Cəhənnəmdən keçmiş mələk (110)
Avtobioqrafik roman
Üçüncü bölüm
Müəllif: BİRCƏ
Kamil bizi Laləyə təhvil verib axşam düşməmiş geri qayıtdı. Bacımgil tutduğu evin üzü meşəyə baxırdı, içində-çölündə hər şəraiti vardı.
İki gün evdən eşiyə çıxmadıq, cüt bacı birləşib pal-paltarımızı yerbəyer elədik, gətirdiklərimizdən süfrə açıb balalarımızı başımıza yığdıq.
Cavid yenə ilana dönüb sarılmışdı Anarın boynuna, uşağın gününü göy əsgiyə düymüşdü. Bacım oğlu mənə yaxın gəlcək başlayırdı:
– Sən məni istəmirsən, yaxşı tikələri Anara yedirdirsən, yatanda da yanında onu yatırdırsan.
Bacımın müsibətlə böyütdüyü balasını başımdan genidib ona sarı gedəndə də ayrı hava çalırdı:
– Mənə yaxın gəlmə, – deyib qaçırdı, – elədiklərinin hamısı yalandı.
Qaldığımız kəndin gözəl bir adəti vardı – hər darvazanın ağzında stol-stul, stolun üstündə də şahmat dəsti olardı, yaşlı adamlar boş vaxtlarında oturub şahmat oynayardılar. Cavid də tez-tez onlara qoşulurdu, uşaq qonşuluqdakı yaşlı kişiləri mat elədikcə mən sevincimdən uçurdum, Anarın da qulağı dinc olurdu. Hərdən usta oyunçuya rast gəlib uduzanda isə Anar balaca canıyla onu ortalığa qoyurdu:
– Gördün qoca kişi səni necə mələtdi?
Pərt olmuş Cavid ona cumanda uşağı qamarlayıb köksümə basırdım, oğlumun yağdırdığı yumruqlar başıma-gözümə dəyirdi. Gecələr işıqları söndürüb yatağımıza girəndə Anar bacısını zalda yatan atasının yanına qovub məndən nağıl istəyirdi. Onda Cavid barmaqlarını qulaqlarına tıxayıb özünü eşitməzliyə vururdu. Nağıl sona çatanda isə üç almanı bölmək üstündə dava düşürdü, Cavid yerindən sıçrayıb göydən düşəsi almaları tutmağa hazır dururdu:
– Almanın yekəsi mənimdi.
– Sən nağıla qulaq asmamısan, – Anar deyirdi, – sənə alma düşmür.
Bunlar almaları bölənə qədər Lalənin qara böcəyə oxşayan qızının səsi zaldan bütün evə yayılırdı:
– Atama da vermədilər, mənə də.
Uşaqlar yuxuya gedəndən sonra iki bacı dərindən nəfəs alıb düşürdük həyətə, dağlardan əsən ətirli mehin sərin qoynunda, ulduza hürən kənd itlərinin sədası altında dərdləşirdik. Lalənin fikri-zikri Fuadın yanında qalmışdı, hərləyib-fırlayıb mənim unutmağa çalışdığım mövzunun üstünə gəlirdi, söhbətə hayandan yaxınlaşırdısa məni qınayırdı:
– Sənə elə bir bəhanə lazımmış dolu qabı ağzı üstə çevirməyə, – deyirdi. – Bir azca səbr eləyəydin, bəlkə bir yol tapılardı.
