Cəhənnəmdən keçmiş mələk (119)
Avtobioqrafik roman
Üçüncü bölüm
Müəllif: BİRCƏ
Rüfət bizi doqqazın ağzında qarşıladı. Onun duruşuna baxanda yaralarımın ağrısını unutdum – hələ burasını demirəm ki, evə çatana qədər üzümün yarası şişib gözümü örtmüşdü. Rüfət darvazanı açıb bizi içəri ötürəndə dözməyib Kamildən soruşdum:
– Nəsə olub, Rüfət niyə bu gündədi?
Kamil iki əliylə başına qapaz saldı:
– Heç bilmirəm nolub, heç bilmirəm nə deyim, Rüfətin bu qızı şikəst doğulub.
Oturduğum yerə qaya kimi kök atdım, bir anda ağırlaşıb beş özüm çəkidə oldum. Zərbə dalınca zərbə!
Maşından düşə bilmədiyimi görən Rüfət – yığılıb cücəyə dönmüş gövdəli Rüfət ikiqat əyilib özünü üstümə atdı, məni qucaqlayıb doyunca hönkürdü, sonra dartınıb özünü də, özü qarışıq məni də maşından çıxardı. Kamil Rüfətin qollarını belimdən güclə açdı:
– Möhkəm ol, qardaş, Bircəni bərk sıxma, onun da yarası var.
Səkinə bibini qapıdan girən görəndə bir az toxtadım, üstünə yeriyib qoynunda-qoltuğunda təsəlli payı əskik olmayan dünyagörmüş arvadın qənşərində durdum:
– Nədi, nə məsələdi, – dedim, – sən bu nəsildə otuza yaxın uşağın göbəyini kəsmisən, düzələn şeydimi?
Səkinə bibi yaşmağını ağzına çəkdi, başını bulayıb çiyinlərini oynatdı. Onun təhər-töhüründən bir şey anlamadım, əl atıb yaşmağını ağzından aldım:
– Bəsdi daha nəvən yerində uşaqlardan da yaşmandın, de görüm nolub?
Arvad yenə yaşmağını burnunun üstünə qaldırıb:
– Yaşın az olduğuna baxma, mən də səni ağbirçək bilirəm, – dedi. – Təntimə, qardaşların yazıqdı, onların yanında təmkinli ol, görək başımıza nə gəlir.
Səkinə bibinin danışığından anladım vəziyyət elə də yaxşı deyil. Qaldım içəri-çölə ayaq döyə-döyə, bilmədim başımı nəylə qatım. Əlimi heç nəyə vurammırdım, yanıqlarımın zoqqultusu, üzümün göynərtisi məni gerçəklicə öldürürdü.
Handan-hana Kamil başımıza gələnləri Səkinə bibiyə danışdı. Arvad qardaşlarımı sağında-solunda oturdub dedi:
– Bax görürsüz, naşükürlük elədiniz, asi düşdünüz, bu boyda qızı öz əlinizlə az qala öldürmüşdünüz. Fironluq eləməyin. Yaradan Aytacı belə qəşəng, ağıllı verəndə hamımız sevinirdik. İndi buna da şükür eləyib dözməliyik. Hələ bilmək olmaz, bəlkə heç yaşamadı, üstəlik gün yarımçığı da var, bu da bir işartıdı.
Sonra Səkinə bibi gətirdiyi qazanı açıb bizi başına yığdı:
– Gəlin bir loxma çörək kəsin. Kamil, sən yeyəndən sonra qaç Tellini gətir, Bircənin əlləri iş tutası deyil. Tosu (uşaqlıqda kök olduğundan nənəm Rüfəti belə çağırırdı), sən də bikefləmə, zəng vur Rəhim Mənzəri götürüb gəlsin.
Telli mama gəlib yetişənəcən Səkinə bibi qapı-bacanı təmizə çıxardı, Ziyanın arvadını çağırıb otaqlarımızı silib süpürtdü. Qaynana-gəlin tez bir zamanda evi-eşiyi abıra saldılar. Telli mama gələndən sonra Rüfət gedib gəlini də anasıgildən gətirdi. Aytac məni görcək şivən qopardı:
– Sənin kimi mamanı Allah öldürsün, məni burda atıb oğlunla gəzməyə getdin? Bax, mənim nə qəşəng bəbəm var, – deyib az qaldı qundağı gözümə soxsun.
