Xocalı işğaldan azad olunanda ölkəyə sükut çökdü.
Televiziya aparıcıları Xocalının azad olunduğunu xəbər verməyə qara qırmızı paltarda çıxdılar. Heç biri sözünə o dəqiqə başlaya bilmədi, hamısı bir xeyli udqundu, boğazını arıtladı, duruxub kameraya baxdı.
Qəzetlərdə, saytlarda Xocalının azad olunduğunu hansı başlıqla xəbər vermək üstündə baş sındırdılar, neçə variantı yazıb pozdular, axırda xəbərə eləcə “Xocalı” başlığını qoydular. Artıq söz nəyə lazım, – düşündülər, – bu ad özünə yetər.
Xocalı işğaldan azad olunanda Lənkəranda babalı-nəvəli, oğullu-qızlı, nəvəli-nəticəli bir evdə hamı televizorun başına yığılmışdı. Xocalının azad olunduğunu eşidəndə baba üzünü divara çevirdi, nənə yaylığını gözündə düyünlədi, oğul həyətə düşüb ağacın gövdəsinə söykəndi, gəlinlər balacaları qucağına alıb evin bir küncünə çəkildilər.
Xocalı işğaldan azad olunanda Qubada taksi sürücüsü maşına oturan müştəridən hara gedəcəyini soruşmadı, heç müştəri də hara getmək istədiyini demədi, eləcə hər ikisi oturub gözünü maşının qabaq şüşəsindən uzağa zillədi.
Xocalı işğaldan azad olunanda Beyləqanın ən haylı-küylü çayxanasında qu deyəndə qulaq tutuldu, bir adam dinib danışmadı, çayçı çayı masaya qoyanda elə qoydu ki, stəkan-nəlbəkinin də cınqırı çıxmadı.
Xocalı işğaldan azad olunanda Qazaxda qonşu qonşunun evinə salam-əleyksiz girdi, gəlib dinməzcə ev yiyəsinin qənşərində oturdu, nə o ev yiyəsinin üzünə baxdı, nə ev yiyəsi onun üzünə baxdı, eləcə hər ikisi gah tavana, gah döşəməyə, gah da qapı-pəncərəyə boylandı.
Xocalı işğaldan azad olunanda Naxçıvanda sərhəd zabiti möhürü əlində fikrə getdi, ha çalışdı yadına sala bilmədi möhürü sənədin harasına, necə, niyə vurmalıdı.
Xocalı işğaldan azad olunanda Azərbaycanın xarici ölkələrdəki səfirliklərində telefon zənglərinə cavab verməyə heç kimin heyi olmadı. Telefon aparatlarını avtomatik cavab vermə sisteminə qoşdular. Sistem zəng eləyənlərə dedi ki, zəhmət olmasa başqa vaxt əlaqə saxlayın.
Xocalı işğaldan azad olunanda ölkəyə səssizlik çökdü. Elə bir səssizlik ki, Şəkidə doğulan körpənin çığırtısı Bakıdan Naxçıvana, Lənkərandan Qazaxa, Qubadan Beyləqana hər yanda eşidildi.
***
Sükutu o körpənin səsi dağıtdı. Sükut dağıldı, hərəkət başlandı. Hamı Xocalıya axışdı. Şəhərin ayağından başına dörd bir yanına, bütün küçələrinə, meydanlarına, bir vaxt Xocalı şəhidlərinin cansız cəsədlərinin səpələndiyi dağlara, dərələrə, meşələrə qərənfillər düzüldü. Bakının gülüstanlarından dəstə-dəstə, qucaq-qucaq, maşın-maşın qərənfil Xocalıya daşındı. Qan qana qarışdı. 20 Yanvarda Bakıya yas tutan qərənfillər Xocalıda yasdan çıxdılar.
Xocalı torpağında qara bayram məclisləri quruldu. Adamlar Xocalının öldürüldüyü küçələri, dağları, dərələri, meşələri qarış-qarış gəzib Quran surələri, Quran ayələri oxudular, fatihə verdilər. Qadınlar küçələrdə, dağlarda, dərələrdə, meşələrdə daşlara, ağaclara, çaylara, quşlara qoşulub ağı dedilər, kişilər Xocalı qibləsinə salavat çevirdilər, Xocalı qibləsinə namaz qıldılar.
***
Sonra xocalılar düşmənin illər uzunu murdarladığı şəhəri paklaşdırmaq üçün hər yana su çiləyib salavatladılar, bütün evlərin, bütün tikililərin, mal tövləsinin, toyuq damının da qapı-pəncərəsini açıq qoyub haram nəfəsi doğma ocaqdan qovdular.
