Cəhənnəmdən keçmiş mələk (108)
Avtobioqrafik roman
Üçüncü bölüm
Müəllif: BİRCƏ
Arvadlar başlarını yırğaladılar, yəni ki, hə, o da biz deyəni deyir. Onda gözüm Fuadın üzünü axtardı. Gün seli axan pəncərədə onun başı bir də görünəndə anladım ki, çöl-bayır qaranlıq deyilmiş, zülmət mənim içimə çöküb. Hər yan işıq, çal-çağır, bir ev dolu adam deyib-gülür, təkcə mənəm çürük ipdən asılıb cəhənnəm dərəsinin üzərində yellənən.
Fuadı xalalarının yanında görəndə mənim də dünyam qara tüstüdən arındı, tül pərdənin arxasından millənən gün saçaqları yenə qucağıma doldu. Zənlə onun üzünə baxdım. Xalalarından ayrılıb gözümü qamaşdıran günəşin qabağını kəsdi, kürəyini pəncərəyə söykəyib:
– Sən bircə günlük bizə kömək elə, – dedi, – ananı təlimatlandır qoy sənin keçmişini ağartmasınlar, qalanı mənim boynuma.
– Keçmişimi, yoxsa uşağımı?
– Elə ikisini də.
Ayağa qalxdım, xalaların üzünə gülə-gülə ona dedim:
– Arxayın ol, mən sənə bir saatlıq, bir günlük yox, bir ömürlük kömək eləyəcəm.
Mən qalxanda xalalar da ayağa durmuşdular. Böyük bacı, baş ağbirçək yenə hüdüləyib tökürdü:
– Sən ağıllı qızsan, bilirdim bizi başa düşəcəksən. Sən Allah bizi qınama. Fuadın əmisi neçə il qızının yolunda qaratikan oldu, bir elçini yaxına qoymadı, dedi balamı qardaşımın yetiminə verəcəm. İndi kişi sənin oğlun olduğunu bilsə sizin qapıya getməz, getsə də işi pozar, arzumuz gözümüzdə qalar. Sən nə desən hamısına razıyıq. Amma bizim də işimizin bir çəmi var, sən biz deyənə dur, rahatca işimizi görək. Qalan bütün məsələlər sən deyən kimi olsun.
Qəddimi düzəldib xalanın lap yaxınına getdim, onun fırlı-pıtırlı əllərini ovcuma alıb dedim:
– Narahat olmayın, mən sizin arzunuzu ürəyinizdə qoymaram. Çalışacam hər şey könlünüzcə olsun.
Sonra Fuada sarı çevrildim:
– Bax mən indi bu qapıdan səssizcə çıxıb gedəcəm, amma sizdən bir xahişim var – içi sən qarışıq heç kəs mənim arxamca gəlməsin. Ev doludu qohum-əqrəbanızla, məndən sonra mən barədə onlara nə istəyirsiz deyin. Ancaq sizə yalvarıram, səs-küy salmayın.
Arvadlar deyəsən heç nə başa düşmədilər. Fuad pəncərədən aralanıb özünü qapının ağzına verdi:
– İndi sən neyləmək istəyirsən?
Ona doğru bir-iki addım atıb durdum, Fuad kürəyi ilə qapını bərk-bərk basıb ayağını meydan oxuyurmuş kimi yerə möhkəm dirədi.
– Sən mənim nə dediyimi başa düşmədin?
– Yox, anlamadım, – deyib üzümə göyərdi.
Danışığıma təmkin, hərəkətlərimə yumşaqlıq qatmaq istəyirdim.
– Yadında saxla, mən heç kimə, heç bir bəndəyə görə oğlumu danmaram, – dedim. – Onun varlığına bir nəsil, bir el, bir mahal sevinir, dağ boyda kişilər onun başına dolanır, onun nazını çəkir. Mən özümü danaram, ata-anamı danaram, lap Yaradanımı da danaram, amma tək balamı danmaram. Allah işinə varsın, yolun açıq olsun. İndi çəkil qapıdan, məni dinməzcə yola sal.