Mən hər dəfə onun sözünü ağzında qoyurdum. Birində də mövzunu bağladım:
– Boşla bu söhbəti, yaxşı ki, alınmadı, – dedim. – Mənim daha kiminsə yolunda çarpışası, qohum-əqrəbanın, elin-obanın dilinə düşəsi halım yoxdu. Əlidən ötrü hamıyla düşmən oldum, gördün sonda neylədi? İndi də bu. Tutaq ki, mən o boyda oğlumu bir ay gizlədim, bəs sonrası? Ömrüm boyu hansısa ağzıgöyçəyin qabağında gözükölgəlimi dolanım? Kiminsə əmisinə-dayısına xoş gəlsin deyə keçmişimi necə danım, niyə danım? Bəyəm oğlum mənim cinayətimdi, bic övlad böyütmüşəm mən? Yadındadı nənəmiz nə deyirdi – yaram yara olsa davacatım qənşərimə gələr. Bu adam mənim qismətim olsaydı hər işim yağ kimi gedərdi. Demək, belə məsləhətmiş. Sən də unut olub-keçəni, bax elə bu gecə bu həyətdə hamısını bu palıdın dibinə basdıraq getsin.
Lalə üzümün bozardığını, fikrimin dönməz olduğunu görüb orda qaldığımız müddətdə bir də o söhbətə qayıtmadı.
***
Hər günorta bizi bir evə qonaq çağırırdılar. Çox vaxt özümü xəstəliyə vururdum, Lalənin əlindən canımı birtəhər qurtarıb evdə qalırdım. Onlar gedəndən sonra özümü verirdim zirzəmidəki təmiz, sərin, alaqaranlıq otaqlardan birinə.
Dostum, bunu əvvəl də demişəm: həmişə elə bilirdim içimdə mələk kimi gözəl bir qadın oturub, müdam məni yönəltməyə, üzümü istədiyi səmtə çevirməyə çalışır. Onun dediklərinə əməl eləyəndə əhvalım da yaxşı olurdu, öz gözümdə gözəlləşirdim; onun göstərdiyi çəhlimlə getməyib quluzumlara düşəndə, zığ-zımrığa batanda özümü bakirə qız kimi yox, əlində cəhənnəm çalğusu gecə-gündüz şeytanın yolunu süpürən üç yüz yaşlı tiftikbaş küpəgirən qarı kimi hiss eləyirdim. İndi o qarı dişlərini qıcayıb içimdəki məsum qızı bu tanımadığım divarlar arasında didib-parçalamaq istəyirdi, çünki Fuad məsələsində mən onun göstərdiyi yolla getməmişdim. Evdə tək qalanda hardansa peyda olub üstümə yeriyən ifritəylə haldan düşənəcən süpürləşirdim, qarı məni boğazlayıb divara qısnayanda evdən çıxıb tanımadığım kəndin içiylə qaça-qaça özümü dərədə qıjıldayan çaya yetirirdim, bir az çay yuxarı, bir az çay aşağı var-gəl eləyirdim, xırda daşları ovcuma yığıb çayın yatağındakı iri daşları, qıjovları daşlayırdım, yorulanda aralanıb döşlərdəki talalardan ballı yonca, qarğagözü, quzğunqılıncı, pişikgözü, danaqıran toplayırdım, çiçəklərdən dəstə bağlayıb gəldiyim yolla geri qayıdırdım…
Cavid bütün təxəyyülünü işə salıb dincliyimizə haram qatırdı. Bir gün də qonşuluqdakı balaca uşaqları Anar qarışıq başına yığıb bir bəhanəylə hamama salmışdı, orda uşaqların qaşlarını bir-bir qırxıb evdən qaçmışdı. Buna görə yeznə mənə bir söz demədisə də yazıq Lalənin yediyini-içdiyini burnundan gətirdi.
O gün Yasəfin təftiş elədiyi idarənin müdiri bizi evinə qonaq çağırmışdı. Burdakı məclislərin bir işi xoşuma gəlirdi ki, adətən kişilər yığışıb bulaq başına çıxırdılar, biz də getdiyimiz evdə qız-gəlinlə baş-başa qalırdıq. Anarın qırxıq qaşını bəhanə gətirib mən getmək istəmədim, bacım müdirin arvadından ayıbdı deyib əl çəkmədi. Gerçəkdən Səlimə xanım çox mehriban, mərifətli qadınıydı. Yeddi bacıydılar, hamısı da bir comalaqda bir-birinə yaxın yaşayırdı. Geniş, rahat, dəbdəbəli evləri vardı.
