Şəhrizadın… tarzən Ramiz Quliyev nağılı (1)
Oxunuşca daha şirin, daha mənalı “Min bir gecə” hekayətlərinin üslubuna salınmmış lirik süjetlər əsasında
Rafiq Hacıyev
yazıçı-jurnalist, Cəfər Cabbarlı
və Rəsul Rza ədəbi mükafatlar laureatı
“Bilik – öyrənməkdən, düşüncə – təcrübədən, dərakkə – fikirləşməkdən
meydana gəlir, onların da olduqları, birləşdikləri yer ağıldır.
Bu üç keyfiyyət kimdə birləşmişsə, o adam kamildir!”
“Min bir gecə”dən
“Mən həmişə öz qarşıma bir məqsəd qoymuşam ki,
həyatda bu şeylərə nail olmalıyam və nail də olmuşam”.
Ramiz Quliyev, tarzən, Xalq artisti,
Dövlət mükafatı laureatı, professor
PRELÜD VƏ YA… FİKRİN AÇILIŞI
…Qüdrətli Allah-təalanın (O, böyükdür, şəni də çoxdur!) tədbiri və inayəti budur ki, bu nağılı oxucular üçün ilk olaraq öz qısa giriş sözlərimlə mən başlayım. Məbudumun kərəminə min şükürlər olsun. Həyatda ən yaxın, ayrılmaz dostum, sirdaşım və pənahım məni Yaradan qadir və qahir Allaha bu işi sadə qələm sahibi olan bir bəndəsinə rəva bilib razılıq verdiyinə görə sidq ürəkdən razıyam və mehriban pərvərdigarıma minnətdaram.
Möhtərəm oxucu! (Allah sizdən razı olsun!). La ilahə illəllah, Məhəmmədən rəsullillah! İnsan hansı işə girişsə, o gərək bu işi bütün varlığı Yaradanın ecazkar, ülvi və müqəddəs adı ilə başlasın. Buna görə birinci olaraq söhbətə başlamaq mənim üzərimə düşdüyündən Yaradanın gözəl adı ilə danışmaq istəyirəm.
Qoy İlahinin pak, əziz ismini eşitməklə ona olan ümidimiz sarsılmaz bir zəmin üzərində qərar tutmuş kimi, möhkəmlənsin, onun adı hər gün dilimizdə mədh olunsun.
Beləliklə, Məhəmmədin, Əlinin (Allah onların ikisinə də rəhmət eləsin!) adlarını çağırıb “Allahü-Əkbər” deyirəm. Hamı kimi, mən yetim bəndəsini də öz pənahında saxlayan sahibi-aləmlə – Böyük Allahla (Şükür onun kərəminə!) razi-niyaz eyləyib onun lütfilə ağbirçək, ipək nənələrimizin söyləgiklərinə rəğmən, şirin-şəkər bir söhbətin YOLuna sözün ilk cığırını salıram.
Lakin şərəfli ömrünün kövrək cığırları böyük yola çıxan, özü isə bütöv həyat amalı və nurlu əməlləri ilə insanlığın, şəxsiyyətin, ləyaqətin, sənətin işıqlı YOLuna çevrilən mötəbər, nüfuzlu bir bəşər övladı haqqında dadlı-tamlı, pardaqlanan daha geniş söhbəti isə sizə mənim saldığım söz iziylə Yaradanın inayəti sayəsində addımlayan əsrarəngiz və sirli-sehirli “Min bir gecə”nin möhtəşəm xanım baş qəhrəmanı Şəhrizad danışcaq…
MİN BİRİNCİ GECƏ
və… Şəhrizad növbəti nağılı bitirib qurtarandan sonra Şəhriyar şah gün doğanacan yatdı. Ay öz evinə – Şərəfan bürcünə gedib Günəş Məşriqdən çıxaraq hər tərəfi nura qərq eləyəndə o, “İqamətgahı-səadətə” – divanxanaya (“divanxana” sözü burada saray əyanlarının “yığıncağı” mənasında işlənibdi) gəlib həşəmət yerində, taxt-səltənətində əyləşdi.
Şahın yaxın adamları hökmdarın başına ulduzlar Ayın ətrafına toplanan kimi toplandılar. Saray əsilzadələri, əyanlar, əmrlər, canişinlər şahın hüzurunda – hər biri adına-sanına müvafiq yerdə dayanıb-durdular. Vəzir-vəkil onun sağında-solunda əyləşdilər.
Şəhriyar şah gün batanacan burada ədalətlə divan qurdu, kimini qulluğa təyin etdi, kimini qulluqdan çıxartdı, kiminin günahından keçib bağışladı, əmrlər verdi, qadağalar qoydu. Günəş Məgribdə qüruba enəndən sonra şah divan işlərini qurtarıb hərəmxanasına – öz böyük imarətinə gəldi.
Bu imarət göz oxşayırdı. Divarları tamam qiymətli daş-qaşdan, yaqutdan, qızıl-gümüşdən hörülmüşdü. Döşəmələri büllurdan, əlvan rəngli zəbərcəddən, firuzədən idi. Pəncərələr və qapılar səndəl və əzvay ağaclarından düzəldilmişdi.
