Cəhənnəmdən keçmiş mələk (107)
Avtobioqrafik roman
Üçüncü bölüm
Müəllif: BİRCƏ
Yazda Rüfətin arvadı yarımçıq bir qız uşağı dünyaya gətirdi. Ana-bala xəstəxanada xeyli yatandan sonra həkimlər körpəni qucağımıza verib evə göndərdilər. Uşaq, yalan olmasın, xörək qaşığından bir az böyük idi. Səkinə bibi körpənin bələyini açıb qabağına qoydu, orasına-burasına diqqətlə baxandan sonra çimizdirdi, bədəninə yağ çəkdi, axırda uşağı bir də gözdən keçirib atama dedi:
– Heç qorxub eləmə, hər əzası yerindədi. Vallah bu bir yaxşı qız olacaq, qoca vaxtında sənin eşidən qulağın, görən gözün olacaq. Yarımçıq olsa da yetişmiş uşaqdı, saçı, dırnaqları yerindədi.
Yetişmiş deməyi hamımıza qəribə gəldi. Səkinə bibi izah verəsi oldu:
– Ay bala, görürsən bar ağacının üstündə meyvənin biri lap tez saralıb yetişir. İnsan da belədi, hərdən ana bətni doqquz aylıq işini altı-yeddi aya tamamlayır.
Dostum, Səkinə bibinin dedikləri çin çıxdı, altı ayı tamam olanda o qaşıq boyda qərtməkli varlıqdan gözəl bir qız uşağı əmələ gəldi. O qız atam evində yaşadığım günlərdə mənim cənnətimə qarovul çəkdi, özüm o cənnətə girəmməsəm də gözüm oralara baxdıqca baxdı…
***
Mayın əvvəllərində Xuraman müəllimə dünyasını dəyişdi. Xəbər mənə çatanda anamın əlindən birtəhər çıxıb ana üzlü müəllimimin yasına getdim. Mən özümü yetirənə üçünü vermişdilər. Onu son mənzilə yola salmağa uzaq səfərdə olan əri də çatmamışdı, o da mənlə eyni gündə özünü yetirmişdi.
Xuraman müəllimənin kiçik bacısı məni soyuq qarşıladı. Onu da müəllimim böyütmüşdü, oxudub ərə vermişdi; onun da övladı olmamışdı. Kiçik bacı məni həmişə böyük bacıya (ya bəlkə də tərsinə, bacısını mənə) qısqanırdı, qulağım eşidə-eşidə deyirdi:
– Sən Bircəni məndən çox istəyirsən, yaxşı paltarları ona alırsan.
Xuraman müəllimə ikimizi də qucaqlayıb ona öyüd verirdi:
– Adam paxıl olmaz. Bax sənin evin var, işin var, Bircənin nəyi var? Əl çək uşaqdan! İstəyirəm mən öləndən sonra siz bir-birinizin əlini buraxmayasız.
Onda bu qalın eynəkli inadkar balacaboy qadın gözümün içinə baxa-baxa qırmızı-qırmızı deyirdi:
– Səndən sonra Bircə mənim nəyimə lazımdı?
Xuraman müəllimə onun davranışına görə xəcalət çəkirdi:
– Bircə, sən Allah incimə Naidənin sözlərindən, o da yarımayıb bu həyatdan. Bunun körpəliyində ata-anamız öldü, sonra da qurban olduğum ikimizi də bir parça ətlə imtahana çəkdi. Mənimki olmadı olmadı, barı bunun bir qızı olaydı…
İndi həmin Naidə məni görcək qışqırmağa başladı:
– Sən etibarsızsan! Basdırdıq ee səndən ötrü hamını ayağının altına qoyan qadını, indi niyə gəlmisən?
Rəhmətliyin məni tanıyan qohum-əqrəbası ona fikir verməyib başıma yığıldı. Axşamacan özümə ana bildiyim qadının otaqlarını gəzdim, yığdığına-qoyduğuna tamaşa elədim, çəkdiyi əzablardan sonra qovuşduğu asudəliyinə köks ötürdüm. Gətirdiyim, daha doğrusu, Aqilin alıb mənə qoşduğu yas payını – qoyun cəmdəyini, az tapılan çay qutularını, xurmanı, limonu, yağı, daha nələri Xuraman müəllimənin bacısı qızına verdim. Mərhumun üzündən yas pərdəsi asılmış əri hamı eşidə-eşidə:
– Bu ev yenə sənindi, – dedi, – Xuraman öldü deyib ayağını çəkmə bizdən, bilirsən ki, mən səni, Cavidi ondan az istəmirəm. Xuraman hamımızı atıb getdi, heç olmasa sən məni atma.