Süfrədə bir quş iliyi çatmırdı. Müdirin bir-birindən gözəl, ətli-canlı, bərli-bəzəkli baldızlarının boyun-boğazı qızıla tutulmuşdu. Deyə-gülə süfrə başına keçdik, neçə cür nemətdən daddıq. Arada Səlimə xanım bacılarıyla xısınlaşıb naçar-naçar boynunu bükürdü. Demə bunlar bizə xəngəl qonaqlığı verəsiymişlər, hər tədarük də görülübmüş, di gəl, xamırı yayası qonşu qadının yası düşdüyünə görə plan pozulub. Bacılar boyunlarını elə bükmüşdülər, görən deyərdi nəsə bəd xəbər gəlib. Onların pərtliyini aradan qaldırmaq üçün dedim:
– Süfrədə hər şey var, xəngəl olmasa da olar.
Evin xanımı qazanlardakı qovrulmuş beçələri, quzu buğlamasını göstərib dedi:
– Bizim xəngəldən heç yerdə yeməmisiz, hayıf qonşu dilimizi gödək elədi.
Mən yenə dilimi dinc saxlamadım:
– İndi sizi xəcalətli qoyan nədi ki?
Yeyib yumrulanıb yanaqları südlü çörək kimi allanmış Səlimə xanım utana-utana dedi:
– Yeddi bacıdan heç birimiz yuxa yaya bilmirik, ona görə də yanınızda üzüqara qaldıq.
Lalə mənim qırımımı görüb masanın altından ayağımı basdaladı – yəni otur yerində. Mən onun him-ciminə məhəl qoymadım:
– Ay qızlar, oxlovunuz, taxtanız varsa mən yayım, siz bişirin. Ta buna görə niyə qəm dəryasına batırsız.
Dediklərimi göz qırpımında hazırlayıb həyətdəki ağacın altına qoyulmuş dəmir masanın üstünə yığdılar. Qollarımı çırmayıb kündələri yaydıqca gözlərimi Lalədən gizlədirdim, bilirdim indi keçmiş-keçənimi, yeddi arxa dönənimi qeyb aləmindən geri çağırıb bu yad qapıda sıraya düzməyə hazırdı.
Bəzəkli bacılar başıma yığışıb əlimə heyranlıqla baxırdılar:
– Boy, Aqil müəllimin bacısı Bakıdan gəlib gör nə gözəl yuxa yayır!
Mən səsimə azacıq qınaq çaları qatıb:
– Ay bacı, bəyəm Bakıdakılar xəngəl bişirmirlər, – dedim, – bir də sizə kim deyib ki, mən Bakıdan gəlmişəm?
Mənim canı-dildən işlədiyimi görən Səlimə böyük bacısına nə göz-qaş elədisə qadın irəli durub oxlovu əlimdən aldı:
– Qadan alım, di get otur, yaydığın bizə bəs oldu.
Mən onun üzünə təəccüblə baxıb:
– Axı bu çox azdı, – dedim, – qoy hamısını yayım, sən də get suyunu hazırla.
Boyun-boğazı şanqalanqatar qızıllı gonbul, suyuşirin qadın gözləri yaşara-yaşara güldü:
– Sənin özünü də yuxa kimi yayaram! Biz özümüzü sizin yanınızda bir az yekə aparmaq istədik, sən də bizə dərs verdin. İndi get otur, gör sənə necə xəngəl bişirəcəm.
Çox keçmədi üstü çolpalı, qiyməli xəngəllər iri sinilərdə ortalığa gəldi. Dilli-dilavər bacılarla yaxşıca yeyib içdik, doyunca söhbətləşib qaldığımız evə döndük.