Düşmən Xocalını işğal eləyəndə təkcə körpələri, qız-gəlinləri, qoca-qarını, igid oğullarımızı öldürməmişdi, düşmən Xocalının qanı qurumamış, meyidi ortalıqdan götürülməmiş şəhəri talan eləmişdi, xalça-palazı, yorğan-döşəyi, qab-qacağı yağmalayıb aparmışdı. Sonra gəlib bu evlərdə məskunlaşanda bəzisi o xalça-palazı, yorğan-döşəyi, qab-qacağı gətirib işlətmişdi, bəzisi də yenisini almışdı. Xocalılar geri qayıdanda evlərdə nə varsa hamısını çölə tökdülər. Bir vaxt öz əlləriylə toxuduqları gəbələri də, sırıdıqları yorğan-döşəyi də od vurub odladılar, qab-qacağı çilikləyib küllüyə atdılar.
Xocalıların bir qisminin ürəyi bununla da soyumadı, doğma ev-eşiyini buldozerin qabağına verib uçurdu, həyət-bacada torpağın üzünü kürüyüb bir qırağa quyladı, yenidən ev tikdi, hasar çəkdi, həyət-baca qurdu. Torpaq halallığa çıxdı.
***
Xocalıda həyat cücərməyə başladı. Şəhərdə şəhidlərin xatirəsinə abidə kompleksi quruldu. Qətliamın törədildiyi dağlarda, dərələrdə, meşələrdə açıq muzeylər yaradıldı, xatirə lövhələri qoyuldu.
Hər gün Xocalıda yeni bir idarə, yeni müəssisə işə düşdü, məktəblər, bağçalar, kitabxanalar, klublar, xəstəxanalar tikildi, dükan-bazar açıldı, küçələr, meydanlar canlandı, Xocalı vağzalına, Xocalı aeroportuna yeni nəfəs gəldi.
Xocalı döyüşçülərinin adı məktəb-məktəb, küçə-küçə, meydan-meydan dirildi, Xocalının vağzalına qayıtdı, Xocalının aeroportuna qondu: Əlif Hacıyev adına aeroport, Tofiq Hüseynov adına vağzal, Aqil Quliyev adına stadion, İnqilab İsmayılov meydanı, Hikmət Nəzərli prospekti, Füzuli Rüstəmov adına orta məktəb, Araz Səlimov adına lisey, Ələsgər Novruzov adına mədəniyyət evi, Şöhrət Həsənov adına kitabxana…
Şəhid körpələr bağçalarda qanad açdı, körpələr evinə layla çaldı, uşaq klubunda boy atdı, uşaq poliklinikasında məlhəm aldı: Ayşən Muradova adına bağça, Aygün Həsənova adına körpələr evi, Məhşər Hüseynov adına uşaq idman klubu, Sarvan Səfiyev adına uşaq poliklinikası…
Xocalıda kökü kəsilmiş ailələr parklarda, bağlarda ağac-ağac nəsil verdi: Məmmədovlar parkı, Hüseynovlar bağı, Kərimovlar, Əliyevlər, Qənbərovlar, Həsənovlar adına parklar, bağlar…
Elşən Şirinov hələ ad qoymağa macal tapmadığı körpə balasını qoynuna aldı: Elşən Şirinov küçəsi Elşənin oğlu dairəsinin başına dolandı.
Düşmənin hələ Xocalı yolunda pusqu qurduğu vaxt şəhid olmuş Natiq Əhmədovun, yağıların yerimizə yeriklədiyi ərəfədə göyümüzdən vurub saldıqları vertolyotda şəhid olmuş Şakir Salahovun, Xocalının işğal olunduğunu eşidib tankıyla özünü köməyə çatdıran, elə həmin gün şəhid olan Canbulaq Rzayevin, Xocalının yerdəki harayına özlərini göydən yetirən vertolyotçular Sergey Senyuşkinin, Yavər Əliyevin, neçə-neçə Xocalı girovunu gavurların əlindən almış Allahverdi Bağırovun adına küçələr verildi.
Xocalının çəkdiyini çəkənlər yeni Xocalıya şahidlik eləməyə başladılar: Çingiz Mustafayev adına studiya, Seyidağa Mövsümlü adına prodüser mərkəzi açıldı.
