Cəhənnəmdən keçmiş mələk (106)
Avtobioqrafik roman
Üçüncü bölüm
Müəllif: BİRCƏ
Xəstəxanadan çıxanda Aqil məni öz evinə apardı. Qardaşım dava-dərmanın üstündən məni türkəçarəylə də müalicə eləyib mədəmdəki yaranı sağaltdı.
Sonrakı bir ayı Lalənin yanında qaldım. Artıq yeni əsr, yeni era başlanmışdı. Hamı üzümüzə açılan bu dövrdən daha maraqlı, daha xeyirli görgülər gözləyirdi.
Mən Laləgildə qaldığım müddətdə Fuadın xalaları fürsət düşdükcə bacımgilə gəlib-gedirdilər. Bu yandan da Xuraman müəllimə xəstəxanada yatdığımı bildiyi gündən kölgəsini üstümdən götürmürdü, qardaş-bacıma qoşulub tez-tez məni yoluxurdu, səfərdə olan ərinə xəbər göndərib Bakıda tapılmayan dərmanları xaricdən gətirdirdi.
Lalənin təkidiylə bir gün Fuad məsələsini Xuraman müəlliməyə açıb danışdım. Qadın qol götürüb oynadı:
– Çox şükür, min şükür! Daha bizə nə lazımdı, sənin də evin olacaq, hamımız bir yerdə olacağıq. Cavidi məktəbə özüm aparıb-gətirəcəm.
Xuraman müəllimə telefon nömrəsini alıb Fuadla danışdı, gün təyin eləyib bizi birlikdə qonaq çağırdı, mən nəm-nüm eləyəndə:
– Bu da bir siyasətdi, – dedi, – sən bilirsən mən adam tanıyanam. Qoy gəlsin görüm kimdi, hansı yuvanın quşudu, mənim iki uşağımın yükünü çəkə biləcəkmi?
Fuad xeyli tərəddüddən sonra onlara qonaq getməyə razılaşdı. Xuraman müəllimə bizi gülər üzlə, dolu süfrəylə qarşıladı, qollarını Fuadın boynuna dolayıb:
– Şükür, ay Allah, – dedi, – axır ki, mənim qızım qapımı cüt açdı.
Qadın arada bizi süfrə başında qoyub mətbəxə keçəndə Fuad masanın altında ayağımı basdalayıb sevincək deyirdi:
– Bu tarixi yadında saxla, bu gün sənlə ilk dəfə qonaq getmişik. Sənin nə xoşbəxt ətrafın, nə gözəl qohumların var! Mən ölürəm böyük ailə üçün, nolar məni də qat öz ailənə. Kənddə Rüfətin çəkib atdığı siqaretin kötüyünü gizlicə götürüb cibimə qoyuram, günlərlə saxlayıram. Cavidin çeynədiyi saqqızın kağızı hələ də kitelimin cibindədi…
Fuad Xuraman müəllimənin imtahanından əla qiymət aldı. Evindən yola salanda qadın bizə sovqat da verdi – gələcək kürəkənə bir köynək, bir odekolon, mənə bir çanta. Fuad etiraz eləmək istəyəndə:
– Elə eləmə ki, gətirdiyin gülləri qaytarım özünə, – dedi, – qoy mən də arzuma çatım, kürəkənimə hədiyyə verim.
Müəllimin pəncərəsi bulvara baxırdı – ondan ayrılıb dəniz qırağına düşdük. Yolboyu ancaq Fuad danışırdı:
– Bax, bizim evdə ət bişməyəcək, səhər yeməyinə də kartof qızartması, özü də qıpqırmızısından. Kartofu şokolad qədər xoşlayıram. Bir dəfə uşaq evində gözdən oğurlanıb mətbəxə girmişdim – saçları pırtlaşıq qırmızıburun kök bir xala qaynadılıb soyulmuş bir ləyən kartofu ayağındakı uzunboğaz rezin çəkmələrlə tapdalayıb əzirdi. Onun əzdiyi kartofu axşam bizə yedirəcəkdilər. Püredən o iyrənən iyrənmişəm, səngərdə ac qalsam da əzilmiş kartofa tamahım düşməyib. Həmişə evə gəlməmişdən Səlbiyə zəng vururam: “Sabah günortaya üç kilo kartofu iri-iri dilimlə qızart”. Bəlkə ürəyində mənə gülürsən, indidən deyirəm ki, xırmanda yabalaşmayaq. Süfrəmizdə meyvələrdən ancaq mandarin-apelsin olacaq, yanında da bolluca şokolad. Hərdən yarpaq dolması da pis olmaz, fındıq boyda.