***
Dağ kəndində istirahət müddətimiz başa çatanda bacılarla bir də payızda görüşməyi sözləşib ayrıldıq. Mən Cavidlə kəndə, Lalə ailəsiylə Bakıya qayıtdı. Biz dağdan enəndən sonra anam ev-eşiyi mənə tapşırıb şəhərə getdi.
Gəldiyimiz günün səhəri atam Cavidi yanlayıb dedi:
– Siz gedəndən əsgərlər hər gün səni soruşurdular. Düzünü söylə, neyləmisən, onların patronunu-zadını götürməmisən?
Atəşkəs müqaviləsi bağlanandan bəri kəndimizdəki əsgərlərə patronu sayıb verirdilər, bircəsi əskik gələndə hərbi hissədə ciddi söz-söhbət yaranırdı. Cavid bir dəfə əsgərlərdən birini belə bir işə salmışdı deyə atam hərbçilərin onu soraqlamağından narahat olmuşdu. Uşaq atamı toxtatmaq üçün dedi:
– Baba, mən qotur olandan, paltarıma bit düşəndən sonra dayım məni səngərə buraxmadı axı.
Düz deyirdi. Cavidin bu sözündən sonra mənim də dalağım sancdı:
– Kim soruşurdu, – atamdan xəbər aldım, – necə soruşurdular?
– Hər gün biri gəlirdi. Mən evdə yoxdu, başqa yerə gedib deyəndən sonra qayıdıb bir də getdiyi yerin adını soruşurdular.
Bildim ki, biz gedəndən sonra Fuad kəndə gəlibmiş, bizim harda olduğumuzu öyrənmək istəyirmiş. Atamın fikrini yayındırdım:
– Allah bilir, bəlkə də diləyə-zada gəlirmişlər, səndən utandıqlarına görə Cavidi soruşurmuşlar…
Dağdan qayıtdığımızın on günü tamam olmuş-olmamış atam telefonunu mənə uzadıb dedi:
– Bir qız səni soruşur, gör kimdi?
Əl telefonu kəndə-kəsəyə yenicə ayaq açmışdı. Aqil də atama bir telefon alıb vermişdi. Adı atamın olsa da dadı mənim idi, bütün günü Laləylə çənə vururduq.
Telefonu kişidən alıb alo deyən kimi cılfır, həyəcanlı bir səs qulağımı ütdü:
– Salam.
– Salam, – deyib susdum.
İlk dəfəydi telefonda belə bir səs eşidirdim. Səs yiyəsini tanımağa çalışırdım.
– Bircə xanımdı danışan?
– Bəli, – yenə anışdıra bilmədim.
– Mənəm ey, Elvar müəllim.
Səsi kişidən çox arvad səsinə oxşayırdı.
– Tanımadım, Elvar müəllim kimdi?
– Ay Bircə xanım, mənəm də, Səlimənin yoldaşı.
Adam Səlimənin adını çəkəndən sonra dil boğaza qoymadım:
– Salam, salam. Bağışlayın siz Allah, tanıya bilmədim. Necəsiz, nə var, nə yox? Səlimə xanım, baldızlarınız necədi?
O danışdıqca xəttin o başında necə əsdiyini elə bil gözlərimlə görürdüm. Səsindən tutub onun sir-sifətini yadıma salmağa çalışırdım. Sürücünü, qarovulçunu bir-bir yaddaşımdan keçirdim, onlardan başqa mən orda bir kişi xeylağı da görmüşdüm – başı lümlüt bir cürəpə ciy-ciy səsiylə bizə xoşgəldin eləmişdi. Səsindən bildim ki, bu danışan həmən o cürəpədi.
Nə danışdığı indi də yadımda deyil, yadımda bu qalıb ki, onun sözünü ağzında qoyub dedim:
– Telefonu verin Səlimə xanımla da danışım.
