Sahib Qurbanov 1991-ci ildə Gəncədə doğulub. 2013-cü ildə Gəncə Dövlət Universitetinin biologiya-kimya fakültəsini ekoloq ixtisası üzrə bitirib. 2013-2014-cü illərdə hərbi xidmətdə olub. Hazırda Gəncədə yaşayır və ixtisası üzrə çalışır.
Tarixi filmləri, əsərləri çox sevdiyini deyən, rəssamlıq qabiliyyətinin də olduğunu qeyd edən Sahib Qurbanov qələmini ssenari yazmaq sahəsində də sınamaq qərarına gəlib. O, Şah İsmayıl Xətai haqqında televiziya serialı çəkilməsi üçün ssenari yazmağa başlayıb.
Novator.az-a açıqlamasında Sahib Qurbanov bildirib ki, Şah İsmayıl Xətainin doğulduğu gündən öldüyü günədək dövrü əhatə edəcək 75 bölümdən ibarət serialın ilk 18 bölümünün ssenarisini tamamlayıb. Hər seriyanın saat yarım olmasını nəzərdə tutub.
İlk 12 bölüm Xətainin uşaqlıq dövrü haqqındadır. Planlaşdırılan serial İsmayılın doğum xəbəri ilə başlanır.
Sahib Qurbanovun sözlərinə görə, belə bir ssenari yazmağı 2011-ci ildə düşünüb, bəzi qeydlər aparıb: “Sonralar mövzu üzrə təzadlı məqamlar ortaya çıxdı. Buna görə də yazdıqlarımı kənara qoyub araşdırmalara başladım. Səfəvilər dövrü barədə məlumatlar topladım, kitablar aldım, tarixi mənbələri öyrəndim. 38 tarixi mənbədən istifadə etmişəm.
Bu sırada “Tarixi aləm arayi Əmini”, “Tarixi aləm arayi Abbasi”, “Əhsənüt-təvarix”, “Xülasət ət-təvarix”, “Aləm arayi Şah İsmayıl” əsərlərini, Uzun Həsən və Sultan Yaqub dövründə yaşayan tarixçi və səyyahların qeydlərini və başqa mənbələri qeyd edə bilərəm. Hətta bəzi mətnləri öz təşəbbüsümlə ingilis və rus dillərindən tərcümə etdirərək oxumuşam.
Ssenarinin artıq tamamlanmış hissələrində hadisələri tarixdə olduğu kimi bədiiləşdirməyə çalışmışam. Amma təbii ki, burada təxəyyül məhsulu olan süjetlər, personajlar da var.
Bütövlükdə süjet xəttində daha çox tarixi hadisələr ön plana çəkilir və çəkiləcək, amma sıxıcı olmamaq şərtilə. Məişət məsələlərinə də yer veriləcək. Casuslar, xainlər süjet xəttinə rəngarənglik qatacaq. Tamaşaçının heç gözləmədiyi adamların xain, ummadığı adamların qızılbaş çıxacağı səhnələr olacaq. Bir sözlə, bədiiləşmiş tarixi hadisələr.
Bu ssenarini 2017-ci ildən yazıram. Hazırlıq dövründə ssenari yazmağın qaydalarını, ssenari yazmaq proqramını da öyrənmişəm. Ümumilikdə hazırlıq işlərinə 6 il vaxt sərf etmişəm.
Düzdür, hələ 18 bölüm hazırdır, amma son bölümə kimi sinopsislər var.
Ssenarini rejissor Kamal Yaşara təqdim etmişəm, bəyənib. O, ssenariyə diqqət cəlb etmək üçün reklam çarxı (tizer) hazırlamağı planlaşdırır. Bu qısa çəkiliş üçün rəssamlar, aktyorlar axtarır, müxtəlif məkanlara baxır, seçimlər edir.
Nəzərdə tutmuşuq ki, gələn ilin əvvəlində serialın 10-cu bölümündən bir hissəni 2 dəqiqəlik reklam çarxı şəklində çəkək və onu lazımi ünvanlara təqdim edib layihəyə sponsor tapaq.
Reklam çəkilişi üçün də vəsait lazımdır. Təəssüf ki, müraciət etdiyim yerlərdən hələ ürəkaçan cavab almamışam.
Mən bütün qazancımı bu işə sərf etmişəm. Gecə-gündüz yazmışam. Yeddi aydır pul yığıram. Pul toplamaq üçün bəzi kitablarımı satışa da çıxarıb satmışam. Hazırda bizə 3000 manatadək pul lazımdır. Təqribən 2000 manat toplanıb. Qalanı da düzələr, inşallah.
Sponsor cəlb edə bilsək, istərdim serialı da Kamal Yaşar ərsəyə gətirsin. Məncə, bu iş onda gözəl alınar.
Düşünürük ki, bütün seriyaların çəkilişi üçün təxminən 10 milyon manatadək vəsait lazım olacaq. Əlbəttə ki, qoyulan pul artıqlaması ilə geri qayıdacaq”.
Sahib Qurbanov deyir ki, sponsor tapılması üçün bir neçə hökumət qurumuna müraciət edib, hələ nəticə yoxdur.
Nəzərdə tutulan serialın adı “Dövrani-Səfəviyyə”dir. Ssenari müəllifi bildirir ki, başlıca məqsəd Şah İsmayıl Xətaiyə atılan iftiralara cavab verməkdir: “Digər tərəfdən, qədim dövlətçilik ənənələrimizi, Xətainin şair ruhlu türk hökmdarı olduğunu, torpaqlarımıza iddia edən düşmənlərimizin arqumentlərinin saxtalığını bir daha sübuta yetirməyə, gənclərdə vətənpərvərlik hissini gücləndirməyə çalışırıq”.
“Dövrani-Səfəviyyə” Sahib Qurbanovun qələmə aldığı ilk ssenaridir.
Əşrəf Fəxri