Hikmət Nazim
Aprelin 15-i Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnasakanyan arasında görüş keçirilib. Görüşdə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin birgə bəyanatı qəbul edilib.
Bəyanatda tərəflərin münaqişə zonasında, o cümlədən kənd təsərrüfatı işləri görülən zaman vəziyyətin daha da sabitləşməsində maraqlı olduqları, həmçinin tərəflərin ərazisində həbsdə olan şəxslərin qohumlarının onlara baş çəkməsi üzrə qarşılıqlı əsasda tədbirlər görülməsi üçün razılığa gəlindiyi qeyd olunub.
Nazirlər KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil insanlar arasında əlaqələrin qurulması üzrə praktiki işlərə başlamağa dair razılıqlarını bildiriblər.
Bu mövzuda hər hansı bir razılaşma əldə olunan kimi bunun yalnız ermənilərin maraqlarına cavab verdiyini və onların ssenarisinə uyğun gəldiyini iddia edənlər, bu kimi proseslərdə birbaşa iştirakı “xəyanət” adlandıranlar da olur. Məhz o cür qaragüruhçu insanların varlığının nəticəsidir ki, indiyədək bu yöndə bir neçə dəfə cəhd olsa da, heç bir ciddi irəliləyiş əldə olunmayıb.
İndi də eyni fikirlər səsləndirilir: “bu proses işğal altındakı torpaqlarımızın, işğal faktının arxa plana keçirilməsinə, müəyyən vaxtdan sonra isə tamamilə unutdurulmasına gətirib çıxaracaq, ermənilərin istədikləri budur”, “ATƏT, Rusiya və Paşinyan danışıqların bu ssenari üzrə getməsində maraqlıdır…”
İttihamlar, zənlər…
Halbuki konfliktoloqlar bunun daha çox Azərbaycan tərəfinin təklifi olduğunu, 2016-cı ilin aprel hadisələrindən sonra Ermənistan tərəfi üçün cəbhə xəttində vəziyyəti gərginləşdirməyin o qədər də cəlbedici olmayacağını bildirirlər.
Əlbəttə, siyasətçilərin, konfliktoloqların fikirləri üst-üstə düşməyə bilər; hər hansı bir razılaşmanın dərhal “tarixi xəyanət” kimi qiymətləndirilməsini çıxmaq şərti ilə, bu cür çıxışlar normaldır. Bizi isə yuxarıda haqqında danışdığımız razılaşmanın daha çox jurnalistlərə aid olan hissəsi maraqlandırır.
Sözsüz, bu razılaşmanı media nümayəndələri də birmənalı qarşılamayıb. Novator.az saytının suallarını cavablandıran sayt və qəzet redaktorlarının danışdıqlarından belə anlaşılır ki, heç biri Ermənistana və işğal altındakı Azərbaycan torpaqlarına səfər etmək istəmir.
Musavat.com-un redaktoru Xalid Kazımlının cavabı isə təəccüb doğurur desəm, yalan olmaz: “Jurnalistlərin qarşılıqlı səfərlərinin ardınca başqa peşə sahiblərinin gediş-gəlişi də başlayacaq, get-gedə emosiyalar soyuyacaq, qarşılıqlı iltifatlar, dostluqlar yaranacaq və Qarabağ unudulacaq…”
İllərin jurnalisti niyə belə düşünsün, maraqlıdır?
Xalid bəy bilmirmi ki, bu addım işğal olunmuş torpaqların unutdurulmasına deyil, hər iki cəmiyyətdə ictimai rəyin öyrənilməsinə xidmət edəcək. Xalid bəy gözəl bilir ki, belə bir şey baş verəcəyi təqdirdə toplumun məlumatsızlığı azalacaq və alternativ məlumat imkanları artacaq.
Xalid bəy Rövşən Hacıbəyli kimi desəydi ki, Ermənistan rəsmilərinin ara-sıra müharibə çağırışı, əlavə işğal hədələri sülhə yer qoymur, susmaq olardı. Amma o deyir ki, iki düşmən və bitməyən müharibə vəziyyətində olan ölkənin jurnalistlərinin gediş-gəlişi anormal haldır.