Bu yerdə soruşmağım gəldi:
– Niyə ancaq bunlar?
– Mənim mandarin-şokolad alanım olmayıb. Uşaq evində valideynlər gətirdiyindən hərəyə birini verirdilər, mən də heç vaxt o veriləni yemirdim. Bilirdim onu yesəm doymayacam, ciblərimdə gəzdirirdim – mandarin çürüyürdü, şokolad əriyirdi. İlk maaşımı alanda özümü verdim yaxınlıqdakı bazara, bir yeşik mandarinin haqqını ödəyib döşəndim meyvələrin canına. Çeynəmirdim, qabığını soyub eləcə diri-diri udurdum. Uşaq olanda elə bilirdim bu meyvələri, üstü güllü tortları fabrikdə-zadda düzəldirlər. Bir gün yetimxanadakı uşaqlardan biri deyəndə ki, mənim anam yaxşı tort bişirir, ürəyimdə ona gülmüşdüm, dediyini yalan-palan sanmışdım. Sonra biləndə ki, belə də olur, gecələr şirin xəyala dalırdım, öz-özümə deyirdim gələcəkdə mütləq dadlı tort bişirən bir qızla evlənəcəm. Tallində hərbi məktəbdə oxuyanda fəlsəfə müəllimimə uşaqlığımın şokolad həsrətindən danışmışdım. Bir gün müəllim məni çağırıb dedi: “Mamedov, hazırlaş, konditerskinin direktoru dostumdu, sabah səni aparacam şokolad fabrikinə”. O gecə gözümə yuxu getmədi. Səhəri elə bil sehirli dünyaya düşmüşdüm – hər tərəfdən şokolad ətri gəlirdi, ağ xalatlı qəşəng qızlar mənim illər boyu tamarzı qaldığım o neməti iri çənlərdə bişirirdilər, başqa bir sexdə barmaq boyda şokoladları kağıza büküb qutulara düzürdülər. Çıxış qapısının ağzında iri səbətlərə yığılmış şokoladları mənə göstərib dedilər: “Bunlardan istədiyin qədər yeyə bilərsən”. Onda mən neçə cür şokolad yedimsə elə bildim heç biri cibimdə əritdiklərim qədər dadlı deyil. Müəllim mənim acgözlüyümə gözləri yaşara-yaşara gülüb deyirdi: “Bir nəfəs dər, Mamedov, partlayarsan!” Əllərim, paltarlarım neçə gün şokolad qoxudu…
Onun danışdıqları mənu uşaqlığıma aparmışdı, Cahangir əminin kağız torbalarda gətirdiyi konfetlər-şokoladlar oynaşırdı gözlərimin qabağında. Mən şokoladdan soyub yedikcə nənəm kağızını gurhagur yanan sobaya atırdı; elə ki yedim doydum, anamı çağırıb qalanını ona verirdi, sonra da anamın saxladığı şirniyyatdan mənə ayrıca pay qoparırdı.
Mən xəyallarının qanadı üstündə məst olmuş Fuadın axan gözlərinə baxıb dedim:
– Cavid də sən xoşlayanları sevir, mandarindən, apelsindən doymur.