Şah qədəmlərini vəzirin qızı, gözəllikdə misli-bərabəri olmayan Şəhrizadın otağına atdı. Dünya gözəllərinin sərtacı, xumargözlü, qələmqaşlı Şəhrizad əyninə qırmızı rəngli köynək geyinib, səna izarına bürünmüşdü, pambıq kimi ağ bədəni qırmızı köynəyinin altından özünü büruzə verirdi. Boynunda saf qızıldan xünk vardı. Bu xünk döşlərinin arasınacan sallanırdı, alnına bir çəngə kömür kimi zil qara saçları tökülmüşdü. Bu qara saçlar və onların uzunluğu zülmətli gecəni andırırdı. Onun çöhrəsinin şüası ayı, ulduzları kölgədə saxlayırdı.
Şəhrizadın gözəlliyinin heç bir qüsuru, nöqsanı yox idi. Səhər günəşinə bənzəyən bu qız naz-qəmzə sata-sata ceyran kimi bu tərəfdən o tərəfə çevrilib qələm qaşları və kirpikləri ilə ürəkləri yaralayırdı. Üzündəki təbəssümü görüb göyün məşəli buludların arasına girmişdi. Gözləri iri, yanaqları girdə idi. Püstə dəhanındakı dişləri inci, mirvari danələrinə bənzəyirdi, qızdan ətrafa xoş ətir yayılırdı. Yanağının üstündə ənbər kimi rayihə saçan bir xal vardı ki, şair bu barədə yaxşı deyib:
Nə qədər gözəldir o qəddü qamət!
Bulud saç, ay qabaq! – görən olur bənd.
Qınama üzündə qara xalını,
Qara xal bəxş edir ağ üzə ziynət!
Başqa bir bir şeirdə isə şair belə deyib:
Gözəlliyi o qızın yanına gətirdilər,
Gözəllik yerə dikdi xəcalətdən gözünü.
Dedilər: “Görürsənmi bunun bərabərini?”
Gözəllik təkrar etdi “Xeyr. Xeyr!” sözünü.
Bəli, gözəlllər gözəli, ağıl və hikmət sahibi Şəhrizad kiçik bacısı Dünyazadla birlikdə idi.
Otaqda yerə zinətli ipək parçalar, əlvan naxışlı xalçalar döşənmişdi, divarlara üstündə heyvan, quş şəkilləri olan qiymətli zərxaralar vurulmuşdu. Təsvir olunan quşların, heyvanların bədənləri qızıldan, gümüşdən, gözləri mirvaridən, yaqutdan düzəldilmişdi.
Pəncərələrə mirvarilə haşiyələnmiş pərdələr asılmışdı. Bura elə cah-cəlalla, hər cürə daş-qaşla, ləli-bədəxşanla bəzədilmişdi ki, elə bil cənnətin ən yaraşıqlı xiymələrindən biri idi. Baxan heyran olurdı. Açıq-aydın görünürdü ki, otağın görkəmindən xoşbəxtlik yağır.
Şah qızları salamlayıb, üzlərinə gülümsədi, hörmət eyləyib şirin sözlər dedi, onlar beləcə oturub söhbət elədilər.
Axşam düşəndə Şəhriyar kənizlərə əmr elədi şamları, çıraqları yandırsınlar, masanı gətirsinlər. Onlar da gedib saf qızıldan hazırlanmış, daş-qaşla zinətləndirilmiş masanı gətirdilər, onun üstü Allahlara layiq müxtəlif xörəklərlə dolu idi. Süfrədə ürəyin istəyən hər cür ləziz təam var idi və təamların hamısı da qızıla tutulmuş çini buludların içində idi.
Qızıl aftafa-ləyəndə əl suyu verildikdən sonra süfrə başında oturdular.
Kənizlər onlara əllərini qurulamaq üçün üç dənə qar kimi ağ, zərif qətifə gətirdilər. Qətifələrdən elə qızılgül iyi gəlirdi ki, hər yeri gül ətri bürüdü. Kənizlər masanın üstündən bir neçə qəşəng gümüş gülqabı götürdülər, bunlardan biri gülabla, biri narınc, biri yasəmən suyu ilə, o birilər də başqa ətirli sularla dolu idi. Kənizlər ətirli suları onların üstünə çilədilər.
Şah və xanımlar qədərincə yeyib özlərini tamam bərkitdilər, üstündən ətirli müşk qatılmış su içib əlhəmdülillah dedilər. Qab-qacaqlar yığışdırıldı. Kənizlərin gətirdiyi qızıl aftafa-ləyəndə hamı əlini-ağzını yuyub ipək dəsmalla quruladı. Sonra kənizlər masanın üstünə qızıl, gümüş, büllur qablar, həm də hər cür gül-çiçək, içində müxtəlif çərəz, şirniyyat olan məcməyilər düzdülər. Buxurdanlarda ətirli otlar-müşk, quru əzvay, ənbər yandırdılar.
