Cəhənnəmdən keçmiş mələk (102)
Avtobioqrafik roman
Üçüncü bölüm
Müəllif: BİRCƏ
Kəndimizdə fələyin duzağına düşmüş bir cüt bacı yaşayırdı – on yeddi yaşları tamam olar-olmaz ağır zavala gəlib yataq xəstəsi olmuşdular. Aralarında bircə yaş fərq vardı. Qızlardan böyüyü Gülnaz mənlə bir sinifdə oxumuşdu, özü də təkcə sinfimizin yox, bütün məktəbin gözüydü. Orta təhsili əla qiymətlərlə başa vurub ali məktəbə hazırlaşdığı vaxt xəstəlik onu xırxalamışdı. Bir il sonra kiçik bacısı Validə də eyni mərəzə mübtəla olub yatağa düşmüşdü.
Ataları, qardaşları o yer qalmamışdı qızları gəzdirməsinlər, aparmadıqları həkim qalmamışdı. Heç faydası olmamışdı. Qızların ikisinin də sümükləri əyilmişdi, ayaqları tutulmuşdu, dörd divar arasında gözdənbaxım qalmışdılar.
Ataları gəlinlik qızlarının dərdinə dözməyib çatlamışdı. Ana bir damın altında iki zəlil balasıyla naçar qalmışdı. Tək qardaşları şəhərdə gecə-gündüz qul kimi işləyib həm öz ailəsinə, həm də kənddəki ana-bacısına baxırdı.
Bir gün qonşumuz xəbər gətirdi ki, qızlar səni görmək istəyirlər. Anamı yalvar-yaxar yumşaldıb getdim bacıların görüşünə. Onları orta məktəbdə oxuduğumuz vaxt gördüyüm idi. Hərəsi bir dünya gözəli qızlardan əsər-əlamət qalmamışdı. Gülnaz nisbətən yaxşıydı, iməkləyib pilləkənin başına çıxa bilirdi, bir otaqdan o birinə sürünə-sürünə də olsa keçirdi. Ancaq Validə içi pıtıllamış ağac kimi qurumuşdu, əlləri nə başına, nə ağzına çatırdı.
Qızları görəndə ağladım, onlarsa məni gülə-gülə qarşıladılar. Otaqları başdan-başa kitabla, videokasetlə doluydu. Nə zamandı dörd divar arasından çıxmasalar da bacılar çox məlumatlı, çox da bilikliydilər. Onlar danışdıqca mən utanırdım, düşünürdüm şikəst də, xəstə də, dünyadan bixəbər də bu qızlar deyil, elə mən özüməm.
Anaları gecə-gündüz onların nazıyla oynayırdı. Hərdən öz-özümə deyirdim görəsən bunların yerinə mən olsaydım anam qayğımı çəkərdimi? Validəni arvad əliylə yedirirdi – qız uzananda üstünü də örtə bilmirdi. Saatlarla onun yanında oturub kitabı üzünə tuturdu, bir vərəqi oxuyub bitirəndə yenisini açırdı. Sonralar mən qaynatasından dülgərlik öyrənmiş əmim oğlu Məhərə rəhil kimi bir şey düzəltdirdim – onu Validənin qucağına, kitabı da arasına qoyurdum, qız vərəqləri dodağıyla çevirə-çevirə oxuyurdu.
Heç yadımdan çıxmaz, bir payız günü getdim ki, çarəsiz ana qapıda boynunu büküb gözündən qan-yaş axıdır. Onu qucaqlayıb soruşdum:
– Nolub, niyə ağlayırsan?
