Cəhənnəmdən keçmiş mələk (116)
Avtobioqrafik roman
Üçüncü bölüm
Müəllif: BİRCƏ
Deyib-gülməyindən, söyüb-sovmağından qalmayan, çəliklə yerisə də özünü idarə eləyən Musa əmi aprelin ortalarında bir günün içində qəfildən dolaşdı, elə həmin gün şər vaxtı nə müddətdi qardaş yoluna dikilmiş yaşıla çalan göy gözlərini işıqlıya yumdu.
Əlinin işdən, ayağının köçdən qalması, bu neçə ildə dörd divar arasında körpələrə yoldaş olması onun şax qürurunu sındırmışdı, bəstə boyundan qat-qat iri, sanballı zəhmi, içinə sığmayan zabitəsi, hikkəsi zədələnmişdi.
Nəhayət, ölüm onun canını, qürurunu, zəhmini, hikkəsini talamağına son qoydu, əzrayıl ondan əl çəkdi…
Doqqazın ağzında Cavidin yolunu gözləyirdim, gördüm əmimin kiçik oğlu Ziya qaranəfəs gəlir. Bu gəlişin xeyirə olmadığı birgünlükdən bilinirdi. Öz-özümə “Allah, sən saxla” dedim, ağır xəbəri qarşılamaq üçün canımı əlimə toplayıb farağat durdum. Ziya başını qaldırıb məni görcək qışqırdı:
– Bircə, əmimi götür gəl, dədəm öldü!
Balaca nəvəsini göndərib atamla anamı çağırtdığı bəlkə bir saat olmazdı. Onlarla ordan-burdan danışıb atama vəsiyətini eləmişdi:
– Məni uşaq-muşaq əlinə vermə ha, özün basdır, – demişdi.
Atam onun sözünü həmişəki kimi xeyirə yozmuşdu:
– Ə, indi ölmək vaxtı deyil, erməni gülləni təpəmizdən dolu kimi yağdırır, qoy görək başımıza nə gəlir.
Musa əminin də atmacası müdam ovcunun içindəydi:
– Bax gör kəndimizdə bircə nəfər dul kişi varmı tutiya kimi cibinə qoyub gəzdirəsən? Mənim yaşıdlarımın papağını müharibədə Don çayı çoxdan axıdıb aparıb. Kənddəki tay-tuşlarımın da hamısı kövər dombaldıb. Belə görürəm mənim də başımı arvad yeyəcək.
Musa əmi çox sağlam yaşamışdı, canı buz baltası kimiydi, ömrü boyu dilinə içki, siqaret vurmamışdı. Dəyirmi ağ sifətinin yanaqları qıpqırmızı olardı, gözlərinə elə bilərdin yay günəşinin işığına bulaşmış aydın göyün şəkli düşüb. Müharibədə əhd eləyib özünə söz veribmiş ki, sağ qalsa araq içəcək. Ancaq elə ordaca gördüyü bir mənzərə onu içkidən ömürlük çiyrəndirmişdi: qarlı, şaxtalı havada təchizat yolu kəsilib əsgərlərə normayla verilən spirt azalmağa başlayanda komandir əmimi (içmədiyinə görə sirri saxlayar deyə) spirt bidonuna işəməyə məcbur eləyirmiş. O iyrənən, kişi ölənə qədər dilinə içki vurmadı, içən uşaqlarına da həmişə belə deyərdi:
– Ay bala, o zəhrimardan gen durun, harsın işəməyidi o…
Qayıdıb evə girənəcən ötən bir neçə saniyədə əmimin min işləyi, milyon sözü yaddaşımın tunelində basabas salıb bir-birinə qarışdı.
Atam uzanıqlı kitab oxuyurdu, anam yatmışdı. Əyilib atamın qulağına ehmalca dedim:
– Gedirəm əmimgilə, dur gəl dalımca, deyəsən kişinin halı pisləşib.
Doqqazdan çıxanda qonşumuz Yetərlə cuqqugöz Züleyxanı yelli-yelli üzübəri gələn gördüm. Yetər barmağını Musa əmigilə sarı tuşudub dedi:
– Belədə yaman səs-küy var.
