Cəhənnəmdən keçmiş mələk (105)
Avtobioqrafik roman
Üçüncü bölüm
Müəllif: BİRCƏ
Sevinclə, umudla dolu canımı yedəyimə alıb kəndə qayıtdım. Artıq üzümə deyilən qınaqları ürəyimə salmırdım, anamın şıltaqlıqları məndə yalnız gülüş doğururdu. Atam evində özümü qonaq sanmağa başlamışdım, bu səbəbdən anamın tənələri qəlbimi əvvəlkitək dağlamırdı. Bütün gün evin içində, həyət-bacada çovuyurdum, özümü ora-bura vururdum. Nənəm belə yerdə deyərdi: “Əlim xamır ovur, gözüm dana qovur”.
Bacımla belə danışıb əhd bağlamışdıq: bu aralıqda mən sirrimi hər kəsdən qoruyuram, yaxın aylarda Rüfəti evləndiririk, məktəb tətilə çıxandan sonra qəti qərar verirəm. Bu müddətdə Fuad da cəbhə zonasındakı gəzərgi qulluğuna xitam verib Bakıda yerləşən qarnizonlardan birində oturaq işə keçməliydi. Fuadın vacib sözü olanda Laləylə danışıb məsləhətləşirdi, sonra bacım o söhbətlərin məğzini mənə də çatdırırdı…
Bir gün anamın kənddəki bacılıqlarından biri bizə gəlmişdi, arvad elə anam eşidə-eşidəcə məndən soruşdu:
– Deyirlər bir subay komandir sənin dərdindən dəli olub, doğrudu?
Anam bacılığına bozardı:
– Qələt eləyir onu deyən! Bu heç adlı-sanlı kişiləri bəyənmir, o da ola səngərdə bit basmış əsgər.
Onun xasiyyətinə bələd olan bacılıq sözünün gerisini gətirmədi. Arvad gedəndən sonra anam çökdü boğazıma:
– Nəydi o Məsmənin dediyi, o nə komandirdi, nə məsələdi?
Özümü təmizə çıxarmaq üçün çəmkirdim:
– Əsgərlərlə, komandirlərlə dostluq eləyən, evin mardını onlara yedirdən sənsən. Mən qapıya gələn əcvəl, bitli əsgərlərdən savayı kimi görürəm?
Dürüst olduğuma inandı deyə anam ayrı sual verməyib yaxamı buraxdı. Həm də indi evdə başqa məsələ üstündə didişirdik: Rüfətin sevdiyi qızı atam ona almaqdan qəti şəkildə boyun qaçırırdı. Qardaşım özüylə bir sinifdə oxumuş o qızla illərdən bəri istəkliydi. İş gəlib evlənmək məqamına çatanda atam bir at minib birini də yedəyinə aldı:
– Mən Moruğun qapısına elçi getməyəcəm.
Bundan sonra hamımız Rüfətin sözünü deyib atamı təklədik. İnsafən qız pis ailədə böyüməmişdi, atamın tərs damarını tutduran səbəb başqaydı. Kamil kolxoz sədri işlədiyi vaxt qızın briqadir atasının oğurluğunu tutub onu işdən çıxarmışdı. Bundan sonra kişi acığa düşüb qardaşımdan şikayət məktubları yazmağa başlamışdı. Bir məktubu kənddə dillərə düşüb lətifəyə çevrilmişdi: yazmışdı ki, guya Kamil öz oğlunu əsgərlikdən yayındırıb. Məlumatı yoxlamağa gələnlər qardaşım oğlunun dördüncü sinif şagirdi olduğunu görüb o gedən getmişdilər.
Münaqişə Kamilin qələbəsiylə bitmişdisə də atamın kini yuvasına çəkilməmişdi. İndi Rüfətin taleyi o kin-küdurətin girovuna çevrilmişdi. Kamil atama yalvarırdı:
– Ay dədə, sən getmirsən getmə, qoy mən Səməndərlə elçi düşüm o qızı alım Rüfətə. Uşaq yazıqdı, bəlkə elə güllə qabağından o qızın nəfəsi sağ-salamat gətirib qardaşımızı?
Qardaşım sağına-soluna nə qədər keçdisə atam yumşalmadı ki yumşalmadı. Bir gün Kamil ona yalvarmaqdan bezib Rüfəti ayrı yola çəkdi:
– Get qızı qaçır. Bir müddət sonra atamızın da hirsi soyuyar.
