Hikmət Nazim
Təxminən iki ay qabaq rayonlardan birində “Gender bərabərliyi və media” mövzusunda tədbirə qatılmışdım. Peşəkar jurnalistlərdən və media ekspertlərindən təşkil olunmuş təlimçilərin sayəsində bildiklərimizi təkrarladıq, bilmədiklərimizi qeyd dəftərçəmizə yazdıq ki, daha ətraflı öyrənək.
İştirakçıların əksəriyyəti bölgələrdə fəaliyyət göstərən media orqanlarının təmsilçiləri olduğu üçün tədbirin sonuna doğru onların qaldırdığı məsələlər də müzakirə olundu: problemlər söylənildi, təkliflər dinlənildi, tövsiyələr verildi. Kimisi “yaxşı” deyib başını salladı, kimisi uzun-uzadı söhbətlərdən sıxıldığına görə telefonu açıb qurdalandı, kimisi öyrəndiklərini çalışdığı media qurumunda tətbiq edəcəyini bildirdi…
Çox müşahidə etmişəm, rayon camaatında bir xasiyyət var: Bakıdan kim gəlir-gəlsin, ürəyi açılır. Baxmır danışdıqları qarşısındakının maraq dairəsindədir, yoxsa yox – nə oturana yer verir, nə durana – eləcə açır sandığı, tökür pambığı. Düşünür ki, şəhərdən gələnlərin hamısı hansısa nazirlik nümayəndəsi, yaxud ölkə başçısının yaxın adamıdır. Dediklərinin, danışdıqlarının o otaqdan kənara çıxmayacağını bəlkə özləri də hiss edirlər, buna baxmayaraq susmurlar ki susmurlar. Qınamıram. Əllərində tribunaları yoxdur, “yuxarılar”a çıxışları məhduddur.
Heç olmasa, jurnalistlərin sözünü yuxarı instansiyalara çatdırmaq probleminin olmamasını umurdum; çünki əllərində media qurumu var. Media qurumu da olmadı, sosial şəbəkələr var. Bu da bir yana, bütün dövlət qurumlarının elektron poçtları mövcuddur, hamısı da ictimaiyyətə açıq. Səmimi sözümdür, iyirmi birinci əsrdə hansısa jurnalistin yuxarılara çıxış probleminin olduğunu təsəvvür etmirdim. Deyir, sən saydığını say, gör fələk nə sayır.
Onu deyirdim axı. Hamı danışdı, susdu. Jurnalistlərdən biri heç dayanmadı. Gözünü açandan redaksiyalarda can qoyduğunu, lakin heç bir dəfə də haqqını ala bilmədiyini bildirdi. Evdə uşaqlar dinib-oturub deyirlərmiş ki, otuz ilə yaxındır qəzetdə gözünün nurunu tökür, canını qoyursan, niyə bir dənə də olsun mükafatın, mükafat bir yana, fəxri fərmanın yoxdur?
Başa düşürəm, artıq alışılmış haldır ki, rayon yerində icra aparatının gözünün işığı olan media qurumları və onun rəhbərlərinə xüsusi diqqət və qayğı olur; çünki adətən həmin qəzet və saytları birbaşa rayon icra hakimiyyətinin başçısı təsis edir. Üstəlik, paytaxtda fəaliyyət göstərən media qurumlarının rəhbərləri belə hökumətin jurnalistlərə payladığı ev üstündə qırğına çıxır. Bəs bölgələrdəki jurnalistlərə nə gəlib? Niyə də əllərinə düşən fürsətdən yararlanmasınlar? İcra aparatı da yerli hökumətdir.
Həm də o jurnalist təkcə yerli icra hakimiyyəti orqanından deyil, sözünün davamında ümumilikdə respublikada təşkil olunan müsabiqələrdən, jurnalistlər üçün gündə bir mükafat təsis edən qurumlardan şikayətçi olduğunu dilə gətirdi. Özünün dediyi kimi, ya ancaq baş redaktorlar təltif olunur, ya da tapşırılmış müxbirlər… Hərçənd, “tapşırılmış müxbir” ifadəsi olduqca anormal səslənir, amma olsun. Azərbaycan reallıqlarını nəzərə almaq lazımdır.