Yəqin belə ağır söhbətə hazır olmadığına görə Fuad deməyə söz tapmayıb gülməyə başladı. Üzünə şillə kimi dəyən bəyanatım onu çox pərt, çıxılmaz, aciz hala salmışdı, hətta üzrxahlıq eləməyə də yolu qalmamışdı. Gah xalalarına, gah da mənə baxa-baxa evin ortasında dəli kimi fırlanıb gəşt eləyirdi, qəlpələnmiş fikrini toplamağa, kələfin ucunu tapmağa çalışırdı:
– Necə yəni səssiz gedirəm, nə deməkdi heç kim dalımca gəlməsin? Yəni sən məni, pişvazına çıxan bir ev adamı yerə vurub gedə bilərsən? Bəyəm getmək səndən ötrü belə asandı?
Bir az əvvəl boynumdan-boğazımdan, əlimdən-qolumdan asdıqları qır-qızılı sıyırıb masanın üstünə atdım, otaqdakılara məhəl qoymadan qapıya yönəldim. Fuad yenə özünü irəli atdı, qapını yenə kip bağlayıb qarşımda dayandı. Böyük xalasının yanına qayıtdım, arvadın dizlərini qucaqlayıb yalvardım:
– Xala, başına dönüm, qadan alım, bax siz dediniz, mən eşitdim. İndi də siz məni eşidin, ağbirçəklik eləyib məni xoşluqla yola salın.
Xalası mənim qırımımı nə təhər gördüsə irəli durub Fuadı qırağa itələdi, qapını açıb mənə yol verdi. Tələsik zala çıxdım, çantamı divanın başından qapıb çöl qapısına çatanda Fuadın bağırtısı evi başına götürdü. Söyürdü, qarğıyırdı, qışqırırdı… Arada nəsə cingiltiylə yerə dəyib çilikləndi. Fuad qolundan tutub buraxmayan, onu sakitləşdirməyə çalışan xalalarını dartıb özüylə zala çıxarmışdı:
– Atam öldü, anam öldü, olan-qopanımızı evdən daşıyıb apardınız. Belə arxa duranıydızsa niyə atırdız yetimxanaya məni? Hamınız rədd olun gedin, özüm bilərəm kimlə evlənərəm. Noldu, namus-qeyrət mən evlənmək istəyəndə yadınıza düşdü? Gecə-gündüz başımı yeyib məni də yoldan çıxardınız. Dörd ildi mən bu qızın dalınca sürünürəm, indi nə üzlə baxım onun üzünə, nə deyim kəsim yolunu?! Mənə heç kimin elçiliyi lazım deyil, özüm gedib atasının ayağına yıxılacam, özümü qardaşlarına döydürəcəm, it olub qapılarında hürəcəm, axır Bircəni onlardan alacam. Vəssalam, indi hamınız süpürülün xarabanıza.
Fuad ağzından od püskürdükcə hamı gözünü mənə dikib məzlum-məzlum baxırdı. Dilləriylə deməsələr də gözləriylə məndən çarə umurdular. Xalalar deyəsən nə boyda səhvə yol verdiklərini anlayıb ayılmışdılar (İmanım Allah amanatı, bəlkə elə işi pozmaq üçün qəsdən bu söhbəti salmışdılar?) Artıq mənim də başımın dumanı ayazımışdı, yolum ağappaq ağarıb qarşımda karvanlara yol göstərən süd yolu kimi aydınlanmışdı.
Mən xalası qızının əlindən dartınıb çıxıb çöl qapısını açanda Fuad indi də cumub bu qapının ağzını kəsdirdi, üzümə yazıq-yazıq baxıb:
– Sən bu qədər adamın içində məni sındırmazsan, – dedi, – bu günə çatmaq üçün mən it yalağından yal içmişəm, səngərlərdə ulamışam. İndi heç olmasa sən məni tapdalama.
Hələ sakitliyimi qoruyurdum, amma bilirdim ki, burda bir az da ləngisəm halım fəna olacaq. Fuada lap yaxınlaşıb yavaşca dedim:
– Daha sənin nağıllarına inanan deyiləm, neyləsən, nə desən faydası yoxdu. Qapı açılan kimi mən biryolluq gedəcəm, bir də heç vaxt mənim üzümü görməyəcəksən. Ağıllı ol, hay-küy qaldırma, qapını aç, məni dinməzcə yola sal.
Fuad hələ də məni dilə tutmağa çalışırdı:
– Yox, inanmıram! Axı mən sənə hər dərdimi danışmışam, sən məni yeddi yolun ortasında atıb gedə bilməzsən. Bir qələtdi elədik, elə bil heç aramızda belə söhbət olmayıb. Nolar məni xar eləmə, arzularımı gözümdə qoyma.