Əksinə, düşünürəm ki, bu razılaşma son illər bu yöndə atılmış ən təqdirəlayiq hadisədir. Baş tutacaqsa, azərbaycanlı erməninin, erməni azərbaycanlının onun haqqında nə düşündüyünü öyrənəcək, problemin həlli istiqamətində onların boynuna hansı vəzifələr düşür – onu siyasətçilərin deyil, birbaşa onunla eyni dərəcədə maraqlı olan sıravi vətəndaşın dilindən eşidəcək.
Misal üçün, bu yaxınlarda BBC-nin Yerevanda keçirdiyi “Ermənilərlə azərbaycanlılar barışa bilərmi?” adlı sorğu şəxsən məndə belə bir təsəvvür yaratdı ki, Ermənistanda yaşlı nəsil sülhə daha çox razıdır, nəinki gənc nəsil.
Azərbaycanda da eyni cürdür. Orta yaşın üzərindəki insanı dindirirsən, qayıdır ki, gül kimi dolanırdıq, Allah baiskarın evini yıxsın. Burada “baiskar” deyəndə Rusiya, Azərbaycan və Ermənistandan olan siyasətçilər nəzərdə tutulur. Onlar düşünürlər ki, araya nifaq salan da məhz həmin siyasətçilərdir. Gənc nəsil isə ermənilərə qarşı od püskürür. Bu da orta məktəblərdən başlayıb ali məktəblərdə davam etdirilən təbliğatın nəticəsidir.
Bu məqamda erməni jurnalist Yuri Manvelyanın müsahibəsindən aşağıdakı parça yerinə düşür: “Hansı ölkədə nifrət təşviqatı daha güclüdür – bunu iddia edə bilmərəm. Amma Ermənistandakı dərsliklərdə ksenofobiya var. Dərsliklərdən əlavə uşaqlara nifrət aşılayan müəllimlər, tərbiyəçilər də var. Oğlum Roma bir dəfə dedi, ata, biz də erməniyik? Sonra soruşdu, o düzdür ki, ermənilər dünyanın ən yaxşı xalqıdır? Oğlumun bağçasında asılmış “uzundırnaqlı azərbaycanlı əli saxlayan erməni əli” fotosunu özünüz də görə bilərsiniz”.
Manvelyanın bu müsahibəsini oxuyana qədər elə bilirdim ksenefobiya Azərbaycanda daha güclüdür, çünki beynəlxalq təşkilatların nümayəndələrinin açıqlamaları bu yöndə idi. Müsahibəni oxuyub gördüm ki, problem hər iki tərəfdə eyni dərəcədədir; erməni uşaqların çəkdiyi rəsmlərdə caynaqlı azərbaycanlı təsvir olunursa, azərbaycanlı uşaqların çəkdiyi rəsmlərdə ən yaxşı halda qandan qorxan erməni təsvir olunur…
Millətlər arasında informasiya mübadiləsi ona görə lazımdır ki, ümumi problemlər öyrənilsin, yeniyetmələr, eləcə də gənc nəsil bir-birinə nifrət ruhunda böyüməsin. Yuxarıda da dediyim kimi, bu razılaşma son illər bu yöndə atılmış ən təqdirəlayiq hadisədir, amma nə siyasətçilər, nə ictimaiyyət, nə də media nümayəndələri yaxın dururlar.
Müəllifin başqa yazıları:
Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?
“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?
Bakılının erməni musiqisinə qulaq asmağı
Medianın azad fikrə reaksiyası
Səhv kimdədir: müxbirdə, redaktorda, yoxsa?
Qanalı Əhməd və azərbaycanlı Rasim
Senzura haqqında bir neçə kəlmə
Hakimiyyətdən ev alan jurnalistlərə deyilənlər
İntim görüntüləri yayılan kimdir?
Şura “11” deyir, İşçi Qrupu “9”…
Hamamda “iki nəfər ölüb”, yoxsa “kişi və qadın”?