***
Rüfətin halı məni yamanca sinsidirdi. Dörd il ön cəbhədə səngərdə yatmış, neçə yol mühasirəyə düşmüş, neçə cəbhə yoldaşı qucağında can vermiş, neçə dəfə təltif olunmuş qardaşımın gözünü müharıbə qıra bilməmişdi, indisə, nənəm demiş, bir əli belində, bir əli telində olan bu igid oğlan ölüşgüyüb ötgün vurmuşa dönmüşdü.
Hələ heç nə görməmişdim, uşağa baxmamışdım deyə yetim quzu kimi dalıma düşən Rüfətə ürəklə təskinlik verə də bilmirdim, eləcə qardaşımı tez-tez bağrıma basıb gözünün yaşını silirdim:
– Toxta, qadan alım, toxta, – deyirdim, – indi texnika əsridi, həkimlər ürək köçürür, beyin köçürür, bəlkə buna da bir əncam çəkilər.
Rüfət qarşımda çöməlib ulayırdı:
– Sən görməmisən ey, bilmirsən, onun əncamı yoxdu. Özü də qız uşağıdı, necə olacaq, oğlan olsaydı vecimə almazdım.
Gecə hərə öz yuvasına çəkiləndən sonra Rüfət qundaq əlində yanıma gəldi:
– Al, – dedi, – aç bax.
Ürəyim sərçə ürəyi kimi uçunurdu. Rüfətin yanında özümü tox tutmağa çalışıb duruxa-duruxa bələyi açdım. Dərisi tərtəmiz, əlləri quş caynağı boyda qarasaç bir çağaydı. Ona sarı baxmasam da Rüfətin üzümə zillənmiş baxışları canımı üşüdürdü, körpənin qurşaqdan aşağısını açmağa qorxurdum. Handan-hana titrəyən əllərimlə çağanın sol ayağını bələyin içindən çıxardım – sol ayaq sapsağlam idi. Sağ ayağı görəndə təkcə əllərimin yox, ürəyimin də qaysağı qopub töküldü, elə bildim göyün dirəkləri yerindən oynadı, fəzada uçan daşlar üstümə yağdı – körpənin sağ ayağının dizdən aşağısı döyülüb əzilib yastılanmış ət parçası kimi sallanırdı, nə topuğu vardı, nə barmaqları. Rüfət uşağa baxa-baxa əcaib bir səs çıxardı – buna nalə də deyən olardı, nərə də:
– Bəs deyirdin düzələr, bəs deyirdin yaxşı olacaq?! Yox, mən belə yaşaya bilmərəm, özümü öldürəcəm!
O gecə Rüfət göyün mələklərini yerə çağırıb haqq divanı qurdurdu:
– Deyin, bəlkə mən davada günahsız adam öldürmüşəm? Bəlkə şikəst balaları yetim qoymuşam? Deyin görək mənim günahım nədi, mən nəyin cəzasını çəkirəm?
Qardaşımın üsyanı canıma vəlvələ salırdı, elə bilirdim indicə göydən od yağıb evimizi, nəslimizi yandıracaq. Rüfətin səbbini almaq üçün başını dizimin üstünə qoyub telinə sığal çəkirdim:
– Qardaş, qadan alım, toxta, – deyin yalvarırdım, – gördünmü Səkinə bibi də dedi ki, gün yarımçığı var. Bir də kim bilir, bəlkə bu elə bir uşaq olacaq, bütün nəsil onun başına yığılacaq? Bax qonşumuz Arzuya, bax Validəylə Gülnaza (şikəst bacıları deyirdim), bəs onların anası ölməsin, onlar necə dözürlər?
Rüfətin çiliklənmiş qəddini, doğranmış damarlarını bir yerə yığıb calamaq mümkün deyildi. Mən təskinlik üçün adlar çəkdikcə:
– Kaş elə onlar kimi, Arzu kimi olaydı, – deyirdi.
Arzu dediyimiz qonşumuzun oğluydu, sümük boşluğuyla doğulmuşdu. Gözümüzün qabağında böyüyə-böyüyə artıq otuz iki yaşına çatmışdı. Çölə-bayıra əl ağaclarının köməyilə çıxırdı. Hələ uşaqkən Səməndər ona hərfləri öyrətmişdi. Sonradan oxuya-oxuya o qədər yetkinləşmişdi, artıq ədəbi-fəlsəfi söhbətlərdə qardaşlarımla söz güləşdirirdi. Qarlı havada yol gedəmmirdi, onda Rüfət onu uşaq kimi kürəyinə alıb aparırdı kənd çayxanasına, bir də axşam düşəndə cavanlardan biri onu dalına alıb evə qaytarırdı. Kəndin xeyir-şərində cavanlar onu süfrənin başında oturdurdular. İndi bəlkə də Rüfət həm də Arzuya elədiyi yaxşılıqların əvəzini bu şəkildə aldığına görə qəzəbliydi.
