Cəhənnəmdən keçmiş mələk (103)
Avtobioqrafik roman
Üçüncü bölüm
Müəllif: BİRCƏ
Payız ağzı Lalə uşağıyla Bakıya qayıtdı. Gedəndə evimizin şenliyini, sevincini də özüylə apardı, bizi sozalan, soyuyan payız günəşinin altında qoyub getdi.
Əslində mən uşaqlıqdan payızı o biri fəsillərdən çox sevmişəm. Əvvəllər kəndimizin payızı gözəllikdə yazından da ötəydi. Ancaq daha o gözəllik soluxub sozalmışdı, savaş yelləri təbiəti də zavala gətirmişdi. Uşaq vaxtımda şux gördüyüm adamlar irəliki kimi bəxtəvər deyildilər.
Məktəb illərimizdə sentyabrın yalnız ilk iki gününü dərsə gedərdik; ondan sonra tədris dayandırılar, beşdən ona qədər bütün siniflər kolxozun işinə göndərilərdi. Bu məcburi əməkdən yayınmaq çox çətin olardı. O aylar kənddə yalnız qoca-qoltuq, bir də uşaqlar qalardı. Evlərə, həyətlərə hüznlü bir səssizlik çökərdi. Anamın yaşıdı qadınlar sabah ertə evdən çıxıb bir də toran qovuşanda qayıdardılar, mənim anamsa gün batanacan arxa otaqlarda daldalanıb hökumət işindən yayınar, təhkimçinin gözünə görünməmək üçün evdən eşiyə çıxmazdı. Mən də beyni sovet təbliğatıyla yuyulmuş pioner, komsomolçu kimi onu qınayardım:
– Niyə sən də kəndin arvadları kimi kolxozun işinə getmirsən, niyə özünü camaatdan ayırırsan?
Anamın bir tutalğası vardı:
– Mən o günün altında qalsam ölərəm.
Bircə dəfə günortayacan tarlaya gedib bibimlə çiyin-çiyinə bir torba pambıq yığmışdı; onda da günortadan sonra anamı evə yarımcan gətirmişdilər, bir ay yorğan-döşəkdən qalxmamışdı…
Kəndimizdə İman baba dediyimiz qoca bir kişi vardı. Payız aylarında günortadan sonra hərəmiz əlimizdə bir toyuq, ya cücə kəsdirərdik o kişinin qapısını – toyuq-cücə başına bıçaq çəkməyə səlahiyyəti çatan kişilər, oğlanlar günün o saatlarında işdə-gücdə olardılar. İman baba da nemesi, Lenini, Stalini söyə-söyə əlimizdəki toyuq-cücəni alıb yönü qibləyə başını üzərdi, sonra da boynunun qanını yuyub qaytarardı özümüzə. Hansı uşağın evdə nənəsi, babası vardısa onun işi yüngül olardı – qocalar axşam yeməyini ya özləri hazırlayar, ya da bu işdə nəvələrə əl tutardılar. Yaxın qonşularımızdan neçəsinin çiy qazanını nənəm, ya anam bişirib saxlayardı, axşam işdən gələn adamlar onlara alqış eləyə-eləyə hazır yeməklərini götürüb aparardılar.
Bəzən Hakim də anama qoşulub kolxoz işindən yayınardı – darvazadan çıxandan sonra fırlanıb arxa çəpərdən həyətə girib dırmaşardı evin çardağına, kənddən əl-ayaq çəkiləndə enərdi aşağı…
Hər il payızın axır ayında evimizin arxasına qaraçı köçü düşərdi. Onların qız-gəlinləri o qədər xoşbəxt görünərdi ki, bizim qızlar onlara həsəd aparardılar. Pulumuz olmayanda yumurta, meyvə, toyuq verib qaraçılardan sancaq, muncuq, güzgü alardıq. Gecələr tonqalın başında çalıb oynayardılar, bir az artıq səs-küy salan kimi kənd sovetinin sədri gecəylə onları kənddən çıxarardı.
İndisə qocalı-cavanlı bütün kənd camaatının üstünə su ələnmişdi. Davanın od salmadığı bir koma qalmamışdı. Neçə-neçə ocaq başında bir evin dirəyi olası qoçaq qızlar qarıyırdı, neçə-neçə dul gəlin yedəyində yetimləri kişi yerinə də, arvad yerinə də gecə-gündüz külüng vururdu.