O danışırdı, yalvarırdı, mənsə heç nə eşitmirdim. Bircə istəyim vardı – qapı açılsın, özümü köklü-köməcli bayıra atım. Fuadın xalası qızlarından biri balaca qızını da özüylə gətirmişdi; bir də gördüm bu qız əlindəki çörəyin qırağını dişləyə-dişləyə gəlib durdu qabağımda. Çörəyi uşağın əlindən alıb Fuadın gözlərinin qabağına tutdum:
– Sən özün deyirdin çörəkdən o qədər korluq çəkmisən ki, kimsə ata-anasının canına and içəndə inanmırsan, çörəyə and içəndə inanırsan. İndi eşit: bu çörək haqqı neyləsən də çıxıb gedəcəm. Özün demişdin adam gərək arzulanmadığı yerdə qalmasın, bilsə ki, kürəyinə güllə sıxacaqlar, yenə geri çevrilməsin…
Onun nə vaxtsa mənə verdiyi silahı indi özünə tuşlamışdım. Fuad çörəyi əlimdən alıb xalaları duran səmtə fırıldatdı, çörək arvadların təpəsini yalayıb divara dəydi. Sonra qırağa çəkilib qapını üzümə taybatay açdı:
– Məni bilirsən nə yandırır? Mən sənə kişi nəfəsi dəyməmiş on səkkiz yaşlı qız kimi baxdım. Səni yatağıma sürüməyə çalışmadım, yanaşı gedəndə qıyıb əlindən tutmadım. Amma sən mənə bu müddətdə həmişə şübhəylə baxmısan, sənə hamının verdiyi sualları vermədiyimə görə, sənə elçi düşən pəzəvənglər kimi davranmadığıma görə məndən bədgüman olmusan. Mən sənin ailəndən, qardaşlarından, oğlundan keçmədiyimə görə bunları eləməmişəm, özümü sənin yanında gözütox aparmışam. Bəlkə tərsinə olsaydı indi məni belə rahat atıb getməzdin.
Yenə də yumşalmadığımı görəndə yalvarmaqdan vaz keçdi, əliylə qapını göstərib bağırdı:
– Get, get, cəhənnəmə get!
Mən ayağımı qapının kandarına qoymuş-qoymamış Səlbi xalası yüyürüb qarşıma keçib qollarımdan sallaşdı. Fuad hikkəylə qolumu xalasının əlindən qopardı:
– Burax, burax onu, – dedi, – siz deyildiz yanıbalalı arvada elçi gedə bilmərik deyən?! Siz deyildiz evinizdə yediyim tikəni başıma qaxan?! İndi nə dolaşmısan onun ayaqlarına? Burax cəhənnəm olsun cəhənnəminə!
Əli hər yerdən üzüləndən sonra ən axırıncı vasitəyə – qarğışa keçdi, arvad kimi məni qarğımağa başladı:
– Get, görüm səni ağ gün üzünə həsrət qalasan! İraq o uşağın canından, səni heç yarımayasan! Görüm bu qapıdan çıxan kimi səni maşın vursun!..
Elə bu qarğışın sədaları altında həyət qapısından küçəyə çıxdım. Ancaq doqqaza çatana qədər Fuadın balaca məhlədə əkdiyi ətirşahların əlim çatanından qoparmağa da macal tapdım. Mən gül dərdiyim saniyələrdə Fuad evdə uşaq kimi ağlayırdı, keçmişinə-keçəninə, baxtına-taleyinə, yaxınına-yadına, əvvəlinə-axırına söyüş-nifrin yağdırırdı.
Həyət qapısını arxamca bağlayanda onun qarğışları hələ də qulaqlarımı didirdi:
– Səni elə o kənddə gəbərəsən! Üzün gülməsin! Səni bir də bədbəxt olasan!..
***
Qapını çöldən cəftələmişdim ki, arxamca gələn olmasın. Əlimdə bir topa ətirşah Bakının neftli-qumlu qoca, yorğun küçəsiylə havalı-havalı səkirdim. İsti üzümü qarsırdı, gün təpəmi deşirdi. Arada döngələrə, dalanlara burulurdum, hər dönüşüm məni xırda darvazalara, balaca evlərə aparıb çıxarırdı. Bu minvalla yüzillik qəsəbənin labirintində xeyli səfilləndim.