– Kaş elə Arzu kimi olaydı, – bir də dedi.
Mən onun yanan canına su səpmək üçün ağladım. Kirimişcə ağladım. Bununla həm də qılıncını sıyırıb Allaha, fələyə meydan oxuyan, ədalət tərəzisinin ortaya gəlməsini yerdən-göydən çılğıncasına tələb eləyən asi qardaşımın suçunu azacıq yüngülləşdirmək istəyirdim.
– Özünü həlak eləmə, qoy görək başımıza nə gəlir, – dedim, – Allahdan umudunu üzmə, amandı!
***
Səhər açılar-açılmaz Aqilə zəng vurub uşağın vəziyyətini ona anlatdım. Aqil də mən deyəni dedi:
– İndi hər zavalın çarəsi var. Rüfəti bir dəqiqə gözdən qoyma! Bazar günü atamgili, bir də bir həkim dostum var, onu götürüb gələcəm.
Evimiz, iraq olsun, yuyat yerinə dönmüşdü, hamı bir-birindən yaşmanıb gizlənirdi. Nə yaxşı Səkinə bibinin, Telli mamanın həniri üstümüzdəydi – bizi böyüksüz, bizi pənahsız qoymurdular, gündə azı iki yol binəsib çağanı lütləyib tərəzidə çəkirdilər, artıb-artmadığına, gimrikləşib-gimrikləşmədiyinə baxırdılar. Hər baxışdan sonra Səkinə bibi dediyini deyirdi:
– Ay balam, səbirli olun, Allaha bəndəlik eləyin. Uşağın sədəfləri yoxdu, ciyərləri də açılmayıb, bu körpə çox yaşamayacaq.
Arvad bunu dedikcə Rüfət onun boynunu qucaqlayıb ağlayırdı:
– Ay bibi, o qızdı ey, qız uşağıdı, – deyirdi, – axı qız belə necə böyüyər, necə yaşayar!
Səkinə bibi körpənin onunu tökdüyü gün Aqil söz verdiyi kimi atamgili, bir də həkim dostunu götürüb kəndə gəldi. Qardaşımı bacı sevgisiylə qucaqlayıb oxşaya da bilmədim – hələ də əllərimdən qan süzülürdü, bütün günü suyun-selin altında olan yaralarıma sağalmaq üçün macal, möhlət verməmişdim.
Həkim körpəni görcək dedi:
– Belə uşaq bu şəraitdə qəti yaşaya bilməz. Yarımçıqdı, xüsusi rejimdə saxlanmalıdı. İşdi əgər qalsa belə bir az böyüyən kimi ayağı dizdən kəsiləcək.
Bu amansız diaqnoza tab gətirməyən Rüfət fikirdən yatağa düşdü. Aqil işini-gücünü atıb bir neçə gün kənddə qaldı, sonbeşiyimizin dizinin dibini kəsdirib ona təsəlli verdi:
– Qardaş, özünü ələ al, möhkəm ol, sən o cür od-alovdan keçmisən. Gördünmü Kamilin qızını, kim deyərdi Aygün nə vaxtsa belə xəstələnər? Mən o qızı gələcəyin parlaq bir elm adamı kimi görürdüm. Ancaq gördün fələk neylədi? O da şikəst doğulmamışdı ha, gözəl-göyçək, ağıllı-savadlı bir qızıdı.
Hətta dədələr dədəsi Aqilin də sözü kar eləmirdi, Rüfət günü-gündən gözümüzün qabağındaca əriyib solurdu. Kamil öz dərdini unudub gecə-gündüz onun yastığının dibindən çəkilmirdi, qorxurdu Rüfət canına xəsarət yetirə.
***
Qırxına az qala çağa qəfil qızdırdı. Çənəsi bərkiməmişdi, anasının döşünü tutub əmməyə gücü yoxuydu deyə Telli mama zavallı uşağı damcıdamızdıranla yedirirdi; görünür bu da onun köməksiz varlığını tənbəl öyrətmişdi, körpənin həyatdan yapışmaq vərdişinin yaranmasına imkan verməmişdi.