Bir cüt xəstə balasına baxmaqdan limon kimi saralmış, qara saçları pambıq kimi tiftiklənmiş, gözəlliyi vaxtsız sovulmuş qadın yanıqlı-yanıqlı:
– Ay sənə qurban olum, – dedi, – gör bu kənddə məndən bədbəxti var? Kaş oğlan doğulub şəhid olaydılar, kaş pis yola düşüb aşıq Səmirin qızı kimi (qonşu kənddə hamının tanıdığı bir aşığın qızı yolunu azmışdı deyə camaat onu kəndə buraxmırdı) dünyanın o başına gedəydilər, kaş elə biri ayaq üstə olaydı. Mən dözə bilmirəm axı, balalarıma baxdıqca ürəyimi tığ tutur. Bağımın halal barını da yığa bilmirəm, bir dön mənim qoz ağaclarımın dibinə bax…
Dərdli ananın barmaq uzatdığı səmtə çevriləndə gördüm axşamdan əsən külək dəymiş qozları dolu kimi ağacdan yerə yağdırıb. Bir adam bu qədər qozu iki günə ancaq dənləyə bilərdi. Arvadı içəri saldım, qızlarla görüşüb bayıra çıxdım. Qapıdakı piranlıqdan bir dəstə yığıb yaxşı bir çalğu (nənəm buna tubulğa da deyirdi) düzəltdim, özümü verdim qoz ağacının dibinə. Çalğuyla qozları yarpaq qarışıq süpürüb komaladım, üzünün xəzəllərini yığıb kənarda odladım, altda qalmış ağappaq motal kimi qozları kisələrə doldurdum. Bir də başımı qaldıranda gördüm Gülnaz pəncərədən mənə baxıb gülür:
– Bircə, qozu ikili yığ, ikisi sənin, biri bizim.
Fürsət tapan kimi onlara keçib biçarə arvadın əlindən tutmağa çalışırdım – təndirini odlayırdım, kündəsini daşıyıb təndirə yapırdım, ocağını qalayırdım… O qızların yanında özümü çox rahat, xoşbəxt sanırdım.
Az keçmiş anam bu dincliyi də mənə qızırqalandı, evdə hamını üstümə qaldırıb ayağımı xəstə bacıların yanından kəsməyə çalışdı. Ancaq Kamillə Rüfət bu səfər də mənə qahmar çıxdılar, məni arabir anamın həbs düşərgəsindən azadlığa buraxdırmaq üçün yalan danışmağı da özlərinə rəva bildilər. Məsələn, anama deyirdim gedirəm Kamilgilə, gedirdim də; ancaq başımı qardaşımın qapısından içəri salan kimi dönüb qaçırdım qızların yanına. Kamil dalımca səslənirdi:
– Qayıdanda bizdən gəl.
Qayıdanbaş qardaşım mənə əlinə keçəndən – bir isti çörəkmi, bir kasa dovğamı, ya meyvəmi verib deyirdi:
– Apar anamıza, qoy səndən şübhələnməsin.
***
Son vaxtlar özümü hədəfdən yayındırmağın çəmini tapmışdım, kimsə mənim adımı tutub qapımızı açanda anama deyirdim:
– Qardaşının üç subay qızı var, bunları onlara tuşut, bəlkə birini bəyənib aldılar.
Ağlı kəsən olanda anam elə qapımızdaca gələnlərə:
– Bax mənim qardaşımın gül parçası kimi balaları var, – deyirdi, – mənim qızımın uşağı od-alovdu, heç kəslə yola gedəsi deyil. İndi zəmanə də pisdi, bir var bir qarını doyurasan, bir də var iki başın qəhrini çəkəsən.
Anamın tuşutmasıyla dayım qızlarına elçi gedənlər olmuşdu, di gəl, yekəxana qızların heç biri gələnləri bəyənməmişdi.
Bununla belə anamın mənim yaxamı asanlıqla buraxmaq fikri yoxuydu. Hərdən yanımda oturub şirin dillə başımı bişirmək istəyirdi:
– Bax bugün-sabah Rüfət evlənəcək, onun arvadı sənə gün-dirrik verməyəcək. Hələ gəlin birini də doğandan sonra sənin gününə baxacam. Nə qədər uşağın balacadı, çıx get adını tutanın birinə. Bir az böyüyəndən sonra uşağın da baş alıb gedəcək, qalacaqsan bu xarabada bayquş kimi, ona-buna nökərçilik eləyəcəksən…
Danışıb ürəyini boşaldandan sonra gözünü zilləyirdi üzümə, məndən cavab gözləyirdi. Bir dəfə məcbur olub anamla açıq danışdım:
– Yaxşı, razıyam, ancaq bir şərtlə: bu evdən onda gedəcəm ki, ailə quracağım adamı özüm seçib bəyənəm, onunla bir neçə dəfə görüşəm, adamlığını, xasiyyətini öyrənəm biləm.