Mən yalandan kişiyə ürək-dirək verdim:
– Niyə atıram, həmişə axtaracam sizi, gələcəm, – dedim.
Qapıdan çıxaçıxda Naidə hamı görə-görə mənə ağzıbağlı bir zərf uzatdı:
– Bunu bacım ölümündən bir gün əvvəl sənə yazıb. Mənə vermişdi ki, poçt qutusuna atım, yadımdan çıxıb qalıb çantamda.
Kiçik bacının üzündən bu sözlər oxunurdu: “Al məktubu get, bir də bu qapıya ayaq basma”. Əlbəttə, mən məktubu ondan alıb o gedən getdim, bir də o qapını açmadım. Ancaq elə burdaca deyim ki, Dostum, xeyli sonra Naidə özünü mənim həyatıma ömürlük pərçimlədi, bu barədə yeri gələndə danışacam…
Ölümün qəfil yaxaladığı müəllimim mənə həmişə yazdığı məktublardan birini yazmışdı. Fikri-zikri mənlə Fuadın yanındaymış, məni ürəkli olmağa səsləyirdi, heç nədən çəkinmədən ailə qurmağımı istəyirdi, bundan sonra ona həmişəlik yaxın olacağıma inandığını, o günü gözlədiyini deyirdi. Ölüm barədə tək kəlmə də sızdırmamışdı. Bu qədər umudla yaşayan adam həyat deyilən səhnədən qəfil çəkilib mənim dirəyimi uçurmuşdu, özü cənnətə uçub məni cəhənnəm tükündən asılı qoymuşdu.
***
Yasdan çıxandan sonra şəhərdə çox ləngimədim, anam məni könülsüz yola salmışdı, gəlin əluşaqlıydı, Cavid məktəbə gedirdi. Üstəlik, tətildə geri qayıtmaq planım vardı deyə kəndə də tez dönməyim lazım idi. Bu müddətdə Fuad çətinliklə də olsa Bakıdakı qarnizonlardan birinə yerləşə bilmişdi. Laləgilə hər gün zəng vuran xalasının deməsinə görə, evdə xırda təmir işləri görən Fuad bütün planlarını bizə uyğun qurub Cavidin tətilə çıxmağını gözləyirdi.
Bu səfər mən özümü onlara göstərməyib tələsik kəndə qayıtdım. Əziz adamımın qəflətən yox olmağı məni quluzuma salmışdı, içimi yeyən dərdlərin biri də artıb ürəyimi sırxanaya döndərmişdi. Pünhan istəyimi aşkara çıxarmaq kimi çətin, xatalı bir işdə dadıma çatası, mənə doğru yol göstərəsi, arxamda durası kimsəm-kimsənəm qalmamışdı. Nolsun bacımla hər dərdimi-sirrimi bölüşürdüm, o yazığın nə canı vardı ki, ona söykənim.
Xuraman müəllimənin yoxluğu mənim kimi dözümsüz adamın belə qəlbində səbir çəhlimi salmışdı. Bir az artıq ağlayanda anam hövsələdən çıxırdı:
– Mən qorxuram sənin gözünün yaşından, axırda birimizin başını yeyib dincələcəksən, – deyirdi. – Başa düşmürəm qanı qanından olmayan adamdan ötrü özünü niyə öldürürsən. Getdi nə apardı ki! Yetimi qalmayıb, sağırı qalmayıb.
Anam onun özüylə nə apardığını bilsəydi bəlkə də belə suallar verib məni incitməzdi. Nənəm bizə bir rəvayət danışmışdı, Xuraman müəllimə öləndən bəri o hədis yadımdan çıxmırdı…
Rəvayətə görə, mələklərdən biri əzazil ananın oğluna ərə gəlir. Qaynana bu gəlinə olmazın zülmü verir. Vaxt ötür, vədə tamam olur, arvad gözünü yumub bu dünyadan köçünü çəkir. El yığışır bunların ocağına. Qaynana canını tapşıranda gəlin hoppanıb çıxır yükün üstünə. Hamı ona heyrətlə baxır, heç kim heç nə anlamır. Camaat arvadın mafəsini qaldırıb qəbiristanlığa yol alanda gəlin qəhqəhə çəkir, el gəlini dəli sayıb qapıdan gedir.
Gecəsi əri arvadını otuzdurub deyir:
– Mənim anam öldü, sən eli üstümə güldürdün. Bunun səbəbini deməsən səni də öldürüb anamın yanında basdıracam.
Gəlin ərini süzüb dillənir:
– Səbəbini desəm, mənim üzümü bir də görməyəcəksən.