Şərab dolu piyalələr paylandı. Şah öz piyaləsindəki şərabı içdi. Sonra Şəhrizada və Dünyazada da içməyə ixtiyar verdi. Aybənizli kəniz udun simlərini köklədi, dizinin üstünə qoyub, onun üzərinə ana öz körpəsinin üzərinə əyilən kimi əyildi, udun on dörd pərdəsində gəzən barmaqlar elə nəğmələr oxumağa başladı ki, tay nə deyim…
Simli alətdə sehkar, əfsunlayıcı beşik mahnısı kimi aram, oxşayıcı və layla çalan ritmlər eşidildi. Qulluqda müntəzir dayanmış başqa bir kəniz isə udun həzin sədaları altında xanımlara şərab payladı. Onlar gecəyəcən deyib-güldülər, şeir oxudular – ürəkləri şad oldu – ürəkləri birləşdirənə şükür olsun!
Bax belə! Elə ki, gecə-gündüzü idarə eyləyən Mikayılın istirahət saatları başlandı, soyuq və quru Zühəl ulduzu çıxdı, məxluqat yuxuya getdi, hər iki dünyanın sahibi, həyatın atası və hakimi Allah onların hamısının üstünə qara, ulduzlu pərdə çəkdi və qıvrımsaçlı
MİN İKİNCİ GECƏ
gəldi, eyş-işrətin şirin bir aləmində – şərabdan sonra məstliyin ilk dəminın çatan çağında Dünyazad üzünü Şəhrizada tutub istəyini dilə gətirdi:
– Baçı can, indi nağıl danışmağın lap əsl məqamıdır. Səndən iltimasım budur, lütf elə, uzun gecəni başa vurmaq üçün bizə xoşagələn və ürəkaçan nağıllardan birini danış qulaq asaq, söhbətindən mənfəətbərdar olaq. Sənin rəvayətlərin çox şirindir.
Dünyazadın sözünü şah da qüvvətləndirdi:
– Mən də istəyirəm mənə elə bir nağıl danışasan ki, onu ömrümdə indiyənə qədər eşitməmiş olum.
Şəhrizad iltifatla cavab verdi:
– Əgər qibleyi-aləm, bəxtiyar şah rəhm eləyib məni öldürməsə, sağ qalsam, bu gecə nağılların parlaq aləmi, qədim rəvayətlərin sərt və ağır təsviri, şərq fantaziyasının alovlu, oynaq və rəngarəng duyğuları əvəzinə sizə indiyənəcən tanımadığınız elə bir məşhur tarzən haqqında hekayət ərz edəcəyəm ki, hələ beləsini eşitməmisiniz. Dediklərim əlbəttə, heç şübhəsiz, ürəyinizi açacaq, ruhunuzu oxşayacaq!
Yuxusuzluq xəstəliyindən əziyyət çəkən padşah bu sözləri eşitdikdə onu dərin maraq hissi bürüdü. Özlüyündə fikirləşdi: “And olsun Allaha, mən bu gecə tarzənlə bağlı Şəhrizadın nağılını eşitməyincə, onu öldürməyəcəyəm”.
Dünyazad Şəhriyarın keçirdiyi halı duyub dilləndi:
– Bacı can, səni Allaha and verirəm, gecəmizi qısa eləmək xatirinə, o tarzən barədə hekayəti bizə söylə.
Şəhrizad şahın hüzurunda təzim edib, ona ürəyi dələn bir baxışla nəzər salaraq, saray xanımlarına xas olan incə nəzakətlə və şirin lətafətlə:
– Qüsursuz şahımız iltifat göstərib nağıl etməyə icazə versə gözlərim üstə, bu ünlü sənətkar barədə sidq-ürəkdən və məmnuniyyətlə, böyük həvəslə danışaram, – dedi.
Şah vəzirin qızından bu sözləri eşidəndə qalxıb əyləşdi (o, mütəkkəyə dirsəklənmişdi), gözəl bir nağıla qulaq asacağına sevinib vəcdindən razılıq əlaməti olaraq başını yellədi. Yəni buyur: “De gəlsin, ay Şəhrizad xanım, sənə nağılı söyləməyə icazə verirəm, çünki dünyaca məşhur olan həmin musiqiçi haqqında eşitməyi və bilməyi mən də çox istəyirəm”…
…Aybənizli kənizin dizinin üztündəki udun on dörd pərdəsində gəzən barmaqların fəqan edib oxuduğu nisgilli nəğmədən qopan, acı bir hicrandan və uzaq bir vüsal həsrətindən həzin-həzin danışan səslər pərdə-pərdə, sakit-sakit axıb gəlirdi.
Gecə aydınlıq idi, kainat mavi tülə bürünmüş kimiydi. Ay işığının gözəlliyi, gecənin səssizliyi sarayın baxçasındakı qızılgüllərin, yasəmənlərin ətrinə qarışaraq qəlbə axır, adama anlaşılmaz qərib duyğular təlqin edirdi.