Kişiciyəz cır səsini bir az da qısıb həyəcanını qulağımdakı telefona ötürdü:
– Mən evdə deyiləm, işdən zəng eləmişəm, onun xəbəri yoxdu.
Yenə üstünü vurmadım, özümü avamlığa qoyub sağollaşdım.
Pis fikirləri başımdan qovmağa, evində çörək kəsdiyim, ailəsini-uşağını tanıdığım adam haqqında yaxşı düşünməyə çalışırdım. Adam bundan sonra hərəsində bir bəhanəylə üç kərə də zəng vurdu, mənim xəngəl yaymağımı şişirdib göylərə qaldırdı, gözümə təpilmək üçün dəridən-qabıqdan çıxdı; hamısında şeytana lənət oxuyub birtəhər dözdüm, evində kəsdiyim çörək qaynayıb boğazıma tıxandı. Dördüncüdə özümü saxlayammadım, abır-həyanı qatlayıb qoydum dizimin altına:
– Siz indi bu zənglərlə neyləmək istəyirsiz, – dedim, – ayıb deyil, heç utanıb qızarmırsız? Yoxsa sizin nəslinizdə-kökünüzdə, elinizdə-obanızda belə şeylərə normal baxırlar? Qorxmursuz Aqilə, Yasəfə xəbər verərəm, el içində xar olarsız?
Kişiciyəz cır səsiylə dil qəfəsə qoymurdu, deyəsən üzr istəmək ağlının ucundan da keçmirdi:
– Sən bir az ağıllı tərpənsən peşman olmazsan, – deyirdi, – Mən sənə ev də alaram, səni xanım kimi saxlayaram, oğlunun hər ehtiyacını ödəyərəm.
Bu iyrənc məxluqun danışdıqları ürəyimi bulandırırdı. Özümü bağımızın qalınlığına, evdən uzaq yerə verib dedim:
– Bir də bu nömrəyə zəng vursan, mənim adımı tutsan, birinci sənin arvadına, sonra Aqilə, sonra da Yasəfə xəbər verəcəm.
Ağlı qursağında olan məxluq mənim dediklərimi qadın şıltaqlığına, naz-qəmzəyə yozub həyasız xəyallarının budaqlarından sallaşmağa davam eləyəndə mən onun əlini uçurumun başında bitirdiyi xəyal ağacının çürük budağından üzüb dərənin dibinə itələdim – yağlı, duzlu-istiotlu bir kişi söyüşüylə söhbətə xitam verib telefonu söndürdüm…
***
Payızda onun arvadı, baldızları Laləyə zəng vurub bizi bir də qonaq çağıranda mən başıma gələni bacıma danışdım. Lalə də, mən də oraların payızını, saralmış meşələri, durğun gölü görməyi çox arzulamışdıq.
Bacım eşitdiyinə inanmaq istəmirdi, səfər üstə olan ərinə bilmirdi nə desin, onu yolundan necə daşındırsın, ya daşındırsınmı? Yeznəmin fikrinin qəti olduğunu görəndə mən utanmadım, olanları bir də ona danışdım. Yasəf də bacım kimi xeyli götür-qoy eləyəndən sonra dedi:
– Bax indi mən bir bəhanəylə gedəcəm o oğraşın idarəsinə, razısanmı əməllərini onun üzünə oxuyum?
Yeznəni tərəddüddən qurtarmaq üçün başımı dik tutub onun çənəsinin altına yeridim:
– Get de, görək sənə nə cavab verəcək.
Yasəf onun alçaqlığını üzünə vuranda irişə-irişə belə cavab vermişdi:
– Siz Allah bağışlayın, içib bir qələtdi eləmişəm.
Bundan sonra ona güzəşt olunmadı; işlədiyi idarədə ciddi təftiş aparıb külli miqdarda yeyintisini üzə çıxardılar, yalvarışlarına məhəl qoymayıb işdən qovdular.
(Ardı var)