Fuad elə bil məni eşitmirdi, dənizin göyə qovuşduğu yerə baxa-baxa danışmağındaydı:
– Sən birinci biz iki kişini mandarinlə, şokoladla doyurarsan. Biz bayramlarda süpürləşib güləşəcəyik, evin xalçalarını yoğurub bir-birinə qatacağıq. Sənə gülü birinci kim verəcək, bax bunun üstündə Cavidlə üz-göz olacağıq. Səndən gizli çayxanaya gedəcəyik, Cavid siqaret çəksə sənə xəbər verməyəcəm. Evimizin pulu səndə olacaq, sən bizə pul verməyəndə səni pusub pul qabından oğurluq eləyəcəyik. Yəqin sən nənəm kimi mürəbbələri gizləməyəcəksən, eləmi? Lap gizləsən onu da gizlincə yeyib yerinə su doldurarıq. Bayramlarda tort bişirəcəksən, üstünü bəzəyib sabaha saxlayacaqsan. Bax onda biz gecə oyanıb o tortun güllərini yeyəcəyik, qaçıb gizlənib sənin bizə hansı cəzanı verəcəyini gözləyəcəyik. Səni aparıb qoyacağıq Laləgilə, qayıdıb özümüzə kartof qızardacağıq, evləri gah dağıdıb gah da yığışdıracağıq…
O danışdıqca mən onun balaca arzularına ürəyimdə gülürdüm. Axı burda arzulanası nə vardı, bunlar hamısı əlçatan, tez başa gələn istəklər idi. Müsibət mənimkiydi, mən Fuadla bağlı bir arzu-dilək toqquşdura bilmirdim, bir xəyalın qanadına qonub uça bilmirdim. Demişdim axı – ona sadəcə xilaskarım kimi baxırdım, neyləsəm də onu baş yoldaşı, ev yoldaşı, ömür-gün yoldaşı kimi görə bilmirdim. Hətta anam işdən xəbər tutub mənə bircə yol göz ağartsaydı, onu elə durduğu yerdəcə qoyub təzərəklənəsiydim. Ən çox da Fuadın bu arzusuna gülməyim tuturdu:
– Mən səni telli-toqqalı ağ gəlinlikdə gətirib evimin xanımı eləyəcəm.
Böyük bir nəslin şahidliyi ilə bir dəfə geyindiyim o donu bir daha əynimə taxmaq istəməzdim, heç ona müştəri gözüylə baxmağı da özümə yaraşdırmazdım. Bu yaşımda ağ gəlinlik geyindiyimi gözümün qabağına gətirdikcə Caviddən utanıb yerə girirdim.
***
Artıq dirçəlmişdim deyə uşağımın yanına qayıtmaq istəyirdim. Kamil hər həftə zəng vurub halımdan xəbər tutanda mənə ürək-dirək verməyi də unutmurdu:
– Tam sağalmamış qayıtma ha, – deyirdi, – Caviddən nigaran qalma, dərsləri qaydasındadı. Yemək-içməyinə özüm nəzarət eləyirəm, çimməyinə Rüfət baxır, vallah elə kisə çəkir, uşağın canı xoruzquyruğu çalır.
Su çərşənbəsindən sonra kəndə getmək üçün yır-yığış eləməyə başladım. Fuad bu səfər də əl çəkmədi, başqa şəhərdə yaşayan əmisinin ailəsiylə tanış eləmək üçün məni bir həftə də ləngitdi. Görüş elə Fuadın evində təşkil olunmuşdu. Hamı toplaşandan sonra o, xalası oğluyla birgə arxamca gəlib məni də apardı. Qapılarına çatanda Fuad əyilib qulağıma xısıldadı:
– Yadında saxla, sən bundan əvvəl ailəli olmamısan!
Bunu deyib üzümə baxmadan evə girdi.
Əmisinin özü, arvadı, iki balası məni çox mehriban dindirdilər. Fuadın xalaları məni satlıq mal kimi tərifləyib az qalırdı kişinin gözünə soxsunlar. Arada əmi xalaların qır-vırından macal tapıb soruşa bildi:
– Ay qızım, təhsilin varmı, haranı bitirmisən?
Mən ağzımı açmamış Fuad evin o başından çığıra-çığıra kişiyə cavab verdi:
– Hə, əmi, müəllimədi, APİ-ni qurtarıb.
Mən onun üzünə acıqlı baxanda Fuad mənə dil uzadıb özünü verdi xalalarının arasına. Bir də kişi yaşımı soruşanda yanımızda peyda oldu:
– Ay əmi, elə bil Bircəylə evlənən sənsən, – dedi, – a kişi, nəyinə lazımdı uşağın yaşı, belə mənlə yaşıddı. Hələ bir de görüm gəlinini bəyəndinmi, elçi gedirsənmi?
Əmisi məni müştəri gözüylə bir də süzdü:
– Sən məni hansı qapıya tuşutsan ora da gedəsiyəm. Ancaq getməmişdən istəyirəm biləm gəlin hansı ailədəndi, hansı nəsil-kökdəndi.
Fuad kişinin çənəsinin altına yeriyib məşhur tamaşada Fazil Salayevin söylədiyi tərzdə:
– Gəlinin zırpı-zırpı qardaşları, çoxlu əmisi oğlanları var, – deyəndə evdə göy gurultusu kimi gülüşmə qopdu.