Handan-hana küçəyə girən taksini görəndə üstümə gün doğdu. Dərhal çantamı eşib pulqabımı yoxladım: saxlatmaq olardı! Özümü maşının qabağına atdım. Sürücü müştəri götürmək niyyətindən də çox qorxusundan maşını saxladı. Taksiyə oturub bulvara sürdürdüm.
Heç nə düşünəmmirdim, içimdə sevincə bənzər duyğular qaynaşırdı. Yolboyu ağlamaq istədim, neylədimsə gözümdən yaş çıxmadı. Onda düşündüm yəqin məndən ötrü ağrılı heç nə baş verməyib, yalandan özüm üçün faciə qondarmağa çalışıram…
Yağlı-lığlı, zığ-zımrıqlı dəniz suları nehrə kimi çalxanırdı. Çirkli suyun içində topa-topa xırda balıqlar üzürdü. Mazuta bulaşmış balıqlara baxdıqca az qalırdım qışqıram: “Ay bədbəxtlər, bir az o yana üzün, təmiz suları qoyub gəlib niyə çirkaba bulaşmısız?”
Ancaq birdən o balıqların gözüylə özümə baxıb utandım, o dilsiz-ağızsız məxluqların dilindən özümü söyüb gözümdən saldım: “Kül sənin başına, kimə ağıl öyrədirsən, ay bala? Özün özünü salmadınmı zir-zibilin içinə? Gen dünyanı başına özün dar eləmədinmi?..”
Beləcə, Fuaddan sonra bir qat da özüm özümü qarğıya-qarğıya qaçıb girdim metro keçidindəki geyim-kecim bazarına. Cavidə nəsə almaq istəyirdim, elə bilirdim bununla əzabım az da olsa yüngülləşər, balamın yanında günahımın çəkisi, dərəcəsi bir balaca azalar.
***
Alış-verişimi tezcə bitirib yol aldım bacımgilə. Mən çatanda Lalə Cavidlə Anarı yedəyinə alıb küçənin başında durmuşdu. Qız üzümə necə baxdısa qorxudan cınqırımı çıxarammadım. Uşaqları özündən qabağa ötürüb:
– Sən hardasan, – dedi, – neçə saatdı dünya uçub altında qalmışam.
Lalənin qırımını görüb çovutma onun əlindən çıxmağa çalışdım:
– Özümə, Cavidə bazarlıq eləyirdim.
Bacım üzümə çəpəki baxıb dedi:
– Axı sən bazarlığa getməmişdin. Bayaqdan Səlbi amanımı kəsib, bəlkə on dəfə zəng vurub səni soruşub.
Danışığından duydum Lalənin məsələdən xəbəri var.
– Gedək evə, – dedim, – ayaq üstə dura bilmirəm.
Uşaqları həyətdə qoyub evə girdik. Başıma gələni Laləyə nağıl elədim. Bacım yenə Fuadın tərəfini tutdu:
– Sən uşağı qınama, onun da işi çətinə düşüb.
– Mən heç kimi qınamıram. Bu işdə qınanası bir axmaq var, o da mənəm.
– İndi neyləmək istəyirsən, fikrin nədi?
Hələ də nəyəsə umud bəsləyən bacıma baxıb əminliklə dedim:
– Daha heç nə, bağladıq bu söhbəti. Sabah kəndə qayıdıram.
Lalə dediyimə inanmadı:
– Dəlisən, sabah xalaları, o biri qohumları gəlib səni görmək istəyirlər, sənlə məsləhətləşmək istəyirlər. Yazıq Fuad bayaqdan telefondan asılı qalıb. Sən sarıdan bərk narahat olmuşdular, qorxurdular özünə nəsə eləyərsən.
Bacımın sözünə doyunca güldüm, durub onun boynunu qucaqladım:
– Sən də inandın onlar deyənə? Dəliyəm özümə xətər yetirəm? Bəs səni, qardaşlarımı, Cavidi hara qoyuram? Axı sən bilirsən mən o uşağın arzularına, xəyallarına, məni sevməyinə vurulmuşdum. Daha artistlik eləməyə, şəbih çıxarmağa gücüm qalmayıb. O boyda oğlumu necə gizləyim, niyə gizləyim? Eşidən-bilən cəmdəyimə tüpürər. Heç kim eşidib-bilməsə də özüm özümə tüpürərəm.
O gecə Fuadın, xalalarının saysız-hesabsız zənglərinə cavab vermədim. Axşamdan yığışdım, səhər obaşdan uşağımı da götürüb kəndə qayıtdım.
(Ardı var)