Tədbirin təşkilatçılarından biri elektron poçt ünvanını ağ kağıza yazıb uzatdı ki, bizlə əlaqə saxlayın, sizə köməklik göstərərik, simvolik də olsa, bir mükafat alarsınız. Çox hörmətli jurnalist bu dəfə də elektron poçt anlayışından xəbərsiz olduğunu bildirdi. Belə aydın ki, hələ də qələmlə yazır. Ofislərində kompüter olsa da, onu açıb-bağlamağı belə bilmir. Baş redaktoru günahlandırdı: “Toz qondurmur”. Yerli səviyyədə keçirilən müsabiqələrə yolladığı yazıları isə qohum-əqrəbanın uşaqlarına yazdırırmış.
Son vaxtlar bu kimi hallarla tez-tez rastlaşıram. Ən çox da orta yaşı keçmiş jurnalistlər oturan kimi kompüter biliklərinin azlığından şikayət edirlər. Adamlar “vörd” proqramında işləməyi bilmirlər, qaldı ki, hansısa yazı müsabiqəsindən xəbər tutub qatılsınlar. Hələ işlədikləri qəzet, yaxud sayt üçün materialı hansı şəraitdə yazır, dərc edirlər – ondan danışmıram. Çoxu eynilə o şikayətçi jurnalist kimi baş redaktoru günahlandırsa da, daha çox özləri maraq göstərmirlər. Bu da onların media sahəsində baş verən yeniliklərdən xəbərsiz qalmasına gətirib çıxarır.
Hərçənd, bəzi məqamlarda onlar da qınanılası deyil. Yaza bildikləri, daha doğrusu, yazmaqlarına icazə verilən mövzular olduqca azdır, belədə özlərini inkişaf etdirmək yerinə çayxanalarda günlərini keçirirlər. Lakin onu da unutmaq lazım deyil ki, operativ xəbəryazma metodlarından istifadə etmədikləri üçün yazdıqlarını da qayıdıb təkrar oxumaq istəmirsən.
Misal üçün, Qazax Rayon İcra Hakimiyyətinin aylıq orqanı olan “Göyəzən” qəzetinin saytı rayon icra başçısının bütün görüşləri, qəbulları ilə bağlı xəbərlərə keçməzdən qabaq bu abzası mütləq yazır: “Bu gün Qazaxda Respublika Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşlara göstərilən diqqət və qayğı hər zaman ön plana çəkilir. Ölkə rəhbərinin siyasətinin əsasını təşkil edən vətəndaş amilinin Qazax rayonunda daim diqqət mərkəzində saxlanılmasının ən bariz nümunəsi isə sakinlərlə keçirilən səyyar görüşlər, fərdi qəbullar və sakinlərin istəyinə əsasən yerində baxış keçirilməsidir”.
E-maildən istifadəni bacarmayan jurnalist çətin məni anlasın – onu keçirəm. Heç olmasa, sayta xəbər yerləşdirməyi bacaranlar bir şeyi başa düşməlidirlər ki, müasir oxucu xəbəri saytlardan deyil, daha çox sosial şəbəkələrdən alır. Ən yaxın zamanda bəlkə yazı özü belə tarixə qovuşacaq, çünki artıq dünya data jurnalistikaya keçid dövrünü yaşayır. Yəni insanlar uzun-uzadı hekayəyə deyil, konkret rəqəmlərə, məlumatlara üstünlük verirlər. Bu keçid dövründə onları cəlb etmək, ayaqda qalmaq istəyirsənsə, yeni metodları mütləq öyrənməlisən.
Müəllifin başqa yazıları:
Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?
“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?
Bakılının erməni musiqisinə qulaq asmağı
Medianın azad fikrə reaksiyası
Səhv kimdədir: müxbirdə, redaktorda, yoxsa?
Qanalı Əhməd və azərbaycanlı Rasim
Senzura haqqında bir neçə kəlmə
Hakimiyyətdən ev alan jurnalistlərə deyilənlər
İntim görüntüləri yayılan kimdir?
Şura “11” deyir, İşçi Qrupu “9”…
Hamamda “iki nəfər ölüb”, yoxsa “kişi və qadın”?
Müxbiri müsahibin ayağına verənlər…