Firuzə Davudqızı
2 il əvvəl
Onlarda qaldığım bir gecə söhbət etməkdə ikən Dilarə birdən nə isə xatırladı. Qalxıb pianonun üstündəki fotoşəkli götürdü. Yanıma gələrək divanda mənə yaslandı:
– Bax, gör kimi göstərəcəyəm sənə, – dedi.
Dilarəgilin bu yaxınlarda Rusiyaya səfər etdiklərini bilirdim. Orada çəkilən yeni şəkillərdən biri olduğunu təxmin edib, maraqla gözlədim. Həqiqətən belə idi. Dilarə şəkildəki adamların hamısını bir-bir göstərib tanış etdikdən sonra barmağını tanımadığım bir oğlanın surətinin üstündə saxlayaraq şeytan- şeytan gülümsədi:
– Bu da mənim canım-ciyərim, xalam oğlu Azər. Sənə bəhs etdiyim oğlan.
Mən şəkli əlimə alıb diqqətlə baxdım. Haqqında Dilarədən çox eşitsəm də, nədənsə heç vaxt nə özünü, nə şəklini görmüşdüm. Dilarənin yanında dayanmış hündürboy, enlikürək, ağbəniz, dolu sifətli, qaraqaş, qaragöz cavan bir oğlan məndə anlaşılmaz hiss oyatdı. İstər geyim tərzindən, istərsə də görünüş baxımından eynilə əcnəbi filmlərdə gördüyüm film ulduzlarına bənzəyirdi.
Fotoşəklə baxmağımla ürəyim necə şiddətlə vurmağa başlamışdısa, qorxurdum bunu Dilarə də hiss edə. Yanaqlarım od tutub yanırdı. İzah edə bilmədiyim qəribə duyğular içində idim. Bunun nə vaxt baş verdiyini belə anlamadan oğlanın baxışlarının sehrinə düşmüşdüm. Dilarə isə mənim daxilimdə qopan qəfil fırtınadan xəbərsiz halda hələ də onun haqqında ağız dolusu danışmaqda idi.
Artıq dörd ildən çoxdur Rusiyada yaşadığını, orada televiziya sahəsində işlədiyini və evin tək oğlu olduğunu öyrəndim. İyirmi altı yaşında və məndən on yaş böyük idi.
Aldığım bu məlumatlar məndə xəyal qırıqlığı yaratmışdı. Çox güman, həyatında biri vardı. Mütləq ki, vardı. Bakıya qayıdacaqdımı, yoxsa heç belə bir fikri yox idi? Bunun kimi bir neçə cavabsız sual ətrafında qara-qara düşünür, bu hissdən bir an əvvəl qurtulmağa çalışırdım.
Beləcə, artıq 2 il idi ki, onlara hər gedişimdə o şəkil maqnit kimi məni özünə çəkirdi. Gözlərim ixtiyarsız olaraq şəklə doğru yayınırdı. Dilarədən və Səadət xaladan gizlin şəklə baxsam da, onun haqqında maraqlanmağa cəsarət tapmırdım özümdə.
Günlər ötür, mən isə oğlanın xəyalını ağlımdan, fikrimdən çıxarıb ata bilmirdim. İstəyirdim Dilarə ondan danışsın, duymaq istədiyim bir xəbər versin mənə, amma Dilarə daha onun barəsində söz açmırdı. Özü də bilmirdi ki, şəkli mənə göstərməklə məni necə bir bəlaya salıb.
Axır vaxtlar özümü tanımaqda çətinlik çəkirdim. Varlığıma hakim kəsilmiş bu güclü hissin qarşısında aciz qaldığımı dərk etsəm də bunu özümə etiraf etməyə gücüm çatmırdı. Dünya-aləm gözümdə deyildi, təkcə onu düşünürdüm. Ondan xəbərsiz onun həsrətini çəkirdim. Eşq havası başımda dolanan gündən mən sanki mən deyildim. Dönüb bir başqa Aydan olmuşdum. Əzab çəkirdim, amma kimsənin məndən və ürəyimi əsir alan bu hissdən xəbəri yox idi.
Bəzən Dilarənin duyuq düşəcəyindən qorxurdum. Hərdən o, şübhə ilə üzümə baxıb sual verirdi:
– Nə fikrə getmisən yenə, gözəlim? – Mənə hər zaman belə xitab edirdi. – Nə olub sənə? Son zamanlar çox solğun görünürsən. Fikrin dağınıqdır. Nəyin xiffətini edirsən?