Şəhrizadın gözləri qabağında gecənin ulduzlarla dolu ucsuz-bucaqsız okeanı açılırdı. O, başını qaranlıqda sayrışan ulduzlara doğru qaldırıb elə titrək, həzin və məlahətli səslə danışmağa başladı, sanki gözəl bir mahnı oxuyurdu.
Bu andan etibarən onun söhbəti sehirli bir nağıla bənzədi: elə bil qarlı, soyuq qış gecəsidi, ağbirçək nənə nağıl danışır, sən də peçin yanındakı çarpayıda uzanıb istidən xumarlana-xumarlana, qulaq asırsan…
Şəhrizad aybənizli kənizə çalğını saxlamağı işarə edib, sözlərini nəcib ifadə ilə belə ərz eləməyə başladı:
– Baş üstə, itaət borcumdur! Qulağınız məndə olsun, diqqətinizi məndən əsirgəməyin. Hamımızın yiyəsi, hər şeyi dəyişdirən, amma özü dəyişməyən qüdrətli Allaha həmd olsun! Ağamız Məhəmməd peyğəmbərə (Allah ona min rəhmət eləsin!) salavat!
Nağıla başlamazdan əvvəl məşhur “Çitrasutra” poemasından hind mütəfəkkiri ilə şahın söhbətindən kişik bir parçanı misal gətirməyim elə bilirəm ki, sizin üçün də maraqlı olar: Şah – Ey pak insan! Danış görüm, Allahın təsvirini necə yaradırlar? Mütəfəkkir – Ey böyük hökmdar, rəngkarlığın qanunlarını bilməyən kəs təsvirin xüsusiyyətlərini başa düşə bilməz. Şah – Rəngkarlığın qaydalarından danış görüm… Mütəfəkkir – Rəqs elmini bilmədən rəngkarlığın qaydalarını başa düşmək olmaz. Şah – Əvvəlcə rəqs elmindən danış. Sonra da rəngkarlıq haqqında söylə… Mütəfəkkir – Musiqini bilməyən kəs rəqs texnikasını çətin başa düşər. Çünki musiqisiz rəqs qətiyyən mövcud ola bilməz. Şah – Onda əvvəlcə musiqi haqqında danış… Mütəfəkkir – Musiqi nəqməsiz, çalğısız anlaşılmaz…
Həqiqətən də Şərq mədəniyyət xadimlərinin hərtərəfli inkişafı onların sənətini əlvan rəng koloriti və dərin fəlsəfi mahiyyətlə zənginləşdirib. Mən də sizə məhz belə bir görkəmli mədəniyyət xadimindən – duyğular vasitəsilə yaşanan obrazlar dünyasında Allahın işığını, nurunu Günəş şəfəqləri tək musiqinin melodiya çalarlarında insanların ürəyinə səpən ən füsunkar bir tarzəndən bəhs edəcəyəm.
Ey bəxtiyar şah və ədalətli hökmdar, Allah sənə nə qədər dünya var, ömür versin ki, həmişə kölgən bizim üstümüzdən əskik olmasın. Eşit, bil və agah ol: Belə rəvayət edirlər ki, hal-hazırda (Allah hər şeyi biləndir, ən qadirdir, ən rahimdir və ən səxavətlidir) bizim Hindistan və Çin adalarından lap çox-çox uzaqlarda, Günbatar tərəfdə, Odlar Yurdu adlanan, gecələri məhəbbət dolu Ayla, ulduzlarla yatıb, gündüzləri sevincli Günəşlə oyanan, daima bolluq içində şad-xürrəm ömür sürən, təbiəti də, insanları da gözəl, əliaçıq, şənlik sevən, qonaqpərvər, şeir-sənət, musiqi ocağı Azərbaycan məmləkətinin ədalət, əmin-amanlıq, zövqü-səfa səltənəti, dəli-dolu yağışlı, dəymə-düşər havalı, hirsli küləklərin cıdır düzü qədim Badu Kubədə – indiki Bakı şəhərində, dövrünə görə cəmi tar ifaçıları səfində tayı-bərabəri olmayan, məxluq tərəfindən sidq-ürəkdən bəyənilən, xoş xəbər-ətəri, adı, şöhrəti məqribdən məşriqəcən bütün ərzi dolanan Ramiz Quliyev (Allah ondan razı olsun!) ismində mahir, qəvi (güclü) bir tazən yaşayır.
Əgər unutmayıbsınizsa, altı yüz səksən dördüncü gecədə mən bu tarzənin nurlu vətəni gözəl Azərbaycanın adını çəkmişəm və Xüzeymənin İkrimə ilə olan əhvalatında sonuncunun bu məmləkətə canişin təyin edilməsi barədə sizə danışmışam.
Elə buradaca mən bərdaşt eləyib filosofların, tanınmış şəxslərin fikirlərindən bir neçə kəlmə də söz demək istəyirəm. Düşünürəm ki, hikmətli sözlərin kim tərəfindən və nə zaman söylənməsindən asılı olmayaraq, onlara həmişə böyük mənəvi ehtiyac olub.
“Musiqi əsl ümumbəşəri dildir” – bu fikir böyük alman yazıçısı və musiqişünası Veber Karl Mariyaya (Onun ruhu şad olsun!) məxsusdur.