Anam Kamilin təlimatını atama çatdıranda kişi tabaq boyda bir çörəyi əlinə alıb qarşımıza keçdi:
– Bu çörək haqqı, atamın goru haqqı, sən gedib onun qolundan tutan kimi üstümə benzin töküb özümü yandıracam.
Atamın az-az tutan tərsliyinə bələd olduğumuza görə o qızın adını bir də çəkmədik. Bir zaman nənəmlə qoşalaşıb Səməndəri də belə yazıq eləmişdilər. Kiçik qardaşım kimi böyük qardaşım da kəndimizdən bir qıza könüldən bağlanmışdı, arada-bərədə gizli-gizli görüşürdülər. Evlənmək məsələsi ortaya gələndə qızın nənəsinə şunquruq qoşub cavanları gözüyaşlı qoydular. Nənəm Səməndər istədiyi qızın atasının qabağını kəsib demişdi:
– Get qızını qıçına bağla, mən sənlə qohum olmaram.
Bu ağır qınağın altında əzilən atası neçə il qızını dörd divar arasında dustaq saxladı. Səməndər evlənəndən sonra o qız evdən qaçıb Bakıya getdi, başı olmazın bəlalar çəkdi. Yeri gələndə bu haqda da danışacam…
İndi, necə deyərlər, tarix təkrar olunurdu. Biz bacı-qardaşın birləşib cəbhələşməyimiz bir fayda vermədi. Kişinin daşı ətəyindən tökmədiyini görən Rüfət “gedin kimi istəyirsiniz alın” deyib yaxasını qırağa çəkdi.
***
Günlərin birində atamızın qonşu kənddə yaşayan xalası oğlu bizi qızının toyuna çağırdı. Toya Kamillə mən gedəsi olduq. O toyda gözəgəlimli bir qız gördüm, kimliyini öyrənib qayıdanda Kamilə nişan verdim. Evə çatan kimi qardaşım sevincək atamı müjdələdi:
– Bircə bu gün arvad məclisində seyid Qasımın qızını görüb bəyənib. O qıza mən də dərs demişəm, gözəl-göyçək, qanacaqlı uşaqdı. Bəlkə Rüfəti göndərək bir bəhanəylə qıza baxsın, xoşuna gəlsə elçi gedək?
Atam yerindən quş kimi sıçradı:
– Həə, bax o qapıya oynaya-oynaya gedərəm.
Fikrimizi Rüfətə dedik, o da bizə cavab vermək yerinə sözü atama tolamazladı:
– Seyid Qasımın həyətində canavar kimi səkkiz iti var, mən özümü o itlərə yedizdirən deyiləm. Xoşuna gəlir get al gətir, onsuz da o toy mənimki yox, səninki olacaq.
İki gündən sonra atam Rüfətə genəşmədən Qasımın elçi daşının üstündə oturdu, qızın “hə”sini alıb geri qayıtdı. Xəcalətimdən qardaşımın üzünə baxa bilmirdim, hey özümü qarğıyırdım – elə bil o toya Rüfəti ömürlük bədbəxt eləmək üçün getmişdim. Uşaq gözümün qabağında əriyib itirdi. Toya lap az qalmış Səməndərlə Lalə dil töküb Rüfətə yalvardılar, hətta Hakim də onlar deyəni dedi:
– Qızı qaçır gətir Bakıya. Bir müddət mənim evimdə qalarsız, o müddətdə atamız da yumşalar.
Lalə uşaq kimi ağlayan Rüfəti qucaqlayıb gözünün yaşını yalayırdı:
– Hamımız sənin arxandayıq, get qaçır. Atamız özünü öldürəcəksə qoy öldürsün! Hamımız yekəlmişik daha, atanı neylirik.
Beləcə, qardaşlarımın ən ötkəmi, ən möhkəmi, cəbhənin qaynar yerində neçə il qulluq eləmiş, gözünü qırpmadan nə qədər düşməni qanına bələmiş azman bir oğlan el qınağı, ata-ana şıltaqlığı qarşısında aciz qaldı. Yeri gələndə bütün yasaqları tapdayıb keçən cəngavər qardaşım qoca atama məğlub oldu, bir dəfə verilmiş ömrünü valideyn hikkəsinə qurban elədi, bəylik gərdəyinə ağlaya-ağlaya girdi…
Gəlinə bahalı toy bazarlığı elədik, qızıl-zinət bağışladıq. Aqil həyətimizdə Rüfətə səsi qonşu kəndlərəcən gedib çıxan toy çaldırdı. Müharibə başlanandan kənd camaatının yadırğadığı bir adəti – bəy tərifini Səməndər yenidən yada saldı. Dinc vaxtlarda bəyi tərifləməyə gecəyarı başlayardılar, ancaq indi bəlli səbəbdən şər qarışanda Səməndər bəy tərifini başlatdı. Bibim adət üzrə şax bəzədi, Cavidi Rüfətə sağdış tutdular. Masabəyi mikrofonu götürüb gur səslə elan elədi:
– Camaat, bir azdan bəyimizi tərifləyəcəyik. Qoy bu tərifi səngərlərdə marığa yatmış ermənilər də eşitsinlər, qoy görsünlər ki, Rüfət onların burnunu ovandan sonra cəbhədən sağ-salamat qayıdıb özünə toy eləyir.