Anam ilan vurmuş kimi yerindən sıçradı, mənə qanlı-qanlı baxıb dedi:
– Qulağının dalını görəndə onu da görərsən! Sən dul arvadsan ey, subay qız deyilsən ha gedib xalxın kişiləriylə oturub durasan, el də bizə vedrə bağlaya, oğlanlarımın başı yerdən qalxmaya. Biz özümüz ağlımız kəsənin biriylə baş-göz eləyəcəyik səni.
– Sizin ağlınız kəsdiyilə baş-göz oldum deyə sonra başımdan da oldum, gözümdən də, yenə qayıtdım sənin dimdiyinin dibinə.
Anam bir at minib birini də yedəyinə aldı:
– Siz ata uşağında Eminə tay oğlan doğulmayıb hələ. Pis adamıydı, pis əriydi? Səni qızıla bükmüşdü, mahalın gözü səndəydi.
Tikanlı dilimi ağzımda saxlaya bilmədim:
– Heç ana tərəfimdə də Emin kimi adam olmayıb. Sən bircə gecəmə yoldaş oldunmu heç, bircə gün gəlib gördünmü mən orda necə yaşayıram?
– Mən yeznə qapısında burnunun heliyini axıdanlardan deyiləm. Dəyirmançı qızını verdi, ard ununu da üstəlik?!
Gördüm anam getdikcə coşub səsini lap qaldırır, başladım onu qılıqlamağa:
– Ay ana, qadan alım, başına dönüm, axı bu evdə mən sənə neylirəm? Axşamacan hamballıq eləyirəm, əvəzində bir qarın çörəyini yeyirəm. Sən də il on iki ay kurortları, sanatoriyaları, qardaş-bacı evini gəzirsən. İmkan ver uşağımı boya-başa çatdırım. Bir yol ailə qurdum, ağzımı elə yandırdılar ki, indi tək övladımı da ürəklə bağrıma basıb əzizləyə bilmirəm. İndən belə gedim hansı alçağın qulluğunda durum alabəzək uşaqlar böyüdüm?
Mən anamla dilləşəndə qapının açıq yerindən içəri millənən kölgədən Cavidin danışığımızı eşitdiyini anladım. Qalxıb qapıya sarı gedəndə oğlumun acıqlı baxışları, kinli gözləriylə toqquşdum. Daha iş işdən keçmişdi, uşaq eşitdiyini eşitmişdi. Cavidin könlünü almaq üçün anama ucadan səsləndim:
– Məni divara dirəsən uşağımı da götürüb qaçacam bu evdən.
Söz anama çatmamış Cavid dilləndi:
– Hara, kimin yanına qaçırsan qaç, mən sənlə heç yerə gedən deyiləm. Bir az böyüyən kimi qaçıb gedəcəm Maralgilə, Bəhruzun yanına. Ona qədər Zöhrə nənəm də sağ qalacaq.
Bundan sonra xeyli müddət Cavid mənim adımı tutmadı. Səhərlər onu geyindirəndə qarşımda küsülü dayanırdı, nə desəm, nə soruşsam dillənmirdi, yeməyi anamdan istəyirdi, dərslərini atama danışırdı. Mən azarlayıb yatağa düşəndə isə hamı eşidə-eşidə:
– Ölsən Lalə xalamla yaşayacam, – dedi.
