Bu yaxınlarda “Qanun” Nəşrlər Evinin çap etdiyi kitablardan bir neçəsini oxucuların diqqətinə çatdırırq:
Məmməd Səid Ordubadi, “Dumanlı Təbriz”
Məmməd Səid Ordubadi “Dumanlı Təbriz” əsəri ilə Azərbaycanda tarixi rоman janrının ilk gözəl nümunəsini yaradıb. XX əsrin ilk inqilablar dövrünün mənzərəsini müəllif məhz bu əsərində canlandırıb. Ümumiyyətlə, Şərq həyatı haqqında ilk həqiqi və dоlğun təəssürat, bədii, əfsanəvi dоna bürünmüş zəngin, hərtərəfli məlumat bu əsərdə vеrilib.
M.S.Ordubadinin Cənubi Azərbaycandakı inqilabı təsvir edən “Dumanlı Təbriz” romanı Səttar xan və Bağır xanın qəhrəmanlığından, eyni zamanda Cənubi Azərbaycan inqilabçılarının öz ölkələrini İran mürtəceləri və xarici imperialistlərinin zülmündən qurtarmaq üçün apardıqları mübarizədən bəhs edir.
Əsərin əsas mövzusu Məşrutə hərəkatıdır. Məşrutə hərəkatı XX əsrdə baş vermiş azadlıq və demokratik inqilablar üçün ilk cığır açmışdı. Bu mənada Məşrutə hərəkatını Yaxın və Orta Şərq ölkələrində keçən yüzillikdəki milli azadlıq və demokratik hərəkatların “pioneri” adlandırmaq olar. 1905-1911-ci illərdə baş vermiş Məşrutə hərəkatının məqsəd və məramı yolunda canlarını qurban verənlərin sayı çoxdur. Əslində bu hərəkata pak vicdanla qoşulanlar, onu uğurlu qələbəyə çatdırmaq istəyənlərin hamısı qəhrəmandır, tariximizdə və yaddaşımızda həmişəyaşar insanlardır.
Dolfin, Star və onların başdan-ayağa döyməli olan anaları Meriqolddan bəhs edən bu əsərdə Meriqold rəngarəng, şövqlü həyat yaşayan qadındır.
Dolfin anasına, onun əcaib geyimlərinə və canlı döymələrinə heyrandır. Star isə Meriqoldun hər yeni döyməsinə daha çox nifrət bəsləyir.
Real həyatdan götürülmüş obrazlar oxucunu ailə dəyərləri haqda dərindən düşünməyə vadar edir.
Əsəri Fidan Cəfərzadə tərcümə edib.
Riçard Dokinz, “Tanrı illüziyası”
Dünya şöhrətli alim Riçard Dokinz (26 mart 1941-ci il) elmi dairələrdə görkəmli bioloq və etoloq kimi tanınır. Müxtəlif sorğuların nəticəsinə görə dünyanın ilk on intellektualı sırasında yer alan Dokinz “Eqoist gen” və mədəni irsin daşınma vahidi kimi düşünülən “mem” konsepsiyasını irəli sürməklə insanın mənəvi aləmində də darvinçi təkamülə bənzər proseslərin getdiyini əsaslandırır.
Yüzlərlə dini və ateistik qaynaqlardan istifadə edilməklə yazılmış “Tanrı illüziyası” kitabında Riçard Dokinz kainatın fövqündə dayanan hansısa bir ilahiliyin mümkünlüyü ehtimalının çox az olduğunu və dini inancların əsaslandığı şəxsləşdirilmiş ilahilik konsepsiyasının illüziyadan başqa bir şey olmadığını sübut etməyə çalışır.
Çap olunduğu gündən elmi-kütləvi kitabların sırasında özünə bestseller kimi yer edə bilmiş “Tanrı illüziyası” kitabı Azərbaycan oxucusunun intellektual inkişafına və düşüncələrinin zənginləşməsinə, habelə dini inanclarla bağlı ən müxtəlif və fərqli fikirlərlə tanış olmasına xidmət edə bilər.
Kitabı Araz Gündüz tərcümə edib.
Mumin Sekman, “Fərdi ətalətlə mübarizə”
Ətalət istəksizliklə yorğunluğun, tənbəlliklə depressiyanın, yavaşlıqla bezginliyin, xəyal qırıqlığı ilə laqeydliyin, tükənmişliklə reaksiyasızlığın insan ruhunu ələ keçirməsidir.
Bu kitab ətalətli ruhi vəziyyətdən qurtulmaq istəyənlər üçündür.
“Fərdi ətalətlə mübarizə” – ətalətli halını analiz edən və ətalətlə mübarizə yollarını göstərən bir əsərdir.
Kitabı Şəhla Ramazanova tərcümə edib.