Elanı eşidən qız-gəlinlər tələsik evlərinə dağılışdılar, mal-qaranı, toyuq-cücəni rahatlayıb, itləri yallayıb əllərində nəmər yenə qapımıza axışdılar. Mağarın yuxarı başına üç stul qoyuldu – ortada Rüfət, sağında Cavid, solunda bəyin səngər yoldaşı oturdu. Xanəndə adbaad hamını nəmər, xələt verməyə səsləyirdi; evin kişisi nəməri xanəndəyə verir, qadını gətirdiyi ipək parçanı bəyin boynuna atırdı.
Arada Cavid oturduğu yerdən durub qaçıb Səməndəri xırxaladı:
– Niyə hamı parçanı dayımın boynuna dolayır, elə bil kordular, məni görmürlər.
Səməndər özünü qız-gəlinin arasına verib qulaqlarına nə pıçıldadısa indi də hamı xələti Cavidin boynundan asmağa başladı. Uşağın boynu parçadan görünməz olanda atam irəli durub dedi:
– Ay sənin qadan alım, hələ tezdi ey, qoy xələti dayın yığsın, sən öz toyunda yığarsan.
Rüfət atama sarı baxmadan boynundan asılmış parçaları sıyırıb Cavidin qucağına yığdı. Sonda Telli mama bəzədiyi şaxı oynaya-oynaya gətirib Rüfətin qarşısındakı bəy masasının üstünə qoydu. Mağardakı kişi qohumların hərəsi bir qiymət dedi, bibim heç birinə durmadı. Gödək boyu, ağır zəhmiylə məclisə bir ayrı hava qatan əliçəlikli Musa əmi:
– Mən bu şaxa bir qumral-kərə erkək verirəm, – dedi, – razısansa sat mənə.
Telli mama yumşalmaq istəyəndə atam araya girdi:
– Yox, az verirsən, razı deyilik. Gör bura nə qədər konfet-şokolad çitəyib bacım, hələ başından bir soyutma çolpa da asıb. Yekə kişisən, simiclik eləmə.
Mağarda gurultu qopdu. Qardaşının tərsliyinə bələd olan Musa əmi bildi ki, qoçun yanına nəsə qoşmasa atam araya pərxaşlıq salacaq, çəliyini havada yelləyib dedi:
– Yaxşı, sən deyən olsun – bir qoç, bir xaral yuyulmuş yun, bir də Tellinin toy nəməri mənim boynuma. Razı qaldınızsa şaxı dağıdın camaata.
Atam əmimin sövdəsini bəyənsə də özünü narazı kimi göstərib böyük qardaşıma göz basdı:
– Neylək, az da olsa razıyam. Səməndər, al şaxı payla uşaqlara.
Səməndər bəzəkli şaxı bir anda yolub lütləyib toy adamına dağıtdı. Bundan sonra məclis başa çatmış sayılırdı…
Gecə yarılananda hamımız qapıdakı masanın başına yığışdıq. Bacılarım odlu samovardan çay süzüb toy şirniyyatıyla süfrə bəzədilər. Qardaşlarım bağın dərinliyinə çəkilmiş Rüfətin qoluna girib onu ikinci mərtəbəyə qaldırdılar. Dörd qardaşın dördü də kiçik qardaşın üz-gözündən öpüb bir yanı zor, bir yanı xoş onu gəlin otağına saldı.
Sonra yenə ailəlikcə süfrə başına yığılıb xoruzun ilk banınacan ordan-burdan danışdıq. Arada bibim atama bir xısəki vurdu:
– Sən də lap Musanı yoldun ha, o balaca şaxdan ötrü soydun kişini.
Atam istəkli bacısını bağrına basıb dedi:
– Narahat olma, Musanı silkələsən hər yerindən pul-qızıl tökülər. Erkəyi atacam sənin qoyunlarının içinə, yundan da qızına cehizlik döşək sırıyarsan.
