Yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan tamaşa “Boş məkanın dolğunluğu-2” eksperimental tamaşalar festivalının qalibi olub.
“Boş məkanın dolğunluğu-2” festivalı mərhum rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr edilib. Festivalın təşkilatçısı Azərbaycan Teatr Xadimləri İttifaqı və Mədəniyyət Nazirliyidir.
Festival çərçivəsində 9 gün ərzində Azərbaycanın yeddi müxtəlif dövlət, bələdiyyə, müstəqil teatrı, həmçinin Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim-tələbə heyəti və bir Gürcüstan teatrı tamaşalar göstərib. Ümumilikdə 18 tamaşa təqdim olunub.
“Bir, iki – bizimki!” tamaşası festival çərçivəsində martın 9-u Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında nümayiş olunub. Teatrşünaslardan, mədəniyyət yazarlarından ibarət ekspert qrupunun və tamaşanın yaradıcı heyətinin iştirakı ilə keçirilən müzakirədə “Bir, iki – bizimki!” son illərin ən uğurlu mədəniyyət faktlarından biri kimi dəyərləndirilib.
“Bir, iki – bizimki!”nin “Boş məkanın dolğunluğu-2” eksperimental tamaşalar festivalının qalibi seçildiyi haqda məlumatı Moderator.az saytı Akademik Milli Dram Teatrının mətbuat xidmətinə istinadla yayıb.
Məlumatda deyilir ki, Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində gənc rejissor Əlif Cahangirlinin quruluşunda hazırlanan “Bir, iki – bizimki!” tamaşasının rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Camalovadır.
Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovdur.
Rollarda əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış ediblər.
“Boş məkanın dolğunluğu-2” festivalının qalibi kimi mükafatlandırılarkən “Bir, iki – bizimki!” tamaşasında iştirak edən aktyorlar səhnəyə dəvət olunub, xalq artistləri Hacı İsmayılov və Ramiz Fətəliyev onlara xüsusi diplom və pul mükafatları veriblər.
“Bir, iki – bizimki!” 5 şəkildən ibarətdir. Müəllif Kamal Abdulla pyesi bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı kimi təqdim edib.
Oyun qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.
Səhnə əsəri iki fərqli dünya insanının söhbəti, bir-birinə təmassız toxunuşları, ehtirası, sevgisi, peşmanlığı, əsəbi, mübahisəsi, yenə də qovuşmaq arzuları üzərində qurulub. Onların dialoqu kişinin xarakteri, kimliyi haqqında geniş düşüncələr yaradır. Bu iki nəfər bir-birini eşitmək istəyir, amma eşitmir, görmək istəyir, amma görmür, duymaq istəyir, amma duymur. Bütün ömürlərini öz ağuşuna alan faciə də məhz budur: bir-birini sevən, bir-birinə can atan insanların bir-birinin dünyalarındakı ayrılıq. Elə birinin ölü, o birinin diri olması da simvolikdir.