Şakir Yaqubov
Düz 25 il əvvəlin söhbətidir: ara-sıra elan-bildirişlərini dərc elədiyimiz turist şirkəti növbəti elanının müqabilində Hələb səfərinə iki nəfəri aparmağa razı olmuşdu və heç gözləmədiyim halda bu güzəşti də mənə eləmişdilər.
Bizi üç günlüyə aparmış təyyarədə yaranan texniki problemlər üzündən səfərimiz bir həftə çəkdi. Bakıya qayıtdıqda mən olub-keçənlər haqda təxminən on yazıdan ibarət silsilə yazdım. Həmin silsilədən olan yazılardan birini aşağıda oxuyacaqsınız. Bu günlə sıx bağlı olduğu üçün onu təkrarən dərc etməyi lazım bildim…
…Hələb qalasının ayağından uzanıb gedən və qala ilə daş evlərdən ibarət yaşayış məhəlləsini ayıran gediş-gəlişli, bir növ magistral yolun altında, ilk baxışda birmərtəbəli daş evlərdən bir o qədər də seçilməyən, yol yoldaşımın etiraf etdiyi kimi, Hələbdə olduğumuz günlərdə yanından bir neçə dəfə ötüb keçsək də diqqətimizi cəlb etməyən, hündür daş hasarla dövrələnmiş bir tikili. Necə də dəqiq təsvir edib Rəsul Rza:
…Nə təntənəli qonaq qapısı,
nə zər-zibalı naxışlı divarları,
nə göz qamaşdıran gözəlliyi,
nə pəncərələrin
incə şəbəkə təzəliyi.
Bu binada
qalanın zəhmli şöhrətindən
daha şöhrətli,
tarix səcdəli,
xalqlar hörmətli
bir məzar
uzun sükut içindədir.
…Burada yatır şirvanlı qərib…
O “şirvanlı qərib” 600 il əvvəl Azərbaycanın Şamaxı şəhərində Seyid Əli kimi dünyaya göz açıb, 650 il əvvəl Suriyanın Hələb şəhərində İmadəddin Nəsimi kimi dünyadan köçən böyük soydaşımızdır, daş hasarla dövrələnmiş tikili isə Nəsimi türbəsidir, Nəsimi adı ilə tanınmış təkyədə dəfn olunub, bu təkyə isə Hələbin əl-Ferafire məhəlləsində “Sultan hamamı” adı ilə məşhur olan hamamla üzbəüz, hökumət evinin yanındadır.
Tam təsadüf üzündən mütəfəkkir şairimizin məzarını ziyarət etməyə cümə günü getmişdik. Məlum olduğu kimi, cümə müsəlman-ərəb dünyasında iş günü deyil. Türbənin baxıcısı olan qocanı türk, rus, ərəb və Azərbaycan sözlüklərindən seçmələr, ən çox da əl-qol hərəkətləri hesabına (nə mən, nə də Bakı Universitetinin məzunu olan həyat yoldaşım ərəbcə bilmədiyimiz kimi başqa dildə bizi anlayan da yox idi) anlatmaqla məhəllə uşaqlarının köməyi ilə lap yaxınlıqdakı evindən tapdıq.
Baxıcının evinə doğru gedən yol, darvaza, həyətin özü, qədimi kitablarla dolu ləmələr (rəflər) şəxsən mənə çox tanış gəldi. Həyat yoldaşım gümanlarıma bir qədər aydınlıq gətirdi: “Lap “Nəsimi” filmində olduğu kimidir”…
Darvazanın ağzında uşaqlar qocaya ərəbcə nəsə dedilər, o da nəleyinli ayaqlarını sürüyə-sürüyə bir neçə dalanı fırlanıb türbənin qarşısında dayandı. Cibindən çıxardığı qom açarların biri ilə qapını açıb bizi içəri buraxdı.
Türbənin həyətində, müxtəlif ağacların, kolların arasında bir neçə daş məzar gözə dəyirdi. Nəsiminin uyuduğu sərdabənin açarı isə baxıcıda yox idi.
Üzümüzü pəncərə şüşələrinə söykəyib içəri boylandıq. İri çilçıraqlı salonun ortasında, yaşıl atlas örtüyün altında Nəsiminin, arxadakı, bir qədər kiçik salonda isə “onun xacəsi”nin (hər halda baxıcının dediklərindən bizə tanış olan ifadələr bunlar idi) uyuduğu məzar gözə dəyirdi. Çilçıraqların əzəməti diqqəti çəkdi. Bir də sərdabənin qapısı ağzında üzündə qara niqab olan qəbirüstü abidə…
Bizim xahişimizlə qoca baxıcı İmadəddin Nəsiminin məzarının sanduqəsində yazılanları höccələdi: “Əlfatihə. Həzə mərqədu’ş şəhidu’l mutəəbbədu’s sufi, əl kəbiru’l arifu billahi vəliyullah əş-Şeyx Əli İmadəddin Nəsimi. İstəşhədə fi sənəti 824 hicri. Rəhməhu’llahu Təala və qəddəsə sərruhu”. (Tərcüməsi: “Fatihə. Bu məzar Allahın və onun vəlisinin böyük bilicisi, sufi inancına etiqad edən Şəhid Şeyx Əli İmadəddin Nəsiminindir. Hicri 824-cü ildə şəhadətə yetirilmişdir. Uca Allah rəhmət eləsin, məzarının torpağı pak olsun”.)
Bunun müqabilində dilə gətirdiyimiz sözlər bunlar oldu: “Allah sənə rəhmət eləsin. Ruhun şad olsun, Nəsimi baba!” Fatihə deyə bilənimiz ürəyində “Həmd” surəsini oxudu. Və bir də təqribən altı yüz ildən bəri bu məzarları müqəddəs türbəyə çevirən nəsillərə alqış dedik.
…Qəribə təsadüfdür: aprelin 22-si idi, biz – Lenin tərbiyəsi almış, Leninin qurduğu cəmiyyətin yetirməsi olan adamlar uzaq Hələbdə, ulu babamızın məzarına səcdə qılarkən istər-istəməz cəmi 70 il əvvəl dünyasını dəyişmiş “müasir peyğəmbər”in cənazəsinin uyuduğu bir ünvandan başqa ünvana köçürüləcəyi barədə söhbətlərin kəsilmədiyini də yada saldıq.
Mübahisə-müzakirəyə yer yox idi: tarix hər kəsə layiq olduğu qiyməti verməkdə acizlik göstərmir…
Aprel 1994-2019
Müəllifin başqa yazıları:
Allah sənə rəhmət eləsin, Dədə Məmməd!..
Üzündə göz izi var…
Dünyanı verək uşaqlara…
Mən təqaüd almıram, pensiya alıram!
Dərslik, yoxsa dərs vəsaiti? Həm də necə?..
Tarix üçün… Tarix haqqında
“Yaddaşımın küncündə bu anlar da yaşayır…” silsiləsi:
Yaddaşımın küncündə bu anlar da yaşayır… (1)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (2)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (3)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (4)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (5)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (6)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (7)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (8)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (9)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (10)