Xoruzun ilk banında Aqil atamın köhnə “Berdanka” tüfəngindən göyə bir güllə atdı. Qulağıdik camaata siqnal göndəriləndən sonra hamımız yatmağa getdik…
***
Böyük çillədə bərk azarladım. Evdə gəlin olsa da ağırlıq yenə mənim üstümdəydi, gəlinin əlindən iş-güc gəlmirdi, dördüncü sinfi bitirəndən sonra atası məktəbdən çıxarıb evdə oturtmuşdu. Kəndə-kəsəyə hərbçilər dolandan sonra isə, demək olar, gün işığı görməmişdi. Tənbəllik gəlinin sümüyünə işləmişdi.
Cavid əmisi arvadı Nərgizdən sonra indi də dayısı arvadıyla ləc düşmüşdü, əlinə keçəni, gözünə görünəni qırıb dağıdıb yıxırdı gəlinin boynuna. Arabir aşıqlar kimi qabaq-qənşər durub deyişirdilər də.
Bir dəfə Cavid qaçaraq evə girib dedi:
– Bircə, azarlamışam, üstümü ört yatıram.
Ha yoxladımsa uşaqda azar-bezar əlaməti görmədim. Yorğanın altında gizlənmiş Cavid arada başını yastıqdan qaldırıb soruşurdu:
– Bircə, nənəm gəldi?
Mən hər dəfəsində yox deyən kimi yenidən başını soxurdu yorğanın altına.
Axşama yaxın bacısıgildən qayıdan anam əlində iki ölü hinduşka qıyhaqıyla evə girdi. Anamın əlindəki leşləri görcək Cavidin xəstəliyinin səbəbini anladım. Arvad ölü quşları atamla mənim gözümə soxa-soxa qışqırdı:
– Harda ölmüsüz, niyə baxmırsız bu qapının mal-madarına, qış uzunu nə yeyəcəksiz?
Atam canını qurtarmaq üçün:
– Babanın goru haqqı sən gedəndən ermənilər yaman atırdılar, – dedi, – bəlkə də güllə dəyib onlara.
Mənim gözüm yorğanın altında qırışmış Caviddə qalmışdı. Birdən gəlin dilləndi:
– Hinduşkaları Cavid öldürdü, mən gördüm.
Söz gəlinin ağzından çıxan kimi Cavid yorğanı başından atıb cumdu ona:
– Yalansa Allah səni öldürsün! Babam düz deyir, erməni gülləsi dəyib hinduşkalara.
Cavidin adı çəkilən kimi anam leşləri zibillikdə basdırdı, mənsə qaldım iki uşağın arasında. Oğlumda indiyəcən görmədiyim bicliklər üzə çıxmağa başlamışdı, dilində yalanlar cücərirdi. Bunlar məni çox qorxutsa da azar canımı üstələdiyindən uşağıma baxammırdım. Ağzıma bir tikə qoydummu mədəmdə toxtamamış geri qaytarırdım. Səhər başımı yerdən qaldırıb Cavidi dərsə yola salammırdım, uşağımı nə yedirə, nə çimdirə bilirdim.
Rayon həkimləri dadıma yetməyəndə Kamil Hakimi kəndə çağırdı, məni ona qoşub Bakıya yola saldı. Şəhərdə Aqil məni tanış həkimlərə yoxladandan sonra bir ay sərasər xəstəxanada yatası oldum.
***
Otaq yoldaşım yaşlı bir qadınıydı. Ağır dərmanlar huşumu başımdan aparsa da arvadın səsi oddaq olub dolurdu qulaqlarıma, göz yummağa aman vermirdi. Əynindəki zərbafta donunu sığallaya-sığallaya çıqqıldayan divar saatına baxıb deyirdi:
– Bax, indi mənim pərtdəngöz gəlinim dərsdən qayıtdı, iflim-iflim olmuş anasını gətirib saldı hamama, əmlik boyda toyuqlarımdan birini kəsib çığırtma bişirdi. Sonra qırmabığ dədəsi də gəldi, indi oturub toyuğumu yeyə-yeyə mənə söyürlər. Axşam da dəlməgöz bacısı gələcək, xaşıl çalıb arılarımın şirəli yoncadan çəkdiyi balla yeyəcəklər. Axırda dəvəqarın qardaşı da gəlib zərxara mitilimdə yatacaq…
Arvad danışdıqca beynim dumanlanırdı, bir göz ağınca sağalan mədəm yenidən bulanırdı. Yerindən qalxıb gövdəmi dikəldirdi, yastığı kürəyimə söykəyib məni dinləməyə məcbur eləyirdi. Sağ-sökəl dayanıb onu dinşəyirdim, ancaq soruşduqlarının heç birinə cavab verə bilmirdim. Həkim mənə güclü pəhriz buyurmuşdu, bu arvadsa bir ucdan yanına yemək daşıdırdı. Oğlu içəri girən kimi əlindəki zənbilə quşbaxışı nəzər salıb deyirdi:
– O dəngiş arvadına dedim axı ləvənginin qozunu bol eləsin. Bu ayı düdüyünə oxşayan kotletləri neylirəm ki mən? Bəs bal niyə göndərməyib, dədəsinə az qalar mənə göndərsə?