Rüfət uşağın azarlamasına biganə yanaşdı, heç şübhəsiz, bu müddətdə onun gözü əzrayılın yolunda qalmışdı, körpənin yaşamasını əsla istəmirdi. Səməndər onun niyyətinə bənd olmayıb uşağı həkimə qaçırdı, ancaq dava-dərman bir nəticə vermədi. Dünyaya gəlişiylə bir ata uşağını, bir nəsli peşman eləyən qızcığaz sanki bu xəcalətdən çıxmağı özünə borc bildi, körpəcə ölümüylə atasının yeddi başlı, yetmiş yeddi caynaqlı azman ölümünü əzrayıldan satın aldı…
Rüfət xəbəri eşitcək qaçıb anamın bacılığı, həm də bizim bir növ ailə həkimimiz sayılan tibb bacısı Gülləri evə gətirdi. Arvad çağanın öldüyünü təsdiqləyəndə Rüfət körpə cəsədi bağrına basıb duz kimi yaladı, ağladıqca ağladı, öldüyünə görə qız balasına belə təşəkkür elədi. Güllər xala uşağın bələyini açıb baxandan sonra dedi:
– Yazıq körpə, canı qurtardı bu dünyanın zülmündən.
Əmim oğlu Ziyanı uşaq qəbiristanlığında qəbir qazmağa göndərib anamı oyatdım. Körpə səhərə yaxın evimizin üst mərtəbəsində keçinmişdi deyə atamgilin heç nədən xəbəri yoxudu. Atam əl-üzünü yuyandan sonra bel götürüb qapıdan çıxdı:
– Siz uşağı rahatlayın, qəbir hazır olanda Ziyanı dalınızca göndərəcəm.
Güllər xala evin arxasında bir çala qazıb yekə mis qazanda su qızdırdı. Su isinəndə anamı yanlayıb dedi:
– Gedək mən suyunu töküm, sən də uşağı yıxa.
Anam qorxub bir addım geri atıldı:
– Güllər, amanın günüdü məni çağırma, bu iş mənlik deyil.
Yenə Səkinə bibi çatdı hovumuza. Onu çalanın başına aparıb qundağı qucağına verdim. Bələyi açıb körpəyə bir xeyli tamaşa elədi. Genbalaq qatlama tumanını altına yığanda arvada yazığım gəldi, gördüm qundağı yıxasa üst-başı islanacaq. Vedrə dolu suyu onun qabağına qoyub mis quyruqlunu əlinə verdim:
– Al sən suyunu tök, mən yuyacam.
Səkinə bibi dilxor oldu:
– Sən Allah qoy mən yuyum, amandı, sən xəstələnərsən. Bəs bu Telli harda qaldı axı gəlmədi?
Qundağı onun qucağından alıb çalanın üstünə tutdum. Çağanın gül əndamını sabunladıqca əlim şikəst ayağına dəyirdi səksənirdim, elə bilirdim əlimdə bir körpə mələk yıxayıram, qaba tərpənsəm onun kəpənək qanadlarını qıraram.
Cəsədi suya çəkib ehmalca bibimin qucağına qoydum. Bu dəm başımı qaldıranda çağanın aralıda durub ağlayan anasını gördüm, iş işdən keçməmiş körpəni əzrayılın dişindən qoparıb ona qaytarmağım gəldi.
Ancaq iş işdən keçmişdi, fələk ananı baladan ayırmışdı, bu ana yüz min il yaşayıb yüz min uşaq doğsaydı da, bu körpə bu dünyaya bir də gəlməyəcəkdi…
Səkinə bibi hələ adı qoyulmamış, bu dünyadan adsız-ünvansız gedən, məhşər günü bəlkə atasının-anasının da tanımayacağı körpəyə ağı deyə-deyə əl boyda cəsədi ağa bükdü.
Qundaq torpağa hədiyyə verilməyə layiq bir gül dəstəsi kimi bükülüb hazır olanda Güllər xala anamı hayladı:
– Ay səni daşa dönməyəsən, heç olmasa qəbiristanlığa gedənlər gələnəcən bunu qucağında saxla.
Anam qaçıb özünü evin dərinliyinə batırdı. Ziya qəbrin hazır olduğunu deyib körpə cəsədi yerdən götürəndə Musa əminin öz meyidini etibar eləmədiyi Yaqub dayı irəli durub qundağı onun əlindən aldı:
– Bu qız uşağıdı, bunu qəbiristanlığa gərək qadın aparsın.
Kişinin dediyinin doğruluğundan-əyriliyindən xəbərim omasa da qundağı Yaqub dayıdan təhvil alıb düşdüm Ziyanın qabağına.
Qəbiristanlıq elə də uzaq deyildi. Yolun yarısını getmiş-getməmiş atamın dostu Bəşər dayı qabağımı kəsdi:
– Ver bura uşağı! Bu kəndin kişiləri qırılıb ki, qundağı sənin qucağına veriblər?
