Hikmət Sabiroğlu
Bakı-Şuşa avtobusu saat 07:40-da yola çıxırdı. Şamaxı yolu gedərdi, axır illərdə nəyə görəsə Kürdəmir yoluna keçirdilər.
Bakıdan Şamaxıyacan boz çöllər məni darıxdırırdı.
Şamaxıda, yaşıllıq başlayanda özümə gəlirdim. Yatmırdım ki, tənha türk məzarını ötürməyim, salavat çevirim.
Ağsu aşırımı Şuşanın dolamalarına çox oxşayır. Şəmkirdən Gədəbəyə qalxan yol da belədir.
Ağdamlı bibim oğlu bir yol maşınla Davosa qalxıb. Qışda. Şuşanın dolamalarını xatırlayıb. Deyir maşını saxlatdırıb düşdüm, ağladım.
Göyçayda nahar olardı. Mən yolda çörək yemirdim çox vaxt. Çay içirdim.
Göyçay mənə həmişə doğma gəlirdi nəsə. Çox istədiyim bibim qızı ora ərə getmişdi, yəqin bunun da təsiri vardı.
Göyçaydan Ağdaşa, Ağdaşdan da Yevlaxa qədər mürgüləməyə çalışırdım.
Ağdaş mənə yad gəlirdi (onda hələ ağdaşlı Məmməd Nazimoğlunu tanımırdım).
Yevlax isə Şuşada qarışıq yer kimi tanınırdı.
Yevlaxı ötəndən sonra Qarabağ başlayırdı.
Əvvəl Bərdə.
Sonra Ağdam.
Ağdam mənə çox əzizdir. “Qarabağ söhbətləri”ni xatırlayın: “Ağdamın yarısı şuşalıydı, Şuşanın yarısı ağdamlı. Orda bizim qohumlar, burda onların qohumları. Biz ordan bazarlıq eləyərdik, onlar canlarını Şuşada dincə qoyardılar. Xeyrimiz-şərimiz bir. Ləhcəmiz bir. Bizim bir-birimizdən başqa kimimiz vardı axı?!”
Qarahacılı (Qarağacı) qəbiristanlığını ötəndən sonra Əsgəran qalası gəlirdi.
Qışda gedirdin, elə Əsgərandaca ayağına Şuşanın soyuğu gəlirdi.
Yayda gedirdin, Şuşanın mehi vururdu üzünə.
Xocalı sağ əldə qalırdı. Mən onu “İstisində yanan yurd” adlandırmışam yazılarımın birində. Çox isti bir obaydı. Yanıb kül oldu.
Stepanakert. “Qarabağ söhbətləri”ndə bu şəhərdən “Şaxtada-boranda tibb texnikumunun qabağında var-gəl eləməyim də yadımdan çıxmayıb…” yazmışam.
Uşaqlıq dostumu görməyə gedirdim. Bir yol o qədər gözlədim ki, qapıda duran erməni arvadın mənə yazığı gəldi, fikirləşdi donaram, budkasına çağırdı, amma getmədim.
Şuşa dolamaları Ağa körpüsündən başlayırdı. Dolamaların birində, ən sərt dolamada babamı soyublarmış bir yol. Fayton zamanı olub bu əhvalat.
2007-ci ildə Şuşaya səfər edən İlhami Fətəliyevin müsahibəsindən: “Ağa körpüsündən Şuşaya qədər çox gözəl, təzə yol çəkilib. Qıraqları düzəlmiş, hamar… Yol-rizdə adam görmədim”.
Kələ-kötür, amma adamı əskik olmayan Şuşa dolamalarını ötəndən sonra qalırdı qapımıza salam vermək…
***
Şuşa-Bakı avtobusu saat 08:00-da yola çıxırdı. Dolamaları düşə-düşə Şuşadan ötrü darıxmağa başlayırdım…
29 iyul 2011