Cavidin yaşıdı oğlanlar analarının, nənələrinin saxlayıb becərdiyi toyuqdan-hinduşkadan, qazdan-ördəkdən hər bazar rayon mərkəzinə aparıb satır, puluna evdə böyüklərin tutduğu siyahı üzrə ərzaq alıb qayıdırdılar. Bir dəfə atam bazarda gördüyü hadisəni danışanda Cavid zülüm-zülüm ağladı. Həmin gün nənəsinin sevə-sevə “Cavidin oğlu” adlandırdığı Emin bazara üç-dörd çolpa çıxarıbmış. Bir pəzəvəng uşağı qorxudub çolpaları ucuz almaq istəyəndə Emin qəfil böyürdən çıxan atamın üstünə qaçıb ağlaya-ağlaya:
– Mən bunları onun dediyi qiymətə satsam anamın yazdıqlarının çoxunu ala bilməyəcəm, – deyir.
Atam çolpaları dartıb pəzəvəngin əlindən çıxarır, bazarda fırlanan Səməndəri tapıb bərk-bərk tapşırır:
– Bu balaca kişinin dediyi qiyməti ver, al apar bunun çolpalarını uşaqların yesin.
Səməndər toyuqların haqqını artıqlamasıyla ödəyib körpə alverçini razı salır. Avtobusla geri qayıdanda Emin atama sarılıb kişinin üz-gözündən öpür:
– Rəhim baba, sənə qurban olum, anamın yazdıqlarının hamısını aldım, hələ üstəlik balaca qardaşlarıma corab, papaq, şirni almağa da pulum çatdı.
Kənd uşağının çoxu geyim, kitab bir yana, qarnı dolusu şirniyyat da tapıb yeyə bilmirdi. Hamımız bilirik ki, uşaq üçün bir şirin konfet atadan, anadan, çörəkdən də əzizdi. Uşaqlıqda şirniyə tamarzı qalan kəs bu zədəni ömrü boyu beynində gəzdirir, sonradan şokolad ağacının dibində yatsa, şokolad dağının zirvəsinə çıxsa belə o yaranın izini itirə bilmir.
Mənim uşaq yaşlarımda xalamın əri sənəddə adı gedən, ancaq reallıqda olmayan yalançı kənd bağçalarını ərzaqla təmin eləyirdi. Hökumətin uşaqlar üçün ayırdığı ərzaq, şirniyyat bir dəstə adamın arasında bölünürdü. Atamın bacanağı iri ağ bidonlarda cürbəcür cemlər, povidlolar gətirirdi bizə, əvəzində nənəm ona pendir verirdi. Nənəm üçün cem-filan maraqlı deyildi, arvad əlinin bol məhsulunu yığmaqdan ötrü qab sarıdan korluq çəkirdi. Cem dolu bidonu qoydururdu arxın üstünə, mən qollarımı çırmayıb qatı povidlonu axıdırdım suya, sonra bidonu yuyub verirdim nənəmə. Nənəm də o bidonlara ərinmiş yağ, pendir, qatıq yığırdı.
Bir dəfə nənəm yenə cem dolu bir bidonu qoydurmuşdu arxın üstünə. Anaları işdə-gücdə olan bir neçə kənd uşağı yaxınlıqdakı örüşdə qoyun-quzu, mal otarırdı, qızlardan da bir neçəsi arxın suyunda qab-qacaq yuyur, paltar suya çəkirdi. Evə qayıdıb təknədən iri bir təndir çörəyi götürdüm, qızlı-oğlanlı uşaqları haylayıb yığdım başıma. Çörəyi tikələyib dolu bidondakı povidloya batırıb payladım uşaqlara. Eygili zaman palçığa oxşayan bu qatı maddəni dilimə vurmazdım, ancaq uşaqlar məni də tamahlandırdılar, mən də onlara qoşulub cem yalamağa başladım.
Əlləri dirsəyəcən şirəyə bulaşmış o uşaqlar gəncliyimin o üzündən indi də mənə əl yelləyirlər…
***
Lalə ikinci uşağına namizəd idi, payızın ilk ayında yükünü yerə qoymalıydı. Atam, qardaşlarım bacıma görə çox həyəcan keçirirdilər. Anam gedəsi deyildi, mən də Cavidi tək qoymağa ürək eləmirdim. Vaxt-vədə yetişəndə Kamil anamızla üzbəüz oturub şərt kəsdi:
– Bircə yol dara düşəndə karımıza gəlməmisən. İndi sən Bircənin uşağına baxacaqsan, o da gedib sənin uşağına baxacaq. Qərib yerdə qızı tək qoysaq yenə başına nəsə gələr.