– Deyəsən əmim ölüb, – deyib səs gələn səmtə qaçdım…
***
Səhər özünü yerlə bir eləmişdi, Səkinə bibi quruyub qalmışdı, Ziya çarpayıya uzadılmış çılpaq atasına dinməzcə tamaşa eləyirdi. Çatan kimi əmimin gözlərini qapadım, adyalı meyidin üstünə çəkdim.
Az keçmiş atam içəri girdi, əmimin çarpayısının qənşərində çöməldi, qardaşının yana sallanmış əlini öpüb duz kimi yalamağa başladı.
Bu məqamda Səkinə bibi ayılıb atamı əmimin cəsədindən araladı:
– İndi el töküləcək qapıya, kömək eləyin kişini irahlayaq, – deyib meyidin üstündən adyalı götürdü.
Bu yaşa çatsam da mən məni qızlarından çox istəyən əmimin əllərindən, üzündən, bir də ayaqlarından başqa bədəninin heç yerini görməmişdim. Musa əmi bir çox başqa məsələlərdə olduğu kimi, geyim-kecim məsələsində də çox mühafizəkar idi, yayın yay günü qolsuz köynəkdə gəzməzdi. İndi əzrayıl zəhmindən qan daman kişini lüt anabülbül soyundurub qarşımıza sərmişdi. Səkinə bibi adyalı meyidin üstündən götürüb qırağa atdıqca mən adyalın ucundan dartıb əmimin üstünü örtürdüm. Axırda arvad dözmədi, adyalı sıyırıb əlinə yığıb üstümə cocudu:
– Az, köpək qızı, bu kişinin ayağı çataqlanmalıdı, çənəsi çəkilməlidi, üzü qibləyə döndərilməlidi, çıx çölə qoy işimizi görək.
Atam çöməlti oturub yumağa dönmüşdü. Səkinə bibi Ziyanı çağırdı:
– Rəhimi eşiyə çıxart, onun da başına bir iş gələr, evimiz yıxılar. Özün də heç kimi içəri buraxma, kişini irahlayım.
Atam dirəşib çıxmaq istəmədi, yenə qardaşının meyidinə sarılıb zülüm-zülüm ağladı. Səkinə bibi onu yerdən qaldırıb əlindən tutdu:
– Rəhim, sən uşaq deyilsən, – dedi, – Musanın ölümlü günüdü, Allaha şükür ki, sənin qabağında öldü. Gəl çıx bayıra gözün görməsin, baxarsan ürəyin yarılar.
Atam çıxandan sonra Səkinə bibi əmimin çənəsini çəkib ağ sarığı təpəsində düyünlədi, ayaqlarını uzadıb çataqladı, qollarını dartıb hər iki yanında cütlədi. Musa əminin qurdlara, qarışqalara yem olası pambıq kimi ağ əndamı qaldı döşəyin ortasında.
Səkinə bibi bu işləri gördükcə rəhmətlik Asya nənə gəlib dururdu gözlərimin qabağında – mən də kimsəsiz arvadın cəsədini eynən bu qaydayla son səfərə hazırlamışdım. Özünün deməsinə görə indiyəcən yeddidən çox ölü yuyub kəfənləmiş dünyagörmüş əmim arvadının təmkinli davranışına göz qoyduqca mən də toxtayırdım. Nənəm deyərdi hər müsəlman ölənəcən azı yeddi meyit yuyub kəfənləməlidi.
Səkinə bibi işini bitirib Ziyanı səslədi:
– Gəl dədəni üzü qibləyə döndərək.
Meyidi yerdən uzadıb başını qibləyə doğru çevirəndən sonra arvad yaşıl xaranı əmimin üzünə saldı, cəsədin baş ucunda yerini nizamlayıb oğluna dedi:
– Get Kamilə ehmalca xəbər elə, denən Tellini də al dilə tutub gətirsin.