Bu söz evdəkilərin başına su ələdi, anamın niyyətinin ağzına bir müddət çiv vurdu. Uşaq məndən tamam soyuyub gen dolanmağa başlamışdı. Paltarlarını götürüb hamama girəndə Rüfəti çağırırdı:
– Məni dayım çimizdirsin.
Cavidin sinif yoldaşının anasının ölümü aramızdakı uçurumu bir balaca doldurdu. Uzaq qohumuna ərə getmiş gəlin rayonları işğal olunandan sonra üç balasını da götürüb kəndimizə – atası evinə gəlmişdi. Çörək dalınca Rusiyaya at çapan əri orda şərait yaradan kimi ailəsini yanına aparasıydı. Ancaq bu gediş xeyli uzandı. Deyilənə görə, biçarə ana balalarına baxmaq üçün olmazın əziyyət çəkirmiş. Səkinə bibinin xalası nəvəsiydi, əmimgildə görmüşdüm onu – gözəl, yaraşıqlı gəliniydi.
Bir gün kəndə xəbər yayıldı ki, bəs uşaqların atası xeyli pul-para göndərib, arvad-uşağını yanına aparmaq istəyir. O gəlinin, o uşaqların gedişinə bütün kənd sevinirdi. Di gəl, getdiklərinin üçüncü günü gəlinin meyidi qayıtdı kəndə.
Camaat danışırdı guya arvad-uşağı mənzil başına çatanda əri bunu balalarıyla evdə qoyub düşüb bazarlığa. Hamama girən gəlin orda bir qadın xalatı görüb, uşaqlarının başını yemək-içməklə qatandan sonra girib hamamda özünü asıb.
Bu qəziyyə bütün kəndi dağladı. Sinifdə hər dərs ağlayan qızın dərdi oğlumu, meyidi qucaqlayıb nalə çəkən ananın fəryadı da anamı bir müddət yavaşıtdı. Ana qara torpağa, ata qazamata getdi, üç uşaq yaşlı nənənin dimdiyində dərbədər oldu.
Bir gün dərsdən gec gələn Caviddən gecikməyinin səbəbini soruşanda:
– Ləman məktəbin həyətindəki güllərdən dərmişdi, – dedi, – mən də ona qoşulub qəbiristanlığa getdim. Qız gülləri qoyandan sonra ağlaya-ağlaya qəbrin torpağından yedi.
Anam uşağa gözləri böyümüş baxanda Cavid həyəcanlandı:
– Nənə, görən Ləman da ölməz? Bir ovuc torpaq yedi yazıq qız.
Nənəsi onu qucaqlayıb toxtaqlıq verdi:
– Ölməyinə ölməz, amma sən bir də oralara getmə.
Bu hadisə anamla Cavidi bir az da yumşaltdı, xeyli müddət heç hansı məni incitmədi…
***
Məktəb tətilə çıxanda Aqil Laləni balalarıyla birgə yanıma göndərdi, atamla anamı şəhərə apartdı. O yay bizim ən işıqlı, ən yaddaqalan yayımız oldu. Lalənin oğluyla yola getməyən Cavidi Rüfət rayon mərkəzinə aparıb boks dərnəyinə yazdırdı. Həftənin üç gününü dayısı idman zalında onu heydən saldırıb evə qaytarırdı. Uşaq o qədər yorulurdu, evə çatan kimi yeməyini yeyib girirdi yatağa.
Bibimlə Səməndər iki gündən bir yanımıza gəlirdilər. Hələ heç birimizin ata evindən pərvazlanmadığı vaxtlarda böyük qardaşlarım Rəşad Nuri Güntəkinin “Dodaqdan qəlbə” romanını oxuyub həyətimizin hər bucağına o əsərdə haqqında bəhs olunan bir coğrafi məkanın adını vermişdilər. Məsələn, uzun sərv ağacları bitən yeri “Qırx şamlar”, Səməndərin əkdiyi iri çətirli çinarın altındakı geniş çayırlığı “Boz yaxa”, su arxının həyətimizdəki keçalatdan keçib enlənən çalasını “Boğaz” adlandırmışdılar. Bir də görürdün Səməndər hamını səfərbər elədi:
– Masanı aparın “Boğaz”ın qırağına, “Qırx şamlar”a yaxın yerdə bir samovar çayı içək.