Digər bir alman musiqişünası Bax Vilhelm Firideman (Onun ruhu şad olsun!) bu fikrin təsdiqi olaraq deyib: “Musiqinin məqsədi qəlbləri riqqətə gətirməkdir”. Rus yazıçısı Fyodor Dostoyevski (Onun ruhu şad olsun!) isə söyləyib: “Modalar dəyişir, əsl musiqi isə əbədi yaşayır”. Martin Lüter (Onun ruhu şad olsun!) belə deyib: “Musiqi ən gözəl möcüzələrlə dolu ilahi nemətdir”. K.Silvestr (Onun ruhu şad olsun!) öz düşüncələrini belə əks etdirib: “Musiqi insan hisslərinin riyaziyyatı, riyaziyyat isə insan təfəkkürünün musiqisidir”.
“Musiqi – sözsüz, bəzən də çox dərin mənaları ifa edən nitqdir” – bu sözlər də Tomas Karleylnindir (Onun ruhu şad olsun!).
Dahi yunan filosofu Platon (Onun ruhu şad olsun!) isə musiqi haqqında belə bir fikir söyləyib: “Musiqi əxlaqi qanundur, o, bütün dünyanı ilhama gətirir, qəlbə qanad verir, insan üçün zəruri olan kədərə və şadlığa səbəb olur”.
“Ölüm həyatın son sözü olduğu kimi, musiqi də incəsənətin son sözüdür” – böyük Henrix Heyne (Onun ruhu şad olsun!) də belə deyib.
Biləsiniz ki, Allah-təala (Şükür onun kərəminə!) bu hikmətlər içində böyüyüb yetişən Ramiz Quliyevi sənətdə həmişə yüksəldib. Bu gün Azərbaycan tarının ən məşhur ifaçısı odur! Onun özü də, sənəti də milli instrumental ifaçılığı tarixində bir fenomendir!
Geniş diapazonlu nadir, ecazkar ifaçılıq qabiliyyətinə və yüksək səhnə mədəniyyətinə malik olan virtuoz tarzən təkrarolunmaz mükəmməl ifaçılıq nümunələri ilə Azərbaycan musiqi xəsinəsini daha da zənginləşdiir.
Ramizin sədəfli tarının özünəməxsus füsunkar, əlvan ifaçılıq çalarları, koloriti, yüksək bədiiliyi, bəşəri duyğularla aşılanmış melodiyaları mənəvi kamilliyə can atmaqda insanlara yaxından kömək edir.
Bu sədəfli tar insanların ən ali hüquqları – xoşbəxtlik və sevgi hüquqları haqqında qüdrətlə, məhəbbətlə oxuyur. Onu heç bir qüvvə susdurmağa qadir deyil. Ona görə ki, bu tarın pərdələrində məğrur insani hisslər şəfəq saçır, öz şüası ilə milyon-milyon ürəkləri bəxtəvərlik, səadət, gözəllik işığına qərq edir.
Ramizdə ehtiraslı, ruhi və yaxud buna bənzər başqa hissləri bütün fitrəti ilə öz çalğısında əks etdirmək bacarığı var. O çalanda mizrabın və simlərin dediklərinə yaxşı qulaq asan, ifanı böyük şövqlə dinləyən tamaşaçılar tarın köksündən qopan havaların dərinliklərinə varır, pərdələrdən qanadlanan ən şiddətli inilti səslərinə dərin həyəcanla səs verirlər.
Dinləyicilər onun hər bir çıxışını intizarla gözləyirlər. Çünki, bu çıxışlar zamanı onlar füsunkar çalğını, musiqnin yeni duyğularını və onun təsirli imkanlarını daha aydın hiss edir və görürlər. Tarzən musiqi zənginliyi və bədii həqiqəti valehedici olan bu ifaları elə müqayisəedilməz istedad və gözəlliklə əks etdirir ki…
Hələ onun son dərəcə yüksək zövqlə və xüsusi səliqə ilə çox təmiz geyinməsi, tarına məxsusi qulluq etməsi, ali mədəniyyəti, səhnədə oturuşu, duruşu, biləklərini çirmələməsi, tarı sinəsində həmişə vüqarla tutması adamı heyran edir. Bir sözlə, Ramizin sənətini dəyərləndirmək mahal işdir!
Ramiz Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan çox böyük sənətkardır. O, Tanrı vergisi olan dünya şöhrətli ifaçı, təkrarolunmaz səhnə ustalığı və unikal musiqi duyumuna malik tarzən, planetin ən yaxşı simfonik orkestrləri ilə misilsiz uğurla çıxış edən virtuoz musiqiçidir!
Dünyanın ən mötəbər səhnələrində Azərbaycan incəsənətini təmsil etmək hüququ qazanmış Ramizin hər bir konserti böyük mədəniyyət hadisəsi olaraq onun fitri istedadının yeni çalarlarını aşkar edir və instrumental tar ifaçılığına layiqli töhfələr verir.