***
Xocalıda həyat qaynamağa başladı. Günün birində şəhərdə qurtuluşdan sonranın ilk ağır yol qəzası baş verdi. İri yük maşını xırda minik maşınının üstünə çıxıb əzdi. Amma minik maşınında olan dörd adamın dördü də bu qəzadan salamat çıxdı. Hamı məəttəl qaldı.
Bir gün danışdılar ki, Xocalıdakı doğum evinə çox ümidsiz bir gəlin gətiriblər. Həkimlər deyib nəinki uşağın, heç gəlinin də xilasına ümid yoxdu. Amma doğuş asandan da asan keçdi. Gəlin rahatca yükünü yerə qoydu, çağa da sapsağlam oldu.
Bir gün Xocalıda bir adam özünü öldürmək fikrinə düşdü. Kəndiri ağacın yoğun qoluna sarıyıb boğazına keçirdi. Amma kətili ayağının altından vurub itələyəndə ağacın qolu şaqqıltıyla qopub yerə gəldi. Özünü öldürmək istəyənin bir az böyür-başı əzildi, özünü öldürmək fikrindən də daşındı.
Günün birində Xocalıda qurtuluşdan sonranın ilk ağır cinayəti baş verdi. Biri bıçağı üç dəfə o birinin ürəyinə sapladı, amma vurulan adam durdu öz ayağıyla həkimə getdi, iki həftəyə sağalıb xəstəxanadan çıxdı. Hamı məəttəl qaldı.
Bir az keçdi, statistika yayıldı ki, Xocalıdakı heç bir avtomobil qəzasında ölən olmayıb, bütün qəzalardan adamlar sağ çıxıblar.
Bir az sonra statistika yayıldı ki, Xocalıdakı doğum evində də ölən olmayıb, ən çətin doğuşlar da asan keçib, ən ümidsiz çağalar da sağ qalıb.
Hesab-kitaba baxıldı ki, demə, Xocalının heç bir xəstəxanasında ölüm olmayıb – ən əlacsız xəstələr də həkimlərin qoyduğu müddəti çoxdan adlayıblar, ya xəstəxanada müalicəni davam elətdirirlər, ya evdə dincəlirlər, ya da iş-gücə qayıdıblar.
Statistikalar toplandı, araşdırıldı, aydın oldu ki, ümumiyyətlə Xocalı işğaldan qurtulandan bəri burda hələ heç kim ölməyib – qoca-qarı, xəstə, yaralı, hamı yaşayır.
Əfsanələr dolaşmağa başladı. Dedilər Xocalıda öldürülən körpələrin, anaların, qız-gəlinlərin, ağsaqqalların, ağbirçəklərin ruhudu – bu yerləri qanadı altına alıb saxlayır. Bir vaxt canını fəda eləsə də Xocalını qorumağa gücü yetməmiş oğulların ruhudu – indi hər gün şər qüvvələri burdan qovur. Dedilər Tanrı da Əzrayıla təpinib, deyib daha oralardan doymuş olarsan, oralara görükmə.
***
Dillərdə əfsanə, sənədlərdə statistika – ölkədə Xocalıya yeni axın başlandı.
Uzaq-uzaq şəhərlərdən, kəndlərdən, qəsəbələrdən qaynanalar gəlinləri ağırlaşanda götürüb Xocalıdakı doğum evinə gətirdilər.
Maşın sürməyi öyrənmək istəyən yolunu Xocalıdan saldı.
Harda əlacsız xəstə, ağır yaralı var, Xocalı xəstəxanasına çatdırıldı.
Ölümdən qorxan qoca-qarı xocalıların daimi qonağı oldu.
Şəhərdə doğum evi çatdırmadı, birinin yanında beşini tikdilər.
Xəstəxanalar korpus-korpus artdı, bir-birinə calandı.
Küçələr tıxandı, şəhərə giriş-çıxışın sayını çoxaltdılar.
Xocalılar qonaq-qara saxlamaq üçün evlərinin üstünə ev artırdılar. Mehmanxanaların sayı-hesabı olmadı.
Tofiq Hüseynov adına Xocalı vağzalı, Əlif Hacıyev adına Xocalı aeroportu aşıb-daşdı, gecə-gündüz bilmədi.
Xocalı inanc yerinə, pirə, ocağa çevrildi…
Dünyanın işinə bax, ana! Xocalının girişinə gözmuncuğu asıblar! Bunu 1992-ci ilin fevralın 25-də niyə asmırdılar, ana?!
Azər Qaraçənli
Novator.az,
10 sentyabr 2018