Qonaq gələn dostları onun dediklərindən bir şey anlamayıb çaşqın-çaşqın baxışırdılar, bizsə qardaşımızın göstərişini yerinə yetirmək üçün qolumuza qanad taxırdıq…
O yayımız “Boz yaxa”da, “Qırx şamlar”ın dibində, “Boğaz”ın sahilində o qədər maraqlı, o qədər şirin keçdi ki, anam qayıdanda yayın bitdiyinə inanammadıq. Həmin yay mən “Qırx şamlar”da Səkinə bibiyə Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanını oxudum. Əsəri heyranlıqla dinləyən əmim arvadı ordakı hadisələri, bəzi dialoqları bu gün də əzbər bilir.
Gecələr hamı yatandan sonra “Boz yaxa”da bacımla baş-başa verib üzünü görmədiyimiz hərbçinin yazdığı məktubları oxuyurduq. Mənə zərrə qədər əsər eləməyən o məktublar Lalənin qəlbini yaralayırdı. Getdikcə bacımın həyəcanı mənə də yoluxurdu, tanımadığım o gəncə içimdə gizli bir maraq cücərirdi.
Bakıya dönənə yaxın Lalə məni yanladı:
– Bəlkə bir maraqlanaq bu komandirlə? Atası-anası yox, evi var, işi var. Sənin uşağını yaxşı tanıyır, yazdığına görə çox da istəyir.
Bacım o adamı görüb tanımağımız üçün yollar axtarırdı, mənsə onun marağını öldürməyə çalışırdım:
– Nə bilirsən hansı yuvanın quşudu, bəlkə adamaoxşamazın biridi? Lap tutalım getdim ona. Cavan oğlandı, məndən uşaq istəyəcək. Deyək bir uşağım da oldu. Bir də gördün erməni gülləsi bunu da apardı. Onda neyləyəcəm, hara, kimin üstünə, nə üzlə gedəcəm? Zabit adamdı, nə bilmək olar bu oddan-alovdan sağ çıxacaq, ya yox.
Sözlərim Laləni ayıltdı:
– Sən hamımızdan ağıllısan, düz deyirsən. Otur ona bir tutarlı cavab yaz, yazıqdı, kimsəsiz adamdı, qoy gedib qismətini başqa yerdə axtarsın.
– Yazmıram, yəqin özü anlayar.
Evimizin arxasındakı kazarmanın əsgərləri becərdiyimiz məhsulu – ağartını, pendiri bizlə şərik yeyirdilər. Ona görə qapıda qalan mal-qaramıza çox vaxt əsgər baxırdı – aparıb otarırdılar, suvarırdılar, hələ desən altını da kürüyürdülər. Məktubları da çox vaxt ağartı apardıqları qabın içində, toyuqlara gətirdikləri kifli çörəklərin arasında ötürürdülər bizə. Çoxunu oxumurdum, məktubu gətirən əsgərin gözünün qabağındaca cırıb atırdım, ya da qabı götürəndə kağızı əsgərin ovcuna basıb geri qaytarırdım. O ağırlığı, o qarğaşanı yüklənməyə qorxurdum.
Çölüm bəzəkli gəliniydi, içimdə dişləri tökülmüş, saçı samana dönmüş bir qarı oturmuşdu. Özümü çiynimə artıq yük olası hər tozdan qorumağa çalışırdım. İçimə kimisə buraxıb unudulmuş mahalın unudulmuş kəndindəki unudulmuş ömrümü yenidən fələyin nişangahına gətirmək istəmirdim, dörd divar arasındakı misgin dünyamı təzədən zəhərləmək istəmirdim. Arzusuz, xəyalsız, umudsuz günü günə calayıb bu dünyadakı möhlətimi, ehtiyatımı tez tükətmək istəyirdim…
(Ardı var)