Bu il Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin 650 illik yubileyidir.
Yanvarın 11-də prezident İlham Əliyev 2019-cu ili “Nəsimi ili” elan edib.
Hələ 2018-ci ilin sonlarında hüquqşünas Erkin Qədirli sosial şəbəkədə 2019-cu ilin “Nəsimi ili” elan olunması təklifi ilə çıxış etmişdi.
İl rəsmən “Nəsimi ili” elan olunandan sonra Erkin Qədirli Nəsimi irsi, onun əhəmiyyəti ilə bağlı sosial şəbəkədə düşüncələrini bölüşür.
Novator.az-ın məlumatına görə, yanvarın 12-də Erkin Qədirli yazıb: “Fəlsəfi, ideoloji tutumu olan mövzularda, eləcə də həmin mövzulara çeşidli yanaşmaların yaradıcısı olmuş kəslərin görüşlərinin öyrənilməsində iki məsələni bir-birindən ayırmaq gərəkdir: “-şünaslıq” və “-izm”. “Nəsimi mövzusu”nda da bunu bacarmalıyıq.
Adı “şünaslıq”la bitən fəlsəfi, ideoloji, bədii və s. araşdırmalar öyrənilən mövzunun tarixi kontekstindən qırağa çıxmır, teksual təhlilləri də həmin dar kontekstə bağlı olur. Bu cür araşdırmalar bir qayda olaraq “filankəsin həyat və yaradıcılığı” çərçivəsində qalır, tarixi konteksti aşmır. Üstəlik, belə araşdırmalarda araşdırmaçıların yandaşlığı tələb olunmur, hətta arzulanmır. Örnəyi Platonu, Kantı, Marksı və başqa filosofları araşdıranlardır (yəni həmin mövzuların “şünasları”). Onlar adlarını çəkdiyim filosofların görüşlərini bölüşməyə bilərlər. Marksı öyrənmək üçün marksist olmağa gərək yoxdur.
Nəyinsə “şünası” olmaq onun tekstual və dar tarixi kontekstual təhlilindən qırağa çıxmamaqdır. Tekstual təhlil iki cür olur: literalist və strukturalist. Literalist təhlildə tekstdəki sözlərin, söz birləşmələrinin, cümlələrin mənaları öyrənilir. Strukturalist təhlildə öyrənilən tekstin iç quruluşu və onun (tekstin) başqa tekstlərlə əlaqəsi. Örnəyi: nəsimişünaslıqdır. Nəsimişünas bunu edir.
Nəsimişünaslıqda kimsə Nəsiminin niyyət etmədiyi mənaları Nəsiminin adına çıxa bilməz. Nəsimişünas Nəsiminin yaşadığı tarixi dönəmin kontekstindən də qırağa çıxmamalıdır. Nəsimişünas üçün Nəsiminin həyatı (gənc yaşlarından edamına qədər), tanışlıq çevrəsi, dini etiqadı, eləcə də başqa görüşləri önəmlidir. Nəsimişünas Nəsiminin özünə aid olmayan nəsə yaza bilməz.
Mən nəsimişünas deyiləm, olmaq niyyətim də yoxdur. Məqsədim nəsimişünaslıqda özümə yer etmək deyil. Mənim məqsədim Nəsimiyə çağdaş siyasət və hüquqşünaslıqda yer etməkdir. Biz Nəsimiyə ancaq nəsimişünaslıq gözüylə baxmağa davam edəcəyiksə, Nəsiminin görüşləri heç zaman çağdaş ola bilməyəcək. Nəsimi bizim üçün muzey eksponatı kimi bir şey olacaq – əlçatmaz, anlaşılmaz, hərdən yada düşən, xaricilərə göstərilən və s.
Sonu “izm”lə bitən sözlər bir qayda olaraq araşdırmanı deyil, yandaşlığı bildirir. Yandaşlıq üçün tekstin zamanı aşa bilməsi önəmlidir. Örnəyi: kantşünas Kantın fəlsəfəsini onun yaradıcısı olmuş kəsin həyatından, eləcə də yarandığı tarixi dönəmdən ayırmırsa, kantçılar, özəlliklə də neokantçılar (yəni Kant fəlsəfəsinin yandaşları) həm teksti, həm də onun tarixi kontekstini çoxdan aşıblar. “Şünaslıq”dan fərqli olaraq, “izm”lərdə müəllifi sərbəst yozmaq, ondan qırağa çıxmaq, onu aşmaq, hətta aşırmaq yolveriləndir. Örnəyi: bugünkü marksistlər Marksı çoxdan aşıblar. Neokantçılar Kantı çoxdan aşırıblar – kimisi sola, kimisi sağa çəkir.
Söhbət təhrifdən getmir, yanlış anlamayın. Məsələ, yuxarıda yazdığım kimi, tekstin zamanı aşa bilməsindədir. Zamanı aşmaq tarixi kontekstdən qırağa çıxmağı tələb edir. Tarixi kontekstdən qırağa çıxmaq öz növbəsində yeni, müəllifin özünə aid olmayan dəyərləndirmələri doğurur.
Təkrar edirəm, mən nəsimişünas deyiləm, yazılarıma o gözlə baxmayın. Mən yaşadığımız dönəmdə Nəsimi yandaşlığının necə ola biləcəyini, ondan bir toplum olaraq necə faydalana biləcəyimizi göstərməyə çalışıram.
19-cu yüzilliyin ortalarında alman intellektuallarının bir çevrəsində “Kanta doğru geriyə!” şüarı vardı. Sonra anladılar ki, Kant çoxdan ölsə də, onun düşüncələri zamanı çox qabaqlayır, ona görə də şüarlarını dəyişdilər, “Kanta doğru irəli!” yazdılar.
Mən də həmin örnəkdən istifadə etmək istəyirəm. Nəsimini anlamağımız üçün geriyə deyil, irəli getməyi, gələcəyə baxmağımızı təklif edirəm. Nəsimi nə demək istəyib, harada və necə yaşayıb, müəllimi və şagirdlərilə münasibətləri nə olub, onun dini eitqadı, siyasi əqidəsi və s. kimi məsələləri buraxaq nəsimişünaslığın öhdəsinə. Nəsimi bizə Nəsimidən daha çox özümüzü anlamaq üçün gərəkdir. Nəsimiyə doğru irəli!”