Allah həmişə Ramizə öz amanında qərar verib, tar ifaçıları arasında ona bu cür uca məqam və mənsəb inayət eləyib. Onu sənətdə izzət və şan-şöhrət cah-cəlalına çatdırıb.
Bax, bu yerdə bu sözləri deyən qüdrətli fikir sahibi şair Məhəmmədhüseyn Şəhriyara (Onun ruhu şad olsun!) vergini Allah-təala verib:
“Tarix boyu yetişən min çeşidli qılınc, qəhrəman, şücaət, qələm, söz və saz ustaları kimi ustad Ramiz, sənin adını tarixdə görürəm. Təbrizdə qəlbimdə görürəm. Sənin kimi bir övlad yetişdirən ana bəxtiyardır. Səni yetirən vətən xoşbəxtdi. Tarının sədaları həmişə qulağımda səslənir.
Azərbaycanı mizrabının gücü ilə dünyaya tanıdan oğul, səni bağrıma basıb gözlərindən öpürəm”.
Ramizin barmaqları çaldığı musiqi əsərlərini yüksək şeiriyyətlə mənalandırır, musiqi nitqinin ifadə etdiyi fikirləri dinləyiciyə çatdırarkən onun qarşısında hisslərin sonsuz ənginliklərini açır.
Ramiz Azərbaycan musiqi mədəniyyətinin görkəmli xadimləri içərisində mahir bir sənətkar, istedadlı ifaçı və qabil tarzən kimi şərəfli yer tutur.
İndi isə əsas mətləbə keçib, sizə bu qüdrətli sənətkarın həyat və yaradıcılığı haqqında bildiyim nağılı ən gözəl və yüksək ifadələrlə danışıram.
TARZƏN RAMİZ QULİYEVİN NAĞILI
Şəhrizad bacısının və şahın böyük maraqla ona diqqət kəsildiyini görüb coşqun bir həvəslə sözünə davam etdi:
– Böyük Allaha, daha yaxşı məlumdur, Ramiz Quliyevin atası Əyyub ağanın (Allah ona rəhmət eləsin!) soy kökü nüfuzlu din xadimi İmam Museyi-Kazımın (Ə.) nəslinə bağlanan seyid Baba ağa olub.
Seyid Baba ağa (Ona salavat və rəhmət olsun!) bütün ömrü boyu xalq arasında öz sanbalı, ağır oturuşu-duruşu ilə həmişə seçilmiş, hörmətli kişilərdən biri sayılıb.
Bu xoşsifət, pirani və nurani ağa Quranın şərhini, həm də şəriət və islamın əsaslarını çox yaxşı bildiyinə görə din xadimlərinin mənəvi rəhbəri kimi el-obada böyük izzət sahibinə çevrilib. O, qapısıaçıqlığı və mehmannəvazlığı ilə cümlə məxluqat içərisində ad çıxarıb.
Ağa zəmanəsinin xoşbəxt, comərd insanlarından biri olub və özü də çox pak bir ömür sürüb. Minbərdə danışarkən cammatı öz halal zəhmətilə dolanmağa, nainsaf, əyri iş dalınca getməməyə, fəqir-füqəraya əl tutmağa çağırıb.
Adamlar da hamılıqla onu özlərinə pənahgah bilib, xətrini dünyalarca istəyib, yanına məsləhətə gəlib, çətinliklərini, sirlərini açıb ona deyiblər və həmişə dua eləyiblər ki, ömrü uzun olsun, çünki insaf-mürüvət sahibi, yaxşılıq mücəssəməsi sayılan bu ağır urvatlı kişi, heç zaman kin-küdurət nə olduğunu bilməyib.
Onun 1897-ci ildə Bərdə şəhərinin Dəymədağlı kəndində dünyaya gəlmiş oğlu seyid Əsəd ağa (Onun ruhu şad olsun!) Ramizin atası Əyyub ağanın dayısı idi. Biləsiniz ki, Seyid Əsəd ağanın övladları, nəvələri, nəticələri və kötücələri bu gün də həmin ocağın ləyaqətli varisləridirlər.
Ramiz məhz belə bir müqəddəs ocağın ən kamil yetişdirməsindən biri sayılırdı. Digər tərəfdən də onun doğulub boya-başa çatdığı, səfalı yurd yerlərindən və mədəniyyət mərkəzlərindən olan, min bərəkətli, dili-dodağı nəğməli, cənnət Qarabağ torpağı! “Dünyanın ən böyük səs muzeyi”, nəhəng musiqi salonu, muğam ocağı Qarabağ! Azərbaycanın ürəyinin başı – Qarabağ!
Elə ki, bu torpağa qədəm basırsan, yeri-göyü dinləyə-dinləyə gedirsən, sənə elə gəlir ki, nəhəng bir musiqi salonuna daxil olursan.