Oğlu xəcalətdən başını qaldırmırdı:
– Ay ana, sən hələ bunları ye, qalanlarını axşam gətirərəm.
Arvad yağlı tikələri lomba-lomba içəri ötürüb qıpqırmızı kompotu başına çəkirdi, əlinin yağını zərbafta donunun yaxasına silə-silə:
– Gəlin, bunlardan yemirsən yemə, – deyirdi, – bəs məni niyə tanımadın? Mənim dədəm məşhur adamdı, televizorda göstəriblər, adı kitablara düşüb.
Məndən əlini üzəndə tibb bacılarına sataşırdı. Yekaterina adlı bir rus qızı bizə iynə vururdu. İynələr arvadın gecə-gündüz otarıb bəslədiyi canını göynədəndə əlini pambıq kimi ağappaq yanbızına qoyub çığırırdı:
– Dədən yansın Yekətirina, yandırdın atamı.
Sarışın, göygöz, bizim dildə şirin danışan tibb bacısı gülə-gülə arvada deyirdi:
– Yekətirina yox, ay xala, Yekaterina.
Arvadın tələffüzündəki kobudluq, tibb bacısının ləhcəsindəki şirinlik məni güldürürdü. Palata yoldaşım sözlərini dağ saqqızı kimi çeynəyib tökürdü, mənsə gözlərimi yumub çöldə ulayan qış sazağının qanadlarında Cavidin pəncərəsinə qonurdum. Rüfət kənddən mənə dəyməyə gələndə bir söz deyib ürəyimin başına qor çiləmişdi:
– Bircə, sən evdən çıxandan Cavid quzuya dönüb, heç kimi incitmir, dərslərini özü hazırlayır. Elə bil uşaq yazıqlaşıb, fağırlaşıb.
Əlbət mənim yoxluğum uşağı o evdə arxasız, kimsəsiz qoymuşdu. O evdəki ata-ana, qardaş-bacı mənimkiydi, onun heç kəsi yoxuydu. Nənə, baba, dayı nə qədər yaxın olsa da yenə bir köynək uzaqdı.
İndi xəstəxana divarları arasında bunları düşündükcə heç ölmək istəmirdim, uşağımı əllərdə qoymaq istəmirdim. Otaq yoldaşımın zığ-zığ quşunun zığıltısına bənzər səsi məni xəyallarımla oynamağa da qoymurdu. Arvad bütün günü qarın davası eləyirdi, həm kənddə qoyub gəldiyi, həm də şəhərdəki gəlininin bir əlcə azadlığına dil uzadırdı, xəstəxana yollarında qalmış balalarına xısəki-axmıra vurmaqdan usanmırdı:
– Sabah mənə gətirdiyim ətdən kabab çəkdirərsən. Nədi, yoxsa onu da arvadının sıpaboyun dədəsi gəlib apardı?
Özü də həkim olan oğlu çarpayının yanında diz çöküb yazıq-yazıq deyirdi:
– Ay ana, axı sənin şəkərin var, təzyiqin var, ağır yeməklər sənə ziyandı.
Arvadı od götürürdü:
– Amma sənin o sıpa irtməyi qopardan qaynanana hər şey olar, hə? Sən narahat olma, yeyib üstündən qarğagözüylə gülənşah dəmləyib içib olacam turp kimi.
Oğlu kor-peşman qapıdan çıxanda yenə məni mahmızlayırdı:
– Gəlin, bə sən niyə mənim dədəmi tanımadın?
Axırda onun suallarından bezib qonşu palataya daşındım, qalan günlərimi təkadamlıq otaqda başa vurdum. Sonralar bildim ki, arvadın atası məşhur əmək qəhrəmanıymış.
(Ardı var)