Mən yolumdan qalmadan:
– Yaqub dayı deyir gərək qəbiristanlığa qadın aparsın, – dedim.
Kişi hirslə dartıb qundağı qucağımdan qopardı:
– Get əlini-üzünü arxda yu, tərpən evə! Özün də çatan kimi yağı dağ elə iç. Ölünün irisi-xırdası olmaz, ölünün zəhmi ağır olar.
Əlbəttə, bu kişinin yatsa yuxusuna da gəlməzdi ki, mən təkbaşıma ölü yuyub kəfənləmişəm. İçimdən bir gülüş dalğası keçdisə də özümü saxladım, körpənin cəsədini Bəşər dayıya verib geri qayıtdım.
Yolda Telli mamayla qabaqlaşdıq, bizə gedirdi.
– Sən Allah Rüfət nə təhərdi, – soruşdu, – heç toxtadımı bir az?
– Bilmirəm, – dedim, – evdə yoxdu.
Qapıya çatanda bizi Kamil qarşıladı, bibimi qucaqlayıb kövrəldi:
– Gördünmü, – dedi, – Allah baxdı biz üsyana qalxmışıq, bunu da alıb apardı.
Elə bu dəm Səkinə bibi başılovlu özünü bizə yetirdi:
– Kamil, sənə bibin qurban, tamam yadımdan çıxıb deyəm – adsız uşaq basdırılmaz. Tez özünü yetir qəbiristanlığa, körpəyə ad qoyun, sonra torpağa tapşırın.
Kamil maşına oturub Ziyagilin dalınca sürdü.
Başsağlığına gələn kənd adamlarına həyətimizdəki çardağın altında çay verib yola saldıq…
***
Rüfətin xəstə yatdığı çarpayıda bu səfər mən yuva qurası oldum. Yediyim-içdiyim burnumdan gəldi, bir ay xəstəxanayla evimizin arasında qaldım. Dava-dərmanın bir faydası olmayanda Aqil maşın göndərib məni Bakıya apartdı.
Burnumdan bələk iyi, süd qoxusu çəkilmirdi. Yenə hansısa dünyadan qulağıma səs gəlirdi, kimsə kürəyimin arxasından başını uzadıb ömrümün içinə boylanırdı.
Ta dekabr gələnəcən həkimlərdə qaldım, indi adını çəkməyəcəyim, qəbulunda keçirdiyim saatlar barədə bir müddət sonra geniş, yerli-yataqlı danışacağım şöhrətli psixiatrın şəfalı əllərindən dirilik suyu içib geri qayıtdım. Həkimin qəbuluna bir də ayın axırı, yeni il qabağı getməliydim.
O müddətdə Cavidə Səməndərin böyük qızı baxmışdı. Bu gözəl, ağıllı, yanımcıl qız nə danışırdı, nə eşidirdi – ana tərəfdən gəlmə lal-karlığı vardı. Əsmər dərisi, qara qıvrım saçları, iri gözləri onu eynən qaraçı qızlarına bənzədirdi. Aqillə Hakim bu qızı Bakıdakı xüsusu məktəbdə səkkizinci sinfə kimi oxutmuşdular, ondan sonra atam gedib onu evə gətirmişdi, böyük şəhərdə bu dilsiz-ağızsız qızın başına bir iş gələcəyindən qorxmuşdu.
Mən evimizə qayıdandan sonra da Səməndərin qızı əlini üstümdən götürmədi. Eşidib danışmadığına baxma, onun bişirdiyi yeməklərin, şirniyyatın dadından doymaq olmurdu. Hərdən Rüfətlə süpürləşib güləşirdilər, qız o boyda kişini bir həmləyə aşırırdı.
Bu dilsiz-ağızsız mələyi tale elə bil mənim bu günümdən ötrü, mənim əvəzləyicim kimi göndərmişdi. Onun əlləri, gözləri, saçının hər teli, əlinin hər barmağı, yerişi, duruşu, sükutu, bir sözlə, dilindən, nitqindən başqa nəyi vardısa hamısı danışırdı. Günün on səkkiz saatını diz qatlamayan, kiriməyən, gecə yuxuda da özünü minib çapan, dili-dodağı kilidlənəndən sonra beyni danışan mənsə qəribə bir mərəzə mübtəla olmuşdum – nitqim tutulmuşdu, qulaqlarım batmışdı, dizim-dirsəyim heydən düşmüşdü. Saatlarla gözümü bir nöqtəyə zilləyib dururdum, nə dilim danışırdı, nə gözlərim, nə əllərim…
(Ardı var)
Mənbə: Kulis.az