Bu barədə istedadlı söz sərrafı şair Səyavuş Sərxanlı (Onun ruhu şad olsun!) çox gözəl yazıb:
“Düz-dünya oxuyur burda! Torağaylı zəmilər, şəkərli-şərbətli üzümlüklər, qırqovullu meşələr, kəklikli sıra dağlar oxuyur. Yerdə ağaclar, göydə quşlar oxuyur. Çaylar – simfoniyalar, qayalar – neylər, bulaqlar dumduru zəngulələr, aylı gecələr – zilə şəkilən bayatılardır, şərqilərdi burda…”
Elə istedadlı şair Rasim Kərimli (Onun ruhu şad olsun!) də bu barədə gözəl söyləyib. Şəhrizad avazla bu şeiri oxudu:
Nə üçün adına qara deyirlər?
Üzün ki, hər yanda ağdı, Qarabağ.
Cənnət də, behişt də bir əfsanədir,
Özgə bir baxçadı, bağdı Qarabağ.
Gül açıb arzusu eşqin, zəhmətin,
Min başda tacı var burda şöhrətin.
Bir şah əsəridir o, təbiətin,
Arandı Qarabağ, dağdı Qarabağ.
“Segah” xəyallıdı, “Şur” həvəslidi,
“Qatar” qanadlıdı, “Rast” nəfəslidi.
Üzeyir bəstəli, Bülbül səslidi,
Muğamat Xanının taxtı Qarabağ.
Cavanşir qılınclı, nər biləklidi,
Nüşabə kamallı, şir ürəklidi.
Natəvan qəzəlli, xoş diləklidi,
Mahallar içində mahdı Qarabağ.
Qeyrət ocağıdır əzəl yaşından,
Bir aslan boy atır hər qarşışından.
Seyr etdim hüsnünü dağlar başından,
Min qollu-budaqlı tağdı Qarabağ.
Azərbaycanın musiqi konservatoriyası Qarabağın əzəmətli toy sarayı hesab edilən Ağdam – Ramizin anadan olduğu bu şəhər isə, sanki o dünyada vəd olunan behiştin özüdür! Ömür sürməyə bu torpaqdan yaxşı, buradan bolnemətli yer mən hələ indiyənəcən eşitməmişəm.
Qayğısız uşaqlıq çağları və hamının yüksək dərəcədə hörmət etdiyi qocalığı ardınca gətirən əməksevən gənclik illəri bu şəhərdə necə də gözəl bir səadətlə keçib gedir!
Bərəkətli geniş çöllər, səxavətlə mükafatlandırılmış zəhmətin işıqlı sevinci, ailə dairəsində keçirilən istirahətin şirin zövqü insanın ürəyini necə də xoş hisslərlə nəşələndirir!
Allah-təala möcüzə yaratdığı bu diyara heç nəyini əsirgəməyib ürəyinin istəyindən də çox verib: bal kimi şirin səs, şəkər və qaymaq qarışıq danışıq dili və məcun, loğman hava. Füsunkar yaraşığa malik imarətləri olan və tamam yaşıllığa bürünmüş Ağdam ancaq bağ-bağatın qoynunda nəfəs alır.
Şəhərin insanları ağılda, elmdə çox mahirdir, onları sözlə söyləmək çətindir. Bu yerlərin dağları, dəniz kimi geniş və mavi dərələri, yerin sinəsindən çağlayıb çıxan göy bulaqları ilə bu adamların saf, sadə təbiətləri arasında xoş, mehriban ahəngdarlıq duyulur. Onların qəlbi təbiətin ecazkar gözəllikləri ilə dopdoludur.
Yurdun sakinləri ən qonaqpərəst adamlar adı ilə məşhurdurlar. Bu da səbəbsiz deyil, çünki onlar qonağı elə bir səmimiyyət və səxavətlə qəbul edirlər ki, çox vaxt bu israfçılığa gətirib çıxarır. Süfrələrinin bəzəyi də həmişə bişirdikləri kəklikli-turaclı-qırqovullu plov olur (qarabağlıların da ki, kəklikli-turaclı-qırqovullu plovuna tay nə söz!). Xülasə, bu torpağın övladlarının işgüzarlığı, qonaqsevərliyi, comərdliyi, qəhrəmanlığı da heç bir söhbətə, yazıya sığan deyil.
Bu məqamda bir cəhəti də vurğulayım: azərbaycanlılarda yumora güclü meyl var. Bir-birlərinin söhbətlərinə xoşu olan ağdamlılarda isə bu meyl xüsusilə daha güclüdür. Bu insanlar məclislərinin heç birini də gülüşsüz və zarafatsız keçirməzlər. Onların cahıl-cuhullarının dilxoşluğa həvəsi bu sözdən deyil.
Gözəllikdə, qəşənglikdə misli-bərabəri olmayan imarətlər şəhəri Ağdam buludların piyaləsindən doyunca su içdiyinə görə yamacları yamyaşıl, düzənlikləri çəmənzardır.
Bu yerlərdəki baharın dünyada misli yoxdur. Gül-çiçəklə dolu ot dizə qalxır. Ağaclar çiçəkləyir… Çaylar daşır… Və burada ən gözəl bahar xörəyi – təzə göyərib qalxmış yabanı şomudan, quzuqulağından, gicitikəndən bişirilmiş kükü sayılır.