Süfrə başında toy məsələsini müzakirəyə çıxardılar, əmi bu işi ləngitməyin günah olduğunu vurğuladı. Fuadın kiçik xalasının arzusu lap ürəyimcə oldu:
– Yazda Fuad işini dəyişib biryolluq Bakıya qayıdar, oturaq işə keçər, biz də əyər-əskiyimizi tamamlayarıq, inşallah yayda bu işin nöqtəsini qoyarıq.
Arada fürsət tapıb Fuadı yanlayıb qulağına pıçıldadım:
– Səlbi xalan düz deyir, yay yaxşıdı. Cavidin də dərsi bağlanar, ona məktəb taparıq, sonra qalan məsələləri həll eləyərik.
Fuad əllərimi üzünə sıxdı:
– Narahat olma, qadan alım, hər şey sənin istədiyin, dediyin kimi olacaq. Hara tələsirik, səni Allah mənim yoluma səbirlə çıxarıb. Bu izdivacın ən qiymətli tərəfi Caviddi. Gör sən onu bu yaşa hansı əzab-əziyyətlə çatdırmısan, bir uşağı böyütmək üçün gör nə qədər adam səfərbər olunub! Mənim uşaqlığımda kiminsə ölüm xəbəri gələndə nənəm saçını yolurdu, üzünü cırırdı. Deyirdim, ay nənə, ölüb ölüb də, niyə özünə zülüm verirsən? Nənəm də yana-yana deyirdi, ay bala, budaq sınmayıb ey, adam ölüb, dağda-daşda bitsəydi, suyun üzüylə axsaydı, kolluqda tapılsaydı ağlamazdım. Ondan sonra çöldə-düzdə rastıma çıxan kolluqlara həmişə diqqətlə baxırdım, elə bilirdim ordan bir adam, bir uşaq tapacam… Sən heç narahat olma, hamıdan qabaq Cavidin ayaqlarına döşənib özüm sənin elçiliyini eləyəcəm, onu razı sala bilsəm böyüklərimi göndərəcəm.
Hamı evinə dağılışandan sonra məni bacımgilə Fuadın əmisi qaytardı. Yol boyu kişi əvvəlcə qardaşının, ondan az keçmiş Fuadın anasının ölməyindən, iki uşağın ortalıqda qalmağından, onları uşaq evinə vermələrindən, Fuadın Tallində hərbi akademiyanı hansı çətinliklə oxuyub bitirməyindən danışdı. Deməsinə görə, Fuad hərbi məktəbə onun tənəsindən sonra giribmiş; bir gün onu qardaşı oğlu oxuduğu məktəbə valideyn iclasına çağırıblar, müəllimlər hamılıqla Fuaddan əmisinə şikayət eləyiblər. Sağollaşıb ayrılanda əmi qardaşoğluya:
– Səndən heç nə olmayacaq, heç adam da olmayacaq, hayıf mənim qardaşımdan, – deyib gedib.
Bu ağır söz yetimi necə tutubsa o gündən kitablara sarılıb, düşdüyü labirintdən təkbaşına, təkcanına çıxıb…
***
Kəndə qayıdan kimi Lalənin sözünü nəh eləyib Fuadla bağlı hər şeyi Səməndərə söylədim. Qardaşım məni diqqətlə, həyəcanla dinləyib qapıda xeyli var-gəl elədi, təkcənə top-top oynayan Cavidi xeyli süzüb soruşdu:
– İndiyəcən sənə elçi düşənlərdən onun hansı üstünlüyü var? Hər cür imkanı olan yaşlı-başlı adamları yaxına buraxmadın, necə oldu bir yetimə meyil saldın?
– Əsas səbəb elə onun yetim olmağıdı, – dedim. – Məni irdələyib-gürdələyəsi anası, bacısı yox, evi var, işi var, Cavidi məndən ayırmayacaq. O yaşlı-başlı dediyin adamlar kimi səy-səy suallar vermir, dulluğumu başıma qaxmır…
Səməndər qırımımdan fikrimin qəti olduğuna inandı. Üz-gözündən duydum ki, qardaşımın başında fikirlər çəlpəşik düşüb. Gedəndə məni bir də yanlayıb dedi:
– Yüz ölç, bir biç, necə olsa səndən köməyimi əsirgəməyəcəm. Burda səhvə yol versən ömürlük batacaqsan. Atamız sənə maşın-maşın cehiz qoşdu, qırılanı qırılıdı, dağılanı dağıldı, qalanının da hər tikəsi bir qapıda. Bu gedişində aparacağın cehizin dəyəri-qiyməti yoxdu. O qırılıb-dağılanların yenisini ala bilərik, bunu dünyanın heç yerində tapmarıq. Bilirsən nə deyirəm?