Ziya qapını örtməyə macal tapmadı, kənd arvadları açıq qapıdan içəri doluşdular. Rəhmətlik düz deyirmiş – anamla, Səkinə bibiylə yaşıd arvadların hamısının əri ölmüşdü. Onlar saç yolub ağı deyib ağlaşdıqca mən ürəyimdə ölən kişiləri sanayırdım: bax bu – dəli Cəfərin arvadıdı, bu – pendir Əlinin, bu – bomba Məhəmmədin, bu – vazelin Usubun, bu – fındıqbaş Xuduşun, bu – hozu Sabirin, bu – donqar Vəlinin, bu – pişiyin gözünü bağlayan Məhərin…
Mən özlüyümdə dul arvadları vərəvurd elədiyim məqamda Telli mama başılovlu içəri girdi. Səkinə bibini görəndə arvadın gözləri bərəldi, qolunu Kamilin əlindən çıxarıb qışqırdı:
– Bəs deyirdin Səkinə ölüb, budey Səkinə oturub!
Səhər irəli durub bibimizi qucaqladı, üzündən öpdü, meyitdən azca aralı oturdub dedi:
– Qardaşın ölüb, ay mama, Kamil səni aldadıb gətirib.
Bibimin cikkəsi hələ də qulaqlarımdan getmir:
– Qəlbi qalam uçub, ay Fərhad, – deyib dağlarda qanına qəltan olmuş balasını o dünyadan çağırdı. Sonra xaranı əmimin üzündən götürüb qardaşını duz kimi yaladı, qəm sazını sinəsinə basıb dərdli ürəyinin düyününü açdı:
Qardaş mənim gülümdü,
Gülümdü, bülbülümdü.
Ölür bacılar ölsün,
Qardaş dərdi zülümdü.
O gecə sübhə qədər Telli mamanı kiridə bilmədik. Bibim ağladıqca mənim də ürəyimin saplağı incəlirdi. Cahangir əmim cavanlıqdan köçüb getdiyi Orta Asiyada ölmüşdü, arvadı, uşaqları bizə dəfnindən sonra xəbər vermişdilər, meyidi əllərindən alıb gətirib ata yurdunda basdıracağımızdan qorxmuşdular. Musa əmim Rəhman əmimi haraylaya-haraylaya ölmüşdü – atam iki qardaşın ikisinin də ölümünü böyük qardaşından gizlətmişdi. Son günlərində Musa əminin sümüyü nəsə duymuşdu, oturub-durub deyirdi:
– Rəhmanın başı əldə deyil, xəstə olsaydı sürünə-sürünə gələrdi yanıma…
***
Atam əmilərinin öldüyünü axşamdan Bakıdakı qardaşlarıma da xəbər verdi. Çox tədbirli qadın olan Səkinə bibi gecə yarıdan keçəndə hərəni bir dillə evinə yola saldı. Anama dedi:
– Sən naxoşsan, yuxusuz qala bilməzsən, get dincəl, sabah gələrsən.
Kamilə dedi:
– Sən də get hazırlaş, sabah əmini yuyacaqsan.
Belə işlərdə əli, bərkə düşməklə arası olmayan anam Cavidi də götürüb getdi, gethagetdə mənə tapşırıq verməyi də unutmadı:
– Arada qaç gəl çolpalardan üçünü-dördünü kəsdir təmizlə, sabah uşaqlar gəlib nə yeyəcəklər?
Meyidin yanında mərhumun qardaşı, bacısı, arvadı, uşaqları, bir sözlə, doğmaları, simsarları qalası oldular. Səkinə bibi səhərəcən gözünü yummadı, Telli mama da onun kimi. Arada bibimi yanlayıb dedim:
– Gəl gedək bir az yat dincəl, sabah bura el tökülüb gələcək, sən onların qabağına çıxacaqsan.
Bibim yenə bir yumub beş tökdü:
– Ay Bircə, mənim Koroğlu nərəli, İsgəndər sədalı qardaşım ölüb ey, mən necə gedim yatım?
Mən gərginliyi azaltmaq üçün Səkinə bibiyə göz basıb Telli mamaya dedim:
– Az, sənin bir qarış boyu olan ögey qardaşın ölüb, qızları, arvadları da başının üstündə (Musa əminin birinci arvadı da gəlib Səkinə bibinin yanında oturmuşdu). Qoy bu gecə onlar ağlasın, sabah sən ağlayarsan.