Şəhər bahar libası geyinəndə əsl gülüstanı xatırladır. Təbiətin belə çağlarında gümrah bağlarda meyvələrinin ağırlığından budaqları az qala yerə dəyən ağaclara qonmuş quşlar cəh-cəh vurur, bülbüllərin, qumruların səsi hər tərəfi başına alır, ağaclarda ürəyin istəyən qədər dəymiş meyvə olur, gözəllərin al yanaqlarına xəcalət verən qıpqırmızı qızılgüllərin, alov kimi şəfəq saçan bənövşələrin, qara gözləri ilə həmin qızılgülləri seyr eləyən nərgiz çiçəklərinin müşkü-ənbər ətri adamı min bir xəyala daldırır.
Bu bağ-bağatlarda axan şırşır bulaqların qəndab təki suları Səlsəbil (müsəlmanların rəvayətinə görə cənnət bulağıdır) kimi dadlıdır. Hələ desən nəğmə oxuyan quşların səsi! Musiqi alətlərinin səsindən də həzin olan bu səslər sanki dil açıb danışır, gözəllik eşqindən divanə olanları ovsundurur.
Səhərdən axşamadək şəhərin müxtəlif yerlərindən mahnı və musiqi sədaları eşidilir. Bu mahnılar duyğularının açıqlığı, yumşaq lirikası, daha aydın və hissiyyatlı koloriti ilə fərqlənir.
Bu şəhər başdan-başa muğam ocağıdır və onun “çınqılları” Azərbaycandan çox-çox uzaqlarda məclislər isindirib, könüllər həyəcana gətirir. Ağdam musiqi bahadırlarının beşiyi və “cəngi” meydanı sayılır.
Sözümün davamı olaraq əlavə edim ki, bütün günü – səhərdən axşamadək elə bir ev olmaz ki, oradan musiqi alətlərinin – tarın, kamançanın, qabalın, pianinonun nəvazişli, oynaq, səmimi melodiyaları eşidilməsin, kimlərinsə sərbəst, yüngül, cingiltili, şaqraq və valehedici zəngulələri, Təsnim (müsəlman əfsanəsinə görə cənnət bulağıdır) sularından şirin, incə, qüdrətli, gözəl, səslə, coşqunluqla, yüksək təsirlə, demək olar ki, vəcdlə ürəkdən oxuduğu mahnılar, şikəstələr, muğamlar Şuşanın məşhur Zarıslı qaymağı və ya Kəlbəcərin Sarı yer yaylağının kəhrəba balı kimi eşidənlərin çanına yayılmasın.
Onlara qulaq asdıqca, deyirsən bəs səslər dünyanın o tayından, yəni bizə məlum olmayan ayrı bir aləmindən gəlir. Özü də nə qədər möhkəm adam olsa belə, bu səslər onun ürəyini yumşaldıb muma döndərər.
Dahilər dahisi Üzeyir Hacıbəyli (Onun ruhu şad olsun!) nahaq yerə, havayı söyləməyib ki, Qarabağda hər evdən bir Məcnun çıxarmaq olar.
Mən oxumuşam ki, Allah vergisi olan yüksək fikirlər sahibi şair Şahmar Əkbərzadə (Onun ruhu şad olsun!) bu səltənət barədə gözəl bir şeir yazıb. “Allahın qüdrəti qarşısında hər şey acizdir!” söyləyən Şəhrizad həmən şeiri oxdu:
Yastı təpələrin, zümrüd düzlərin,
Arxamda dayanan uca dağımdır.
Sənin torpağını diz çöküb öpmək,
Mənim vüqarımdır, ucalmağımdır…
Muğam ocağıdır Ağdamım mənim,
Səslər bu məkanda sanki bal dadır.
Şeirlər pərisi Xurşudbanunun,
Müqəddəs türbəsi, ruhu burdadır.
Qarabağ, ana yurd, beşiyim mənim,
Qartal xəyallarım göyündə süzər.
Sənə ürəyimin paytaxtı desəm,
Nə Təbriz inciyər, nə Bakı küsər…
Bəli, Allahın böyük qüdrətindən və inayətindən idi ki, istedadlarla bol olan bu şəhərin gündüzləri minbir sirli mahnılarla və muğamlarla nəfəs alır, gecələri əsrarəngiz melodiyaların və təranələrin qoynunda şipşirin röyalara baş qoyub yatırdı…
Şəhrizad bu yerdə səhərin açıldığını görüb öz nağılını yarımçıq qoydu.
Sonra onlar yatdılar, padşah səhər gedib ədalət taxtında əyləşdi, qoşun, vəzir-vüzəra gəldilər, divan adamla doldu. Padşah gün batanacan divan işlərinə baxdı, kimini qulluqdan çıxartdı, kimini qulluğa götürdü, qadağalar qoydu, əmrlər verdi. Sonra divan dağıldı, Şəhriyar şah da gəlib öz otağına – Şəhrizad xanımın yanına girdi və gecə düşənədək vəzirin qızı ilə məhəbbətli saatlar keçirdi.
(Ardı var)