayəsini Laçın səfərində yazmağa başlayıb. Mən onu da bilirəm ki, mayın 17-si görkəmli dramaturq və yazıçı, laçınlıların köhnə dostu, əziz qonağı sayılan şuşalı Əbdürrəhim bəy Haqverdiyevin də doğum günüdü. Laçınlılar bu ziyalını da həmişə özününkü bilir.
Bəlkə də yox. Laçın nəğmədi. Elə bir nəğmə ki, göydən od töksə də, susuz bir səhrada da oxusan, yenə sərinlik tapacaqsan.
Torpağın xəbər aparsın…
21 may 2013-cü il