Hikmət Nazim
Azərbaycanda senzuranın ləğvi haqda bir yazı oxudum. Daha doğrusu, sorğu. Müəllif sorğunun giriş hissəsində senzuranın ləğvindən əvvəlki çətinlikləri xatırlayır, sonra sözünə davam edir: “…O dövrdə çıxan qəzetlərin bəzi səhifələri tamamilə ağ çap edilir, yaxud yazıda hansısa abzasın yeri ağ çıxırdı. Həmin hissələr senzorun “qayçıladığı” hissələr olurdu. Amma 1998-ci il avqustun 6-da ümummilli lider Heydər Əliyevin qərarı ilə senzura ləğv edilir. Artıq səhifələr hazır olanda qəzet əməkdaşları “Qlavlit”ə deyil, mətbəəyə üz tuturlar…”
Bu cümlələri oxuya-oxuya yadıma düşdü ki, Türkiyənin “Sözçü” qəzeti 2017-ci ilin 19 mayında sahibi daxil dörd yazarının haqqında çıxan axtarış və həbs qərarına etiraz olaraq boş səhifələrlə buraxılmışdı. Təsəvvür edirsiniz, manşet boş. Siyasət, iqtisadiyyat, sosial, mədəniyyət və s. bölmələr boş. Yəni qəzet başdan-ayağa bomboş çıxmışdı. Yazarların sadəcə adları və şəkilləri vardı.
Türkiyənin ən çox satılan qəzetinin yazarlarına təzyiqləri görən oxucular hadisənin baş verdiyi günün səhərisi nələr olacağını maraqla gözləyirdilər. Qəzeti əllərinə alanda təəccübləndilər. Sevdikləri yazarlar mesaj verirdi: yazmağımızı istəmirlər.
Bilmirəm Türkiyə hökuməti bu buraxılışdan nə anladı, özünə nə dərs çıxardı, amma mən bir şeyi özüm üçün qətiləşdirdim ki, susmaq sistemin diktə etdiklərini yazmaqdan yeydir. Bu fikri belə də demək olar: yazılası şeylərə göz yumub heç kimin vecinə olmayan mətləblər haqqında danışmaq hər şeydən öncə özünə, qələminə hörmətsizlikdir.
Bu haqda ingilis şairi Con Milton hələ 1644-cü ildə yazdığı, senzuranı faydasız hesab edən “Areopagitika” əsərində belə yazırdı: “…senzura elmə və elm adamlarına qarşı edilə biləcək ən ağır zorakılığın və təhqirin təmsilçisidir”.
Bəli, sorğudan sitat gətirdiyim cümlələrdə deyildiyi kimi, 1998-ci ildə Azərbaycanda senzura rəsmi şəkildə ləğv olundu. Sorğuya cavab verən qəzet redaktorları bunun “beynəlxalq jurnalistikada olan prinsiplərin Azərbaycan mətbuatına tətbiqi üçün geniş imkanlar yaratdığını”, “medianın həyatında yeni dönəmin başlanğıcı” olduğunu deyiblər. Xub!
Bəs o zaman niyə hələ də kimlərinsə əli medianın üzərindədir? O redaktorlar özləri də bilirlər ki, hələ də arzuolunmaz yazarlar və yazılar var. Hələ də mediaya tapşırıqlar verilir. Yaxşı, tapşırıqla çıxarılan yazıların yerini hansı yazılar tutur? Əlbəttə ki, baş qatan, ürək bulandıran yazılar. Şikayətçi kimdir? Yenə özləri.
Franklin Delano Ruzvelt gələcəkdə təhlükəsiz dünya yaratmaq üçün dörd mühüm insan azadlığını zəruri hesab edirdi. Onlardan ikisi xüsusilə diqqət çəkir: dünyanın istənilən hissəsində söz azadlığı və öz fikrini ifadə etmək azadlığı; dünyanın istənilən hissəsində qorxu hissindən azadlıq…
Bu gün balaca uşağı da dindirsən söz və fikir azadlığı haqqında az da olsa təsəvvürünün olduğunu görəcəksən; lakin o da bilir ki, qohum-qonşusundan tutmuş ata-anasına, bacı-qardaşına qədər hər kəs qorxur, bu azadlıqları həyatında tətbiq edə bilmir. Elə hər axşam ölkədə və dünyada baş verən xəbərləri çatdıran jurnalistlər də… O, jurnalistlərin bəzən yalan danışmağa məcbur olduğunu da bilir. Hamı kimi susur, çünki özü də qorxur.
Yazımızın davamında yenə ingilis şairi Con Miltonun əsərindən sitat gətirməyə ehtiyac duyuram: “…Mən heç də müəyyən növ azadlıqların mövcudluğunu inkar etmirəm, lakin dünyada hər şeydən çox o hüququ sevirəm ki, şəxsi təhlükəsizliyimizə təminat verir…”
Yəni dediyim odur, senzuranın ləğvi ilə bağlı qərar nəticəsində sadəcə “Qlavlit” adlanan idarə ləğv olundu. Senzuranın özü isə hələ də var. Nə qədər ki, insanın hər cür azadlıqlardan əvvəl bilmək, danışmaq və öz məsləkinə uyğun sərbəst fikir yürütmək azadlığı yoxdur, senzura həmişə olacaq.
Müəllifin başqa yazıları:
Jurnalist də Tanrı kimi…
Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?
“Düz bazar”, yoxsa bazar?
“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?
Mediada təcrübə
Bakılının erməni musiqisinə qulaq asmağı
Yola verənlər…
Medianın azad fikrə reaksiyası
Bloqçu Mehman və jurnalist…
Səhv kimdədir: müxbirdə, redaktorda, yoxsa?
Qanalı Əhməd və azərbaycanlı Rasim