Xidmət müqaviləsi ilə iş: vergi necə hesablanır?
- 30 Yanvar 2019
- comments
- Novator.az
- Posted in Xəbər
Mülki Məcəlləyə əsasən, mülki-hüquqi xidmət müqavilələri vergi orqanlarında uçotda olan və olmayan fiziki şəxslərlə bağlana bilər. Vergiler.az saytının bununla bağlı arayışında qeyd olunur ki, vergi ödəyicisi olan işəgötürən vergi orqanında uçotda olmayan fiziki şəxslə mülki hüquqi müqavilə bağlayarkən vergi dərəcələrinə uyğun gəlir vergisi hesablanaraq hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyan edilməli və həmin müddətədək büdcəyə ödənməlidir.
Vergi ödəyicisi vergi orqanlarında uçotda olan fiziki şəxslə mülki-hüquqi müqavilə bağlayarkən həmin xidmətlərə görə ona edilən ödənişlər ödəmə mənbəyində vergiyə cəlb olunmur. Bu zaman gəliri əldə edən fiziki şəxs gəlir vergisi ödəyicisi kimi əldə edilən gəlirlərlə xərclər arasındakı fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablayıb bəyan etməklə dövlət büdcəsinə ödəyir.
Vergilər Nazirliyinin İqtisadi Təhlil və Ekspertiza Departamentinin baş direktoru Natiq Şirinov bildirir ki, vergi ödəyicisi əmək müqaviləsini xidməti müqavilə altında pərdələyibsə, vergi orqanları bu xidməti müqavilələri əmək müqaviləsinə çevirməyə çalışacaqlar: “Bir çox xidməti müqavilə faktiki olaraq əmək münasibətlərinin pərdələnməsi statusundadır. Xidməti müqavilə əmək müqaviləsinə çevriləcəksə, bu rejimdə olacaq: əmək müqaviləsi qeyri-neft sektorunun özəl bölməsində bağlanırsa, əməkhaqqı 200 manatadək olduqda işəgötürən 3 faiz, işçi 22 faiz, 200 manatdan yuxarı olduqda isə işçi 10 faiz, işəgötürən 15 faiz sosial sığorta haqqı ödəyir.
8000 manata qədər gəlir vergisinin dərəcəsi 0-dır. 1 faiz nəzərdə tutulmuş işsizlikdən sığorta hər bir halda əməkhaqqının məbləğindən asılı olmayaraq həm işçi, həm də işəgötürən üzrə 0,5 faizlə müəyyən edilib.
VÖEN-i olan şəxs xidmət müqaviləsi ilə hüquqi şəxsə xidmət göstərirdisə, 2019-cu ilin yanvarın 1-dən onlar belə xidməti müqavilələrlə sadələşdirilmiş vergi ödəyiciləri kimi xidmət göstərə bilməzlər. Fiziki şəxs fərdi sahibkardırsa, o, hüquqi şəxsə xidmət göstərmək üçün mütləq qaydada gəlir vergisi rejiminə keçməlidir. Gəlir vergisi rejiminə keçdikdə isə 1000 manat gəliri varsa, xərci yoxdursa, 1000 manatdan 20 faiz, yəni 200 manat gəlir vergisi hesablanır və həmin məbləğin 75 faizini dövlət sahibkara güzəştə gedir. Beləliklə, sahibkar 50 manat gəlir vergisi ödəyir”.
Natiq Şirinov qeyd edib ki, VÖEN əldə etmiş fərdi sahibkar gəlir vergisini ödəməklə yanaşı minimum əməkhaqqının 20 faizi (1 yanvar 2020-ci ildən – 25 faizi) qədər sosial sığorta ödənişlərini ödəməli olacaq.
İqtisadçı ekspert Anar Bayramov hesab edir ki, xidmət müqaviləsi üzrə yeniliklər bu sahədə çalışanları gəlir və xərclərinin uçotunu dəqiq və düzgün həyata keçirməyə vadar edəcək: “1 yanvar 2019-cu ilə qədər xidmət sektorunda çalışanlar ümumi dövriyyənin 4 faizi qədər sadələşdirilmiş vergi ödəyirdilərsə, Vergi Məcəlləsindəki dəyişiklik imkan verir ki, onlar öz uçotlarını düzgün aparmaqla daha az vergi ödəsinlər”.
Sadələşdirilmiş vergi: nazir sui-istifadədən gileylənib
Vergi sistemində dəyişikliklər layihəsi
Vergi yenilikləri təqdim olunub
Vergi sistemində yeniliklər nədən doğur?
Vergi sistemini yeniləyən qanun imzalandı