Bu günədək onunla aramızda heç bir sirr olmamışdı. Amma bu ona açıb söyləyə bilmədiyim ən böyük sirrim idi. Söyləsəm belə bir mənası olmazdı.
Bir müddət sonra
Azər uşaqlıqdan baba deyib çağırdığı yaşlı bağbanı unutmamışdı. Vaxt tapan kimi ona baş çəkməyə gedirdi.
Lətif bir zamanlar onların bağbanı olmuşdu və uzun illər Azərin atası Ənvərin Mərdəkandakı evində bağ-bağçaya qulluq etmişdi. Xəstəlik və yaşlılıq onu işindən ayrılmağa məcbur etdikdən sonra o, Buzovnada öz kiçik evində oğlu, gəlini və nəvəsi ilə birlikdə yaşayırdı.
Azər ona baş çəkməyə bu dəfə dostu Vüqarla birlikdə getmişdi. Qapını üzünə həmişəki kimi Lətif kişinin 24 yaşlı nəvəsi Xəqani açdı.
Dostlar həyətə keçib qollu-budaqlı ağacların altındakı skamyada əyləşdilər. Hal-əhval sorub, söhbətə daldılar.
Gəldikləri yarım saat olmazdı. Söhbət əsnasında Azərin baxışları bir anda onlardan yayındı, məchul bir nöqtədə ilişib qaldı. Bu Vüqarın da nəzərindən yayınmadı. Lakin söhbətinə davam etdi.
Azərin bütün fikri həmin yerdə idi. Artıq masadakı danışıqları da duymurdu. Üzündə heç kəsin anlamayacağı məna verən bir ifadə donub qalmışdı. Baxışları bir başqa idi. O, öz-özlüyündə götür-qoy etdikdən sonra nəhayət bir bəhanə ilə qalxıb masadan ayrıldı. Ağacların altı ilə onu maqnit kimi özünə çəkən həmin istiqamətə doğru getdi.
Vüqarın bir gözü dostunu, onun qəflətən dəyişən bu qəribə əhval-ruhiyyəsini izləsə də Lətif kişinin yanında açıb-ağartmadı.
Azər bir qədər irəli gedib ayaq saxladı. Altında dayandığı ağacın budağını bir balaca aşağı əyib dərin baxışlarla qarşıdakı evin eyvanında dayanıb ətrafı seyr edən qızı süzməyə başladı. Bu an o, ürəyinin şiddətlə vurduğunu hiss etdi. İlk dəfə idi belə güclü bir hiss varlığını silkələyirdi. Bu günədək tanış olduğu, münasibət qurduğu heç bir qadınla, qızla bu hissi keçirməmişdi.
Azərin ona tamaşa etdiyindən xəbərsiz olan qız dənizi, ətrafdakı yaşıllığı, təbiətin ecazkar gözəlliyini üzündəki məsud və bəxtiyar ifadə ilə seyr edib sinə dolusu nəfəs aldı. Bu zaman əsən meh onun saçlarını havalandırıb, arxaya atdı. Üzü daha aydın göründü.
Ağ bənizi, yumru, girdə sifəti, al yanaqları, iri ala gözləri, xırda burnu və gözəl dodaqları vardı. Ortaboy, incəbel bir qız idi. Tünd qəhvəyi saçlarını açıb yanına tökmüşdü.
O, məmnunluqla təmiz havanı dərin-dərin qoxulayıb, ciyərlərinə çəkdi. Şıltaq bir əda ilə gülümsündü. Və bu an özü də bilmədən dəhşətli dərəcədə füsunkar göründü. Eyvanın altında dayanıb oğrun-oğrun onu süzən oğlanın qəlbini bir baxışda ovsunladı. Ürəyinə eşq atəşi saldı.
Aydan
Buzovnadan qayıdandan sonra bir səhər anam bibimdən duyduğu xəbəri mənə çatdırdı:
– Gələn ay Saleh yığışıb gəlir Bakıya. Bu artıq o deməkdir ki…
Mən sözün bu yerində gerisini duymamaq üçün masadan nə vaxt qalxdığımı belə hiss etmədim. Anamın sərt tonda mənə:
– Otur yerinə! – deyə əmr etməsi məni onun sözünə əməl etməyə vadar etdi. Könülsüz-könülsüz stula çökdüm.
– Mən hələ sözümü bitirməmişəm! Bu nə ədəbsizlikdir?
Səsimi çıxarmadım. Baxışlarımı ondan qaçıra-qaçıra məni danlamasını dinləyirdim:
– Artıq uşaq deyilsən! Necə davranmağı mən hələ də sənə öyrətməliyəm?