Anam yaxasını qırağa çəkdi:
– Mən onun uşağına baxa bilmərəm, bunun dərsi var, yeməyi-içməyi, pal-paltarının yuyulmağı var. Gərək bütün günü bu uşağı güdəsən, mən bacaran iş deyil.
Kamil anamın yaxasını buraxmadı:
– İndi neyləyək, hamımız oturaq burda, qızın yenə təkbaşına qalsın həkimlərdə? Bəs Lalə xəstəxanada yatanda Anara kim baxacaq?
Deyilənlərin heç biri anamı yumşaltmadı. Əlacsız qalan Kamil Səməndərin böyük qızını gətirib qoydu bizə, Cavidi anamla ona tapşırıb məni Bakıya yola saldı.
Qardaşlarım Lalənin quymağının balına, yağına kimi alıb hər tədarük görmüşdülər, mən də evimizdə olandan yükümü tutub hazıryaraq durmuşdum. Bir səhər tezdən məni rayon mərkəzinə aparıb şəhərə gedən avtobusa mindirdilər. Yanımda oturan kişini dilə tutub yerini yaşlı bir qadınla dəyişməyə razı salandan sonra Səməndərlə Kamil öz işlərinə qayıtdılar.
Avtobus tərpənəndə məni huş apardı. İlk dəfəydi Cavidsiz uzaq səfərə çıxmışdım. Neçə saatlıq yolun çoxunu yuxuda keçirdim. Gözümü hər açanda yan sıradan bir hərbçinin üzümə zilləndiyini duyub qıcıqlanırdım, onu görməyim deyə yatmayanda da özümü yatmışlığa vururdum.
Yarı yolda avtobus fasiləyə dayananda sərnişinlər hamılıqla aşağı endilər. Zabit indi də düşüb mənə yerdən baxırdı – pəncərəmin qabağında durub gözünü gözümə dirəmişdi. Yönümü hankı yana çevirirdimsə ordan üzümə baxıb gülümsəyirdi. Onun bu abırsız davranışından çəkindiyimə görə avtobusdan düşmədim, yola götürdüyüm armudun birini elə oturduğum yerdəcə dişimə çəkdim.
Sərnişinlərin aşağı daşlandığını görən hərbçi ürəklənib salona qalxdı, yaxınıma gəlib soruşdu:
– Siz niyə düşmürsüz?
Əlimdəki dişlək armudu ovcumda gizləyib təəccüblə ona baxdım:
– Məni deyirsiz?
Çoxdanın tanışı kimi qulağıma sarı əyildi:
– Əlbəttə sizi deyirəm.
Geri dartınıb ona bozardım:
– Gedin işinizlə məşğul olun, mənim yanımda dayanmayın, burdakıların çoxu məni tanıyır.
Adamın tükü də tərpənmədi, ağzını qulağıma bir az da yaxınlaşdırıb dedi:
– Səni tanıya bilərlər, amma o adamların heç biri sizin kənddən deyil.
Sözünü deyib saymazyana avtobusdan düşüb harasa yox oldu. Fasilədən sonra hamı salona qayıtdı, avtobus dəbərəndə əsgəri yerində görmədim, hətta istədim sürücünü haraylayam ki, yerdə qalan var.
Yol azaldıqca hərbçinin boş yerinə baxıb darıxırdım, içimə qəribə nigarançılıq dolmuşdu. Kəndimizi yaxşı tanıyan bir qərib əsgəri acıladığıma peşman olmuşdum.
Məni yeznəm Yasəf qarşılamalıydı. Avtobus şəhərə girəndən adamlar orda-burda ikibir-üçbir düşürdülər. Mən ən sonda – avtovağzala çatanda düşəsiydim. Salonda adam seyrəldikcə Kamilin çantama basdığı kağızı çıxarıb gətirdiyim sovqat dolu yeşiklərin nömrələrini əzbərləyirdim, qorxurdum qardaş-bacımın payını avtobusda qoyub düşərəm. Gözümü əlimdəki kağıza zillədiyim vaxt qulağıma dolan tanış səs məni səksəndirdi:
– Harda düşəcəksiz, sizi qarşılayan olacaq?
Zabit çənəmin altını kəsdirmişdi. Az qala ağzıma girən adamın çiçəkdən çalalanıb çopurlamış sifətinə əsəbi-əsəbi baxıb dedim:
– Hə, qarşılayacaqlar!