Qardaşımın üzünə baxmadan başımı astaca yırğaladım:
– Bilirəm, Cavidi deyirsən.
Səməndər məni incitməkdən qorxduğuna görə çəkinə-çəkinə danışırdı:
– Bacı, sən tək canını götürüb hara getsən orda baş çıxaracaqsan, quru yurdda bəzəkli qala quracaqsan – buna qəti şübhəm yoxdu. Bəs Cavid – onu hara qoyaq? “Yaralı barmaq ağızda” deyərdi nənəmiz. Bax buna görə deyirəm yüz ölç, bir biç. İnsan çiy süd əmib, tanımaq olmur, şirin dilinə aldanarıq, sonra uşağı burunlayar. Cavan oğlandı, istəyəcək övladı olsun. Olandan sonra səninkinin günü göy əsgiyə düyülər. Bax bunları o adamla yerli-yataqlı danışmamış qərar vermə. İndi yetiməm dediyinə baxma, sabah sən o qapıdan girən kimi ortaya yüz yiyəsi çıxacaq. İstəyirsən mən özüm onunla görüşüm danışım. Ən çox da bilirsən nədən qorxuram – gedib ailə qurarsan, lap bir-iki uşağın da olar, bu adam da qan-qadanın içindədi, sabah bir güllə də bunun alnına dəyər, onda gör bizim başımıza neçə yerdən daş düşər! İndi oturmusan atamızın evində, uşağını ovcumuzda böyüdürük, hamımız başına dolanırıq. Ta nə deyim, yenə özün bilən məsləhətdi.
Durub Səməndərin boynunu qucaqladım, enli alnından, göyçək yanaqlarından öpdüm, sonra dodaqlarımı onun qulağına söykəyib pıçıldadım:
– Narahat olma, hələ heç nə yoxdu, elə-belə sənə məsləhət elədim.
Bizi qol-boyun görən anam:
– Nədi yenə sarmaşıq kimi gədənin boynuna dolanmısan, – dedi, – işin düşüb deyəsən. Burax uşağımı gəlsin iynəmi vursun.
Qollarımı Səməndərin boynundan açmadan onun cavabını verdim:
– Nə vaxt sənin qardaşını qucaqlasam onda tıncıxarsan. Get uzan, gəlib vuracam iynəni.
– Sən iynəni Telliyə vur, – anam dedi, – sən iynə vuran yerdən qulğuna çıxır. Səməndərin əli yüngüldü.
– Səməndər sənin böyük oğlundu, – dedim, – utanmırsan yanbızını açıb qoyursan onun qabağına?
– Balamın əli dərmandı, sən bizim aramıza burnunu soxma.
Bu deyişməni qıraqdan izləyən Rüfət anamı cin atına mindirmək fürsətini əldən vermədi:
– Qardaşın baytardı (kiçik dayımı deyirdi), özünü ver onlara.
Anam Səməndərin qolundan tutub evə sarı çəkə-çəkə:
– Telli yorsun köpək uşağı, – dedi, – qardaşımın daşını salmayın təpənizə.
Rüfətlə mən eşikdə gülüşəndə evdən Səməndərin səsi gəlirdi:
– Allah, anama quzu kəsərəm, sən onlara fikir vermə, – deyib yanına üfürə-üfürə anamıza iynə vururdu.
Rüfət yenə dilini dinc qoymadı:
– Səməndər, sən Allah tələsmə, qoy bir dəstə gicitkən yığım gəlim, mən yelləyim, sən qoburnat qızının (anam bizi tənbeh eləyəndə qaçıb nənəmizin arxasında gizlənərdik, nənəmiz də deyərdi ki, qoburnatın qızını incitməyin) iynəsini vur.
Anam yayxandığı yerdən ilan çalmış kimi qalxdı:
– Bax buna görə iynələrimi Səməndərə vurdururam ey, – dedi, – sizdən adam olan deyil.
(Ardı var)