Bir az aralıda yaşadığından atasının hayına gecənin yarısına az qala gəlib çıxmış, arıq canıyla bir küncə qısılıb ağlayan ilk düşmənim Zümrüd himə bənd imiş, top kimi açıldı:
– Yaxşı eləyir, bacısıdı, qoy ağlasın.
Zümrüdün meyitdən it kimi qorxduğunu, elə buna görə də varını-dövlətini daşıyıb ərinin sülaləsinə yedizdirdiyi atasına yaxın düşəmmədiyini yaxşı bilirdim. İki daşın arasında yenə şitliyim tutdu, qolundan yapışıb onu əmimin cəsədinə tərəf dartdım:
– Yaxın otur, sümüyünü də yediyin atan ölüb, dəsmal çək camaat kimi ağla.
Zümrüd əlimdən çıxıb özünü yenə küncə atdı:
– Görək sənin dədən öləndə özünmü ağlayacaqsan.
Səhər dəsmalı ağzına tutub uğundu. Səkinə bibi gülməyini gizlətmədi:
– Bircə, qadan alım, burax onu, bir az da irəli itələsən uzanacaq dədəsinin böyrünə. Əmin ondan çox səni böyük qızı bilirdi, sənə güvənirdi.
Hamı mənim sözümə söykək verdi. Dan sökülhasöküldə Telli mamanın ayaqlarını isti suya qoydum, onu qalın yorğana büküb özüm də yıxıldım yanına, gözümüzün çimirini bir hovur aldıq…
***
Qardaşlarım Laləni də götürüb gecəylə yola çıxmışdılar. Yetim uşaq kimi büzüşmüş gözüyaşlı balalarını səhər qapıda atam özü qarşıladı. Hamı ağlaya-ağlaya bir-birinə sarmaşmaqdaykən bacım oğlu Anar gülə-gülə maşından düşüb dedi:
– Baba, gözlərin aydın! Sənin qardaşın sağ olsun, nə yaxşı öldü, mən kəndə gəldim. Bütün yolu oxuyub oynamışam ey.
Eşidən hər kəs gülüşünü birtəhər boğmağa çalışırdı, atamın bığının qaçdığını görəndə isə hamımız ürəkdən şaqqanaq çəkdik. Güldüyümüzü görən Anar indi də qabağımızda oynamağa başladı. Uşaqla əzəldən ləc düşmüş Cavidin əlinə yağlı girəvə keçdi, yaxınlaşıb Anarın başına saz bir qapaz saldı:
– Eşşək, babamın qardaşı ölüb, sən də şıllaq atırsan?
Anar qapazın zərbindən boğazına keçən papağını başından sıyırıb Cavidə xoruzlandı, onun üstünə yeriyib dedi:
– Ə, eşşək sənin dostlarındı, mən öz babama oxuyuram. Bax, babam da sevinir mənim gəldiyimə.
Anarı özü böyütmüşdü deyə atamın ona ayrıca sevgisi vardı. Bunu uşaq ağlıyla Anar da bilirdi, odu ki, susmadı, atamın qabağında durub barmaqlarını qatlamağa başladı:
– Baba, yol gələndə saymışam: bax, Musa babadan sonra nənəmin qardaşı öləcək, Səkinə nənə öləcək, – atam tez ona xalamın ərinin adını pıçıldadı, – həə, Qurcan baba öləcək, biz də kəndə tez-tez gələcəyik.
Anam qardaşının, yeznəsinin adını eşitcək dilləndi:
– Babanın xalası, xalası qızları, xalası oğlanları öləcək, Rəhim baban özü öləcək, yazıq deyil mənim yetim qardaşım-bacım?..
…Dostum, burdaca deyim ki, əmimdən sonra elə Anarın sıraladığı kimi oldu – dayım öldü, sonra xalamın əri öldü, dayımın cavan qızı öldü…
***
Gözümüzün qurumadığı ağlaşmalı gecədən, yorucu dəfn hazırlığından sonra əmimi yuyata götürdülər. Kəndimizdə bu işə baxan kişi ayaqlarını soyunanda Kamil əl atıb onun biləyindən tutdu:
– Yaqub dayı, əziyyət çəkmə, əmim özü vəsiyət eləyib, meyidi mən yuyacam, oğlanları da suyunu tökəcəklər.