Avtobus ləngər vuranda ayaq üstə durmuş hərbçi az qaldı qucağıma yıxıla. Tez də özünü cəmləyib raport verdi:
– Mən Fuadam, bir batalyonu yiyəsiz qoyub bu yolu sənə görə gəlmişəm.
Ona azca aralıdan baxa bilmək üçün yanımdakı boş yerə çəkilib soruşdum:
– Fuad kimdi?
Gah mənə, gah boşaltdığım kresloya baxdı, nə fikirləşdisə özünü oturacağa yıxıb yenə ağzını qulağıma söykədi:
– Bircə, mən iki ildi sənə məktub yazan komandirəm. Vaxt yoxdu, avtobus indicə mənzil başına çatacaq. Sən düşən kimi mən geri – sizin kəndə qayıtmalıyam. Mənim bugünkü əməlimin cəzası tribunala verilməkdi, bu da neçə illik əziyyətimin puç olmağı deməkdi. İki gündən sonra məzuniyyət götürüb geri qayıdacam. Qayıdanda səni tapmağa mənə bir ünvan, bir telefon nömrəsi ver. Sənin qardaşlarını bircə-bircə tanıyıram, oğlunu görməkdən ötrü hər gün gedib o gələn yolda dururam. Məni söy, döy, nə istəyirsən elə, amma qayıdana mənə bir işıq ucu göstər.
Adam nəfəs dərmədən danışırdı, di gəl, beynimə heç nə batmırdı. Avtobus vağzala girəndə yerindən qalxdı, qəfil əllərimdən tutub yenə yalvarmağa başladı. Əlimi onun əlindən qoparıb çalalı-çökəkli üzünə baxdım:
– Vallah burda mənim evim-eşiyim yoxdu, bacımgilin də ünvanını bilmirəm, eləcə binanın yerini tanıyıram.
Avtobus son dəfə dayananda cibindən bir kağız çıxarıb ovcuma basdı:
– Heç olmasa bunu özündə saxla, bu kağıza mənim bütün qohumlarımın ev telefonu yazılıb. İki gündən sonra bu nömrələrdən hansına istəsən zəng vur məni soruş.
Ondan canımı qurtarmaq üçün başımı yellədim. Avtobus ayağına gəlmiş Yasəfi yerdə görəndə həyəcanla dedim:
– Uzaqlaşın məndən, yeznəm aşağıda durub gözləyir.
Zabit mən baxdığım səmtə baxıb papağını gözünün üstünə endirdi, avtobusdan düşə-düşə:
– İki gündən sonra qayıdacam, – dedi, – harda olsan səni tapacam, verdiyim nömrələrə zəng vur.
Laləgil yaxınlıqda olurdular. Yeznəylə köməkli yükümüzü bir taksiyə yığıb evə sürdürdük. Telefon nömrələri yazılmış kağızı çantamın lap dibinə atdım – hərçənd bilirdim o nömrələrin heç birini yığası deyiləm, amma yenə də o kağızı tullamadım.
***
Gecə yeznə yatandan sonra avtobusda başıma gələni Laləyə danışdım. Bacımın gözlərində işıq parladı, sevincək məni qucaqlayıb dedi:
– Bax, istəyən belə olar! Görürsən, sənə görə həyatını təhlükəyə atıb. Yaxşı, de görüm necə adamdı, barı xoşuna gəldimi?
Zabiti təsvir eləməyə çalışdım:
– Boyu boyum boyda olar, amma yaşca məndən kiçik olar. Dolu gövdəli bir oğlandı, üzü də bir az çopurdu. Elə bil bir az da sırtıq adamdı.
Laləni gülmək tutdu:
– Sırtıqlığını hardan bildin iki daşın arasında?
– Nə bilim ey, özünü elə aparırdı, elə bil məni çoxdan tanıyır. Ovcuma kağız dürtdü, guya mən bu verdiyi nömrəyə zəng vurasıyam.
– Vuranda nolar, ay dəli! Bu adam iki ildi səni qıraqdan izləyir, sən də bir addım irəli dur, görüş, danış. Xoşuna gələr – lap yaxşı, gəlməz – o sağ, sən salamat. Sən qız uşağı deyilsən ha xalxa naz satasan. Yedəyindəki yetimi qəbul eləyib arxanca sürünən adama dəyər ver, qulaq as, bəlkə elə bu, sənin qismətindi…
(Ardı var)