Ər razılaşır, gəlin gördüklərini nağıl eləməyə başlayır:
– Ananı dörd əlixəncərli əzrayıl öldürdü, qan dizə çıxdı. Gördüm mən də qana batacam, çıxdım yükün üstünə, ananın qanı mənə bulaşmadı. Onun böyür-başında oturanlar hamısı dizəcən qan içindəydilər. Camaat ananı dəfn eləməyə aparanda isə onun tabutunun dalınca bir tay çarıqdan başqa gedən olmadı. O bir tay çarıq da qonşudakı yetim uşağın çarığıydı, anan qapı dalından oğurlamışdı. Bax o çarığı görəndə gülmək tutdu məni.
Eşitdiklərindən yerə yapışan ər özünə gələndə arvadı qeyb aləmində olur…
Bu rəvayəti xatırladıqca inanırdım ki, Xuraman müəllimənin əzrayılı onunla rəhimli davranıb, onu qanına qəltan eləməyib; arxasınca gedən isə onun allahlı əməlləri olub, qəbir evinin qapısınacan ona yoldaşlıq eləyib öz sahibələrini əbədi dünyaya üzü ağ, damağı çağ yola salıblar.
***
Məktəblər tətilə çıxanda Lalə özünü xəstəliyə vurub anamı yumşaltmağa çalşıdı. Bizim Bakıya yığışdığımızı görən Rüfət:
– Nolar, bir onca gün ləngi, taxıl-tərnəmizi biçək, sonra səni özüm yola salaram, – dedi.
Onun təklifi lap ürəyimdən oldu, bilirdim gedişim yenə məni qaynar qazanın içinə salacaq, üstəlik, özümdə Fuadın arzularını göyərdəsi elə bir güc də tapa bilmirdim.
Rüfət Kamillə, əmimiz oğlanlarıyla çiyin-çiyinə verib pay torpaqlarımızda arpa-buğda əkirdi. Kənd camaatının çoxu torpağını Rüfətə icarəyə verirdi, o da məhsul yığılanda əkib-becərdiyindən torpaq yiyəsinə pay ayırırdı. Buğdamız bol olanda kənddəki dul qadınlara, başsız evlərə də pay çıxılırdı.
Məhsul yığımı vaxtı qardaşlarım zəmidə biçinin üstündə dururdular, biçilən taxıl həyətimizdəki çardağın altına daşınırdı. Gələn yüklü maşınları mən qəbul eləyirdim, biçinçilərin yemək-içməyinin, sərin suyunun da dərvayına mən qalırdım. Axşamlar Rüfətə köməyə gələn kənd cavanlarına süfrə açırdım, qardaşımın alıb atamdan gizlətdiyi araqları aparıb qoyurdum əlüzyuyanın yanına. Kəndin Rüfətin özü kimi əcuza cavanları atamın yanında içməyə utandıqlarından azca yeyəndən sonra bir-bir süfrədən qalxıb özlərini verirdilər şüşələrin yanına, araqdan hortladıb yenidən süfrə başına qayıdırdılar. Cavanların bu zülmünü görən Kamil bir bəhanəylə atamı süfrədən uzaqlaşdırırdı…
Məhsulun yığılıb döyülüb paylanması iyunun ortalarına çəkdi. Yay gircək mən Lalənin həkimliyini bəhanə gətirib Cavidlə Bakıya çıxdım. İçimdə dərin bir narahatlıq vardı, olacaqlardan qorxurdum. Məni, məndən də çox oğlumu nə gözlədiyini, başımıza nələr gələ biləcəyini çəkib-çevirməyə, düşünüb-daşınmağa heyim-hərdəmim çatmırdı. Öləzidiyimi görən Lalə məni körükləməyə başlamışdı:
– Sən uşaq deyilsən ey, yaşın otuzu çoxdan keçib. O yetim də bütün planlarını sizə görə qurub, işi hazır, evi hazır. Daha nədən çəkinirsən, atan demirmi səni kimə istəsən verəcəm, təki bizə pis ad gətirmə? Sən qərarını ver, atamızla özüm gedib danışacam. Uşağına məktəb də tapmışıq.
Lalə danışdıqca ürəklənirdim, qarşımdakı sədləri aşmaq mənə asan gəlirdi.
Fuad hər gün xalası oğluyla arxamca gəlib mənə dükan-bazarı gəzdirirdi – evə lazım olası şey-şüy alırdıq, ona əyin-baş alırdıq. Arada mənə də gözüm tutanlardan nəsə alıb bağışlayırdı – əl çantası, sadə qol saatı, şərf… Bahalı mallar almağa Lalə imkan vermirdi:
– Allaha şükür, hər şeyin var, lazımsız yerə pul xərcləməyin.