Baxışlarımı bacılarımın üzündə gəzdirib yerə dikdim. Susmağa davam etdim. Anam mənə müraciətlə deyirdi:
– Səni xəbərdar edirəm, bundan belə hərəkətlərinə, davranışına, atdığın addımlara diqqət eləsən, yaxşı olar. Hər istəyəndə evdən çıxmağını, qonaq qalmağını sənə qadağan edirəm. Fazil qardaş da, Səadət bacı da kənar adam deyil bizə, bunu nə Zakir qardaşa, nə də Zivər bibinə izah etməyə ehtiyac yoxdur. Amma qohum olsalar da, sənin iki gündən bir başqa bir evdə gecələməyin Salehin qulağına çatsa, sanmıram ki, o, bunu normal qəbul etsin. Atan xətrinə dəyməmək üçün sənin hər istədiyini edə bilər, amma mən buna daha izn verməyəcəm. Biz camaata söz vermişik. Oyun-oyuncaq oynamırıq. Nişanlı sayılırsan artıq, adımmını atanda bunu yaddan çıxarma.
Dodağımı dişlərimin arasında sıxıb, tamam sakit dayanmışdım. Taleyimi öz mövqeyinə uyğun həll etmək istəyən anam, üstəlik, həyatımı da idarə edib sərbəstliyimi əlimdən almağa çalışırdı.
***
…Vaxt tapan kimi Azər yenidən Buzovnaya qayıtdı.
Arada bir fürsət tapıb, Lətif kişinin nəvəsi Xəqanini kənara çəkdi. Birlikdə addımlaya-addımlaya məsələni açıb ona danışdı. Sözünün sonunda:
– Bilmək istəyirdim necə insanlardır? Kimdirlər, nəçidirlər? Sözün qısası, qohum olmaq olar?
Xəqani Azəri dinləyib, sonda təəccüblə:
– Nüsrət dayını nəzərdə tutursan? – soruşdu.
– Adını bilmirəm. Doğrusunu sən bilərsən də. Bəli, bu evin sahibini soruşuram. – Baxışları ilə ağacların budaqları arasından görünən evi göstərdi.
Xəqani çaşqınlıqla ona baxdı.
– Nüsrət dayının övladı yoxdur. Ümumiyyətlə, övladı olmayıb. Evdə bir özüdür, bir həyat yoldaşı. Amma onu da deyim ki, səmimi, istiqanlı insanlardır.
– Hmm. – Azər gözucu təkrar evə tərəf baxdı. Növbəti sualı necə vermək barədə düşündü. Xəqani birdən nə isə xatırladı:
– Dayan-dayan, yadıma düşdü. Bir qohumu var, ara-sıra o, gəlib baş çəkir. Bax, onun qızları da var, gələndə onlarla birlikdə gəlir. Ola bilsin ki, sən o qızlardan birini görmüsən.
Azərin qaşı alnına qalxdı. Maraqla Xəqanini süzüb:
– Qızlardan biri? – deyə təəccübünü gizlədə bilmədi.
– Ala, həri, üç qızdır. İyirmi yaşları olmaz bəlkə də. Sən deyən tez-tez gəlmirlər. 5-6 ayda bir dəfə. Mən həmin qızları burada daha çox yayda görürəm. – Sonra səsini bir qədər qısaraq bic-bic gülümsədi. – Amma üçü də bir-birindən gözəl qızlardır a, bunu da deyim.
Tərs-tərs onu süzən Azərin dodağı qaçdı.
– Sən mənə biri haqqında məlumat öyrən, bəsimdir. Kimin qızıdır, onu deginən.
Xəqani gülə-gülə :
– Gözlərim üstə! – dedi.
– Vacib elə. Səndən xəbər gözləyəcəm.
– O da mənim bu gözlərim üstə!
…Günlər bir-birini qovur, zaman heç kimə və heç nəyə məhəl qoymadan su kimi axıb gedirdi.
Xəqanidən hələ ki, bir səs-soraq yox idi.
İşlərinin çoxluğu isə Azərə şəxsi həyatı barədə düşünməyi unutdururdu. Studiyadan kənara çıxmağa bir saat belə boş vaxtı yox idi. Bəzən gecəni də evə getmədən studiyada gecələməli olurdu.
…Daha bir neçə gün keçdi.
Anasının hər telefon zəngində onun üçün qəribsədiyini söyləməsi, Azəri işdən icazə alıb Mərdəkana getməyə vadar etdi.
(Ardı var)