Kişi böyümüş gözləriylə Kamilə baxıb:
– A bala, ölən uşaq-muşaq deyil ey, əzrayıl Musadı, sən nə bilirsən ölü yumağı, – deyəndə Səkinə bibi yaşmağının arxasından sözünü ortalığa tulladı:
– Musanın öz istəyidi, Kamil yuyacaq, Rəhim də dəfn eləyəcək. Oğlanları Musanın ehsanına qarışmayacaq.
Yaqub dayı corablarını ayağına çəkdi, başını qaldırıb qadınların arasında domuşmuş arvadı Biləngülə qanlı-qanlı baxdı. O baxışın mənasını bütün kənd göydə tutdu: Yaqub dayının qol çırmayıb sidq ürəklə yuduğu ölüləri Biləngül xala bir sözüylə isbatsız eləyirdi. Kimsə dəhnədə suyu ona bir az gec verəndə, ya kiminsə inəyi bunun şoqqar inəyinə bir buynuz vuranda Biləngül xala gözünü yumub ağzını açırdı: “A bala, mən bu suyu dədənin götünün poxunu yuyan kişinin bağını suvarmağa aparıram eyy, inəyini bağla qıçına…” Ya da: “Bu, sənin quruyub qarğaya dönmüş dədəni yuyan kişinin inəyidi eyy…” Belə-belə atmacalarla arvad qarşısına keçəni ilan kimi çalırdı.
Buna bənzər sözləri, əlbət, əmim də eşitmişdi. Özü də Kamilin adını dilbədil deməmişdi, çünki qardaşımı oğlanlarından artıq istəyirdi (bəlkə də istək o söz deyil, sayğı desəm bəlkə düz olar), ona qıymazdı; amma atama tapşırmışdı ki, meyidini Yaqubun əlinə verməsin…
Rəhman əmimin Kamildən bir yaş kiçik qızı Şəfaqət önlüyü qardaşımın belinə bağlayıb ağlaya-ağlaya dedi:
– Allah qüvvət versin, qardaş, sən bir az naxoşsan, ehtiyatlı ol.
Bu hadisədən bir-iki il qabaq Kamil ağır əməliyyatlardan keçmişdi, böyrəyinin biri çıxarılmışdı – əmiqızı buna işarə vururdu.
Kamil qollarını çırmalayıb ayaqlarını soyundu, yuyatın girəcəyindən əmimin Məhər oğluna səsləndi:
– Sən də gəl, Hakimlə Məsimə də tapşır su daşısınlar.
Məhər elə camaatın içindəcə Kamilə qolaylandı:
– Yox, qadan alım, mənlik deyil, mən qorxuram.
Kamil aciz-aciz güldü:
– Ə, bura gəl, yekə kişisən, utanmırsan?
Məhərin tərəddüd elədiyini görən özündən kiçik qardaşı Səfər Kamilin qabağına düşüb yuyata girdi.
Telli mama yanını pilləkənə qoyub üzü yuyat yerinə haray çəkirdi:
Mən öldüm ağlamaqdan, a qardaş,
Sinələr dağlamaqdan, a qardaş.
Bağda xəzəl qalmadı, a qardaş,
Yarama bağlamaqdan, a qardaş.
Arvadlar da onun səsinə səs verib “can qardaş” deyirdilər…
(Ardı var)
Mənbə: Kulis.az
Romanın birinci bölümü:
1 2 3 4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23
İkinci bölüm:
24 25 26 27 28
29 30 31 32 33
34 35 36 37 38
39 40 41 42 43
44 45 46 47 48
49 50 51 52 53
54 55 56 57 58
59 60 61 62 63
64 65 66 67 68
69 70 71 72 73
74 75 76 77 78
79 80 81 82 83
84 85 86 87 88
Üçüncü bölüm:
89 90 91 92 93
94 95 96 97 98
99 100 101 102
103 104 105 106
107 108 109 110
111 112 113 114
115
Romanın müəllifi Bircənin müsahibəsi
Bütün Mələklərin harayı
“Cəhənnəmdən keçmiş mələk”: kitab çıxdı