Bacım da bizə pay vermək niyyətiylə bir xeyli əl-üz dəsmalı, çay məhrəbası, süfrə-filan alıb yığmışdı. Xırda-para hər yarağımız hazırıydı, qalırdı Fuadın ağsaqqal-ağbirçəyinin bizimkilərin ayağına getməyi. O aralar Fuad tez-tez mənə:
– Xalalarım toyqabağı sənlə məsləhətləşmək istəyirlər, – deyirdisə də mən onun dediyini qulaqardına vurub vaxtı uzadırdım.
Böyük xalası Laləgilə zəng vurmasaydı kəndə onlarla görüşmədən qayıdacaqdım. Paytaxtın qorabişirən günlərinin birində Fuad yenə xalası oğlunun maşınıyla gəlib məni xalalarının görüşünə apardı.
Ev yenə bacılarla, onların uşaqlarıyla doluydu. Fuad evə əl gəzdirmişdi, otaqları səliqəyə salıb, hər künc-bucağı təmizə çıxardıb mənə aid əşyaları əlyetərə, gözyetərə düzmüşdü. Xalalar məni həmişəki mehribanlıqla qarşıladılar, bəzəkli süfrənin başında oturdub ailəmizin əhvalını xəbər aldılar. Böyük xala üzümə təmkinlə baxıb soruşdu:
– Oğlun nə təhərdi?
– O da yaxşıdı, sağ olun, – dedim.
Nədənsə mənə elə gəldi arvadın öz sualı öz qanını qaraltdı. Heç nəyə məhəl qoymayıb başıma fırlanan qız-gəlinə qarışdım. Arada Fuad məni xalası qızlarının əlindən alıb otaqları gəzdirirdi, evdəki dəyişikliyi həvəslə sərgiləyirdi.
– Bax gör Cavidin otağını necə dəyişmişəm, – deyirdi, – qalıb bircə paltar dolabı, onu da siz gələnəcən dostumun atası öz sexində yığıb gətirəcək.
Yeməklər süfrəyə düzüləndə Fuad qulağıma pıçıldayıb:
– Keç o biri otağa, xalalarımın sənə sözü var, – dedi.
Dörd xalanın dördü də boy-boya verib otaqdakı divanda oturmuşdu. Dükan-bazardan mənim üçün aldığımız ayın-oyun masanın üstündə qalaqlanmışdı. Səlbi xalası qalxıb küncdəki kətili gətirib məni bacılarıyla üz-üzə oturtdu, özü çəkilib qapının ağzında büzüşdü. Arvadların qırımından anladım ki, nəsə yaxşı xəbər yoxdu bunlarda. Böyük xala şalının saçaqlarını burub düyünləyirdi, gah üzümə baxa-baxa içindəkiləri boğazına qədər gətirib yenidən içəri qaytarırdı, gah da yanında oturmuş bacısını dürtmələyirdi. Bacılar mənə baxıb udqunduqca az qalırdım ağızlarındakı kilidi özüm qıram.
Bu ara kiçik pəncərədən axıb üzümə yayılan günəş saçaqlarının arasından Fuadın irəli uzanan başını gördüm. Bacoğlu başını geri çəkən kimi xalanın dili açıldı:
– Bircə, qızım, bilirsən ki, sənin xətrini çox istəyirik, amma mənim üzü doğranmış bacım sənin bir dəfə ərdə olduğunu, bir də bir oğlunun olduğunu mənə bu günlərdə deyib.
Arvad oğlumun söhbətini eləməyə başlayanda içimə bir sərinlik yayıldı. Sevincək gözümü onun ağzına dirədim, elə bildim indicə deyəcək sənin uşağın var, bu iş baş tuta bilməz, mən də içimdəki yükdən azad olub geri qayıdacam. Xala çox şeydən danışdı, danışdıqlarının çoxunu dönə-dönə təkrarladı, axırda gözünü üzümdə saxlayıb dedi:
– Biz çox fikirləşdik, axırda belə qərara gəldik: bizim elçilər sizə gedəndə sən uşağı evdən genit, anangil də oğlun olduğunu Fuadın əmisinə, mənim oğluma deməsinlər. Toya qədər siz uşağı gizlədin, toydan sonra görək başımıza nə çarə qılırıq.
Pəncərədən üstümə yağan milyon-milyon günəş tozu bir anda yox oldu. Elə bildim o boyda qızmar kürə qır küpəsinə düşdü, dünya qapqara tüstüyə bələndi. Emin öldüyü günü göbəyimdən asıldığım qarmağa keçib yenə də yellənməyə başladım – bu səfər bu dörd arvadın başı üstündə. Əlimi cızıldayan ürəyimə basıb bircə bunu soruşa bildim:
– Bəs Fuadın fikri nədi, o da siz deyəni deyir?
(Ardı var)